Azərbaycan -
Ukrayna münasibətləri yeni inkişaf mərhələsini
yaşayır
Dost ölkə rəhbərinin
Bakı səfəri həmin tendensiyanı daha da sürətləndirəcək
Müstəqillik illərində Ukrayna və Azərbaycan - tərəfdaşlar, dostlar, bütün sahələrdə strateji tərəfdaşlar kimi fəaliyyət göstərir. Bu gün biz münasibətlərimizin geniş gündəliyini nəzərdən keçirdik. Bir daha razılıq hissi ilə qeyd edirik ki, siyasi münasibətlərimiz, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və fəal əməkdaşlıq yüksək səviyyədədir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 28 aprel 2011-ci il
Biz
gördük ki, müxtəlif informasiya məlumatlarında,
statistik nəşrlərdə deyilən tərəqqi göz
qabağındadır. Bunlar onu göstərir ki, Azərbaycan
iqtisadiyyatı çox yüksək sürətlə
inkişaf edir. Bizim üçün bu, hər hansı kəskin
daxili və xarici siyasi dəyişiklikləri qəbul etməyən
dövlət idarəçiliyi sisteminin necə səmərəli
işləyə bilməsini göstərən əyani
nümunədir. Yəni, sabitlik dövlətin
inkişafının əsasıdır.
Viktor YANUKOVİÇ,
Ukrayna Prezidenti
Bakı, 28 aprel 2011-ci il
Azərbaycanın
uğurla həyata keçirilən daxili və xarici siyasəti
ölkəmizin beynəlxalq aləmdəki mövqelərini
getdikcə möhkəmləndirir. Hazırda dünyanın
inkişaf etmiş qüdrətli dövlətlərinin Azərbaycanla
hərtərəfli əməkdaşlıqda maraqlı
olmaları özünü açıq şəkildə
büruzə verir. Dövlət başçımızın
xarici ölkələrə rəsmi səfərləri, həmçinin
Azərbaycana gələn dövlət
başçılarının birgə əməkdaşlığa
dair imzaladıqları sənədlər və həyata
keçirilən tədbirlər ölkəmizin beynəlxalq
aləmə inteqrasiyasını daha da sürətləndirir.
Ukrayna
Prezidenti Viktor Yanukoviçin ölkəmizə rəsmi səfəri
maraqla izlənilmişdir. Hər şeydən əvvəl, bu,
Viktor Yanukoviçin Ukrayna Prezidenti kimi Azərbaycana ilk səfəri
idi. Buna baxmayaraq, iki ölkə arasındakı dostluq əlaqələrinin
tarixi qədimdir. Azərbaycanla Ukrayna arasında ənənəvi
mehriban, səmimi dostluq münasibətləri mövcuddur.
Çətin məqamlarda hər iki ölkə bir-birinə
dayaq olmuşdur. Ukrayna Prezidenti Viktor Yanukoviç də iki
ölkə prezidentlərinin keçirdikləri birgə mətbuat
konfransında bu xeyirxahlığı xüsusi olaraq diqqətə
çatdıraraq dedi: "...Bu ənənələr hələ
Heydər Əliyevlə başlanmışdır. Ukrayna
üçün çox ağır illərdə Heydər Əliyev
bizə kömək əlini uzatmışdır. O vaxt,
1990-cı illərdə Ukraynada yanacaq-sürtkü
materialları yox idi. Azərbaycan həmin məhsulların əldə
olunmasında Ukraynaya kömək etdi və biz ölkəmizdə
kənd təsərrüfatı işlərini yanacaqla təmin
etdik və bütövlükdə, ölkəyə, necə
deyərlər, bir udum oksigen verdik. Ukrayna xalqı bunu unutmur,
Heydər Əliyevin ruhu şad olsun".
Onu da qeyd
edək ki, iki ölkə arasındakı xeyirxahlıq ənənələri
bu gün də davam etdirilir. Əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuş və bu gün
möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
düşünülmüş şəkildə
prinsipiallıqla davam etdirilən siyasi və iqtisadi strategiya
ölkəmizi daha da qüdrətli etmişdir. İri layihələrin
reallaşdırılması Azərbaycanın iqtisadi
gücünü artırmışdır. Bu da ölkəmizə
dünya miqyasında bir sıra xeyirxahlıq missiyasını
həyata keçirməyə şərait yaradır. Biz
Ukrayna Prezidentinin ölkəmizə rəsmi səfəri
zamanı da bunun şahidi olduq. Azərbaycan tərəfi
iqtisadiyyatın stimullaşdırılması, müxtəlif
texnogen qəzaların nəticələrinin aradan
qaldırılmasında böyük fəallıq göstərir.
Çernobıl Atom Elektrik Stansiyasında
"Örtük" layihəsinin həyata keçirilməsi
üçün Çernobıl Fonduna Azərbaycan tərəfindən
bir milyon dollar həcmində vəsait köçürülməsi
ölkəmizin xeyirxahlıq ənənəsinə, dostluq və
əməkdaşlığa sadiqliyinin nəticəsidir. Bu,
eyni zamanda Azərbaycan - Ukrayna xalqları arasında
qırılmaz dostluq əlaqələrinin daha sıx tellərlə
bağlanmasından xəbər verir.
Həm
Ukrayna, həm də Azərbaycan bu il müstəqilliklərinin
20-ci ildönümünü qeyd edəcəklər. Müstəqillik
dövründə iki ölkə arasındakı
qarşılıqlı münasibətlər yüksələn
xətt üzrə inkişaf etmişdir. Artıq uzun müddətdir
ki, Azərbaycanla Ukrayna strateji tərəfdaşdır. Azərbaycan-Ukrayna
ikitərəfli səviyyədə münasibətləri
çox uğurla inkişaf etdirir. Hökumətlərarası
komissiya və alt komissiyaların birgə fəaliyyəti
yüksək dəyərləndirilir. Bu komissiyalar
bütün istiqamətlər üzrə iş aparırlar.
Ötən ilin yekunlarına nəzər saldıqda birgə fəaliyyətin,
qarşılıqlı əməkdaşlığın nəticəsi
özünü bir daha göstərir. Fakt üçün
diqqətə çatdıraq ki, komissiyalararası birgə fəaliyyət
iki ölkə arasında əmtəə dövriyyəsi artımında
özünü büruzə vermişdir. Ötən il bu
artım rekord səviyyəyə çatmışdır.
Qarşıdakı imkanlar bu göstəricinin daha yüksək
səviyyəyə çatacağından xəbər verir.
Ümumiyyətlə, Ukrayna MDB məkanında Rusiyadan sonra Azərbaycanın
ikinci ticarət tərəfdaşına çevrilmişdir.
Azərbaycanla
Ukrayna arasında energetika sahəsində əməkdaşlıqla
əlaqədar məsələlər xüsusi maraq
doğurur. Çünki Azərbaycan bu gün Avropanın
enerji təhlükəsizliyinin təminatında ən
etibarlı tərəfdaşdır. Ölkəmizin Ukraynaya
ixracının mütləq əksəriyyətini neft və
neft məhsulları təşkil edir. Məlumdur ki, Azərbaycan
hazırda zəngin təbii sərvətlərə malik olan
dövlətdir. Ölkəmizdə təbii qazın təsdiqlənmiş
ehtiyatlarının həcmi 2,2 trilyon kubmetrə bərabərdir.
Mütəxəssislərin qənaətinə görə,
yaxın gələcəkdə planlaşdırılan
investisiyaların məbləği 10 milyardlarla dollarla
ölçülür. Artıq Azərbaycan öz təbii sərvətlərini
dünya bazarlarına digər dövlətlərin vasitəçiliyi
olmadan çıxarmağa qadirdir. Ölkəmiz qaz
ehtiyatlarını qonşu dövlətlərə nəql
edir. Azərbaycanın maye qazının Ukraynaya nəqli məsələsi
də artıq öz həllini tapıb. Belə ki, bu ilin
yanvar ayında iki ölkə Prezidenti Azərbaycanın maye
qazının Ukrayna ərazisinə nəql edilməsi
haqqında sənəd imzalayıb. Bundan başqa iki ölkə
arasında birgə həyata keçirilməsi barədə
razılıq əldə olunmuş müştərək sərmayə
layihələri də vardır. Təbii ki, bu layihələrin
reallaşdırılması istiqamətində hər
hansı bir maneə ola bilməz. Həmin layihələrin
maliyyələşdirilməsi hər iki dövlətin vəsaiti
hesabına həyata keçiriləcək. Bu isə o deməkdir
ki, inşa olunacaq obyektlər hansı ölkənin ərazisində
tikilməsindən asılı olmayaraq həm Azərbaycanın,
həm də Ukraynanın birgə mülkiyyəti olacaq. Bu,
iki ölkə arasında qarşılıqlı əməkdaşlığı
daha da möhkəmləndirəcək.
Azərbaycan-Ukrayna
əlaqələri təkcə iqtisadi sahədə deyil, digər
sahələrdə də özünü göstərir.
İki ölkə arasında siyasi baxımdan çox fəal
dialoq aparılır. Dövlət
başçılarının, habelə digər rəsmi
nümayəndələrin qarşılıqlı səfərləri
zamanı imzalanmış sənədlər, həmçinin
digər layihələrin reallaşması ölkələrimiz
arasında qarşılıqlı siyasi fəaliyyətin
yüksək səviyyədə olmasından xəbər
verir. Eləcə də beynəlxalq təşkilatların
keçirdiyi tədbirlərdə Ukrayna-Azərbaycan nümayəndələrinin
bir-birinə dəstək vermələri diqqətçəkən
məqamlardandır. Bu gün Ukrayna Azərbaycanın ərazi
bütövlüyünü tanıyır, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında
Azərbaycanın dövlət başçısının
mövqeyinə tərəfdar olduğunu bəyan edir. Ukrayna
Prezidenti Azərbaycana rəsmi səfəri zamanı da
münaqişənin nizamlanmasında öz mövqeyini daha
açıq şəkildə bildirdi. Ukrayna tərəfi
münaqişənin nizamlanmasında prinsipial mövqe
nümayiş etdirməklə Azərbaycanla isti münasibətlərinin
daha da möhkəmləndiyini təsdiqlədi.
Məlum
olduğu kimi, Ukrayna Prezidenti Azərbaycana səfəri
zamanı Prezident İlham Əliyevlə Birgə Bəyanat
imzaladı. Bəyanatda bildirilir ki, Dağlıq Qarabağ
münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri
əsasında, ərazi bütövlüyü, suverenlik və
dövlətlərin sərhədlərinin
pozulmazlığı prinsipləri nəzərə alınmaqla
nizama salınmalıdır. Qeyd edək ki, artıq
dünyanın əksər dövlətləri, o cümlədən
tanınmış beynəlxalq qurumların nümayəndələri
də münaqişənin nizamlanmasında bu prinsipə
üstünlük verdiklərini bəyan ediblər.
Səfər çərçivəsində Azərbaycan və Ukrayna prezidentlərinin, həmçinin hər iki ölkənin nümayəndələri ilə birgə keçirilən görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, bu münaqişənin törətdiyi acı fəsadlar, xalqımıza verdiyi ağrı-acılar barəsində müfəssəl məlumat verildi. Azərbaycan Prezidenti adından Ukrayna Prezidenti Viktor Yanukoviçin şərəfinə verilən rəsmi ziyafət zamanı dövlətimizin başçısı öz nitqində Dağlıq Qarabağ münaqişəsinin hələ də nizamlanmamasına münasibət bildirərkən dedi: "Bildiyiniz kimi, bu münaqişə onilliklərlə davam edir və Azərbaycan xalqına böyük ağrı-acılar, iztirablar gətirmişdir. Bir milyon azərbaycanlı doğma yurd-yuvasından qovulmuşdur. Xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilmiş, ərazilərimizin 20 faizi işğal olunmuş və BMT kimi beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, BMT Təhlükəsizlik Şurası işğalla əlaqədar 4 qətnamə qəbul etmişdir, - münaqişə indiyədək nizama salınmamışdır. Bu isə regional sülhə, sabitliyə böyük təhlükə törədir, regional əməkdaşlıq proqramlarını tam miqyasda həyata keçirməyə imkan vermir. Bu münaqişənin yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edir, iqtisadiyyat artır, iri sərmayə layihələri həyata keçirilir".
Ukrayna Prezidentinin səfəri Azərbaycan-Ukrayna sənədlərinin imzalanması ilə də yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviçin imzaladıqları sənədlər iki ölkə arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi və ölkələr arasındakı iqtisadi, siyasi əlaqələrin yüksələn xətt üzrə inkişafı istiqamətində böyük zəmin yaradacaq. Bu səfər zamanı imzalanan sənədlər Azərbaycan-Ukrayna münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoymasından xəbər verir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 1 may.- S. 3.