"Azərbaycan dəmiryolçusu" qəzetinin 80 illik yubileyi qeyd olundu

 

Bu günlərdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin və Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin orqanı olan "Azərbaycan dəmiryolçusu" qəzetinin 80 illik yubileyi tamam oldu. Bununla əlaqədar olaraq Azərbaycan Mətbuat Şurası, Azərbaycan Jurnalistlər Birliyi kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə yubiley tədbiri keçirildi. 

 

Tədbiri giriş sözü ilə "Azərbaycan Dəmir Yolları" QSC "Təsərrüfat İdarəsi" MMC-nin rəisi Seymur Əhmədov açaraq cəmiyyətin rəhbərliyi adından qonaqları salamladı.

Sonra "Azərbaycan dəmiryolçusu"nun redaktoru Vasif Süleyman qəzetin fəaliyyəti ilə bağlı məlumat verdi. Qeyd olundu ki, Azərbaycan dəmir yolunun mətbu orqanı "Azərbaycan dəmiryolçusu" qəzeti ölkənin ən qocaman mətbuat orqanlarından biridir. 2011-ci ilin mart ayında qəzetin fəaliyyətə başlamasının 80 ili tamam oldu. "Azərbaycan dəmiryolçusu" qəzeti 1931-ci ilin mart ayında "Zərbəçi" və "Udarnik" adları ilə Azərbaycan və rus dillərində fəaliyyətə başlayıb. 1937-ci ildə qəzetlərin adı müvafiq olaraq dəyişdirilib "Bolşevik yolu" ("Bolşeviski put") olub. Həmin vaxt qəzet Zaqafqaziya Dəmir Yolunun Bakı və Gəncə siyasi şöbələrinin orqanı olub. 1945-ci ildə rus dilində çıxan qəzetin adı dəyişdirilib "Jeleznodorojnik Azerbaydjana" olub. 1949-cu ildə isə "Bolşevik yolu", "Azərbaycan dəmiryolçusu" adlanıb və Azərbaycan dəmir yolunun tarixi salnaməsini yazıb.

"Azərbaycan dəmiryolçusu" qəzeti 80 illik fəaliyyəti dövründə respublika polad magistralının aynası rolunu oynamışdır. Bu missiya indi də uğurla davam etdirilir. Belə ki, redaksiya əmədaşları "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyətində həyata keçirilən iqtisadi islahatlar, dəmiryolçuların istehsalat nailiyyətləri, bu və ya digər sahədə mövcud olan qayğılar barədə həm "Azərbaycan dəmiryolçusu" qəzetində, həm də ölkənin digər mətbuat orqanlarında oxuculara orerativ məlumat verirlər.

Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respubulika Komitəsinin sədr müavini Loğman Rəhimov MHİRK-nin təbriklərini çatdırdı.

Mühəndis Hüseyn Quliyev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun redaksiya kollektivinə təbrikini oxudu.

Azərbaycan Mətbuat Şurasının icraçı direktoru, əməkdar jurnalist Rəhim Hüseynzadə çıxış edərək yaradıcı kollektivi təbrik etdi və MŞ-nin diplomunu qəzetin redaktoruna təqdim etdi.

Qəzetin əməkdaşı Ziya Zakiroğlu Ukrayna Dövlət Dəmir Yolu Nəqliyyatı Akademiyasının rektoru Nikolay Dankonun "Azərbaycan dəmiryolçusu" qəzetinin 80 illik yubileyi münasibətilə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərova ünvanladığı təbrik məktubunu oxudu.

 

 

Qabil YUSİFOĞLU

 

Xalq qəzeti.- 2011.- 30 aprel.- S. 8.