"Qarabağ uğrunda qələbə naminə"

 

Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Qarabağ uğrunda qələbə naminə" devizi altında pnevmatik güllə atıcılığı üzrə respublika birinciliyinin final mərhələsi keçirilmişdir. Bu tədbirlərdə iştirakçılar ulu öndərin xatirəsini dərin hörmət və ehtiramla anmışlar.

 

Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə keçirilən "Qarabağ uğrunda qələbə naminə" devizi altında pnevmatik güllə atıcılığı üzrə respublika birinciliyinin ulu öndərin doğum günü ilə bağlı keçirilən tədbirlərdən biri olmaqla, yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, onların vətənin gələcək müdafiəçiləri kimi hərbi hazırlıqlarının yüksəldilməsi işində mühüm əhəmiyyətə malikdir. Respublikamızın müxtəlif bölgələrində bu turnirin ilkin mərhələləri keçirilmiş və yarışlarda qalib gələn komandalar final mərhələsinə vəsiqə qazanmışdır.

Səbail Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə rayonun 132-134 saylı Təhsil Kompleksində "Qarabağ uğrunda qələbə naminə" devizi altında pnevmatik güllə atıcılığı üzrə respublika birinciliyinin final mərhələsində Bakı şəhəri və respublikamızın digər rayonlarını təmsil edən 9 komanda iştirak etmişdir. İlk dəfə olaraq bu yarışlarda kiçikçaplı snayper silahlarından istifadə olunmuşdur.

Final mərhələsində iştirakçılar atəş xəttinə çıxmış və münsiflər heyətinin nəzarəti altında müəyyən olunmuş sayda güllə atmışlar. Nəticəllər hesablandıqdan sonra yarışın nəticələri elan olunmuşdur. Turnirdə I yerə İsmayıllı rayonu, II yerə Gəncə şəhəri, III yerə Səbail rayonu komandaları çıxmışlar. Şəxsi yarışlarda I yerə Qax rayonundan Şəhriyar Məmmədli, II yerə Səbail rayonundan Əbülfəs Hüseynli, III yerə isə Xətai rayonundan Nurlan Nağıyev layiq görülmüşlər.

Respublika birinciliyinin bağlanış mərasimində çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov iştirakçıları salamlamış, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu yarışın əhəmiyyətini, onun gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmlənməsində rolunu vurğulamışlar. Belə yarışların müxtəlif bölgələrdə tez-tez keçiriləcəyini qeyd edən natiqlər qalibləri təbrik etmiş, fərqlənmiş komandalara və atıcılara kubok, fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim etmişlər.

Səbail rayonu 132-134 saylı Təhsil Kompleksinin şagirdləri mahnı və rəsq nömrələri ilə qonaqlar və iştirakçılar qarşısında çıxış etmişlər.

 

 

R.TAHİR

 

Xalq qəzeti.- 2011.- 30 aprel.- S. 5.