Şəki: tarixi ənənələr müasirliklə qovuşduqca xarüqələr yaranır

 

Bir dəfə söhbət zamanı unudulmaz şairimiz Bəxtiyar Vahabzadə demişdi ki, mən Şəkiyə hər səfərimdə mütləq nəyisə öyrənir, bir yenilik görürəm. O zaman mən elə bilmişdim ki, Bəxtiyar müəllim Şəkidə hansısa məktəbin, xəstəxananın və ya nəyinsə tikilib istifadəyə verilməsini nəzərdə tutur. İnsafən, bizim tələbə olduğumuz 70-ci illərdə də Şəki və ümumilikdə respublikamız iti sürətlə inkişaf edirdi. Ona görə belə düşünməyə haqqımız var idi. Ancaq sonralar şair bir məclisdə həmin fikrini daha əhatəli şəkildə söyləyəndə ustadın nədən danışdığını bildim. Bəxtiyar müəllim dedi ki, 70 il əhatəsində olduğum Şəki camaatının mənəviyyatı, daxili aləmi, adət-ənənəsi o qədər zəngindir ki, mən indi də o xəzinənin yeni-yeni inciləri ilə tanış oluram. İnsanı heyrət götürür, xalq nə qədər qədim ənənələrə, milli-mənəvi keyfiyyətlərə malik olar. Şair əlavə eləmişdi ki, Şəkidə öyrənilməli məqamlar hələ çoxdur, özü də lap çox...

 

...Özüm mübahisə etməyi sevməsəm də belə proseslər qismətimə tez-tez düşür. Ötən həftə də ehtimallar əsasında mübahisə edən adamların bir çox arqumentlərinin şahidi oldum. Söhbət Nuh peybəmbərin gözlənilən tufandan cəmiyyəti və təbiəti xilas etmək üçün hazırladığı gəminin sudan çıxdığı məkanın harada olduğundan gedirdi. Mübahisə edənlər isə sıravi adamlar deyil, kifayət qədər səviyyəsi olan ziyalılar idi. Bir ağsaqqalın arqumentləri mənim üçün daha maraqlı oldu:

- Müqəddəs kitablarda yazılır ki, Allah Nuh peyğəmbərin insanları və heyvanları xilas etdiyi torpağa tükənməz ruzi-bərəkət, zəngin təbiət, axar sular, barlı bağlar, ətirli zəmilər, hər cürə torpaq (aran və dağ nəzərdə tutulur - red.) verdi, insanlara ədalət, təbiətə kəramət bəxş etdi. Allahın Nuha (Nuxa) verdiyi mübarizə ruhu və əzmkarlıq onun xilas etdiyi insanlara sirayət etdi. Nuhun (Nuxun) nikbinliyi, ən ağır məqamda belə özünü itirməmək bəsirəti onun ətrafındakı adamlara da keçdi. İndi baxın, qeyd olunan həmin əlamətlərin hamısı Şəkidə - Nuxada deyilmi? Niyə alimlər bu məsələ ətrafında dərindən fikirləşmirlər? Üstəlik, qonşu Qəbələ rayonunda Tüfan dağı, Soltannuxa kəndi var. Qafqazın ən hündür zirvələrindən birinin adı Bazar düzüdür. Xeyir ola, 4500 metr hündürlüyündə zirvədə, daim qarla örtülü olan meydanda hansı bazardan söhbət gedə bilər? Bəlkə elə Nuhun gəmisinin yan aldığı yer məhz həmin Bazar düzüdür? Bu deyilənlərin hamısı sübut edir ki, Nuhun məkanı elə Nuxadır, Qafqazdır.

Şəkiyə gedən kimi bu arqumentlərin hamısını - onlara fakt deməyə heç kəsin dili gəlməsə də, arqument kimi çox maraqlı idi - şəhər icra hakimiyyəti başçısının müavini, tarix elmləri namizədi Zərinə Cavadovaya danışdım. Həmsöhbətim bu fikirləri inkar etməsə də, Şəki haqqında elmin çoxdan sübut etdiyi faktları söylədi: - Elm çoxdan sübut edib ki, insanların mənəviyyatına, əxlaqına, davranışına təbiətin də böyük təsiri var. Hələ eramızdan əvvəl Kteysi yazırdı ki, aran adamları mərd, qoçaq, fərasətli, dağlıq ərazidə yaşayanlar isə səxavətli, sədaqətli, əzmkar, mübariz və prinsipial olurlar. Şəkinin bəxti orda gətirib ki, bizim rayonun aranı da var, dağlıq ərazisi də. Yəni sadalanan müsbət keyfiyyətlərin hamısı bizim camaatda mövcuddur. Son bir ildə Şəki ictimaiyyəti bu keyfiyyətlərin çox böyük nəticələrini gördü. Axırıncı 15 ilin hamısını inkişafla, tərəqqi ilə yada salan şəkililər son bir ildə rayon tarixinin ən yaddaqalan uğurlarına imza atıblar. Ötən ilin dekabrında Şin çayının İncə kəndindən keçən hissəsində uzunluğu 1300 metr olan körpü - yol qovşağı istifadəyə verilib. Bu körpü bizim regionda analoqu olmayan bir tikinti idi. Altı körpü və 5 suötürücüdən ibarət olan bu nəhəng qurğunun açılış mərasimində nəqliyyat naziri Ziya Məmmədov başda olmaqla çoxsaylı qonaqlar iştirak edib. Ötən il iyulun 14-də Şəkidə yağan güclü leysanın törətdiyi fəsadların aradan qaldırılması bəzi adamlara tamamilə mümkünsüz görünürdü. Ancaq rayon rəhbərliyinin böyük təşkilatçılığı və dövlət başçısının hərtərəfli yardımı ilə vəziyyət çox qısa müddətdə öz məcrasına qaytarıldı. Bu gün əminliklə demək olar ki, insanlarla rayon rəhbərliyi arasında möhkəm körpü, sıx əlaqə yaradılıb. Hamı bir-birinin dayağına, bütövlükdə isə dövlətin dəstəyinə çevrilib. Şəkinin mənəviyyatı, mədəniyyəti, adət-ənənəsi şəkililər demiş Nuh dövründən bəri daim tərəqqidə, inkişafda olub. Şəkililərin əməyi həmişə əsrlərdən-əsrlərə, illərdən-illərə körpü salıb. Son illər isə həmin tendensiya daha sürətlə davam etdirilir. Təkcə geridə qalan bir ildə rayonumuzda və şəhərin özündə reallaşdırılan layihələrdən xəbəriniz var. Ancaq daha böyük layihələrdən daha sonra xəbər tutacaqsınız.

Həmsöhbətim elm adamı olduğuna görə ehtimallara əsaslanan Nuh söhbətini qəbul etməmişdi. Ancaq söhbətinin sonunda qeyri-ixtiyarı olsa da "Nuh dövründən bəri" ifadəsini işlətdi və mən Bəxtiyar Vahabzadəyə min rəhmət oxudum: "Şəkiyə hər dəfə gələndə yeni nə isə öyrənirəm".

Zərinə xanım əsrlərdən-əsrlərə salınan rəmzi körpüdən söz açdı. İcra hakimiyyətinin başçısı ilə görüşmək istəyəndə öyrəndim ki, Murad müəllim Kiş kəndindədir. Odur ki, Murad Cabbarlı ilə görüşümüz sözün həqiqi mənasında olan bir körü üstündə davam etdi. Kişi Şəki ilə birləşdirən körpüdə bu ilin fevralında texniki qəza baş verib. Məhz buna görə də Kiş çayı üzərindəki 75 metr uzunluğunda olan körpünın qısa müddətdə tikilib istifadəyə verilməsi üçün müvafiq tədbirlər həyata keçirilir və məsələ icra başçısının daimi diqqət mərkəzindədir. Onunla Kişdə görüşsək də maraqlıdır ki, yenə də söhbətimiz Şəkinin bu günü ilə dünənini bağlayan məqamlar üstündə kökləndi. Çünki mən bir neçə il əvvəl yazdığım və təkcə həmkarlarımın deyil, alimlərin də maraqla qarşıladığı "Kiş kəndində açıq dərs keçiriləcək" yazısını yada saldım. Kişdə olub həmin "açıq dərsi" yada salmamaq mümkün deyildi. İcra hakimiyyəti başçısının isə məsələyə münasibəti daha maraqlı oldu:

- İndi siz qədim alban mədədi olan Kiş abidəsi haqqında danışırsınız. Çünki müdrik adamlar o dövrdə tikiblər, qurublar, yaradıblar və indi biz fəxrlə söz açırıq. Deməli, biz də tikməli, qurmalı, yaratmalıyıq ki, gələcək nəsillər məhz bu günlər haqqında danışanda söz açmalı faktları olsun. Ulu öndər Heydər Əliyev quruculuq və yaradıcılıq əməllərinin müdrik ustası idi. Bu gün Azərbaycanın elə bir kəndi, şəhəri, guşəsi ola bilməz ki, orada Heydər Əliyevin əl izləri görünməsin. Xalqın xoşbəxtliyidir ki, bu gün həmin əməlləri ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev böyük prinsipiallıq və təşəbbüskarlıqla davam etdirir. Mən Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının söylədiyi nitqə çox böyük diqqətlə qulaq asdım. Ürəyim iftixar hissi ilə döyündü. Ölkəmizin nailiyyətləri ilə fəxr etdim. Ancaq düşünürəm ki, fəxr etmək azdır. Bu möhtəşəm quruculuq profesində hər bir vətəndaşın maksimum fəallığı zəruridir. Çünki Azərbaycan dövləti qüdrətləndikcə bizim ölkəmizin beynəlxalq aləmdəki nüfuzu artacaq və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün lazım olan şərait yaranacaq. Qətiyyətlə deyə bilərəm ki, Şəki ictimaiyyəti və rayonumuzun istənilən sakini Müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi üçün öz töhfələrini verir. O ki, qaldı indi bərpa prosesində olan Kiş körpüsündə gedən işlərə, deyə bilərəm ki, ağır tonnajlı avtomobillərin hərəkəti zamanı körpünün birinci aşırımı uçub. Bizim müraciətimiz əsasında Nəqliyyat Nazirliyinin mütəxəssisləri hadisə yerində olub, nəqliyyatın hərəkəti müvəffəti olaraq bərpa edilib. Körpünün uçmuş hissəsi sökülərək götürülüb ki, bu da təhlükənin aradan qaldırılması deməkdir. Yeni tikiləcək körpünün layihəsi artıq hazırdır. Məsələ daim diqqət mərkəzindədir və layihənin tezliklə reallaşdırılması üçün bütün işlər görülür.

Kişdən Şəkiyə Murad müəllimlə birlikdə qayıtdıq. Şəhərin girəcəyində tikinti briqadası qaz xəttinin çəkilişi ilə məşğul idi. Son bir ildə Şəkidə bu istiqamətdə həyata keçirilən tədbirlərin böyük razılıqla qarşılandığını yada saldım. İcra hakimiyyətinin başçısı söylədi ki, ötən bir il müddətində rayon əhalisinin normal və fasiləsiz təbii qazla təchiz olunması üçün kifayət qədər işlər görülüb. Vərəzət, Çeşməli, İbrahimkənd kəndlərinə təbii qazvn verilməsi təmin olunub, bir sıra kəndlərin qazlaşdırılması davam etdirilib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsinin icrası nəticəsində Şəki şəhərinin və rayonun yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması üçün 5 layihə nəzərdə tutulurdu. Bu layihələrdən biri Şəki şəhərini təbii qazla təmin edən boru xəttidir. Həmin xətt ötən əsrin 70-ci illərində istifadəyə verilib. Son vaxtlar orada qaz itkisi adi hala çevrilmişdi. Artıq diametri 530 millimetr olan həmin metal boru xəttinin Göybulaq qazpaylayıcı stansiyasından şəhərin girişinədək olan 18 kilometrlik hissəsi dəyişdirilib. İş bu gün də davam edir.

Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması sakinlərin rahatlığını təmin etməklə yanaşı meşələrin yanacaq məqsədiylə qırılmasının da qarşısını alacaq. Yeri gəlmişkən, Prezidentin sərəncamı ilə "Ekologiya ili" elan olunan, ötən il Şəkidə 72 mindən çox müxtəlif meşə cinsli, dekorativ və meyvə ağacları əkilib, 50 hektar sahədə meşə əkini aparılıb, yay mövsümündə yeni əkilən ağacların hamısına aqrotexniki qaydada qulluq edilib.

Yeri gəlmişkən, Kiş körpüsündəki qəza vəziyyəti gündəliyə gəlməzdən əvvəl də Şəkidə illik iş planında iki körpü tikintisi barədə bəndlər var idi. Belə ki, keçən il olduğu kimi 2011-ci ilin birinci rübündə də Şəkidə yenidənqurma və tikinti- quruculuq işləri davam etdirilib, Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş siyahı əsasında aparılacaq abadlıq və quruculuq işlərinin planı müəyyənləşdilib. Ötən il inşaasına başlanılan bir sıra sosial təyinatlı obyektlərin tikintisi bu ilin birinci rübündə də davam etdirilib. Küçə və xiyabanların, prospektlərin, həmçinin yerli əhəmiyyətli yolların abadlaşdırılması daim diqqət mərkəzində saxlanılıb. İlin geridə qalan dövrü ərzində yerli əhəmiyyətli çınqıl örtüklü yollar təmir edilməklə Çanağın, Bolludərə-Qaratorpaq və Respublika əhəmiyyətli yolların abadlaşdırılması istiqamətində kifayət qədər işlər görülüb.

Son illər Şəkinin bölgənin mədəniyyət, elm-təhsil, sənaye mərkəzi kimi "fəxri idadə"lərlə adlandırılması bir həqiqət olsa da, məlumdur ki, bu rayon əslində çox geniş potensiala malik olan kənd təsərrüfatı mərkəzlərindən biridir.

Ötən illərdə olduğu kimi, bu ilin birinci rübündə də kənd təsərrüfatının mövcud sahələrinin müasir elmi nailiyyətlər əsasında inkişaf etdirilməsi, məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib. Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında 2011-ci ilin məhsulu üçün 68627 hektar sahədə payızlıq taxıl əkini qrotexniki qaydalara uyğun və optimal müddətdə həyata keçirilib. Rayonda yazlıq bitki əkinlərinin də vaxtında və keyfiyytətlə həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Cari ildə rayonda yazlıq bitkilərin əkininin 3500 hektar artırmaqla 11000 hektara çatdırılması proqnozlaşdırılır. Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq yerlərdə kənd təsərrüfatı məhsulları istehsalçıları güzəştli şərtlərlə mineral gübrələr və kənd təsərrüfatı texnikaları ilə təmin olunurlar. Vegetasiya müddətində əkinləri suvarma suyu ilə təmin etmək məqsədilə Şəki Suvarma Sistemləri idarəsi tərəfindən suvarma kanallarında 111 min kubmetr həcmində lildən təmizləmə işləri aparılıb, Dəhnə kanalı üzərində yerləşən selötürücü qurğu təmir edilib, nasos stansiyalarında, hidrotexniki qurğularda təmir-bərpa işləri aparılıb. Əkin sahələrinin və yaşayış məntəqələrinin sel sularından mühafizə edilməsi, çaylarda sel sularının maneəsiz axıdılması məqsədilə Küngüt, Daşağıl, Zəyzit, Şin və Kiş çaylarında 145 min kubmetr həcmində təmizlənmə işləri görülüb.

Kənd təsərrüfatının aparıcı sahələrindən birini də heyvandarlıq təşkil edir. Bu sahənin inkişafı daim diqqətdə saxlanıb, profilaktiki tədbirlər vaxtında və keyfiyyətlə aparılıb.

Rayonda kənd təsərrüfatı əkinləri ilə yanaşı ekoloji mühitin daha da inkişaf etdirilməsi də yaddan çıxmayıb. Yaşıllaşdırma tədbirləri çərçivəsində "Beynəlxalq meşə günü" münasibətilə aprelin 2-də şəhərdə növbəti ağacəkmə aksiyası keçirilib. Olimpiya İdman Kompleksindən yeni tikilən şəhər xəstəxanasının binasınadək olan ərazidə, eləcə də avtomobil yolunun 2 kilometrlik hissəsinin hər iki tərəfində 4100 ədəd ağac əkilib, əkilən ağacların mühafizə olunması, suvarılması və digər aqrotexniki qulluq işlərinin aparılması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 30 hektar ərazidə meşə əkinləri aparılıb, meşələrin inkişafı və mühafizəsi istiqamətində ardıcıl tədbirlər davam etdirilib. Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə "Kənd təsərrüfatı işlərinin gedişi və qarşıda duran vəzifələr" mövzusunda zona seminar-müşavirəsi keçirilib. Müşavirədə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən özəl toxumçuluq və iri fermer təsərrüfatlarının rəhbərləri iştirak ediblər. Müşavirədə qarşıya çıxan problemlər müəyyənləşdirilib, fermerlərə metodiki tövsiyyələr verilib. Hazırda rayonda 20 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 14-ü kiçik müəssisədir. Şəkinin sənaye sahələrində faktiki qiymətlərlə 4944 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqaytsədə 731 min manat çoxdur. 2011-ci ilin birinci rübündə əsas kapitala yönəldilmiş investisiyaların 96,3 faizi tikinti quraşdırma işlərinə sərf edilib. Şəki rayonu üzrə iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına yönəldiən investisiyanın həcmi 9276,8 min manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz artıqdır.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Ölkəmizin başçısı həm,"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr edilən konfransda həm də Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncaqda xüsusi olaraq vurğulamışdır ki, bu gün ölkəmizdə sahibkarlara böyük diqqət vardır. Prezident demişdir: "Bu il veriləcək kreditlər hesabına yeni müəssisələr, yeni iş yerləri yaradılacaq və ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə inkişaf etməsinə biz daha da böyük həcmdə nail olacağıq. Deyə bilərəm ki, bu ilin birinci rübünün uğurlu yekunları, xüsusilə qeyri-neft sektorunun artımı, o cümlədən sahibkarlığa göstərilən diqqətin nəticəsində mümkün olmuşdur. Güzəştli şərtlərlə verilən kreditlər, sahibkarlara dəstək, regional inkişaf proqramının icrası və proqrama vaxtaşırı əlavələrin edilməsi məsələləri də əlbəttə ki, müsbət rol oynayır".

Təqdir olunmalı haldır ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda Şəki şəhərində növbəti tədbir keçirilib. Tədbirdə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 250 nəfər sahibkar iştirak edib. Sahibkarlığın inkişafı üçün verilən güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanması və tədqim olunmasına dair maarifləndirici treninq keçirilib, 18 sahibkarlıq subyektinə 223 min manat güzəştli kredit vəsaiti verilib.

Şəki Paylayıcı Elektrik Şəbəkəsi rəhbərliyinin şəhər icra hakimiyyəti, yerli bələdiyyələr və icra nümayəndələri, digər aidiyyatı dövlət strukturları, özəl qurumlarla əməkdaşlığı sayəsində elektrik enerjisinin dəyərinin ödənişində müsbət irəliləyiş əldə edilib. Bu isə əhaliyə dayanıqlı elektrik enerjisi verilməsinin təmin olunmasının nəticəsidir.

Azərbaycan Respublikası Prezidentinin "Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranan borcların silinməsi haqqında" 8 aprel 2011-ci il tarixli Fərmanının mühüm əhəmiyyəti var. Prezident tərəfindən bu fərmanın imzalanması ölkədə aparılan uğurlu sosial-iqtisadi siyasətin bariz nümunəsidir. Fərmandan irəli gələn tədbirlərin həyata keçirilməsi nəticəsində əhalinin sosial rifahı daha da yaxşılaşacaq, içməli su və kanalizasiya xidmətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaqdır. Məlumdur ki, son illər ölkəmizdə əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür, çox böyük layihələr həyata keçirilir. Təməli 2010-cu ilin dekabr ayında qoyulan Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi də bu uğurlu işlərdən biridir. Hazırda layihənin icrası uğurla davam etdirilir. Bu günlərdə "Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sisteminin bərpası" layihəsinin icrası ilə tanış olmaq məqsədilə Azərbaycana səfər edən KFW İnkişaf Bankının nümayəndələri Şəkidə layihənin birinci mərhələsinin başa çatması istiqamətində görülən işlərlə tanış olub, yerli mütəxəssislərlə birgə fikir mübadiləsi aparıblar. Şəki Telekommunikasiya Qovşağında rabitə xidmətlərinin texniki normada saxlanılması və şəbəkələrin genişləndirilməsi üçün müəyyən işlər görülüb, 2011-ci ilin birinci rübü ərzində CDMA elektron avtomat telefon sistemlərinin montaj tutumu daha da artırılıb. 2011-ci il ərzində Daşüz, Baş Küngüt, Kiçik Dəhnə, Biləcik, Böyük Dəhnə, Baş Göynük poçt şöbələri üçün yeni inzibati binaların tikintisi nəzərdə tutulub. Şəkidə olanda öyrəndik ki, Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının Şəki bölməsi Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının geniş müzakirəsini keçirib. Müzakirədə kitabın erməni saxtakarlığının ifşası, habelə son iki əsrdə regionda baş verən ictimai-siyasi proseslərə aydınlıq gətirilməsi baxımından böyük əhəmiyyətə malik olduğu qeyd olunub.

...Bu yazıda 2011-ci ilin "Turizm ili" elan olunması ilə bağlı bir sıra faktları yada salmaq istəyirdim. Ancaq həmin faktların siyahısı o qədər böyük oldu ki, turizm mövzusunu ayrıca bir yazıda qələmə almaq qərarına gəldim. Anons olaraq bir məsələni xüsusilə vurğulamaq istəyirəm. Hörmətli oxuculardan və turistlərdən xahiş edirəm, Şəkinin aran hissəsi ilə gedəndə - dağlara hələ xeyli qalmış ayaq saxlayıb, üzü dağlara baxsınlar. Əl çatmaz, ün yetməz qarlı zirvələr görəcəksiniz. Dəniz səviyyəsindən az qala 5 kilometr yüksəklikdə olan həmin zirvələrdə "Bazar düzü" varsa, o nə deməkdir? Orada kim bazar aça bilərdi? Oraya kim bazarlığa gedərdi? Nuh dövründən bəri insanları düşündürən həmin suala bəlkə elə Nuh peyğəmbərin özü cavab verə bilərdi? Elə həmin sualı bir gün Şəkidə gördüyümüz turistlərə də verəcəyik.

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2011.- 30 aprel.- S. 6.