"Hər bir
işçi və işəgötürən
hüquqlarını bilməklə yanaşı, onları tələb
etməyi də bacarmalıdır"
Bu gün Azərbaycanda "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanun icra olunur. Bu qanunun sosial əhəmiyyəti, cəmiyyət üçün rolu haqda mülahizələrini bizimlə "Atəşgah" Sığorta Şirkətinin Təftiş Komissiyasının sədri Natiq Əmircanov bölüşür.
- Natiq müəllim, Azərbaycanda "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanun işçilərin sosial hüquqlarının qorunması istiqamətində mühüm bir addım kimi qiymətləndirilə bilər. İlk olaraq istərdik ki, oxucularımıza bir ekspert kimi bu qanunun özəllikləri haqda məlumat verəsiniz.
- Hesab edirəm ki, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu sosial xarakter daşımaqla ölkəmizdə sığorta sahəsində aparılan islahatların məntiqi davamı olaraq qəbul olunmuşdur.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi qəbul olunarkən işçilərin, haqqında bəhs etdiyimiz hüquqları - yəni, işçinin icbari sığorta hüququ nəzərdə tutulmuşdu. Lakin icra mexanizmi yox idi. Bu qanunun qəbulu ilə müvafiq icra mexanizmi də təmin olundu.
Qanunun əsas özəlliyi işçilərin sosial müdafiəsinin gücləndirilməsi, onlara istehsalatda baş vermiş bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində dəyən zərərin ödənilməsindən ibarətdir. Qanunu icbari etməklə, dövlətimiz buna önəm verdiyini bir daha nümayiş etdirdi. Əgər iş yeri varsa və işçi istehsalata cəlb olunursa, deməli o işçi mütləq qaydada sığortalanmalıdır. Qanunun şərtləri, qaydaları qanunun özü və normativ aktları ilə tənzimlənir. Qanun çərçivəsində üçtərəfli münasibət - işəgötürən, işçi və sığorta şirkətlərinin əlaqəli fəaliyyəti həyata keçirilir.
Qanun nəinki işçilər, hətta onların ailələrinin sosial vəziyyətini də yaxşı mənada nəzərə alan əhəmiyyətli hüquqi sənəddir.
- Sizcə, Qanunun əsas üstünlüyü nədir?
- Qanunun əsas üstünlüyü işçiyə sosial təminat qazandırmasındadır. Hər hansı bədbəxt hadisə baş verdikdə artıq bunun əvəzinin kim tərəfindən ödənilməsi sualı ortaya çıxmır. Bütün maraqlı tərəflərə bəllidir ki, işçinin işəgötürən tərəfindən təmin etdiyi sığortası var və bu sığorta hesabına o itirilmiş əməkhaqqını bərpa edəcək. İşəgötürən üçün də bu qanunun öz üstünlükləri var. Öz işçilərini sığortalamaqla onları gözləyən, gələcəkdə yarana biləcək hər hansı xərclər sığorta vasitəsilə ödənilir. Bu cür sığortaya dünya təcrübəsində də rast gəlmək olar.
Son zamanlaradək konkret müəssisələrdə, əsasən də istehsalat zamanı bədbəxt hadisələr baş verirdi ki, işçilərə müəyyən maddi və fiziki ziyanlar dəyirdi. Bu "gözlənilməz" xərclərin bir hissəsini işəgötürənlər ödəyirdi, bəzən isə heç ödəmirdi yaxud ödəmək qabiliyyətində olmurdu. Məsələ hətta məhkəmələrə qədər uzanırdı. Baxın, məhz belə mübahisələrin aradan qaldırılması və işçilərin hüquqlarının qorunması nöqteyi-nəzərindən bu qanunun əhəmiyyəti böyükdür.
- Qanuna uyğun olaraq, işəgötürənin üzərinə hansı məsuliyyət düşür? İşçilərini sığorta ilə təmin etməyən işəgötürənlər barədə hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?
- İşəgötürənin bir nömrəli öhdəliyi əmək müqaviləsi və ya mülki müqavilə ilə hər hansı işçini işə cəlb edərkən onu icbari qaydada sığortalamaqdır, yəni başqa sözlə desək, işəgötürən sığorta şirkəti ilə sığorta müqaviləsini bağlamalıdır. Bundan başqa, işəgötürən sığorta hadisələrinin qarşısını almaq sahəsində tədbirlər görməli, müəssisədə təhlükəsiz əmək şəraitini təmin etməlidir. Bu tələbə riayət olunmadıqda ilk olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində icbari sığorta ilə bağlı müddəalara əsaslanaraq, cərimələr nəzərdə tutulub və lazım gələrsə, həmin qaydada da işəgötürən cərimə olunacaq. Amma məsələ təkcə cərimə ilə bitmir, əlavə olaraq, bədbəxt hadisə və peşə xəstəliyi nəticəsində dəyən zərərləri işçilərini sığortalamayan işəgötürənlər özləri ödəməli olacaqlar .
- Demək olarmı ki, bu icbari sığorta növünün tətbiqi işəgötürənlərin bu məsələyə daha ciddi yanaşmasına gətirib çıxaracaq?
- Qanunun qəbulundan sonra, qısa bir müddət keçməsinə baxmayaraq, artıq işəgötürənlər tərəfindən qanunla onların üzərinə qoyulmuş öhdəliklərin icrasının şahidi oluruq.
- Sığorta müqaviləsində hansı məqamlar əks olunub? İşçi bu müqaviləyə əsaslanaraq, işəgötürəndən hansı hüquqlarını tələb edə bilər?
- Sığorta müqaviləsində müqavilənin tərəfləri, onların hüquq və vəzifələri, sığorta məbləği, sığorta haqqı, sığorta riskləri, sığorta ödənişi və onun verilməsindən imtina əsasları əks olunub.
Ümumiyyətlə, işçinin hüquqlarına gəldikdə isə onlar həm müqavilə, həm də ki, qanunla birbaşa nəzərdə tutulublar. Məsələn, işçi əməyin mühafizəsi qaydalarına və təlimatlarına dair ödənişsiz təlim keçmək, ilkin və vaxtaşırı icbari tibbi müayinədən keçmək, icbari sığorta ilə bağlı hüquq və vəzifələri barədə ödənişsiz məlumat almaq hüquqlarına malikdir.
- İşəgötürənlər işçilərini sığortalamaqda maraqlıdırlarmı?
Bəli. Onlar öz işçilərini
sığortalamaqda maraqlıdırlar. Bunu şərtləndirən bir
neçə amil var.
Bu qanundan
əvvəl istehsalatda bədbəxt hadisələr baş
verdikdə bütün xərcləri işəgötürən
özü ödəyirdi. Amma indi bu işi yalnız
sığorta haqqı ödəməklə, müvafiq xərclərin
ödənilməsindən azad olunur. Bu baxımdan işəgötürənlərə
işçilərini sığortalamaq maraqlıdır. Bundan
başqa, sosial təminat baxımından bu, işəgötürənin
öz işçilərinə göstərdiyi
qayğının bir nümunəsidir.
-
Sığorta ödənişi zərərçəkənə
hansı formada ödənilir?
Təbii
ki, sığorta ödənişi yalnız sığorta
hadisəsi baş verdiyi zaman ödənilir. Bu ödənişlər
iki cür həyata keçirilir: Dövri və ya birdəfəlik.
Dövri ödənişlər istehsalatda bədbəxt hadisə
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi zamanı reallaşır. Birdəfəlik ödəniş
isə iki halda mümkündür - ya sığorta hadisəsi
nəticəsində işçi peşə əmək
qabiliyyətini itirir və müvafiq müayinələr nəticəsində
aydın olur ki, onun peşə əmək qabiliyyəti bərpa
olunan deyil. İkinci hal isə işçi öldüyü
zaman mümkün olur. Bu zaman birdəfəlik sığorta
ödənişi artıq həyatda olmayan işçinin
himayəsində olan müvafiq şəxslərə verilir.
-
Hansı hallarda zərərçəkənə
sığorta ödənişindən imtina edilə bilər?
- Bu hallar
qanunda xüsusi olaraq qeyd edilib. Onlardan bir neçəsini qeyd
etmək istərdim. Bu ilk növbədə istehsalatda bədbəxt
hadisə faktı təsdiqlənmədikdə
mümkündür. Bu o halda ola bilər ki, hər hansı səbəbdən
işəgötürən sığorta şirkətinə
hadisə haqda dərhal məlumat verməyib və yaxud
sığorta ödənişini həyata keçirmək
üçün bədbəxt hadisənin baş vermə
faktını təsdiq edən sənəd yoxdur. Əgər
belə sənəd yoxdursa, heç bir ödənişdən
söhbət gedə bilməz. Başqa bir hal da ola bilər
ki, hadisə baş verib, lakin peşə əmək qabiliyyətinin
itirilməsi faktı təsdiq olunmayıb, yəni
işçi peşə əmək qabiliyyətini itirməyib.
Bundan əlavə,
zərərçəkənin alkoqollu içkilər,
psixotrop maddələrin təsiri altında işləməsi.
Bu zaman bədbəxt hadisə baş verərsə, bu
artıq bədbəxt hadisə faktı kimi qeydə alına
bilməz. Və yaxud da ki, başqa bir hal - cinayət hadisəsi
nəticəsində işçi vəfat edərsə, bu da
istehsalatda bədbəxt hadisə kimi qeydə alınmır.
Digər hallar da mövcuddur, lakin sadaladığım hallar ən
əsaslarıdır.
- Natiq
müəllim, sığorta sahəsinin peşəkarı
olaraq, necə düşünürsünüz, qanunun
uğurlu icrası üçün sığorta şirkətlərindən
hansı keyfiyyətlər tələb olunur?
- Onu qeyd
edim ki, sığorta şirkətlərinin üzərinə
düşən vəzifələr dedikdə, burada ikili
yanaşma ola bilər. Sığortaçılardan tələb
olunan əsas iş - düzgün təbliğat və maarifləndirmə
işinin aparılmasıdır. Eyni zamanda, sığorta
şirkəti müvafiq təcrübəyə, kadr, maliyyə
və digər lazımi resurslara malik olmalıdır. Əgər
sığorta şirkəti keyfiyyətli xidmət göstərərsə,
insanların sığortaya olan inamı da artar.
Keyfiyyətli
sığorta ilk növbədə, xidmətlərin keyfiyyəti,
sığorta hadisəsi baş verdikdə onun vaxtında
araşdırılması, ödənişlərin
zamanında həyata keçirilməsi və başqa kompleks
tədbirlərdən ibarətdir.
- Qanunun
uğurlu icrası Azərbaycan sığortasına nə verəcək?
Hazırda bir çox şirkətlər var ki, bu qanun icbari olmazdan əvvəl də işçilərini bədbəxt hadisə və başqa buna yaxın hallardan sığortalayırdılar. Əfsus ki, bu cür şirkətlərin sayı çox deyil. İcbari sığortanın da əsas üstünlüyü, bir qayda olaraq, onun bazara təkan vermək qabiliyyətinə malik olmasıdır. Elə ciddi şirkətlər var ki, hər hansı səbəbdən indiyədək bu məsələyə önəm verməmişlər. Lakin qanunun qüvvəyə minməsindən sonra onlar vəziyyəti yenidən qiymətləndirərək sığorta şirkətlərinə müraciət edirlər. Bundan əlavə, sığorta olunan işçilərdə də sığortaya maraq oyanacaq və onun üstünlüklərini görənlər daha irəli gedərək evini, əmlakını, sağlamlığını, avtomobilini, məsuliyyətini və s. Sığortalayacaqlar.
Bir sözlə, Azərbaycanda sığorta ilə bağlı əhali arasında müsbət rəy formalaşacaq, sığorta şirkətlərinə olan inam artacaq, ölkəmizdə həyat sığortasının və bu sahədə ixtisaslaşan sığorta şirkətlərinin inkişafına gətirib çıxaracaq.
S.BABAYEVA
Xalq qəzeti.- 2011.- 3 may.- S. 6.