Qətiyyət, cəsarət və liderlik simvolu

 

Azərbaycan tarixinin 1969-82-ci illərini və dövlət müstəqilliyimizin bərpasından sonrakı dövrü yaşamış milyonlarla soydaşımız möhtəşəm bir həqiqətin şahidi kimi tarixə düşüb. Bu, ulu öndər Heydər Əliyev dühasının, siyasətçi məharətinin, liderlik keyfiyyətinin və ən başlıcası yurdsevər bir Azərbaycan türkünün fenomenal qətiyyətinin yaratdığı həqiqət idi. Heydər Əliyev öz siyasi müdrikliyi ilə tarix yaradan siyasətçilər sırasında özünə əbədilik qazanmışdır. Eyni zamanda, o, canı və qanı qədər sevdiyi Azərbaycanın dövlət müstəqilliyinə də əbədilik qazandıraraq misilsiz bir ilahi missiyanı yerinə yetirmişdir.

 

Əksər siyasətçilər və tarixçilər haqlı olaraq belə söyləyirlər ki, Tanrı onu Azərbaycan xalqına xilaskar kimi göndərmişdi. Bu, bir həqiqətdir. Çünki o miqyaslı seçimi ancaq uca yaradan edə bilərdi. Tanrı ona iki-üç əsrdə bir dəfə yaranan siyasətçi bəsirəti, milyonlarla insanın həsəd apardığı iradə, dözüm, məqsədə çatmaq üçün qətiyyət vermişdi. Həmin keyfiyyətlərin hamısı bir nəfərdə - ulu öndərdə cəmləşsə də, bütövlükdə xalqımızın, dövlətimizin bəxtinə yazılan sərvət idi.

Heydər Əliyev fenomeni haqqında söz açan alimlər, politoloqlar və ekspertlər öncə onun qurucu dövlət başçısı olduğunu (1969-82-ci illər), milli təəssübkeşliyini (dövlət təhlükəsizliyi komitəsində çalışdığı illərdə o dövr üçün görünməmiş bir səviyyədə milli təəssübkeşlik edən ümummilli lider Heydər Əliyevin həmin keyfiyyəti ayrı-ayrı kitabların mövzusudur), xilaskarlıq missiyasını (1993-2003-cü illər), regionun ən qüdrətli siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının yaradılmasını və nəhayət, Azərbaycan xalqına cənab İlham Əliyev kimi səriştəli dövlət başçısı, dünya siyasətinin bütün incəliklərini bilən lider bəxş etməsini qeyd edirlər. Tamamilə haqlıdırlar. Çünki bunların hamısı danılması mümkün olmayan tarixi faktlardır.

XX əsrin əvvəlində olduğu kimi, sonunda da əldə etdiyimiz dövlət müstəqilliyimiz regionun bir çox siyasi qüvvələrini qıcıqlandırır, Qafqazda Azərbaycan adlı müstəqil dövlətin olmasını istəməyən mərkəzlər gənc müstəqil dövlətimizin 1920-ci ildəki taleyi yaşaması üçün bütün variantları məqbul sayırdılar. Bu məqsədlə yazılan ssenarilər bir-birini əvəz edir, Azərbaycanın məhvini tezləşdirən addımlar intensivləşdirilirdi. Belə bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə gəlmiş ulu öndər Heydər Əliyev ilk növbədə cəbhədə atəşkəsə nail olmağı vacib saydı. Öz siyasi-diplomatik addımları ilə atəşkəsi yaxınlaşdıran ümummilli lider Heydər Əliyevə çoxsaylı hücumlar başlandı: "Azərbaycanın ərazi bütövlüyünün bu şəkildə pozulduğu halda atəşkəs Azərbaycana nə verəcək?", "Ermənilər atəşkəsdən daha çox bəhrələnəcəklər" və sairə bəyanatlar qulaqları yağır edəcək dərəcədə tez-tez səslənirdi. Bütün bu cəfəngiyyatı səbirlə eşidən və təmkinlə qəbul edən ulu öndər atəşkəsin imzalanmasını vacib saydı və ... nəticədə Azərbaycan ordusu nəinki regionun, hətta, postsovet məkanının ən müasir silahlı qüvvələrindən birinə çevrildi. "Ermənilər atəşkəsdən daha çox bəhrələnəcəklər" - deyə diletantlıq səs-küyü qaldıran opponentlər gördülər ki, ermənilər nəinki heç nədən bəhrələnə bilmədilər, əksinə siyasi-iqtisadi böhranlarla üzləşdilər. Erməni ordusu başıpozuq silahlı dəstələrə çevrildi, fərarilik adi hal oldu, erməni gənclər ölkəni iti sürətlə tərk etdilər və sairə.

Bütün bunlar nə üçün baş verdi? Çünki erməni ordusu öz himayədarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal etdikcə dünyanın müxtəlif ölkələrindəki erməni diasporu şirnikləşir və İrəvana göndərilən ianələrin sayı-hesabı bilinmirdi. Heydər Əliyev atəşkəsə nail olmaqla torpaqlarımızın işğalının qarşısını aldı və Azərbaycanla atəşkəs müqaviləsi imzalamış rəsmi İrəvan erməni diasporunun qəzəbinə tuş gəldi. Bununla da Ermənistana sel kimi gələn xarici yardımların arası kəsildi və işğalçı ölkə tənəzzülə, erməni ordusu isə zəifləməyə doğru getdi. Zaman sübut etdi ki, ulu öndər Heydər Əliyev 1994-cü ilin mayında imzalanan atəşkəs sazişi ilə təkcə Azərbaycanı və Azərbaycan Ordusunu qüdrətləndirmədi, həm də Ermənistana böhranlar, erməni ordusuna tənəzzül gətirdi. Bu addımın konkret nəticələrini ermənilər çox sonralar etiraf etməli olmuşdular.

İkinci məqam. Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq üçün tələm-tələsik, xırda nəticələr verəcək addımları məqbul saymır, düşünülmüş, perspektivdə mükəmməl nəticələr verəcək qərarlar qəbul edirdi. Həmin qərarlardan biri də ölkənin yeni neft strategiyasının işlənib hazırlanması idi. Sonralar Rusiya və Avropa ekspertləri Heydər Əliyevin neft strategiyasını "neft diplomatiyası" kimi qiymətləndirmişdilər. Ulu öndər Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının müştərək işlənməsi üçün dünyanın aparıcı neft şirkətlərinin hamısı ilə əhatəli müzakirələr aparılmasına nail olmuşdu. Həmin danışıqların bir çoxunu o illərdə Heydər Əliyevin ən yaxın silahdaşı olan, Dövlət Neft Şirkətinin vitse-prezidenti İlham Əliyev aparmışdı. Bu strategiya təkcə Azərbaycanın iqtisadi inkişafını təmin etmək məqsədi daşımırdı. Burada əsas məsələ Qafqazda marağı olan siyasi qütblərin mənafeyinin təmin edilməsi, son nəticədə isə ölkəmizin dövlət müstəqilliyinin əbədiləşdirilməsi idi.

O zaman türkiyəli ekspertlər səmimi şəkildə etiraf edirdilər ki, prezident Heydər Əliyevin neft strategiyası dünyanın müxtəlif qütblərində olan siyasi qüvvələrin maraqlarını təmin etdi. 1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının müştərək işlənməsi üçün yaradılmış Beynəlxalq Konsorsiumla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanmış "Hasilatın Pay Bölgüsü Sazişi" ("Əsrin müqaviləsi") gündəliyə gələndə həmin sənədi məqbul saymayanlar həm xaricdə, həm də ölkəmizdə çox idi. Hətta "Xəzərdə neft qalmayıb, Azərbaycanın aldatdığı əcnəbilər tezliklə qayıdıb gedəcəklər" - deyə nihilistcəsinə bədxahlıq edənlər var idi. Bəziləri isə müqavilənin şərtlərinin Azərbaycana sərf etməyəcəyini söyləyirdilər. Bütün bu "narahatlıqların" bir səbəbi var idi - əcnəbilər Azərbaycana gəlməsin və təklikdə qalan Azərbaycan xalqı öz dövlət müstəqilliyini qoruya bilməsin. Həmin bədxahlar unudurdular ki, Azərbaycanın sükanı arxasında dayanan şəxs dünyanın siyasət dahilərindən olan dönməz və qətiyyətli bir dövlət xadimidir.

Ulu öndər Heydər Əliyev neft müqaviləsinin imzalanmasından dörd gün əvvəl - sentyabrın 16-da gündəlikdə olan məsələ ilə əlaqədar brifinq keçirərək Azərbaycanın bədxahlarının arqumentlərini alt-üst eləmişdi: "İndi biz doqquz milyon ton neft çıxara bilirik... Bu konsorsiumdan alınan vəsait, payımıza düşən neftdən istifadə edilməsi neft sənayemizin həyatında yeni bir mərhələ olacaqdır... Ümidvaram ki, bu 30 illik müqavilə yeganə müqavilə olmayacaqdır. Biz başqa müqavilələr də bağlayacağıq. Yəni biz Azərbaycan xalqının XXI əsrdə həyatının, iqtisadiyyatının, rifah halının təmin edilməsi üçün çox ciddi, çox məsuliyyətli və eyni zamanda, zənnimcə, çox gərəkli bir addım atırıq".

Sadəcə siyasətçi dahiliyidir. Əksər dövlət xadimləri, xüsusən, ümummilli lider Heydər Əliyevdən əvvəl Azərbaycana rəhbərlik etmiş öz soydaşlarımız - siyasi fəaliyyətdə üç ay, beş ay, uzağı bir il sonranı düşünürdülər. Heydər Əliyev isə növbəti əsrin mənzərəsini sanki görür və yeni əsr üçün nəzərdə tutulmuş layihələr reallaşdırırdı. Diqqət yetirin, ulu öndər söyləyir ki, bu layihə bizim yeganə layihəmiz deyil, yeni layihələr də imzalanacaq. Budur, artıq Azərbaycan 30-a qədər neft sazişinin icrasını yerinə yetirir. Budur, ölkəmizin ildə 50 milyon tondan artıq neft hasil etməsi artıq təzə söhbət deyil. Heydər Əliyev neft strategiyasını işləyib hazırlayanda xaricdən ruhlandırılan yerli "mütəxəssislər" deyirdilər ki, Xəzərdə o qədər neft yoxdur və xarici şirkətlər tezliklə qayıdıb gedəcəklər. Zaman başqa həqiqətləri sübut etdi. Xarici şirkətlər nəinki qayıdıb getmədilər, əksinə, onların ölkələrinin hamısı Azərbaycanın strateji tərəfdaşına, siyasi, iqtisadi, hərbi, elmi-texniki, mədəni sahələrdə əməkdaşlıq etdiyi dost ölkələrə çevrildilər. Çünki Azərbaycan bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynayır. Vaxtilə ulu öndər Heydər Əliyevin neft strategiyasının Azərbaycana sərf etməyəcəyini söyləyənlər indi çox sakit bir tərzdə susurlar. Çünki həmin strategiyanın Azərbaycanın gələcəyini təmin etməsi artıq günün reallığıdır.

Ulu öndərin zamanında, zəruri olan məqamda atdığı addımlardan biri də 2003-cü ilin oktyabrında mətbuat vasitəsiylə ölkə əhalisinə çatdırdığı müraciəti idi. Heydər Əliyev ömrü boyu xidmət etdiyi, eyni zamanda, daim sədaqətini, etibarını, dəstəyini gördüyü xalqına müraciət edərək tarixi bir əminlik ifadə edirdi: "Əminəm ki, mənim başa çatdıra bilmədiyim işləri İlham Əliyev sizin köməyinizlə başa çatdıracaqdır". Ümummilli liderimizin bütün ümidləri, əminlikləri kimi həmin qənaəti də yüksək səviyyədə reallığa çevrildi. Ümummilli lider Heydər Əliyev Azərbaycanı qüdrətli dövlət kimi görmək istəyirdi. Prezident İlham Əliyev Azərbaycanı adı daim öncül yerlərdə çəkilən qüdrətli dövlətə çevirdi. Heydər Əliyev Azərbaycan gəncliyinin fiziki və mənəvi cəhətdən sağlam, intellektual səviyyəli olmasını arzulayırdı.

Cənab İlham Əliyevin prezidentlik dövründə Azərbaycanda 2 minə qədər yeni məktəb binası tikildi, bütün regionlarda Olimpiya İdman Kompleksləri inşa olundu, ən ucqar kənd məktəbləri də daxil olmaqla bütün təhsil ocaqları informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olundu. Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda Ali Sovetin sədri seçildikdən dərhal sonra gənclər təşkilatlarının nümayəndələri ilə görüşmüşdü. Hörmətli dövlət başçımız İlham Əliyev ildə 4-5 dəfə gənclərlə görüşür, söhbət edir, onların bütün problemlərinin həll edilməsi üçün xüsusi göstərişlər verir. Ulu öndərin siyasi hakimiyyətə qayıdışından sonra qonağı olduğu ilk böyük kollektiv Elmlər Akademiyası olmuşdu. Prezident İlham Əliyev dövri olaraq Milli Elmlər Akademiyasının kollektivi ilə görüşür, bu möhtəşəm elm ocağının maddi-texniki bazasının möhkəmləndirilməsi, alimlərin sosial-rifah halının yaxşılaşdırılması üçün daim qayğı göstərir.

Ümummilli lider Heydər Əliyev daim Azərbaycanda yoxsulluq səviyyəsinin azaldılmasına çalışırdı. Cənab İlham Əliyev həmin səviyyənin 49 faizdən 12 faizə qədər endirilməsinə nail olub. Ulu öndər ölkədə yeni iş yerlərinin yaradılması məsələsini daim gündəliyə gətirir, bu istiqamətdə konkret tədbirlərin həyata keçirilməsini təmin edirdi. Prezident İlham Əliyevin dövlət başçısı seçilməsindən sonra ölkəmizdə bir milyona yaxın yeni iş yerləri yaradılıb. Ulu öndər Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğ edilməsi, tanıdılması istiqamətində yüzlərlə layihənin müəllifi idi. Onun adını daşıyan Fond, xüsusən, fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin ən dəyərli nümunələrinin bütün dünyada təbliğinə nail olub. Heydər Əliyev bir xəstə uşaq görəndə, kimsəsiz, qayğıya ehtiyacı olan insanla rastlaşanda həmin kəslərə qayğı göstərilməsini tələb edirdi. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkədəki qayğıya ehtiyacı olan bütün insanlar qayğı ilə əhatələnib.

Yəni, ulu öndər 2003-cü ilin oktyabrında xalqa müraciəti ilə həm öz siyasi fəaliyyətinin, həm də Azərbaycan tarixinin ən uğurlu addımlarından birini atmışdı. Ulu öndər Heydər Əliyevin qətiyyəti və cəsarəti onu liderliyin simvoluna çevirmişdi. Məhz bu keyfiyyətləri ilə də ulu öndər dünya siyasətçiləri arasında tarix yaradan şəxsiyyətlərdən biri kimi daim anılacaq, yaşayacaqdır. Onun qurub möhkəmləndirdiyi Azərbaycan dövləti isə dünyanın ən qüdrətli ölkələri ilə daim bərabər irəliləyəcək, gündən-günə inkişaf edəcəkdir.

 

 

Nəbi XƏLİLOV,

YAP Binəqədi rayon

təşkilatının sədri

 

Xalq qəzeti.- 2011.- 3 may.- S. 5.