Azərbaycanda müasirləşmə və elmin inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur

 

İlham MƏMMƏDZADƏ, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor

 

Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında iştirak etməsi ölkə alimləri üçün əlamətdar hadisə olmaqla bərabər, həm də Azərbaycanın müasirləşməsi işində intellektual elitaya ehtiyacın olduğuna, elmin inkişafına onun dəstək verəcəyinə işarədir. Prezident bildirdi ki, respublikanın intellektual elitası əsasən Elmlər Akademiyasında cəmləşib və onun fəaliyyəti modernləşmə prosesləri üçün əhəmiyyətlidir.

 

Azərbaycanın müasirləşdirilməsi kursunun lideri olan Prezident İlham Əliyev məhz gənclərin ölkənin gələcəyini təmin edəcəklərini nəzərdə tutaraq onların elmə cəlb edilməsini bir vəzifə kimi qarşıya qoydu. Dövlət başçısının çıxışının aşağıdakı müddəaları da eyni dərəcədə əhəmiyyətlidir: İnformasiya texnologiyaları inkişaf etdirilməli, onlar elmlə birləşdirilməli və Azərbaycan üçün ənənəvi olaraq fundamental elmlərlə yanaşı, ictimai-humanitar elmlərə xüsusi diqqət yetirilməlidir. Əlbəttə, onların tərəqqisi böyüməkdə olan nəsillə yanaşı, ümumiyyətlə, ictimai şüura, vətənpərvərliyə, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması və inkişafına təsir göstərir.

Alimlərimiz müasirləşmə siyasətinə görə, elmin inkişafına, nəhayət, alimlərin sosial problemlərinə göstərdiyi diqqətə görə respublika Prezidentinə minnətdardır. Eyni zamanda, bu minnətdarlıq onların öz məsuliyyətini dərk etməsini, müasir proseslərdə, hər bir alimin islahatçılıq potensialını aşkar etməyə qadir olan ehtiyatların axtarıb üzə çıxarmasında rolunun anlamasını ehtiva edir. Bizcə, bu kontekstdə nəzərə almaq lazımdır ki, hər bir sahənin modernləşdirilməsi alimlərdən onun problemlərinin, mənasının, risklərinin dərk olunmasını tələb edir, proseslərin modelləşdirilməsi və proqnozlaşdırılmasını nəzərdə tutur. Aydındır ki, hamı bununla məşğul ola bilməz, bəzilərini buna öyrətmək, başqalarının isə, ola bilsin, ixtisasını dəyişdirmək olar. Bu səbəbdən alimlərimizin birgə elmi layihələrdə və beynəlxalq konfranslarda iştirakının, yüksək reytinqli jurnallarda məqalələrini dərc etdirməsinin, dünyanın tanınmış alimləri ilə yaxından təmas qurub əməkdaşlığı genişləndirməsinin əhəmiyyəti böyükdür.

Lakin söhbət təkcə inteqrasiya proseslərində fəal iştirakın zəruriliyindən deyil, alimlərimizin fundamental elmlərlə yanaşı, ictimai elmlərdə də müəyyən təcrübəyə malik olduğundan gedir. Və burada diqqət yalnız rəqibin təbliğatına cavab verməyə yox - şübhəsiz, bu da ölkə üçün çox vacibdir - həm də qloballaşmanın, qloballaşma şəraitində müasirləşmə proseslərinin dərk olunmasına yönəldilməlidir,

Məlum olduğu kimi, Azərbaycanın müasirləşdirilməsi kursunu Prezident İlham Əliyev 2003-cü ildə qəbul edib. Bu sahədə əldə edilən təcrübə, məsələn, Rusiya ilə müqayisə edilə bilməz, çünki, orada modernləşmə D.A. Medvedevin 2008-ci ildə prezident seçilməsi ilə başlanıb və hələ də Skolkovo layihəsi ilə məhdudlaşır. Qazaxıstanın müasirləşmə layihəsi isə hələ ki, Avrasiya inteqrasiyası ilə bağlıdır və s. Aydındır ki, modernləşmə kimi geniş və çoxşaxəli islahatları vətəndaşların etimadını qazanmış ölkə liderləri başlayırlar. Azərbaycanın müstəqillik təcrübəsi göstərdi ki, müasirləşdirmədən öncə ölkədə vəziyyəti sabitləşdirmək, milli həmrəylik və etimad mühiti yaratmaq imkanına qadir siyasi liderin olması vacib idi.

Xalqın etibarını qazanmış Azərbaycan Prezidenti Heydər Əliyev məhz bu cür ümummilli lider idi. Onun fəaliyyəti nəticəsində ölkədə bərqərar olmuş sabitlik kreativ, yaradıcı şüura tələbatın olmasını zəruri etmişdir. Eyni zamanda, ümummilli liderin elmə, alimlərə göstərdiyi diqqət bir daha sübut etdi ki, o, Azərbaycanda innovasiyalar dövrünün başlanacağını hələ qabaqcadan bilirdi. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev hesab edir ki, modernləşmə çoxmərhələli olmaqla iri miqyaslı islahatlara yol açacaqdır və bu, ölkəni informasiya, biliklər cəmiyyətinə gətirib çıxaracaqdır.

Əldə etdiyimiz təcrübə həm də bizə bir çoxlarından öncə indiki modernləşmənin əvvəlkilərdən fərqli olaraq qloballaşma, dünyaya müəyyən açıqlıq şəraitində baş verdiyini dərk etməyə şərait yaradır. Bu tezisin vurğulanması açıqlıq və yarış şəraitinin modernləşmə prosesinin bütün iştirakçılarının qarşısında xüsusi tələblər qoyduğundan və bütünlüklə xarici köməyə ümid bəsləməyə ehtiyac duyulmadığından xəbər verir. Məsələn, müasirləşmənin birinci mərhələsi, eyni zamanda, ölkənin yenidən informasiya-idarəetmə xüsusunda təchiz olunmasını nəzərdə tutan ciddi iqtisadi həllini tələb edir.

Modernləşmənin sosiomədəni mərhələsi ölkə qarşısında duran vəzifələrin daim mürəkkəbləşdirilməsini nəzərdə tutur və bu zaman əvvəlki məsələnin həlli onun artıq yeni mərhələdə həlli zərurətini ləğv etmir. Eyni zamanda, modernləşmənin sosiomədəni mərhələsi ölkədə ideoloji ayrılığa, parçalanmağa gətirib çıxara bilər ki, buna görə də onun özünün birləşdirici, məsələn, milli ideologiyası olmalıdır. Həm də ki, bu ideologiya siyasətdə deyil, həm də təhsil, mədəniyyət, böyüməkdə olan nəslin tərbiyəsi işində və s. lazımdır.

ABŞ-ın modernləşməsindən fərqli olaraq Azərbaycanın müasirləşməsi, MDB ölkələri və Çində olduğu kimi, irəlidəkilərə çatmağa yönəlmiş müasirləşmədir. ABŞ isə müəyyən sahələrdə, istiqamətlərdə lider olan ölkələrdən geri qalmamağa çalışır. Fikrimizcə, hər bir modernləşmə vəzifələrin, proses iştirakçılarının yeniləşdirilməsi, yeni hədəflərin, istiqamətlərin seçilməsi, yeni risklərin ölçülməsi və s. ilə müşayiət olunaraq, başqa ölkələri ötüb keçmək deməkdir. Müasirləşmə ölkənin yeni, daim dəyişən şəraitlərə həmişə hazır olması deməkdir. Buna görə də modernləşmə, şübhəsiz ki, azərbaycançılıq ideologiyasının, ana dilimizin və s. milli-mənəvi dəyərlərimizin ən dərin səciyyəvi xüsusiyyətlərini qoruyub saxlamaqla, onların özünün də dəyişdiyini, yenidən təfsir olunduğunu, mənalandırıldığını başa düşərək, özümüzün, iş üslubumuzun, cəmiyyətimizin dəyişməyə, təkmilləşdirməyə həmişə hazır olmağımız deməkdir.

Müasir dövrümüzdə dövlətlərin belə bölgüsü aparılır: yüsək inkişaf etmiş dövlətlər, orta inkişaf etmiş dövlətlərin xammal dövlətləri və "kvazidövlətlər". Yüksək inkişaf etmiş dövlətlər öz elminin inkişaf səviyyəsinə görə "renta" alır. Özü də elmin bu və ya digər sahəsinin kim tərəfindən və necə maliyyələşdirildiyinin, onun universitetlər və ya akademiyalar vasitəsilə inkişaf etdirildiyinin heç bir fərqi yoxdur. Başlıcası odur ki, bu ölkələrdə elmin inkişafı dövlət və cəmiyyət tərəfindən dəstəklənir. Artıq başa düşülür ki, elm təhsilə, mədəniyyətə və kreativ qrupların şüuruna təsir göstərir. Çünki, cəmiyyətin hər zaman ekspert biliyinə ehtiyacı var, bu cür bilik olmadıqda ölkənin öz mövqeyini itirə biləcəyi təhlükəsi labüddür. Bir qayda olaraq, bu cür yüksək inkişaf etmiş ölkələrdə ictimai elmlərin səviyyəsi yüksək olur. Qeyd edək ki, bir sıra keçmiş SSRİ respublikaları, habelə Çin və Hindistan, (təbii ki, müxtəlif nisbətdə) həmin dövlət növlərinə xas xüsusiyyətlərə malikdir və özlərinin "xammal iqtisadiyyatı"ndan asılılığını azaltmağa çalışırlar. Burada modernləşən ölkə alimlərinin nələrin onları inkişaf etmiş dövlətlərə və yaxud orta inkişaf etmiş dövlətlərə yaxınlaşdırdığını və onları xammal dövlətləri və "kvazidövlətlər"ə bənzədən cəhətləri azaltmaq üçün hansı konkret addımların atılmalı olduğunu dərk etməsi vacibdir. Söhbət yalnız kəmiyyətdən deyil, həm də keyfiyyət göstəricilərindən getməlidir. İctimaiyyatşünaslar üçün, məsələn, ənənəyə əsaslanan şüurun və kreativ şüurun üstünlük təşkil etdiyi cəmiyyətlər arasındakı fərqləri dərk etmək böyük əhəmiyyət kəsb edir. Fəlsəfə, məsələn, bu çətin işdə digər elmi biliklərin cəlb və istifadə edilməsi ilə fənlərarası tədqiqatlara hazır olmalıdır. Bu, fəlsəfənin, onun dilinin, funksiyalarının və s. yenidən dərk olunmasını tələb edən çətin məsələdir. Eyni zamanda, başqa elmlərin nümayəndələrinin fəlsəfəyə münasibətini dəyişdirmək, onları əməkdaşlığa cəlb etmək lazımdır.

Bizcə, Prezidentimizin müasir dövrdə sosiomədəni müasirləşmənin hər bir modernləşmənin ayrılmaz hissəsi olması haqqındakı ideyası alimlərimizdən bəzi stereotiplərin aradan qaldırmaq üçün müəyyən səy göstərmələrini tələb edir. Onun mahiyyəti bundan ibarətdir ki, ictimai şüurda kreativlik, informasiya mədəniyyəti və milli dəyərlər əsasında xələflik, varislik üstünlük təşkil etməlidir. Bu, çox mürəkkəb məsələdir və onun öhdəsindən iqtisadi və siyasi problemlərin həlli ilə yanaşı, həmçinin ictimai elmlərin köməyi ilə, onların çətinlikləri necə dərk etdiyini və bu problemlərin həlli üsullarının ideologiya, mədəniyyət və təhsil sahəsində konkret həll müstəvisinə "köçürülməsi" vasitəsilə gəlmək olar. Azərbaycanın bügünkü demokratik şəraitində bu, olduqca çətin problemdir, həm də ki, bu problematiklik ölkədə mövcud olan demokratiya səviyyəsindən imtina etməyə əsas vermir. Bundan başqa, elita anlayır ki, sosiomədəni modernləşmə demokratiya və hüquqi dövlətin daha inkişaf etmiş formalarına gətirib çıxartmalıdır.

Azərbaycanın mövcud vəziyyəti, Ermənistanın ona qarşı təcavüzü və Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər ölkənin müasirləşməsi sahəsinlə aparılan işin nə qədər mürəkkəb, çətin olduğunu daha da qabarıq göstərir. Müasir Azərbaycanın təcrübəsi və dünyanın tarixi reallıqları göstərir ki, qarşıda ideoloji mübarizə, toqquşma, qeyri-müəyyənlik və çətinliklər hələ çox olacaq və bütün səylərin, qüvvələrin səfərbər edilməsi lazım gələcək. Lakin həmin səylərin əsasında, ölkə Prezidentinin fikrincə, elmin, "yuxarıdan əmr"in və özünüidarənin hüdudlarının dəqiq hesablanması və s. durmalıdır. Bizcə, buradan belə bir nəticə çıxır ki, müasirləşmənin əsas vasitəsi uzlaşmayan şeyləri, hər şeydən əvvəl, inzibati üsul və dialoqu, ideal və real olanı, ənənə və rasionallığı, müasirliyi və keçmişi və s. uyğunlaşdırmaq bacarığıdır.

Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında iştirak etməsi bir daha göstərdi ki, Azərbaycanın müasirləşdirilməsi siyasəti davam etdiriləcək, elmi ictimaiyyət bu proseslərdə fəal iştirak etməli və bu, yalnız alimlərin özləri üçün deyil, həm də dövlət, cəmiyyət, millət üçün lazımdır. Onsuz müasirliyə, inkişaf etmiş texnologiyaların, minimallaşdırılmış risklərin olduğu cəmiyyətə keçməyin mümkün olmadığı aydındır. Bu işdə elmin, o cümlədən ictimai elmlərin inkişafına böyük tələbat vardır.

Öz növbəsində, ictimai elmlər müasir cəmiyyətin problemlərini, onun inkişaf təmayüllərini tədqiq edərək, ola bilsin, ən yaxın gələcəyi proqnozlaşdıraraq müasirləşmənin məqsəd və vasitələrini həm izah, həm də təbliğ edə biləcəkdir.

 

 

Xalq qəzeti.- 2011.- 3 may.- S. 4.