Suraxanıda sevgi və ehtiram çələngi

 

Hər il may ayının gəlişini xalqımız sevinc, ümid və iftixar hissilə qarşılayır. Bu da təsadüfi deyil. Məhz bu ayda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin doğum günü təntənə ilə, böyük məhəbbətlə qeyd edilir. Əlamətdar gün münasibətilə artıq bir neçə ildir ki, doğma ölkəmizin hər bir guşəsində "Gül bayramı" hər bir vətəndaşımızın qəlbində xoş ovqat yaradır, xalqının bu günü naminə həyatını həsr etmiş dahi şəxsiyyətin ruhuna minnətdarlıq hissi oyadır.

 

Dünən Suraxanı rayonunda da əsl bayram ovqatı yaşanmışdır.Həzin musiqi sədaları günəşli may səhərində hər bir suraxanılını Heydər Əliyev parkında keçirilən ümumrayon "Gül bayramı"na səsləyirdi. Park bayram libasına bürünmüşdü.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkda ucalan möhtəşəm abidəsinin ətrafında güllərdən xüsusi kompozisiya yaradılmışdı. Fəvvarələr meydanının ətrafında ulu öndərin "7 portret", Bayraq meydanında uşaqların "Gül paltar" və güllərdən ibarət olan "Karvan" kompozisiyaları diqqəti çəkirdi.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİH başçısı yanında şuranın üzvləri, rayondan Milli Məclisə seçilmiş deputatlar Ağacan Abıyev, Sevinc Fətəliyeva, Fərəc Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli liderin abidəsini ziyarət etmiş və abidənin önünə tər güllər qoymuşlar.Sonra tədbir iştirakçıları parkda düzənlənən gül kompozisiyaları və əl işləri ilə tanış olurdular.

Heydər Əliyev parkında yaradılan müxtəlif gül kompozisiyaları, pannolar, şəkil və plakatlar, əl işlərindən ibarət sərgilər toplaşanları dönə-dönə ayaq saxlamağa, dahi şəxsiyyətə xalq məhəbbətinə güllərin, çiçəklərin gözü ilə baxmağa vadar edirdi. Rayonun bütün idarə və təşkilatları, ümumtəhsil məktəblərinin kollektivləri, uşaq-tərbiyə müəssisələrinin nümayəndələri aylardan bəri gördükləri işləri burada sərgiləmişdilər. Ümumilikdə, rayonun 34 məktəbi, 28 uşaq tərbiyə müəssisəsi əvvəlcədən keçirilmiş baxışda seçilmiş ən yaxşı sənət, əl işi və rəsm, gül kompozisiyalarından ibarət nümunələrini münsiflər heyətinin ixtiyarına vermişlər.

"Gül bayramı" ümummilli liderimiz Heydər Əliyevin 88 illiyinə həsr olunduğu üçün nümayiş etdirilən hər bir buketdə, gül çələngində, əl işlərinin mövzu və kompozisiyasında sevimli rəhbərə məhəbbət, onun ruhuna ehtiram hissləri qabarıq gözə çarpırdı. Hər bir çalarda, hər bir rəngdə, hər ilmədə, hər naxışda bir istək, bir arzu, bir məna formalaşmışdı - ulu öndərə sonsuz sevgi və ehtiram! Tamaşaçı seyr edir, onu maraqlandıran mövzularda suallar verirdi, qiymətləndirmək işi isə münsiflər heyətinin üzərinə düşürdü.

"Gül bayram"ında rayon mədəniyyət evlərinin bədii kollektivləri rəngarəng konsert proqramı ilə çıxış etdilər.

Ulu öndərin doğum günü ərəfəsində Suraxanı rayonu ərazisində iməciliklər də keçirilmiş, küçə və meydanlarda, parklarda abadlıq, səliqə-səhman işləri görülmüşdür. Suraxanı Rayon İcra Hakimiyyətinin tədbirlər proqramına uyğun olaraq "Nümunəvi abad həyətlər" üzrə 10 yaşayış həyəti səliqə-səhmanına, abad ərazisinə, yaşıllığına görə fərqləndirilmişdir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 3 may.- S. 4.