Sədası
dağları bürüyən "Vağzalı"
Ötən həftə Lerikdə
çalınan bir toyun sədaları ətraf dağlara belə
yayıldı. Bu çal-çağırdan qarlı zirvələri
bürümüş duman da, sanki, geri çəkilmişdi.
Quşlar da səsini musiqi təranələrinə qatıb
oxuyurdu. Dağların qoynunda qurulan büsat iki gəncin -
şəhid qızı Nişanə ilə istəklisi Seyfəlin
xoşbəxt ailə təməlinin qoyulmasına həsr
edilmişdi. Əsas təşkilatçı isə Lerik Rayon
İcra Hakimiyyəti idi.
Nişanə 1993-cü ilin yanvar ayında Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş Əbülfəz Məmmədovun üzünü görmədiyi yeganə yadigarı, nişanəsidir. Atasının ölümündən üç ay sonra Mastayıl kəndində dünyaya gəlib. Anası Hökumə taleyin hökmü ilə barışaraq təkbaşına qızını böyüdüb, boya-başa çatdırıb. Mərdanə qadın ata həyətində, yararsız şəraitdə yaşasa da, ötən 18 ildə bir dəfə də olsun, kimsədən kömək ummayıb, idarələrin qapısını tanımayıb.
O, yalnız bir dəfə - qızının toyu ərəfəsində icra hakimiyyətinə mənzil almaq istəyi ilə ərizə verdi. Müvafiq komissiya onun yaşayış şəraitini yoxlayıb, həqiqətən, də evə ehtiyacı olduğunu təsdiqlədi. İcra hakimiyyəti başçısı Rövşən Bağırov isə şəhid balasının nişanlı olduğunu eşidən kimi ailəyə nəinki mənzil verməyi, üstəlik, Nişanənin toyunu keçirməyi və yeni mənzilin açarlarını elə oradaca Hökumə xanıma təqdim etməyi qərara aldı...
Əbülfəz Sərdar oğlu Məmmədov Bakı Dövlət Universitetinin tarix fakültəsinin 4-cü kursunda oxuyurdu. Diplom alacağı günü gözləmədən, 1992-ci ilin payızında könüllü olaraq cəbhəyə, xain qonşuların göz dikdiyi Vətən torpaqlarını qorumağa yollandı. Cəmi üç ay səngərlərdə vuruşdu. Xalqımızın tarixinə qanla yazılmış 20 Yanvar faciəsinin üçüncü ildönümü günündə isə qeyrətli dağlar oğlu ağır yaralanaraq şəhidlik zirvəsinə ucaldı. Arzularla döyünən ürəyi əbədi dayandı və ona üç ay sonra dünyaya gələcək qızını görmək nəsib olmadı. Beləcə şəhid nişanəsi olan Nişanə bala atasının üzünü görməsə də, adı ilə daim fəxr elədi, xatirəsini əziz tutan rayon rəhbərliyinin və doğma el-obanın xeyir-duası ilə, nəhayət, əyninə gəlinlik libası da geyindi. Özü də xoşbəxt cütlük toydan "Vağzalı"nın müşayiəti ilə birbaşa yeni mənzilə köçəcəkdi.
...Lerikin mərkəzindəki şadlıq sarayında sevincdən gözləri yaşaran Hökumə ana qızının toyuna gələn qonaqları qarşılayırdı. Məclisə qohumlar, ağsaqqal və ağbirçəklər, ziyalılar, idarə və təşkilatların nümayəndələri, gənclər təşrif gətirmişdilər. Təmtəraqdan könüllər fərəhlənirdi. Tar-kaman, zurna-balaban da səsini ucaldıb dəstgah eləyirdi. Süfrələrə hər cür naz-nemət düzülmüşdü. Bu toyun bütün xərclərini öz öhdəsinə götürmüş rayon rəhbərliyinin nümayəndələri saraya daxil olanda ananın uçmağa qanadı yox idi.
Mənimsə xəyalım 10-12 il öncə Biləsuvar çadır şəhərciyində ulu öndər Heydər Əliyevin iştirakı ilə keçirilən unudulmaz bir toy məclisinə qanadlandı. O zaman Prezidentin çəkiliş qrupunda çalışan bir televiziya işçisi kimi həmin toyda mən də iştirak etmişdim. Xatırladım ki, dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev Cəbrayıl qaçqınları olan gənclərin toyunda necə parlaq təbrik nitqi söylədi, onlarla necə ürəkdən rəqs elədi, təzə qurulan ailələrə qiymətli hədiyyələr bağışladı.
Bəli, Azərbaycan müstəqillik qazandıqdan sonra ulu öndərin sayəsində neçə-neçə belə xeyirxah ənənənin təməli qoyulub. Şəhid və qaçqın ailələri üçün evlərin tikilməsi, müharibə əlillərinə mənzillərin, minik avtomobillərinin bağışlanması, onların digər məişət qayğılarının həll edilməsi artıq normaya çevrilib. Prezident İlham Əliyev ulu öndərin kursunu layiqincə davam etdirir.
Lerikdə şəhid və məcburi köçkün ailələri, müharibə veteranları hərtərəfli diqqətlə əhatə olunublar. Onların dövlət qayğısının fərəhini yaşadıqları günlərin dəfələrlə şahidi olmuşam. Ən çox yadımda 2008-ci ilin fevralında dördmərtəbəli, 16 mənzilli yaşayış binasının istifadəyə verilməsi qalıb. Əsl bayram idi. Musiqi sədaları göyə yüksəlirdi. Həmin gün Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov yeni mənzillərin orderlərini sahiblərinə verəndə onlardan biri, Azərbaycanın ilk Milli Qəhrəmanlarından olmuş Valeh Müslümovun atası Əlizahid kişi kövrəlib ağlamış və demişdi: "Prezidentimiz min yaşasın! Sayəsində dərdlərimiz yüngülləşir". Sonrakı dövrdə Lerikdə daha bir neçə çoxmənzilli bina tikilib. Kəndlərdə 9 nəfər üçün fərdi evlər inşa edilib, 27 nəfər Qarabağ əlilinə minik avtomobilləri verilib. Bütün bayramlarda və anım günlərində hamısının adları sovqatla anılıb, hər birinə maddi yardımlar göstərilib. Bu istiqamətdə işlər davam edir. Təkcə bu il daha 6 nəfər üçün fərdi evin tikintisi nəzərdə tutulub.
İndi reportajını həvəslə təqdim etdiyim Nişanə xanımla Seyfəl bəyin toy məclisi də el-obanın dövlət dəstəyinə görə sonsuz fərəh hissi keçirdiyi, acı tale yaşamış insanların sevindirildiyi unudulmaz tədbirlərdəndir.
Bəylə gəlinə ilk xeyir-duanı Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov verdi. O, səbəbkarları təbrik edərək dövlət başçısının uğurla yeritdiyi sosial siyasətdən, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin məişət qayğılarının həllinə göstərilən diqqətdən söz açdı. Daha sonra icra başçısı dedi:
-Bu toyun belə bir formatda təşkili də möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı ilə reallaşır və onun rayonumuzun sakinlərinə göstərdiyi gündəlik qayğının nəticəsidir. Biz belə tədbirləri keçirməyi mənəvi borcumuz hesab edirik. Vətən yolunda şəhid olanların hər birinin xatirəsi bizim üçün əzizdir.
Artıq Lerik ucqarda yerləşən və nəzərdən kənarda qalan bir rayon deyil. İlbəil gözəlləşir, abadlaşır, əhalimizin rifah halı yaxşılaşır. Bu gün hamımızın şahidliyi ilə xoşbəxt ailələrin sırasına daha biri əlavə olunur. Ailə təməli qoyulan bu gəncləri təbrik edir və ən xoş arzularımı yetirirəm!
Rövşən müəllim alqış sədaları altında ikiotaqlı yeni mənzilin açarlarını və orderini gəlinin anası, şəhidin ömür-gün dostu Hökumə xanıma təqdim etdi.
Ağsaqaqallar Atamalı Şıxəliyev, Abbas Zahidov, Həmzə Vəliməmmədov da gənclərə təbriklərini çatdırdılar, şəhid atanın adına layiq olmağı tövsiyə etdilər. Rayonda ilk dəfə olaraq bu cür böyük xeyriyyə tədbirinin təşkil edildiyini vurğuladılar. Mastayıl kəndinin ziyalıları - rayon təhsil şöbəsinin müdiri Balaşırın Nəsirov, 78 saylı DSK-nın sədri İdris Şıxəliyev, şəhidin adını daşıyan kənd məktəbinin direktoru Abdul Ramazanov və vaxtilə Əbülfəz Məmmədova dərs demiş Adil Rzayev gənclərə xeyir-dua verdilər, gündəlik diqqətinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıq duyğularını ifadə etdilər. Şəhidin qardaşı Mətləb Məmmədov toy məclisinin yüksək səviyyədə təşkilindən məmnunluğunu bildirdi. Bu tədbirin gənclərin vətənpərvərlik tərbiyəsində xüsusi rol oynadığını söylədi. Nişanə xanımın babası Mahmudağa kişi təməli qoyulan ailəyə Allahdan xoşbəxtlik, səadət arzuladı.
Şəhidin həyat yoldaşı Hökumə ana da hədsiz razılığını dilə gətirdi, Azərbaycan dövlətinin şəhid ailələrinə qayğısını yüksək dəyərləndirdi. O, sonda sevinc dolu həyəcanla:
- Dövlətimizə, hökumətimizə daim minnətdar olacağam, - dedi.
Gəlinə cehiz olaraq rayon rəhbərliyinin
hədiyyələri - xalça, soyuducu, televizor, tozsoran,
mikrodalğalı soba və digər məişət
avadanlığı hədiyyə edildi. Günəşli bahar günündə
"Bahar" instrumental ansamblının ifasında
mahnılar, el havaları səsləndi. Hamı bəylə gəlini
əhatəyə alıb rəqs elədi. Beləcə dəqiqələr,
saatlar unudulmaz bir el şənliyinin şirinliyində əridi.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 3 may.- S. 6.