Azərbaycan xalqının tarixi...
Ümummilli idealları... Və azərbaycançılıq
ideologiyası
Azərbaycan xalqı dünyanın o
xalqlarındandır ki, zəngin (və şərəfli!) bir
tarix yaşamaqla yanaşı, bu tarixi onun ən müxtəlif
dövrlərində, mərhələlərində
bütün aydınlığı (və dərinliyi) ilə
dərk eləməyə çalışmış, gələcəyə
həmişə ümidlə (və inamla!)
baxmışdır. Xalq yalnız böyük mütəfəkkirlərinin,
elm və sənət xadimlərinin, dövlət
adamlarının deyil, ümumkütləvi düşüncənin
səviyyəsində də tarixə kifayət qədər həssas
olmuş, öz tarixi yaddaşını milli mənliyinin,
mentalitetinin - mənəvi xarakterinin üzvü tərkib hissəsi
kimi qoruyub saxlamışdır.
Müxtəlif təzyiqlərə, müdaxilələrə
ən çox məruz qalan xalqlardan olan Azərbaycan xalqı ərazi
bütövlüyünü, siyasi birliyini itirsə də,
tarixi təfəkkürünün
bütövlüyünü heç zaman itirməmişdir. Və bu milli
tarixi təfəkkürün bütövlüyüdür ki,
xalq özünün milli ideallarına həmişə sadiq
qalmış, onların elmi- nəzəri yekunu olaraq azərbaycançılıq
ideologiyasını yaradıb inkişaf etdirmişdir.
* * *
Azərbaycan xalqı öz mənşəyi etibarilə
türk xalqlarından biridir. Və onun etnik tarixi
ümumtürk tarixinin üzvü tərkib hissəsidir.
Türklər müstəqil bir etnos olaraq tarix səhnəsinə
təxminən e.ə. III minilliyin ortalarında
çıxmışlar. O dövrə qədər Altay etnik
birliyinin tərkibində olan türklər bir neçə min
illik diferensiasiya tarixi yaşamışlar.
Türk etnosunun hansı coğrafiyada formalaşması
tarixşünaslıqda nə qədər mübahisəli
olsa da, arqumentlərin çoxu diqqəti məhz Mərkəzi
Asiyanın geniş çöllərinə yönəldir. E.ə. III minilliyin
ortalarından e.ə. I minilliyin
ortalarına qədər həmin coğrafiyanı məskunlaşdıran,
öz etnik mənəvi xarakterlərini formalaşdıran,
böyük epos mədəniyyəti yaradan türklər e.ə.
I minilliyin sonlarına doğru, tamamilə təbii
olaraq Şimala, Cənuba, Şərqə və xüsusilə
Qərbə yayılmağa başlayırlar.
Şimal soyuq idi. Cənub güclü Çin etnosları
ilə diplomatik münasibət tələb edirdi.
Şərqdə cəlbedici bir şey olmadı.
Və tarix türklərin qarşısına Qərbə
doğru uzanan intəhasız bir yol açmışdı. Özü də Cənub- Qərbə,
yaxud Şimal- Qərbə yox, məhz birbaşa Qərbə!.. Qərb yaşayış
üçün əlverişli (və boşluq!) idi.
Türklərin, yaxud onların da daxil olduğu etnik
birliklərin Şərqdən Qərbə doğru
axınlarının daha əvvəlki, hətta e.ə. X
minilliyə qədər qədimləşdirilən dövrlərdən
başlanması barədə təsəvvürlər
mövcuddur.
Bu təsəvvürlərə müəyyən qədər
ciddi yanaşmağa əsas verən arqument Avropada türklərlə
etnik qohum olan xalqların - macar, fin, eston və s.- lərin
mövcudluğudur ki, onların bu qədər uzaq Qərbə
düşmələrinin tarixinin e.ə. I minilliyin
sonlarından sonraya aid olmasını qəbul etmək çətindir.
Başqa bir arqument də vardır... Türklər
eramızın ilk əsrlərindən başlayaraq Qərbə
doğru böyük kütlələrlə, inamla, sanki
yüzillər boyu tanıdıqları yollarla gedirmiş kimi
gedirlər. Qarşılaşdıqları xalqlarla
çoxtərəfli, geniş miqyaslı əlaqələrə
girmələri türklərin bu hərəkatının kortəbii
bir axın yox, qanunauyğun proses olduğunu göstərir...
I
minilliyin ortalarında, Qərb türkləri Atillanın
başçılığı ilə german və slavyan
tayfalarını öz ətraflarında birləşdirərək
Roma imperiyasını dağıdıb Avropa tarixinin yeni
epoxasını başlayanda Şərq türkləri hələ
də Mərkəzi Asiyada öz tarixi vətənlərinin
keşiyini çəkir, Şərq dünyasının
etnik- mədəni mənzərəsinin formalaşmasında fəal
iştirak edirdilər. Və Altaylardan Qərbi
Avropaya qədər yayılan bu möhtəşəm etnosun
ilkin diferensiasiyası da I minilliyin əvvəllərindən
başladı. Qərbə doğru axın edən
türkləri tarix tədricən qıpçaqlar kimi
tanıdı... Mərkəzi Asiyada isə
qıpçaqlarla yanaşı oğuzlar və qarluqlar
vardı.
Asiyadan
Şərqi Avropanın geniş çöllərinə
keçən qıpçaq türkləri - hunlar hələ
eramızın ilk əsrlərindən yalnız Qərbə
yox, Şimala və Cənuba doğru da yayıldılar... Və
nəticə etibarilə, Şimalda çuvaşların,
tatarların, başqırdların və s., Cənubda Azərbaycan
türklərinin, kumukların, qaraçay - balkarların və
s. etnik əsası qoyuldu.
Mərkəzi
Asiyada qalan türklərə gəldikdə isə,
qıpçaqlar - Altay, qazax, qırğız və s.;
qarluqlar - özbək, uyğur və s.; oğuzlar isə
türkmənlərə, sonradan Asiyaya keçərək Azərbaycan,
Türkiyə türkləri və s. bölündülər.
Və beləliklə, I minilliyin sonu II minilliyin əvvəllərindən
etibarən türk etnosunun diferensiasiyasının ikinci
dövrü başlandı: qıpçaqlar, oğuzlar və
qarluqlar müasir türk xalqlarına
parçalandılar...Ancaq qeyd etmək lazımdır ki, birinci
diferensiasiya kimi ikincisi də yüz illər boyu davam edən
mürəkkəb bir proses olub ortaq kökləri ən
diferensial dövründə belə qoruyub
saxlamışdır.
Türklərin etnik- coğrafi diferensiasiyasının
bölünməsinin məhsulu olan Azərbaycan
xalqının - Azərbaycan türklərinin əsasını
e.ə. I minilliyin sonu eramızın I minilliyinin əvvəllərində
Şimaldan- Şərqi Avropadan Qafqaza gələn
qıpçaq türkləri - hunlar müəyyənləşdirməyə
başlamışlar.
Bununla belə Azərbaycan
tarixşünaslığında türklüyün tarixini
müasirləşdirməklə yanaşı daha qədim
dövrlərə aparıb çıxarmaq cəhdləri də
vardır. Hətta bir sıra araşdırıcılar, kifayət
qədər sübutları olmasa da, türklərin dünyaya
ümumiyyətlə Ön Asiyadan yayıldığı
iddiasındadırlar. Biz bu cür iddialara
dərhal "qeyri - elmi" damğası vurub üstündən
keçmək fikrində deyilik, ancaq onu da əminliklə deyə
bilərik ki, Azərbaycan xalqının təşəkkülünə
eramızdan əvvəlki minilliklərə aid etnik münasibətlər
(və tarix!) elə bir təsir göstərməmişdir.
* * *
Azərbaycanın etnik tarixi Azərbaycan xalqının
tarixindən qədimdir.
E.ə. II minillikdən etibarən Cənubdan gələrək
tədricən Qafqazda məskunlaşan Qafqaz etnosu- indiki
Dağıstan xalqlarının ulu babaları bu
coğrafiyanın bizə məlum olan ilk sakinləri idilər. Və
onların etnik diferensiasiyasının məhz burada - Şimali
Qafqazda getməsi də bunu təsdiq edir. E.ə. II
minilliyin sonu I minilliyin əvvəllərində isə Qafqaza
İran etnosları gəldilər... Onlar
coğrafiyanın yerli sakinlərini Şimala - Böyük
Qafqaz dağlarının ətəklərinə doğru
sıxışdırmağa başladılar. Ancaq İran etnoslarının əsas mədəniyyət
mərkəzləri İranın xeyli Cənubunda olduğuna
görə Qafqazda əvvəllər geniş yayıla,
kütləvi olaraq məskunlaşa bilmədilər.
Ancaq İran gücləndikcə İran etnosları
vaxtaşırı olaraq Qafqaza müdaxiləni davam etdirdilər...
Azərbaycan xalqının əsası qıpçaq
türklərinin- hunların Qafqaza (və daha Cənuba)
ardıcıl axını (və bu coğrafiyada məskunlaşması)
ilə qoyuldu.
Eramızın ilk əsrlərində artıq
Qafqaz əhalisinin əksəriyyətini təşkil edən
tanrıçı türklər I minilliyin ortalarında
artıq regionun əsas siyasi qüvvəsi idilər.
Böyük mədəniyyətə, beynəlxalq münasibətlər
təcrübəsinə və yüksək idarəçilik
qabiliyyətinə malik türklər tezliklə yerli
etnosları öz ətrafında birləşdirməyə
nail oldular. Onların Qafqazda xüsusi nüfuz
qazanmalarının bir səbəbi də vaxtaşırı
olaraq Şimaldan - Şərqi Avropadan gələn türk-
qıpçaq axınları hesabına daha da güclənmələri
idi... Zatən tanrıçı olan Qafqaz
türklərinin müəyyən qismi tədricən
xristianlaşmağa və xristianlığın
atributlarını qəbul eləməyə başladılar.
Bu onları xristianlığı qəbul
etmiş qeyri- türk mənşəli qafqazlılarla da
yaxınlaşdırdı. Və heç
də təsadüfi deyil ki, tarixşünaslıqda xristian
türklərin sonralar bir sıra Qafqaz xalqları içərisində
əriməsi, məsələn, ermənilərin,
gürcülərin etnik tərkibinə daxil olması barədə
fikirlər mövcuddur. Ancaq belə bir hal
olmuşdursa da, epizodik səciyyə
daşımışdır. Çünki
Azərbaycan xalqının təşəkkülü tarixində
birinci dövr məhz tanrıçı qıpçaq
türkləri, onların Azərbaycan
türklüyünün ilk əsasını təşkil etməsi
ilə əlamətdardır.
İkinci dövr ərəblərin Qafqaza hücumu,
İslam dininin yayılması və bunun ardınca müsəlman
oğuz türklərinin Azərbaycanın Cənubuna və
Şimalına (Qafqaza) yürüş edərək buralarda məskunlaşması
ilə başlayır. Və oğuzların bu yeni vətən
tutma hərəkatı II minilliyin əvvəllərində
Şərqi Anadolunu da əhatə edir.
Azərbaycan xalqının təşəkkül tarixini
özünəməxsus şəkildə əks etdirən
"Dədə Qorqud" eposu da təsdiq edir ki, Qafqazda
oğuzların müzəffər yürüşləri
qarşısında əsas maneə qıpçaq türkləri
Şərqi Anadoluda isə yunanlar olmuşlar. Eposda
müasir Qafqaz xalqlarından heç birinin adının
çəkilməməsi oğuzların onlara əhəmiyyət
verməməsini, yaxud bu xalqların VII- XI əsrlərdə,
regionda heç bir əhəmiyyətli siyasi rola malik
olmadıqlarını göstərir.
Nə qədər
İslam təəssübkeşi olsalar da müsəlmanlığı
yenicə qəbul etmiş gəlmə oğuz türkləri
öz tarixi tanrıçı yaddaşları (az fərqli dilləri, etnik psixologiyaları və
həyat tərzləri) ilə yerli qıpçaq türklərinə
kifayət qədər anlaşıqlı idilər...
Xüsusilə onların əksəriyyətini təşkil
edən tanrıçı qıpçaqlara... Bununla
belə regionda İslamın yayılması zərurəti, eləcə
də sayca çoxluq və siyasi mütəşəkkillik
oğuzlara xüsusi tarixi səlahiyyət verdiyinə görə
yerli qıpçaqlar çox keçmədən gəlmə
oğuzların təsirini qəbul etməli oldular. Xristian qıpçaqlar isə kilsə vasitəsi ilə
Qafqazdakı, eləcə də Şərqi Avropadakı
dindaşları ilə müəyyən əlaqələrini
nəzərə almasaq, təcrid olunaraq etnik simalarını
itirdilər.
Azərbaycan xalqının təşəkkülü
tarixinin üçüncü- sonuncu dövrü I minilliyin əvvəllərindən
- səlcuq (oğuz) türklərinin Azərbaycanın həm
Şimalında, həm də Cənubunda müəyyən
etnocoğrafi (və siyasi) təmərküzləşmə
yaratmalarından başlayıb həmin minilliyin ortalarınadək
- Mərkəzi Asiyadan (Türküstandan) gələn türk
axınlarının sona çatmasına qədər davam
edir. Bu dövr onunla əlamətdardır ki, Azərbaycan
xalqının etnik mənşəyində dayanan
qıpçaq ünsürü artıq hər cür zənginləşmədən
məhrum olduğu halda oğuz ünsürü ardıcıl
olaraq zənginləşir. Və nəticə etibarilə,
xalqın etnik tərkibində mütləq
dominantlığını təmin edir... Bu gün Azərbaycan
xalqının antropologiyasında, mədəniyyətində,
dilində və s. qıpçaq elementləri nə qədər
az olsa da, hər halda mövcuddur. Bununla belə xalqın əsas etnogenetik təbiətini
oğuz türkləri müəyyən edir. Və Azərbaycan xalqının təşəkkül
tarixi onun oğuz türklərindən olan türkmənlərlə
Türkiyə türklərindən ayrılması, hər
üç türk- oğuz xalqının II minilliyin
ortalarında tarix səhnəsinə müstəqil xalqlar kimi
çıxması ilə sona çatır.
Ancaq nəzərə
alınması vacib olan bir məsələ də vardır...
Bu, ən qədim zamanlardan Azərbaycanda məskunlaşmış,
eləcə də buraya sonralar gəlmiş Qafqaz, İran və
s. mənşəli etnosların türk mənşəli Azərbaycan
xalqı ilə qaynayıb qarışması məsələsidir
ki, həmin proses Azərbaycan xalqının bütün təşəkkül
tarixi boyu getmişdir.
* * *
Azərbaycan xalqının II minilliyin ortalarından
başlayan tarixini milli birlik, ərazi bütövlüyü və
dövlət müstəqilliyi uğrunda mübarizə tarixi
kimi səciyyələndirmək olar. Türk (və müsəlman)
dünyasının üzvü tərkib hissəsi olan azərbaycanlılar
XVI əsrin əvvəllərində Şah İsmayıl Xətainin
rəhbərliyi ilə Azərbaycan səfəvilər
dövlətinin əsasını qoydular ki, bu dövlət
yalnız türk (və müsəlman) dünyası ilə
deyil, bütün dünya ilə bu və ya digər dərəcədə
bağlı idi. Paytaxtı əvvəllər
Təbriz olan, Azərbaycanın, demək olar ki, bütün
coğrafiyasını əhatə edən bu dövlətin
başında Azərbaycan türk hökmdarları
dayanırdılar. Fərmanlar
dövrün beynəlxalq dilləri ilə yanaşı Azərbaycan
türkcəsində də verilirdi. Milli mədəniyyətin
inkişafı üçün böyük işlər
görülürdü... Ancaq xarici müdaxilələr
(və milli mütəşəkkilliyin zəifliyi)
ucbatından Azərbaycan səfəvilər dövləti
öz tarixi missiyasını davam etdirə bilmədi. XVIII əsrin ortalarında başqa bir Azərbaycan
türk hökmdarı Nadir şahın müstəqil Azərbaycan
dövlətini möhkəmləndirmək uğrunda
mübarizəsi də uğursuzluqla nəticələndi.
Və ölkənin ərazisində biri digəri
ilə vuruşan çoxlu kiçik dövlətlər -
xanlıqlar meydana çıxdı.
Bununla belə
XVI əsrin əvvəllərindən XVIII əsrin
sonlarına qədər Azərbaycan xalqı öz mədəniyyətinin
İntibah dövrünü yaşadı... Onlarla
irihəcmli folklor əsərləri - dastanlar, xüsusilə
"Koroğlu" eposu məhz həmin əsrlərdə
yarandı. Klassik (ümumşərq)
üslubunun ümumən mədəniyyətdə öz yerini
xalq üslubuna və ya milli üsluba verməsi - canlı xalq
dilində yazan böyük sənətkarların yetişməsi
milli intibahın təzahürü idi.
XVII- XVIII
əsrlər Azərbaycan xalqının tarixinin ən
parodoksal dövrü sayıla bilər... Bir tərəfdə
ümummilli ruh, mənəvi- mədəni birlik və müstəqillik
hisslərinin güclənməsi; digər tərəfdə
isə siyasi dağınıqlıq, mərkəzi dövlətin
olmaması... Bunun nəticəsində, artıq
bütöv bir millət kimi formalaşmış azərbaycanlılar
- Azərbaycan türklərinin tarixi vətəni XVIII əsrin
sonu XIX əsrin əvvəllərindən başlayaraq
İran, Rusiya və Osmanlı sultanlığının təcavüz
meydanına çevrildi. Və beləliklə,
Azərbaycan xalqı tarix boyu biri digəri ilə
çarpışan üç dövlət tərəfindən
bölüşdürüldü. Bundan
sonra Azərbaycan türkləri öz etnik bütövlüklərini
qorumaqla yanaşı üç böyük mədəniyyətin
fərqli təsirlərini, dövlət idarəçilik
texnologiyalarını qəbul etməli oldular.
Şərqi Anadoluda məskunlaşmış Azərbaycan
türkləri üçün etnik- mədəni mühit hər
halda daha münasib idi. Ancaq Osmanlı sultanlığının ucqarları
olduğundan sosial inkişafın problemləri vardı... Şimali Azərbaycanda Rusiya imperiyasının
ruslaşdırma siyasəti nə qədər güclü
olsa da, mütərəqqi, xüsusilə maarifpərvər
siyasət də yürüdülürdü. Ən
ağır vəziyyət isə Cənubi Azərbaycanda idi...
İran dövləti ölkə əhalisinin
yarıya qədərini təşkil edən Azərbaycan
türklərinə, demək olar ki, heç bir perspektiv vəd
eləmirdi.
Və Azərbaycan
xalqı onun ictimai- siyasi tarixi üçün çox
mühüm olan bir dövrə - XIX əsrin sonu XX əsrin əvvəllərinə
bu cür acınacaqlı bir vəziyyətdə gəlib
çıxdı...
* * *
XIX əsrin
sonu XX əsrin əvvəllərində Azərbaycan ictimai-
siyasi şüuru xalqın ümummilli düşüncəsinin
məhsulu olaraq azərbaycançılıq
ideologiyasını formalaşdırdı ki, bu,
türklüyünü, islam dininə məxsusluğunu
və müasirləşmək istəyini dərk edən bir
millətin ideologiyası idi. Azərbaycanın
görkəmli elm, mədəniyyət və siyasət xadimlərinin,
müəyyən fərqlərə baxmayaraq, demək olar ki,
hamısının, uğrunda mübarizə apardıqları
həmin ideal bütöv bir nəzəri sistemə
çevrildi.
Azərbaycançılıq
ideologiyasının ilk siyasi- praktik hadisəsi isə Azərbaycan
Demokratik Cümhuriyyətinin yaradılması oldu... Bu dövlətin
meydana çıxmasında Azərbaycanın görkəmli
ictimai- siyasi xadimlərinin, bütövlükdə Azərbaycan
xalqının müstəqil dövlət qurmaq
ideallarının böyük rolunu qiymətləndirməklə
yanaşı etiraf etməliyik ki, o (Azərbaycan Xalq
Cümhuriyyəti) daha çox mövcud tarixi şəraitin
konyukturunun məhsulu idi. Azərbaycan
xalqının təşəkkül tapdığı (və
yüz illər boyu məskunu olduğu) coğrafiyanın təxminən
beşdə birində qurulmuş bu dövlət elə ilk
aylardan qonşu xalqların - erməni və gürcülərin
ərazi iddiaları ilə qarşılaşdı.
Xüsusilə Şərqi Anadoludan qovularaq Qafqazda dövlət
qurmağa can atan ermənilər Azərbaycan ərazilərini
tutmaq üçün hər cür vəhşiliyə əl
atdılar. Və Osmanlı dövlətinin Qafqaz İslam
ordusu adı altında göstərdiyi hərbi yardım -
müdaxilə olmasaydı, yəqin ki, Azərbaycan Xalq
Cümhuriyyəti yalnız elan edilməklə kifayətlənmiş
olacaqdı...
Azərbaycanın Şimalı ilə Cənubu
arasında sovet dövrünə qədər bu və ya digər
səviyyədə mövcud olan əlaqələr
bütünlüklə kəsilmişdi.
Bununla belə,
Moskvanın idarə etdiyi "Azərbaycan dövləti"
nə qədər ideoloji təzyiqlərə məruz qalsa da,
milli şüurun daşıyıcısı olan ziyalılar
məhv edilsə də, xalq məhdud imkanlar daxilində öz
varlığını nümayiş etdirə bilmişdi...
Və Heydər Əliyev kimi bir dahini yetişdirmişdi.
* * *
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq
ideologiyasının inkişafında, yeni tarixi şəraitə
uyğun interpretasiya edilməsində- modern səviyyədə
təfsirində və həmin ideologiyanın tarixdə ilk dəfə
əbədi (və dönməz) olaraq həyata keçirilməsində
mənsub olduğu millətlə birlikdə
apardığı mübarizə (göstərdiyi qəhrəmanlıq),
ən nihilist "dostlarımızın" (və
düşmənlərimizin) belə inkar edə bilməyəcəyi
bir hadisədir. Heydər Əliyevin nə səviyyədə
bir azərbaycançı olması, milli ideologiyamızın
inkişafı, həyata keçirilməsi tarixindəki rolu
barədə danışarkən yalnız bircə gerçəkliyi
yada salmaq kifayətdir ki, o, məfkurə olaraq meydana
çıxandan bəri həmişə istər ədəbi,
istər romantik siyasi təsəvvürlərin tərənnüm
obyekti olmaqdan o yana keçməmiş azərbaycançılıq
ideallarına bir millətin müqəddəratını təyin
edəcək qədər rəsmi məzmun- mündərəcə
verdi.
Azərbaycan
xalqı öz böyük oğullarının şəxsində
belə bir cəhdi XX əsrin əvvəllərində də
etmişdi, ancaq tarix müsaid deyildi...
Azərbaycançılıq ideologiyasının tarixi, əslində,
Azərbaycan xalqının tarixi qədər qədimdir; hər
şeydən əvvəl ona görə ki, bu və ya digər
xalq (etnos) özünün ümummilli məfkurəsini - həyat
fəlsəfəsini bütün mövcudluğu boyu
formalaşdırır. Və tarixin elə bir dövrü gəlir
ki, xalqın böyük mütəfəkkirlərində təmsil
olunan idrakı uzun əsrlər ərzində təbii şəkildə
formalaşmış həmin özünəməxsus
(ümummilli!) məfkurəni formulə edir.
Əgər
I minilliyin ortalarından XIX əsrin sonu XX əsrin əvvəllərinə
qədər Azərbaycan xalqının yaşadığı
kifayət qədər mükəmməl inkişaf tarixi
olmasaydı (və bu tarix xalqın ümummilli məfkurəsini
diqtə etməsəydi!), azərbaycançılıq
ideologiyasının əsaslarını nə keçən əsrin
əvvəllərində formulə etmək, nə də həmin
əsrin sonlarında yenidən bərpa eləmək
mümkün olardı. Azərbaycan
xalqının hansı məfkurəyə əsaslandığını
bütün aydınlığı ilə təqdim edən
ilk mənbə "Dədə Qorqud" eposudur. O epos
ki, xalqımızın təşəkkül
tapdığı ilk əsrlərdən meydana
çıxmağa başlamış, onun gələcək
tarixinin perspektivlərini müəyyənləşdirmişdir.
"Dədə Qorqud"da türklər (1)
İslamı qəbul edərək (2) müasir dünyanın
üzvü tərkib hissəsi olan bir cəmiyyət (3) kimi hərəkət
etməkdədirlər. Burada türkçülük, islam və müasirlik emosiya- inersiyası nə
qədər güclü olsa da; nə türk şovinizmi, nə
islam fundamentalizmi, nə də müasirlik kosmopolitizmi var.
Eposun min
üç yüz illik yubileyini keçirən və bu
genişmiqyaslı hərəkata bütün Azərbaycan
ziyalılığını bir neçə il
səfərbər edən Heydər Əliyev yaxşı
bilirdi ki,
a) Azərbaycan
xalqının,
b) azərbaycançılıq ideallarının
c) və nəhayət, mənsub olduğu
xalqın yüz illər boyu həsrətində olduğu bir
hadisənin - azərbaycançılıq ideallarının
gerçəkləşməsinin yubileyini keçirir.
Azərbaycan xalqının lideri Heydər Əliyev
"Dədə Qorqud" eposunda ifadə olunmuş milli
idealların nə qədər əsaslı, nə qədər
perspektivli və nə qədər səmimi olduğunu
bütün ruhu ilə duyurdu.
Ancaq o, tək
olmamışdı... Onun özü də müdrik sələfləri
kimi tarixin dərinliklərindən gəlirdi...
XIX əsrin
sonu XX əsrin əvvəllərində azərbaycançılıq
ideologiyasının nəzəri əsaslarını verən
böyük mütəfəkkir Əli bəy Hüseynzadə
də öz formuləsində (türkçülük,
islamçılıq və müasirlik) bir də ona görə
haqlı sayıla bilər ki, o, "Dədə Qorqud"
eposu qədər səmimi olmuşdu...
"Dədə Qorqud" eposundakı azərbaycançılıq
inersiya idi.
Əli bəy Hüseynzadə (və onun daha çox
siyasətçi olan davamçıları) bu tarixi
inersiyanı ideologiyaya çevirdilər.
Bütün
bunların ardınca, tamamilə təbii olaraq, nə gəlməli
idi?.. Azərbaycan xalqının tarixən
mövcud olduğu coğrafiyanı ehtiva edən Azərbaycan
dövləti uğrunda siyasi- ideoloji mübarizə!..
Etiraf etmək
lazımdır ki, belə bir mübarizə aparıldı,
özü də kifayət qədər güclü siyasi
intellekt (və ehtirasla)!.. Bunun ən
böyük göstəricisi yalnız Azərbaycan Demokratik
Cümhuriyyətinin yaranması olmadı, Azərbaycanın
tarixi ərazisində bir neçə müstəqil dövlətin
qurulmasına da cəhdlər edildi... Ancaq imperialist qüvvələrin
təzyiqi ilə qərarlaşan beynəlxalq
"harmoniya" Azərbaycan xalqının tarixi
ideallarının (və milli ideologiyasının) həyata
keçməsinə nəinki mane oldu, keçən əsrin
20- ci, 30- cu illərindən başlayaraq hətta bu
idealların (və milli ideologiyanın) üzərinə
dağıdıcı hücumlar başladı...
Ona
görə də xalqın tarixini (və ideallarını) dərk
etmiş ziyalılar bir tərəfdən nə qədər
xoşbəxt idilərsə, o biri tərəfdən ondan da
artıq bədbəxt idilər... Azərbaycanın müstəqilliyinin
ideoloqlarından olan türkçü gənc Cəfər
Cabbarlı tədricən Azərbaycan sovet ədəbiyyatının
banilərindən birinə çevrildi, Azərbaycan Demokratik
Cümhuriyyətinin himninin musiqisini yazmış Üzeyir
Hacıbəyli Azərbaycan SSR-in himninə də musiqi bəstələməli
oldu.
Azərbaycan
tarixinin dərinliklərindən gələn Səməd
Vurğun özünün komsomol mənşəyi ilə fəxr
eləməyə məcbur idi...
Azərbaycançılığın birinci tərkib
hissəsi olan türkçülük 30- cu illərin
ortalarından etibarən qadağan olundu. Və qadağaların
miqyası o həddə çatdı ki, Azərbaycan
xalqının birbaşa genotipinə - tarixi mənşəyinə
müdaxilə edildi; israrla "sübuta"
çalışdılar ki, Azərbaycan xalqı türk yox,
İran mənşəlidir, sadəcə olaraq, orta əsrlərdə
Azərbaycana gələn köçəri türklərin
dilini qəbul etmişdir. Qəribəsi də o
idi ki, böyük bir xalqın etnik tarixinin
saxtalaşdırılması prosesi həm sovet, həm də
İran Azərbaycanında eyni forma, məzmun və
üsullarla aparılırdı. Xalqı
öz etnik- mədəni kökündən (və tarixi
mühitindən) məhrum etmək, milli yaddaşın
daşıyıcılarını (böyük
ziyalıları) məhv eləməklə imperialist rejimlər
bütöv bir etnosdan idarə edilməsi asan olan kütlələr
formalaşdırmağa qədər gedirdilər.
Bir dövrdə ki, xalqın tarixi taleyindən bəhs edən,
onun ictimai- bədii təfəkkürünün
yaratdığı ən böyük əsər - "Dədə
Qorqud" eposu rəsmən qadağan olunur, deməli, həmin
xalqın mənəviyyatına hər cür təcavüz
üçün imkan verilir.
Azərbaycançılığın ikinci tərkib
hissəsi olan İslam dininə münasibət bundan da
acınacaqlı idi. Sovetlər hər bir xalqın
mühüm mənəvi göstəricilərindən biri
olan dini hakimiyyətə gəldikləri ilk günlərdən
qadağan elədilər.
Müasirlik
(beynəlmiləlçilik) məsələsinə gəldikdə
isə burada da böyük siyasi - ideoloji məhdudiyyət
qoyuldu...
Və beləliklə,
keçən əsrin 20- ci, 30- cu illərindən
başlayaraq Azərbaycan xalqının həyatını idarə
edən ideologiyalar onun milli tarixi ideallarına qarşı
yönəldiyindən tamamilə antimilli (və antibəşəri!)
xarakter daşıyırdı. Xalqın gələcəyi
üçün təhlükəli olan bu şəraitdən
xilas olmaq üçün cəhdlər edildimi?..
Əlbəttə, nə qədər
böyük məhrumiyyətlərlə üzləşsə
də Azərbaycan xalqı öz milli mənliyini heç
zaman unutmamış, ən çətin şəraitlərdə
belə gələcəyə yönəlik ideallarının
itirilməsinə imkan verməmişdir. İctimai-
siyasi (ideoloji!) özünütəsdiq uğrunda mübarizənin
hüdudlandığı, yaxud qadağan olunduğu dövrlərdə
xalq özünün varlığını dili, ədəbiyyatı
və incəsənəti ilə təsdiq etməyə
çalışmış, milli ideologiyanın əsaslarını
həmişə sağlam saxlamışdır.
Təsadüfi deyildi ki, Azərbaycan sovet
poeziyasının müqayisəsiz lideri Səməd
Vurğunun "Azərbaycan" şeiri müstəqillik illərində
ümummilli liderin dilindən məhz müstəqilliyimizin
himni kimi səsləndi.
Mənsub
olduğu xalqın tarixini (və milli tarixi ideallarını!)
dərindən bilməklə yanaşı, uzun müddət
sovet təhlükəsizlik orqanlarında xidmət etdiyindən,
onun (xalqın) hansı məhrumiyyəitlərə məruz
qaldığı barədə geniş təsəvvürə
malik olan və ən əsası, həmin məhrumiyyətlərdən
çıxmağın yollarını axtarıb tapmağa
qadir siyasi mütəfəkkir kimi Heydər Əliyevin milli (və
ümummilli!) lider mövqeyinə yüksəlməsi ilə
azərbaycançılıq ideologiyasının tarixində
yeni dövr başladı.
O zamana qədər
azərbaycançılıq milli ideal (və ideologiya) olaraq
a) ilk orta əsrlərdən XIX əsrin
sonlarına,
b) XIX əsrin
sonlarından XX əsrin sonlarına qədər iki dövrdən
keçmiş, millətin liderini formalaşdıracaq mənəvi-
ideoloji qüvvəyə çevrilmişdi.
Azərbaycançılıq - Heydər Əliyevin
genişmiqyaslı fəaliyyətinin, sadəcə, tərkib
hissələrindən biri deyil, həmin fəaliyyətin (əslində,
mübarizənin!) əsası, başqa sözlə, mahiyyətidir. Və bu həm
sovet dövründə, həm də müstəqillik illərində
belə olmuşdur.
Sovet
dövrünün milli idealların həyata keçirilməsi
üçün olduqca məhdud şəraitində Azərbaycan
rəhbəri
- respublikanın iqtisadi- təsərrüfat həyatının
canlandırılması,
- elmin, təhsilin inkişafı,
- ana dilinin, ədəbiyyatın, incəsənətin
mövqeyinin yüksəldilməsi,
- milli hərbi kadrların yetişdirilməsi,
- Azərbaycanın
beynəlxalq miqyasda tanıdılması və s. kimi əhəmiyyətli
tədbirlər görmüşdür. Və
böyük mütəfəkkir bütün bunları elə
etmişdir ki, görülən tədbirlər sovet rejiminin əks
reaksiyası, dağıdıcı müqaviməti ilə
qarşılaşmasın. Azərbaycanın yeni rəhbəri
yaxşı bilirdi ki, onun ürəyində millət sevgisi
olan yaxın sələfləri çox zaman məhz siyasi-
ideoloji manevr imkanlarının olmaması ucbatından həm
özlərini, həm də xalqı problemlər
qarşısında qoymuşlar... Bütün
ideologiyalar kimi azərbaycançılığını da
heç zaman dəyişməyən metafizikası vardır,
bununla belə o da inkişaf edən, müasirləşən,
dövrün müxtəlif miqyaslı konyuktur təzyiqləri
ilə hesablaşan bir ideologiyadır. Azərbaycan
xalqının ümummilli lideri öz tarixi fəaliyyətində
azərbaycançılıq ideologiyasının dəyişməyən
metafizikasından çıxış etməklə, ona əsaslanmaqla
yanaşı, həyata keçirilmə iyerarxiyasına,
metodlarına da xüsusi önəm vermişdir.
Bütün
bunları nəzərə alaraq deyə bilərik ki, Heydər
Əliyev XX əsrin sonu XXI əsrin əvvəllərində
1) azərbaycançılıq
ideologiyasının öz təbii gücündə təzahürü
üçün mədəni- mənəvi, ictimai- siyasi və
ideoloji mühit yaratdı;
2) milli (ümummilli) lider olaraq həmin
ideologiyanın nəzəri- metodoloji baxımdan
inkişafına, zənginləşməsinə əhəmiyyətli
töhfələr verdi;
3) və başlıcası, azərbaycançılığı
müstəqil Azərbaycan dövlətinin ideologiyasına
çevirdi.
Və beləliklə, yüz illər boyu mənəvi-
mədəni (etnoqrafik), on illər boyu siyasi mübarizə həyatı
yaşamış bir ideologiya qalib gələrək öz
tarixinin yeni epoxasına daxil oldu. Ümummilli liderin bir
tarixi xidməti həmin missiyanı reallaşdırmaq idisə,
ikinci missiyası da azərbaycançılıq
ideologiyası qarşısında yeni perspektivlər,
üfüqlər açması oldu. Bugün Azərbaycan
xalqı məhz Heydər Əliyevin ardıcıl mübarizəsi
ilə formulə edilən, elmi- nəzəri (və praktik!)
baxımdan komplektləşdirilən mükəmməl bir
ideologiyaya malikdir; azərbaycançılıq öz metafizik
gücünü bütünlüklə qoruyub saxlamaqla
yanaşı, inkişaf edib müasirləşir:
1. Azərbaycan Respublikası Azərbaycan xalqının əsrlər
boyu daşıdığı mənəvi, siyasi - ideoloji
ideallarının məhsuludur. Azərbaycan
Respublikası ərazisində yaşayan digər xalqlarla birgə
azərbaycanlılar öz müstəqil dövlətlərinin
təəssübkeşi olaraq siyasi müqəddəratlarını
təmin etmişlər.
Həm
öz tarixi vətənlərində yaşayan, həm də
dünyanın müxtəlif yerlərinə səpələnmiş
azərbaycanlılar Azərbaycan Respublikasını özlərinin
ata yurdu saymalı, məskun olduqları dövlətin qayda-
qanunlarına riayət etməklə yanaşı, öz milli
kimliklərini unutmamalıdırlar. Və nəinki
unutmamalı,mənsub olduqları xalqın
tarixi idealları uğrunda mübarizə aparmaqdan çəkinməməlidirlər.
2. Azərbaycan
xalqı türk xalqlarından biridir, Türk
dünyasının üzvü tərkib hissəsidir...
Bununla belə Azərbaycan xalqının tarixən
müəyyənləşmiş özünəməxsusluqları
vardır ki, həmin özünəməxsusluqlar heç bir
halda türklüyü istisna etmir, əksinə, zənginləşdirir.
Müasir türk xalqlarının (və dövlətlərinin)
inteqrasiyası onların kökcə birliyindən və orta əsrlərdən
etibarən meydana çıxmış, sabitləşmiş
özünəməxsusluqlara qarşılıqlı hörmətdən
keçir.
3.
Türk xalqlarının əksəriyyəti kimi azərbaycanlılar
da islam dinini qəbul etmiş, müsəlman
dünyasının tərkibinə daxil olmuşlar.
Azərbaycan xalqı öz dini- mənəvi dəyərlərilə
fəxr etməklə bərabər dünyanın
bütün humanist dini dəyərlərinə hörmətlə
yanaşır.
4.Azərbaycan xalqı bütün tarixi boyu müasir dünya mədəniyyətinə,
modern texnologiyara, beynəlmiləl münasibətlərə
maraq göstərmişdir, özünü dünyadan
heç zaman təcrid etməmişdir.
Bu gün də biz öz uğurlarımızı (və
problemlərimizi), bir qayda olaraq, dünya miqyasında dəyərləndiririk. Azərbaycanın
son illər xüsusilə iqtisadi sahədə
qazandığı tarixi nailiyyətlər beynəlxalq səviyyədə
etiraf olunur (və böyük rezonans verir).
Heydər Əliyevdən sonra azərbaycançılıq
ideologiyasının Heydər Əliyev dövrü davam edir. Azərbaycan prezidenti, Azərbaycan
xalqının yeni lideri İlham Əliyev azərbaycançılıq
metafizikasının inkişafı üçün
üç məqama, fikrimizcə, daha çox önəm
verməkdədir:
1. Azərbaycanı
iqtisadi, ictimai və mədəni inkişafına görə
dünyanın nüfuzlu ölkələri səviyyəsinə
qaldırmaqla Azərbaycan insanına zaman- zaman təlqin
edilmiş ikinci, üçüncü... dərəcəlilik
kompleksini aradan qaldırmaq.
2. Vətənpərvərlik
hisslərini gücləndirməklə xalqın tarixi
ideallarının tam miyqasda həyata keçirilməsi
üçün mənəvi potensiya hazırlamaq.
3. Və
nəhayət, azərbaycançılığı müdafiə
olunan hadisədən hücum edən hadisəyə
çevirmək.
Biz hər
əsrdə, hər onillikdə bir ideologiyanı mənimsəyən
xalqlardan deyilik, ona görə də hər onilliyin, hər əsrin
konyukturunu qəbul edib milli ideologiyamızın
metafizikasından imtina etməmişik... Bizim
türkçülüyümüz türklüyümüzdən,
müsəlmançılığımız müsəlmanlığımızdan,
müasirliyimiz (beynəlmiləlçiliyimiz) isə
modernliyimizdən (və humanizmimizdən) irəli gəlir.
Əsas üstünlüyümüz isə ondadır ki, biz
bu üç tarixi əlamətimizi bir milli xarakterə
(missiyaya) çevirə, xalqımızın bütöv bir həyat
idealı olaraq dərk edə və "bizim siyasətimiz
bizim işimizdir" (İlham Əliyev) deyə bilmişik...
Azərbaycançılıq
heç bir xalqın humanist (milli) ideallarına qarşı
çıxmamışdır, bu gün də
çıxmır... Və gələcəkdə
də çıxmayacaqdır. Ancaq tarix Azərbaycan
xalqına edilmiş çoxsaylı təcavüzlərin
şahididir. Bircə faktı xatırlatmaq kifayətdir
ki, Azərbaycan xalqı öz müstəqil dövlətini
tarixi ərazisinin hələlik yalnız beşdə birində
qurmağa nail olmuşdur... Ona görə də
azərbaycançılıq ideologiyası mənsub olduğu
millətin təbii hüquqları uğrunda hələ
çox döyüşməli, tarixin səhvlərini düzəltməli
olacaqdır.
Nizami CƏFƏROV,
Azərbaycanda Atatürk Mərkəzinin
rəhbəri, AMEA-nın müxbir üzvü,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2011.- 4 may.- S. 3.