Rusiya - Azərbaycan mədəni əlaqələrini əks etdirən fotosərgi keçirilmişdir

 

Mayın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Rusiyanın Azərbaycandakı səfirliyi tərəfindən "İTAR-TASS" və "AzərTAc" informasiya agentliklərinin dəstəyi ilə hazırlanmış "Rusiya-Azərbaycan mədəni əlaqələri İTAR-TASS və AzərTAc-ın fotoşəkillərində" adlı fotosərginin açılışı keçirilmişdir. Sərgidə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin iştirak etmişdir.

Sərgidə iki ölkənin informasiya agentliklərinin ən yaxşı fotojurnalistlərinin işləri təqdim edilmişdir.

Sərgini giriş sözü ilə açan DİA-nın I prorektoru Əlikram Abdullayev qonaqları salamlamış və fotosərgi haqqında ətraflı məlumat vermişdir. O, sərgidə nümayiş etdirilən fotoşəkillərin iki xalqın mədəni əlaqələrinin bu gün də davam etdirildiyini bir daha təsdiqlədiyini bildirmişdir. Ə.Abdullayev Niyazi, Rostropoviç, T.Salahov, R.Behbudov, İbrahimbəyov qardaşları, A.Məlikov, M.Maqomayev, P.Bülbüloğlu və başqalarının Rusiya-Azərbaycan əlaqələrinin özəyini təşkil etdiyini vurğulamışdır. Onun sözlərinə görə, mədəniyyət sahəsində əməkdaşlıq hər iki xalqın mənəvi və intellektual cəhətdən zənginləşməsinə imkan yaradır.

Sərginin açılış mərasimində çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qeyd etmişdir ki, hazırda Rusiya ilə Azərbaycan arasında əlaqələr iki ölkənin ən ümdə milli maraqlarına xidmət edir. Bu əlaqələrin inkişafı milyonlarla rus və azərbaycanlının birbaşa fəaliyyətinin nəticəsidir. Rusiya-Azərbaycan münasibətlərində mədəniyyət və incəsənət xüsusi yer tutur. Səfir ulu öndər Heydər Əliyevin vaxtilə iki ölkə arasındakı əlaqələri ifadə edən fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdıraraq demişdir: "Azərbaycan və Rusiyanın çoxtərəfli əlaqələrinin və dostluqlarının kökü çox-çox əvvələ gedib çıxır. Hələ dahi Nizami ölməz "Xəmsə" poemasında rusların məişəti, adət və ənənələrini, milli xüsusiyyətlərini sevə-sevə təsvir etmiş, rus igidlərini rəğbətlə tərənnüm etmişdir. "Yeddi gözəl" poemasında Nizami bədii kəlmələrlə rus qadınının gözəlliyi, müdrikliyi və mənəvi təmizliyi barədə himn yaratmışdır. Böyük rus şairi A.S.Puşkinin dili ilə azərbaycan qadını - Şamaxı gözəlinin poetik obrazı tarixə həkk olunmuşdur. Beləcə əsrlərin dərinliyindən keçərək iki görkəmli söz ustadının poetik fikirləri üst-üstə düşmüşdür".

Tədbir ulu öndər Heydər Əliyevin 88-ci ildönümünə həsr olunmuş "Hakimiyyət düsturu" filminin nümayişi ilə başa çatmışdır.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.-4 may.- S. 2.