Neft Akademiyası
ilə Qazaxıstanın Elmi-Tədqiqat İnstitutu arasında
memorandum imzalanıb
Bu günlərdə Qazaxıstan Dövlət
Neft Şirkəti "Kazmunayqaz"ın "Qazaxıstan
Neft və Qaz Elmi Tədqiqat və Layihə İnstitutu" Səhmdar
Cəmiyyətinin bir qrup nümayəndəsi iki ölkə
arasında neft və qaz sahəsində elmi-texniki əməkdaşlığın
inkişafı üzrə müzakirələr və təcrübə
mübadiləsi aparmaq məqsədilə Azərbaycanda səfərdə
olub. Qazaxıstanlı neft və qaz mütəxəssisləri
Dövlət Neft Şirkətinin Elmi Tədqiqat Layihə
İnstitutunda, Azərbaycan Dövlət Neft Akademiyasında və
Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda olub, əməkdaşlığın
genişləndirilməsi məsələləri ilə
bağlı mükazirələr aparıblar.
Nümayəndə
heyətinin tərkibinə "Qazaxıstan Neft və Qaz Elmi
Tədqiqat və Layihə İnstitutu" Səhmdar Cəmiyyətinin
baş direktoru Murad Kurbanbayev, cəmiyyətin elm, geologiya və
kəşfiyyat məsələləri üzrə direktor
müavini A.Abitova, elmi məsələlər üzrə
müşavir B.Turkpenbayeva, geologiya üzrə icraçı
direktor A.Krupin, kəşfiyyat üzrə icraçı
direktor M.Nuqiyev, Geofizika Departamentinin direktoru N.Şilanov və
digərləri daxil olub. Səfər çərçivəsində
qonaqlar quruda və dənizdə neft və qaz
yataqlarının qurulması, neft-kimya kompleksindəki sənaye
müəssisələri, magistral neft-qaz xətləri və
mülki tikinti sahələri üzrə elmi-tədqiqat
institutlarının mütəxəssisləri ilə
görüşlər keçirib, fikir mübailəsi
aparıblar.
Azərbaycan Dövlət Neft Akademiyasında rektor, akademik Siyavuş Qarayevlə keçirilən görüş zamanı isə qazaxıstanlı qonaqlar ADNA-nın neft-qaz sahəsində böyük elmi nailiyyətlər qazandığını, ixtisaslı mütəxəssislərin, tədqiqatçıların, aspirantların və doktorantların hazırlanması, yeni effektiv və elmi tutumlu texnologiyaların tətbiqi üzrə kifayət qədər təcrübə topladığını qeyd edərək bu qocaman elm ocağı ilə əməkdaşılığı genişləndirməkdə maraqlı olduqlarını bildiriblər. Akademik Siyavuş Qarayev qazaxıstanlı neft-qaz mütəxəssislərinə ADNA-nın tarixi, elmi bazası, eləcə də son illərdə qazanılmış elmi nailiyyətlər, təhsil müəssisəsinin MDB və digər ölkələrin aparıcı elmi-tədqiqat təşkilatları ilə qurulmuş elmi kəşflər, neft-qaz sektorunda innovasiya texnologiyalarının inkişafı üzrə əməkdaşlıq haqqında ətraflı məlumat verib. ADNA rektoru, eyni zamanda, qazax və Azərbaycan xalqlarının tarixi və milli köklərlə bir-birinə sıx bağlı olduğunu, bütün sahələrdə, eləcə də neft-qaz sektorunun inkişafı, bu təbii sərvətlərin dünya bazarına çıxarılması sahələrində qarşılıqlı faydalı əməkdaşlığın vacib olduğunu bildirib.
Bundan sonra akademik Siyavuş Qarayev və "Qazaxıstan Neft və Qaz Elmi Tədqiqat və Layihə İnstitutu" Səhmdar Cəmiyyətinin baş direktoru Murad Kurbanbayev "Qarşılıqlı anlaşma və elmi-texniki əməkdaşlıq haqqında" memorandum imzalayıblar. Memorandum qazaxıstanlı magistr və doktorantların Azərbaycan Dövlət Neft Akademiyasında təhsillərini və ixtisaslarını artırmasını, eyni zamanda, azərbaycanlı mütəxəssislərin Qazaxıstanda da rəqabətə davamlı layihə və elmi-tədqiqat işlərinin aparılmasında qazax həmkarlarına hərtərəfli dəstək verməsini nəzərdə tutur.
Qonaqlar, eyni zamanda, ADNA-nın Tarix və Heydər Əliyev muzeyləri, eləcə də tədris və elmi tədqiqat laboratoriyaları, akademiyanın nəzdində fəaliyyət göstərən İxtisasartırma İnstitutunun fəaliyyəti ilə yaxından tanış olublar. ADNA-da təhsil prosesinin yüksək səviyyədə qurulması, bəzi hallarda müəllimlərin tələbələrlə fərdi qaydada məşğul olması onları xüsusilə qane edib.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2011.- 4 may.- S.- 6.