Əli Kərimin yubileyi
qeyd edildi
Azərbaycan ədəbiyyatında
hər bir şairin, yazarın öz dəst-xətti, öz
könül dünyası var. Ancaq Əli Kərim
yaradıcılığından söhbət düşəndə,
istər-istəməz, onun səmimi duyğularla
yazdığı şeirləri oxucuları xəyal
dünyasına aparır.
Bu yaxınlarda Azərbaycan Yazıçılar
Birliyinin Natəvan klubunda böyük şair Əli Kərimin
anadan olmasının 80 illik yubileyi qeyd edildi. Tədbiri
giriş sözü ilə açan AYB-nin sədri, xalq
yazıçısı Anar şairin poeziyasının
işığına toplaşan hər kəsi salamladı:
"Şairə doğma olan bu məkanda Əli Kərimin 80
illik yubileyi, təəssüf ki, onsuz qeyd edilir. Həyatı,
yaradıcılığı və ən başlıcası
şəxsiyyəti işıqlı olan bu qələm
sahibini hər kəs yüksək insani keyfiyyətlərə
sahib qüdrətli bir sənətkar kimi xatırlayır.
Qısa ömür sürməsinə baxmayaraq,
yaradıcılığı o qədər geniş, ədəbiyyatımıza
gətirdiyi yeniliklər o qədər zəngindir ki, illər
keçsə də, onun poeziyamızdakı özünəməxsus
yeri heç vaxt dəyişməyəcək".
AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca
çıxışında Ə.Kərimin yaddaşlardan
heç vaxt silinməyəcəyini diqqətə
çatdırıb və onun şeirləri içərisində
"Qaytar ana borcunu" şeirinin xüsusi yeri olduğunu
diqqətə çatdırıb.
"Şairin "İki sevgi" şeiri də
yazılma dövrünə görə müasirliyi ilə
seçilirdi və düşünürəm ki, bu nümunələrdən
daha yaxşısı hələ yazılmayıb" - deyə
əlavə edib. Xalq şairi Sabir Rüstəmxanlı Ə.Kərim
yaradıcılığından danışarkən onun
müraciət etdiyi janrdan asılı olmayaraq, həmin istiqamətdə
olduqca maraqlı nümunələr yaratdığını
qeyd edib: "Elə nümunələr ki, heç kim ondan
daha yaxşısını yarada bilməz. Onun qələmə
aldığı şeirlər etalondur. Azərbaycan ədəbiyyatı
durduqca Əli Kərim poeziyamızın ən görkəmli
simalarından biri olaraq qalacaq". Şair Ramiz Rövşən
dünyadan cavan köçən şairlərdən
Mikayıl Müşfiq və Əli Kərimi müqayisə
edib. Onun sözlərinə görə həyatdan cavan
köçən hər iki şairin
yaradıcılıqları bir-birindən fərqlənirdi.
Ata haqqında ən maraqlı şeir nümunəsini Ə.Kərimin
yazdığını bildirən R.Rövşən şairin
qısa ömür yoluna atalıq və oğulluq hissini
gözəl sığışdırdığını
bildirib. Şair Paşa Qəlbinur şairin əsərlərini
yüksək əyarlı poeziya nümunələri
olduğunu deyərək Əli Kərimin şeirləri insan
ömrü uzadan çörək ətrinə bənzətdi.
Tənqidçi Vaqif Yusifli Ə.Kərimin
yaradıcılığının hansı ədəbi nəslin
nümayəndəsi tərəfindən tədqiq
olunmasından asılı olmayaraq, onun yenidən
doğulduğunu, şairin yaradıcılığından
danışmağın Azərbaycan ədəbiyyatının
əhəmiyyətli dövrlərindən bəhs etmək demək
olduğunu bildirdi. Mərasimdə digər
çıxış edənlər də Ə.Kərimin
yüksək insani keyfiyyətlərini diqqətə
çatdırıraraq, şairlə bağlı fikirlərini
və xatirələrini dilə gətirdilər. Sonda Əli Kərimin
həyat yoldaşı Elza xanım şairlə bağlı
xatirələrini bölüşdü, onun Rəsul Rza ilə
dostluq münasibətlərindən söhbət
açdı. Bildirdi ki, onsuz yaşamaq nə qədər
çətin olsa da, şairin əsərlərinin sevildiyini,
xatirəsinin əziz tutulduğunu görmək böyük
xoşbəxtlikdir.
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti.- 2011.- 5 may.- S. 15.