Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır

 

1923-cü ilin 10 may günü Azərbaycan xalqının və dövlətinin taleyində, tarixində hər zaman fəxrlə yad edilən bir gündür. Ona görə ki, xalqımızın ümummilli lideri, böyük dövlət xadimi, dahi siyasətçi, müstəqil Azərbaycan dövlətini qurucusu və memarı Heydər Əliyev həmin tarixdə dünyaya gəlmişdir. Ulu öndər hələ sağlığında öz xatirlərində qeyd edirdi ki: "Mən bir yaz günü balaca bir evdə, zəhmətkeş ailəsində dünyaya göz açmışam. Anadan olanda yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi bəlkə də bir qədər qeyri-təvazökar səslənsə də deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətırib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram." Bu gün müstəqil Azərbaycan dövlətinin memarı, bütün həyat və fəaliyyətini Azərbaycan dövlətinin inkişafına, xalqımızın xoşbəxt gələcəyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin dünyaya gəlişindən 88 il ötür. Unudulmaz Heydər Əliyev ideyalarından isə, hazırda milyonlar öyrənir, onun keçdiyi şərəfli və çətin ömür yolundan, apardığı mübarizədən, uzaqgörən ideyalardan bütün dünya bəhrələnir.

 

Dünya təcrübəsi də sübut edir ki, əgər dövlətin, xalqın strateji, perspektiv mənafe baxımından onun daxili və xarici siyasətinin ümumiləşmiş konsepsiyasını müəyyən edə bilən şəxsiyyət bu mənafeyi beynəlxalq forumlarda, yüksək tribunalardan müdafiə edə bilən, dövlətin strateji xəttini xalqa sadə şəkildə bəyan edən və dövlətçiliyi ümumxalq işinə çevirməyi, xalqı öz arxasınca aparmağı bacaran şəxsiyyət yoxdursa və nəhayət, dövlətçiliyi qorumağı, onun müdafiəsini təşkil etməyi əməli sürətdə həyata keçirən praktik siyasətçi-diplomat, sərkərdə və komandan daxildə əmin-amanlığı, ölkənin iqtisadi inkişafını təmin etməyi üzərınə götürə bilən qurucu, yaradıcı təsərrüfat rəhbəri yoxdursa, həmin ölkənin nikbin gələcəyindən danışmaq çətindir.

Xarizma, yüksək nüfuz, təşkilatçılıq bacarığı, müdriklik, yüksək intellektuallıq, milli-mənəvi dəyərlərin daim uca tutulması, novatorluq, hadisələrə pozitiv təsir, qətiyyətlilik, prinsipiallıq və bu qəbildən olan digər keyfiyyətlər həm də liderin xalqının inkişafında oynadığı rolu müəyyən edən əsas cəhətlər kimi çıxış edir. Amma dahi liderin yenidən hakimiyyətə qayıdışı, xalqının səsinə səs verməsi Azərbaycan dövlətinin və xalqının xoşbəxt gələcəyinin başlanğıcı idi. Uğurlu fəaliyyətləri ilə tarix yaradan belə liderlər hər zaman beynəlxalq siyasətdə də heyranlıq duyulan şəxsiyyətlər sırasında yer alır, daim böyük hörmət və ehtiramla anılır. Bu mənada Azərbaycan xalqı da özünü xoşbəxt saya bilər ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrdə 30 ilə yaxın bir müddətdə, xüsusilə əsrin sonlarında Heydər Əliyev kimi xarizmatik lider ölkəmizə rəhbərlik etmiş, məhz bu dahi insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində Azərbaycanda baş verən tənəzzül tərəqqi ilə əvəzlənmiş, milli iqtisadiyyatın sürətli və davamlı inkışafı təmin olunmuşdur.

Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi stabilliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dövlətimiz mötərəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlətdir. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasına, çox kövrək və zəif dövlət siyasətınin güclü və aparıcı mövqeyə yüksəlməsinə, qədim tarixi və çoxəsrlik zəngin mədəniyyəti olan uca millətimızin bütün dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyətinin nəticələrinə görə əvəzsiz dövlət xadimi qiymətini almış möhtərəm Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə müəyyən etdiyi və həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir olan, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifahı və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, tarix xalqımıza Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətin simasında əsl ümummilli liderə xas olan parametrlərə tam cavab verən, eləcə də xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı, ümummilli lider bəxş etmişdir.

Hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi vəzifəsinə təyin olunmuş Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycan Respublikasını digər SSRİ respublikaları arasında önə çıxarmışdır. Hakimiyyətinin ilk illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş, istər I katib işləyərkən, istərsə də ondan sonra İttifaq səviyyəli vəzifələrdə çalışarkən, hər zaman Azərbaycan xalqını, onun maraq və mənafeyini bütün maraqlardan üstün tutan Heydər Əlıyev dəfələrlə öz sinəsini sipər kimi qabağa verərək xalqımızın və dövlətimizin əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri ilə düşmənləri yerində oturtmuşdur.

Əlbəttə ümummilli liderin xidmətlərini bir məqalədə əhatə etmək qeyri-mümkündür. Amma bu tarixi xidmətlərin bəzisini qeyd etmək yerinə düşərdi ki, onlardan da biri azərbaycanlı gənclərin gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasının qoyulması idi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqı dəyərlərinin təbliği də həyata keçirilirdi. Hakimiyyətə gəldiyi ilk günlərdən ulu öndər Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dilinə qayğı xüsusi olaraq diqqət mərkəzində idi. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsi idi ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər belə bir addım məhz gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin ittifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasda ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri - bütün bunlar ulu öndər Heydər Əliyevin gələcək milli dövlətçıliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra nail olduğu bütün uğurlar dahi Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev zəngin dövlətçilik təcrübəsindən yararlanaraq uçuruma yuvarlanan, böhranlar içində çabalayan, gələcəyini heç kimin aydın təsəvvür etmədiyi bir ölkəni xilas etdi. Öz sinəsini sipər edərək Azərbaycanın dünya birliyinin müstəqil bir subyekti olmaq hüququnu özünə qaytardı. 1993-cü ildən sonra dahi Heydər Əliyevin qətiyyəti sayəsində çətinliklə də olsa, müstəqilliyin ilk illərində obyektiv və ya subyektiv səbəblərdən ölkəyə vurulan yaralar sağalmağa başladı, Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirə salınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başladı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edilib. Məhz bu müqavilədən sonra ölkəmizin dünya birlıyinə inteqrasiya etməsi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin, beynəlxalq aləmdə Azərbaycana münasıbətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandı. Bununla da ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinə başlanıldı. Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Ana Yasa - Konstitusiya qəbul olundu. Beləliklə də, ölkədə daha geniş miqyaslı islahatların aparılması üçün normativ-hüquqi baza formalaşdırıldı.

Məlumdur ki, azadlıq və müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Başqa sözlə desək, qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.

Bu mənada, Milli Qurtuluş Günü kimi tariximizin şanlı səhifəsi olan 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və ona dayaq olan bir insan - Heydər Əliyevdir.

Ümummilli liderin saf ideyaları hər zaman bizimlədir və bu dahi insan haqqında keçmiş zamanda danışmaq çox çətindir. Təəssüf ki, bəzən bu həyatın reallıqları ilə barışmağa məcburuq. Bütün bunlarla yanaşı, danılmaz həqiqətdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri, öz dövrünün dahi siyasətçisi, dünya siyasətinin tanınmış simalarından biri idi. Məhz bu dahi insanın formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanı dünyaya tanıtdı, onun müasir dünyada yerini müəyyən etdi, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək bütün dünya azərbaycanlılarının vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi üçün möhkəm zəmin yaratdı. Azərbaycan ziyalısını son yüzilliklərdə çox ciddi şəkildə düşündürən milli dirçəliş problemləri ulu öndər Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçdi. Xalqımızın dahi oğlu Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratdı və gələcəyə aparan uzunmüddətli uğurlu strategiyanı müəyyənləşdirdi.

Heydər Əliyevin dövlətçilik proqramında azərbaycançılıq məfkurəsi ilə bağlı diqqəti belə bir məqam çəkir ki, burada mənəvi, bədii, habelə iqtisadiyyat, sənaye, tikinti və təsərrüfatdakı böyük nailiyyətlərlə, əhalinin güzəranındakı yaxşılaşma və kütləvi ruh yüksəkliyi ilə birləşərək vahid axarda gerçəkləşib.

Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, 70 il böyük qardaş hesab etdiyimiz rus ordusu Azərbaycanın müstəqilliyi ilə barışmayıb, yerli rəhbərlərin səriştəsizliyindən istifadə edərək Bakı şəhərində 20 yanvar qırğınını törətdiyi zaman səhərin alaqaranlığında Moskvadakı Azərbaycan nümayəndəliyinə ilk gələn insan da dahi Heydər Əliyev olmuşdur. Nümayəndəlikdə keçirilən iclasda heç nədən çəkinmədən hələ o zaman SSRİ-yə rəhbərlik edən yüksək mənsəbli şəxsləri açıq-aşkar tənqid etmiş, Bakı hadisələrində birbaşa SSRİ rəhbərliyinin məsuliyyət daşıdığını açıqca qeyd etmişdir. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin xalqımız, müstəqilliyimiz üçün tarixi əhəmiyyət kəsb edən xidmətləri minlərlədir. Bütün bunlar isə, bu dahi insanın xidmətlərinin heç də onun işlədiyi vəzifələrdən deyil, özünün malik olduğu yüksək insani keyfiyyətlərə, polad iradəyə, zəngin dünya görüşünə, hərtərəfli dərin savada malik, millətini və dövlətini hər şeydən üstün tutmasından, vətəninə və millətinə olan sevgisindən irəli gələn bir tələbat idi.

Onu da unutmaq olmaz ki, Azərbaycanın xilaskar oğlu Heydər Əliyevin Azərbaycana rəhbərliyi bir-birindən ciddi surətdə fərqlənən iki müxtəlif sistemə - sosializm və demokratik cəmiyyət dövrünə təsadüf edir. Hər iki sistemdə ölkəyə uzun illər rəhbərlik etmiş dahi Heydər Əliyev istər sosializm, istərsə də bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasını böhrana düşmüş vəziyyətdə qəbul etmişdir. Eyni zamanda, hər iki sistemdə də tezliklə böhran aradan qaldırılmış və sürətli tərəqqiyə nail olunmuşdur. Bütün bunlar isə düşünməyi bacaran hər bir kəsi belə bir sual qarşısında qoyur: bu uğurları ölkəmizə bəxş edən hansı amillər və səbəblərdir? Təbii ki, bu suala müxtəlif cavablar verilə bilər, amma ölkəyə uğur gətirən başlıca amilin ümummilli lider Heydər Əliyevin islahatçılıq məharəti və yüksək idarəçilik keyfiyyətləri ilə bağlıdır. Tək bircə faktı qeyd etmək kifayətdir ki, cənab Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün 1970-1980-ci illəri əhatə edən on ili ərzində ölkəmizin kənd təsərrüfatına, ondan əvvəlki yarım əsr ərzində, yəni 1920-1970-ci illərdə cəlb edildiyindən daha çox sərmayə qoyulmuşdur. Bu isə, hazırda da sürətlə inkişaf edən kənd təsərrüfatında dinamik inkişafın əsasını qoyaraq hələ o zaman Azərbaycanı digər müttəfiq respublikalardan önə keçirmişdir.

Yuxarıda qeyd olunduğu kimi, müstəqillik illərində də ümummilli liderin hakimiyyətə dönüşü təlatümlü, xalqımız üçün taleyüklü bir dövrə təsadüf edirdi. Belə ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin qarşısında, yenə də müstəqil Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən, ölkədə hər an baş verə biləcək vətəndaş müharibəsindən azad etmək kimi məsuliyyətli və tarıxi vəzifələr dururdu. Xalqımız çox gözəl bilirdi ki, ölkəni bu vəziyyətdən yalnız zəngin siyasi-iqtisadi və idarəçilik təcrübəsinə malik Heydər Əliyev şəxsiyyəti xilas edə bilər. Çünki ümummilli liderin uzun illər ərzində qazandığı siyasi təcrübə, idarəçilik bacarığı və doğma vətənınə olan məhəbbəti onun xalqı ilə birlikdə bu missiyanın öhdəsindən şərəflə gələcəyinə heç kimdə şübhə doğurmurdu. Ulu öndər Heydər Əliyev bütün bacarığını səfərbər edərək ölkədə baş alıb gedən tənəzzülü dayandırdı və tezliklə tərəqqiyə nail olundu. Ölkədə mövcud olan problemlər tədricən həllini tapdı, iqtisadi və siyasi stabillik təmin olundu və beləliklə iqtisadi inkişafın sürətləndirilməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması və s. istiqamətlərdə konkret proqram və layihələrin işlənib hazırlanmasına başlanıldı.

Başqa sözlə desək, siyasi-iqtisadi stabilliyə nail olmaq və Azərbaycanı dünyaya tanıtmaq qarşıda duran ən mühüm vəzifələrdən idi. Ona görə də əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunması ilə yanaşı, həm də dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuşdur. Bu isə, öz növbəsində, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı daha da ruhlandıraraq onların ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün ciddi zəmin yaratmışdır. Təbii ki, xaricdə yaşayan həmvətənlərımizin bir ideya ətrafında birləşdirilməsi ölkənin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün onlar dünyanın harasında yaşamalarından asılı olmayaraq Azərbaycanla fəxr edir, onun uğurlarından qürur duyur və fərəh hissi keçirirlər. Ona görə də bu milli birliyə və dünya azərbaycanlılarının həmrəyliyinə nail olduğumuz üçün Türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevə borcluyuq.

Unudulmaz şəxsiyyət olan Heydər Əliyev bütün fəaliyyəti dövründə xaricdə yaşayan soydaşlarımızın birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayaraq dünya azərbaycanlılarının vahid məqsəd ətrafında birləşdirilməsinə səy göstərmiş və buna nail olmuşdur. Bu baxımdan ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı mühüm əhəmiyyət kəsb etdi. Qurultay xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşərək təşkilatlanması istiqamətində yeni mərhələnin başlanğıcını qoydu.

Qeyd etdiyimiz kimi, təşkilatlanma prosesi, dünya azərbaycanlılarını bir araya dəvət etmək təklifi ulu öndərimiz Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqına xidmət etməkdən, Azərbaycanı inkışaf etdirməkdən ibarət olmuşdur. İctimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanın inkişafına xidmət etmiş ümummilli liderimiz məhz Azərbaycanı dünyaya tanıtmaq, həmvətənlərimizin gücünü bir mərkəzə cəmləməklə haqq səsimizi beynəlxalq aləmə çatdırmaq məqsədi daşıyırdı.

Heydər Əliyev ideyalarına sadiq qalan Azərbaycan Prezıdenti cənab İlham Əliyev də bu gün xarıci ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğılarını daim diqqət mərkəzində saxlayır. Soydaşlarımızla əlaqələri daha da möhkəmləndirmək və qarşıda duran vəzifələri müzakirə etmək məqsədilə Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi bunun bariz nümunəsidir. Qurultay Azərbaycanın sürətli inkışafı və beynəlxalq arenada siyasi mövqeyinin daha da gücləndirilməsi istiqamətində tarixi işlərin görülməsinə şərait yaratmışdır. Məhz dünya azərbaycanlılarının, ümumilikdə türk diaspor təşkilatlarının bir amal uğrunda birləşdirilməsinə xidmət edən qərarların qəbul edilməsinin və bu istiqamətdə görülən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, artıq dünyada güclü, öz sözünü deyə bilən, siyasi proseslərə təsir etmək iqtidarında olan diaspor təşkilatları formalaşdırılmışdır.

Bir məsələni də qeyd etmək lazımdır ki, 2009-cu ildən etibarən Xocalı faciəsınin qurbanları, demək olar ki, bütün dünya ölkələrində anılır, hadisələrin səbəbləri və günahkarı olan mənfur ermənilərin və onların havadarlarının insanlığa yaraşmayan simaları bütün dünyaya nümayiş etdirilir. Bu da, heç şübhəsiz, bütün digər amillərlə yanaşı həm də güclü diaspor təşkilatlanması ilə bağlıdır. Bütün bunlar isə, qeyd olunduğu kimi, ümummilli liderin çoxsaylı xidmətlərindən biridir.

 

(ardı var)

 

 

İSA ALIYEV,

AMEA İqtisadiyyat İnstitutunun

direktoru, iqtisad elmləri doktoru,

professor,

 

 AQİL ƏSƏDOV,

İqtisadiyyat İnstitutunun şöbə

müdiri,iqtisad elmləri namizədi

 

Xalq qəzeti.- 2011.- 5 may.- S.3.