Heydər Əliyev Azərbaycanı
tarixi sınaqlardan şərəflə çıxardı
Tarixi proseslərə və
həmin prosesləri idarə edən siyasətçilərə
hər kəsin öz fərdi münasibəti olur. Ulu öndər
Heydər Əliyev kimi tarixi yaradan şəxsiyyətlərə
münasibət isə ümumxalq miqyasında birmənalı
şəkildə müsbət olur. Fikrimcə bu, siyasətçinin
xoşbəxtliyidir. Belə siyasətçilər az-az olur.
Ancaq o da faktdır ki, istənilən siyasətçinin fəaliyyətinə
baxış zamanı fərdi qiymətləndirmələr
yenə də özünü göstərir.
Məsələn,
bəzi tarixçilər ulu öndər Heydər Əliyevin
siyasi fəaliyyətini Bakı, Moskva, Naxçıvan və
yenidən Bakı olmaqla 4 mərhələyə bölürlər.
Digər ekspertlər isə
həmin fəaliyyəti illərə görə, məsələn,
1969-cu ilə qədərki dövr, 1969-82-ci illər, 1982-87-ci
illər, 1987-90-cı illər, 1990-cı ilin iyulundan 93-cü
ilin iyununa qədər olan dövr, 1993-2003-cü illər və
nəhayət, 2003-cü ildən sonrakı dövr.
Doğrusu, mən əvvəlcə bu cümlədəki
"2003-cü ildən sonrakı dövr" ifadəsi ilə
barışmamışdım. Çünki Uca
Tanrının ulu öndərə bəxş etdiyi şərəfli
ömür məhz 2003-cü ilin dekabrında başa
çatmışdı. Bu bir həqiqət idi. O da bir həqiqətdir
ki, Heydər Əliyevin siyasi fəaliyyəti siyasi irs kimi indi
də yaşayır və xalqımız durduqca
yaşayacaqdır. Ona görə də politoloqların qeyd
edilən tarixi bölgülərini müsbət
qarşılamalıyıq.
Ümummilli liderimizin siyasi fəaliyyətinin
Naxçıvan dövrü və ya 1990-93-cü illər barədə
söhbət açarkən mənim yadıma düşən
ilk məqam mühasirə şəraitində, məhrumiyyətlər
içərisində, məşəqqətlər
girdabında yaşayan Naxçıvan olur. O günlərin ağrı-acısının
nə demək olduğunu ancaq biz - həmin illərdə
Naxçıvanda yaşayan insanlar təsəvvür edə
bilərik. Tamamilə köməksiz qalan muxtar respublikanın əhalisi
həm gündəlik həyatını təmin etmək
üçün problemlərlə çarpışır, həm
də Şərqin qapısının, Əcəmi yurdunun,
Mirzə Cəlil, Hüseyn Cavid, Bəhruz Kəngərli,
Ordubadi torpağının düşmən tapdağına
çevrilməsinin qarşısını almağa
çalışırdı. İndi - 20 il keçəndən
sonra da həmin günləri xatırlamaq çox
ağırdır. Amma səmimi şəkildə etiraf edim ki,
o zaman biz həmin çətinliklərə necə
dözmüşüksə, indi çox çətin təsəvvür
edirəm. Təsəvvür edəndə isə yadıma
düşən ilk məqam 1990-cı ilin iyul ayında muxtar
respublikanın bəxtinə doğan Günəş olur.
İyulun 20-də Moskvadan Bakıya gələn qüdrətli
türk övladı, böyük Azərbaycanlı Heydər Əliyev
cəmi 2 gündən sonra artıq Naxçıvanda idi. Həmin
gün təkcə Naxçıvanın deyil,
bütövlükdə Azərbaycanın qurtuluş
mübarizəsinin başlanğıcı günü idi. Həmin
gün bütün xalqımız üçün əlamətdar
gün, Naxçıvan sakinləri üçün isə bəla
və çətinliklər üzərində qazanılan
şərəfli qələbənin təməlinin
qoyulduğu gün idi.
Biz ulu öndəri necə qarşıladıq,
naxçıvanlılar iyulun 22-ni necə bayram etdilər? O
günlərin şahidi və əsas
iştirakçılardan biri kimi söyləsəm, təvazökarlıqdan
kənar olar. Məhz ona görə də əlimdəki kitablardan
sitat gətirirəm: "Gəlişini ailə üzvlərindən
başqa heç kim bilmirdi. 6 ay əvvəl həyatla
vidalaşmış bacısının evinə təyyarə
vağzalından "Jiquli" ilə getdi. Xəbərsiz-ətərsiz
gələn "qonağın" səs-sorağı cəmi
bir neçə dəqiqədə bütün
Naxçıvana yayıldı. Yerli partiya, sovet işçiləri,
qohum-qonşular gəldilər, qucaqlaşdılar,
öpüşdülər. Hamı əziz qonağı
bağrına basır, ondan ayrılmaq istəmirdi. Adamlar
sevincqarışıq göz yaşlarını gizlətməyə
çalışsalar da, bu, mümkün deyildi...
Həmin gün axşamtərəfi
Naxçıvandakı "Azadlıq" meydanında iynə
atsaydın, yerə düşməzdi. 80 minədək adam
Heydər Əliyevlə görüşmək
üçün buraya gəlmişdi. Kimi evlərin damına,
kimi hündür ağaclara çıxmışdı. Heydər
Əliyevin gəlişini görən xalq kütləsinin
sevinc dolu alqışları hər tərəfdə əks-səda
verirdi. Onun ayağının altında neçə-neçə
qurbanlar kəsildi. Nitqinə hamı bir nəfər kimi diqqətlə
qulaq asırdı. Hiss olunurdu ki, meydana toplaşanlar
çoxdan bu səsin həsrətini çəkirlər. Təkcə
səsinimi? Əlbəttə, yox. Heydər Əliyevin gözəl,
məntiqli, mənalı danışıq qabiliyyətinə,
elinə-obasına məhəbbətlə dolu ürəkdən
süzülüb gələn sözlərinə heyran olmamaq
mümkün deyildi... Babək rayonunun Nehrəm kəndində
- "Kommunizm" sovxozunun əmək kollektivi ilə
görüş isə daha unudulmaz idi. Yenə həsrətlilərin
görüşü, yenə ağsaqqalların,
ağbirçəklərin ürək sözləri, yenə
qurbanlar... Ən başlıcası, həmin görüşdə
Heydər Əlirza oğlu Əliyevi 340 nömrəli Nehrəm
seçki dairəsi üzrə Azərbaycan SSR xalq
deputatlığına namizəd irəli sürdülər.
Heydər Əliyevin üç gündən sonra dairə
seçki komissiyasının sədrinə və kənd
seçicilərinə göndərdiyi məktubda deyilirdi:
"Hazırda Azərbaycanda gedən ictimai-siyasi proseslərin
belə qaynar və ziddiyyətli dövründə xalq
elçisi kimi respublika parlamentində siyasi iş aparmaq hər
bir kəsdən yüksək məsuliyyət, respublikanın
mənafeyini, suverenliyini, ərazi
bütövlüyünü, Konstitusiya hüququnu qorumaq siyasi
sayıqlıq, səriştə və prinsipiallıq tələb
edir". Ulu öndərin həmin məktubda qeyd etdiyi siyasi
sayıqlıq, səriştə və prinsipiallıq isə
ölkə əhalisi arasında ən yüksək səviyyədə
onun özündə var idi və biz o məqamı çox
yaxşı bilirdik.
Kitabda yazılır ki, Heydər Əliyevin
Naxçıvanın Cəhri, Əylis və başqa kəndlərində,
Culfa və Ordubadda keçirilən görüşləri əsl
xalq bayramına çevrilmişdi. Hara gedirdisə, onun deputatlığa
namizəd irəli sürülməsi üçün
razılığını istəyirdilər. Lakin artıq
Heydər Əliyevin namizədliyi Nehrəm Seçki dairəsindən
irəli sürülmüşdü. Ulu öndərin
özü bu məqamları çox sonralar xatırlayır və
ali bir səmimiyyət nümunəsi olaraq doluxsunurdu.
Çünki o, canını və qanını qurban verməyə
hazır olduğu xalqın çox böyük məhəbbətini
görmüşdü. Heydər Əliyevi hədsiz dərəcədə
kövrəldən başqa bir məqam isə onun hələ
Moskvada olduğu dövrdə, bütün vəzifələrdən
istefa verəndən sonra - bəzi qədirbilməz
insanların göstərdiyi dönüklüyü yada
salması zamanı olmuşdu. Həmin əhvalat da
Naxçvanda olmuşdu. Ulu öndər Naxçıvan səfəri
zamanı danışdı ki, mən ikinci dəfə Sosialist
Əməyi Qəhrəmanı adına layiq görüləndən
sonra o zamankı qaydalara əsasən doğulduğum
Naxçıvanda büstüm qoyulmuşdu. İki dəfə
qəhrəman adı alanların hər biri üçün
belə büstlər qoyulurdu. Mən vəzifədən gedəndən
sonra bəzi dönük adamların göstərişi ilə
həmin büstü götürmək, ləğv eləmək
istəmişdilər. Ancaq Nehrəm camaatı aylarla, gecə-gündüz
həmin büstün yanında keşik çəkərək...
Sözün bu məqamında ulu öndər bir neçə
dəqiqə danışa bilmədi və
qarşılıqlı məhəbbətdən yaranan
alqışlardan sonra sözünü tamamladı: -
"büstü qorumuşdular". Nehrəmlilərin həmin
büstü qoruması bütövlükdə Azərbaycanın
hər yerində olan Heydər Əliyev quruculuq, abadlıq
işlərinin qorunması, haqqa, ədalətə sədaqət
nümayiş etdirilməsi idi.
Naxçıvan camaatı Moskva rəhbərliyinin və
Kremlin Bakıdakı təmsilçilərinin
gözümçıxdıya salmaq istədiyi Heydər Əliyevi
bağrına basdı, onu deputat, daha sonra muxtar respublika Ali Məclisinin
sədri seçdi. Nəticə nə oldu? Mən ulu öndəri
qəbul etdiyimiz dövr barədə söz açarkən
müşahidələrim əsasında deyil,
yazılmış kitablara istinadən
danışdığım kimi bu sualın cavabını verərkən
də kitablara istinad edirəm. AMEA Tarix İnstitutunun direktoru
Yaqub Mahmudovun "Azərbaycan tarixində Heydər Əliyev
şəxsiyyəti" adlı kitabında göstərilir:
"Müasir daşnakların sovet sərhəd
qoşunları ilə birləşərək üzük
qaşı kimi mühasirəyə aldığı
Naxçıvanda təkcə həmin bölgəmizin deyil,
bütün Azərbaycanın müqəddəratı həll
olunurdu. Ağlagəlməz dərəcədə ağır
olan bu mürəkkəb tarixi şəraitdə Heydər Əliyev
şəxsiyyəti özünün yeganə silahı ilə
- misilsiz siyasi dühası və dövlət müdrikliyi sayəsində
Naxçıvan camaatının mübarizliyinə, əzmkarlığına
arxalanaraq qəhrəman Kəngərli yurdunu tarixin ən
ağır sınağından çıxara bildi. O zaman
milli müstəqilliyimizin ilk addımları da məhz
Naxçıvanda atılırdı. Muxtar Respublikanın
adından "sovet" və "sosialist" sözlərinin
çıxarılması, Naxçıvan Ali Sovetinin Ali Məclis
adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli bayrağının ilk dəfə burada
Naxçıvan Muxtar Respublikasının dövlət
bayrağı kimi qəbul olunması, Kommunist Partiyası yerli
orqanlarının fəaliyyətinin dayandırılması,
SSRİ-nin saxlanılması barədə referendumdan imtina
olunması, 1990-cı ilin 19-20 Yanvar faciəsinə siyasi qiymət
verilməsi, dünya azərbaycanlılarının həmrəylik
gününün qeyd olunması barədə tarixi qərar
çıxarılması, bir çox digər cəsarətli
addımlar Naxçıvanı qurtuluş mücadiləmizin
önünə çıxartdı". Hörmətli
akademikin fikirlərinə əlavə olaraq qeyd edim ki, ulu
öndərin siyasi fəaliyyətinin Naxçıvan
dövrünün ən möhtəşəm nəticələrindən
biri də bu gün regionun ən qüdrətli siyasi təşkilatı
olan Yeni Azərbaycan Partiyasının yaradılması idi.
Bütün bunlarla yanaşı xüsusilə qeyd edilməli
məqamlardan biri də odur ki, Heydər Əliyev
özünün siyasi təcrübəsindən və region
ölkələrindəki nüfuzundan istifadə edərək
Naxçıvanın gündəlik həyat üçün
zəruri olan tələbatının ödənilməsinə
nail olmuşdu. Türkiyədə və İranda ona çox
böyük inam və etimad var idi. Üstəlik ulu öndərin
həmin ölkələrdə çoxlu dost və
tanışları da var idi ki, məhz həmin əlaqələrin
köməyi ilə Naxçıvan aclığa və
düşmənə qarşı mübarizədə
böyük qətiyyət nümayiş etdirə bildi.
1991-ci ilin aprelində Nehrəm kəndindən İrana
sadələşdirilmiş üsulla keçmək
üçün körpü açılmışdı. Mənim
yadımdadır, 92-ci ilin oktyabrında Təbrizdən
Naxçıvana humanitar yüklə dolu 22 vaqondan ibarət
qatar gəlmişdi. Həmin ilin dekabrında İrandan
Naxçıvana 40 meqavat gücündə elektrik enerjisinin
verilməsi münasibəti ilə Arazkənarı stansiyada təntənəli
mitinq, Naxçıvanı İranla birləşdirən
Şahtaxtı-Poldəşt keçid məntəqəsinin
açılışı olmuş, hər iki tədbirdə
Heydər Əliyev şəxsən iştirak etmişdi. Hələ
Türkiyə ilə sərhəddə
açılmış "Ümid körpüsü"nü
demirəm. Həmin körpü təkcə iqtisadi baxımdan
əhəmiyyətli deyildi, həm də Azərbaycanın
bütün dünyadakı erməni lobbisinə mesajı
baxımından çox böyük siyasi əhəmiyyətli
fakt idi. Bütün bunlar Heydər Əliyevin siyasi nüfuzu və
şəxsi əlaqələri nəticəsində reallaşdırılırdı.
Mən böyük fəxrlə qeyd edirəm ki, ulu
öndərin Naxçıvanda
reallaşdırdığı möhtəşəm siyasi fəaliyyəti
yüksək qiymətləndirən Azərbaycan xalqı onu təkid
və israrla ölkə rəhbərliyinə dəvət etdi
və Azərbaycan vətəndaş müharibəsindən
qurtuldu, dövlətçiliyimizin əldən getməsinin
qarşısı alındı və ölkəmiz
böyük bir inkişaf yoluna çıxdı.
Çünki Məmməd Səid Ordubadinin söylədiyi
qılınc da, əməl də, möhtəşəm
natiqlik məharəti də məhz Heydər Əliyevin bəxtinə
yazılmışdı.
Cəlil RZAYEV,
"Nehrəm" Xeyriyyə Cəmiyyətiin sədri
Xalq qəzeti.- 2011.- 5 may.- S. 4.