Tarixşünaslığa
məlum olmayan yeni faktlar üzə çıxdı
Azərbaycan əsgəri VƏTƏNİN
suverenliyinin və ərazi bütövlüyünün
qorunması ilə bağlı ali missiyanı öz üzərinə
götürərkən Dövlət Bayrağına and
içir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Hər bir xalqın milli-vətənpərvərlik hisslərinin
formalaşmasında onun qəbul
etdiyi rəmzlərin, simvolların əhəmiyyəti
böyükdür. Çox
vaxt adət-ənənələrlə,
xalqın keçdiyi tarixi
yolla sıx bağlı olan
bu simvollar baş verən mühüm hadisələrlə
bilavasitə əlaqədə olmuş, dövrün, dövlətin, hadisələrin
ən önəmli əlamətlərini özündə əks
etdirmişdir. Mühüm tarixi
abidə olan ənənəvi
simvollar dövlətin yaranması ilə onun rəmzlərinə çevrilir, bütün
təsviri, emosional və psixoloji
vasitələr kompleksi
ilə insanın ağıl və hisslərinə ideoloji təsir vəzifəsini yerinə yetirir,
cəmiyyətin həyatında
baş verən bu və ya başqa hadisələri nəinki
əks etdirir, eləcə
də onların açılmasına
yardım göstərir. Azərbaycanın əsas
dövlət rəmzlərindən olan bayraq və gerb yaradılarkən məhz belə prinsiplər rəhbər tutulmuş, dövlətin
digər rəmzləri təsis edildikdə
isə ilk növbədə
dövlət bayrağının və
dövlət gerbinin əsas
elementləri nəzərə
alınmışdır.
Bəşər mədəniyyətinin
ən qədim mərkəzlərindən olan
Azərbaycan ta qədimdən
zaman-zaman yaxının-uzağın
iddiasına məruz qalmış, nəhayət,
XXI yüzilliyin astanasında
öz müqəddəs amalına -
dövlət müstəqilliyinə yetişmişdir. Ağır itkilər bahasına əldə olunmuş müstəqilliyimizin
qorunması, bu gün,
dövlətimizin yürütdüyü müdrik siyasət və el oğullarımızın
ululardan onlara miras qalmış
şücaətləri sayəsində mümkün
olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sözləri ilə desək
"Azərbaycan Respublikası öz torpaqlarını qorumaq üçün böyük
potensiala malikdir. Onun ən böyük
potensialı - bizim vətəndaşların öz
Vətənlərinə olan sədaqəti və məhəbbətidir.
Bu hisslər xalqımızın tarixi qəhrəmanlıq ənənələri
ilə doğulmuşdur..." Bu baxımdan milli dövlətçiliyin
möhkəmlənməsinə yönəldilmiş
praktiki addımlarla bərabər Azərbaycan dövlətçilik
rəmzləri də öyrənilib təbliğ edilməlidir.
Müstəqillik və ərazi bütövlüyü
uğrunda aparılan
mübarizənin gedişində yaranmış və inkişaf etmiş dövlət rəmzləri vətəndaşların
mənəvi və emosional tərbiyələndirilməsinin əsas mənbələrindən biridir. Azərbaycanın
dövlət rəmzlərinin öyrənilməsi
istər dövlətçilik ənənələrinin
öyrənilməsi, istərsə də milli
ənənələrin canlandırılması
baxımından da vacib
əhəmiyyət kəsb edir.
Sözsüz ki, bu çoxşaxəli problemin həlli rəmzlərimizin tarixini işıqlandıran
elmi və elmi-kütləvi əsərlərin
mövcudluğundan bilavasitə
asılıdır. Tarix elmləri
namizədi Səbuhi Əhmədov və Vüqar Məmmədovun
"Azərbaycan Respublikasının
Dövlət Bayrağı" kitabı da
bu cəhətdən çox əhəmiyyətlidir.
Arxeoloji tapıntılar Azərbaycan
ərazisində ştandart formalı bayraqların hələ
tunc dövründə
(b.e.ə. IV minillik - II minillik)
istifadə edildiyini təsdiq
edir. Şəmkir və Şəki rayonlarında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş buynuzlu maral, üzərində səkkizguşəli ulduz,
şüalanan günəş
və müxtəlif həndəsi naxışlar olan dairəvi lövhə və başqa
formalı tunc ştandartlar, çox güman ki, qəbilə başçısının və ya hökmdarın hakimiyyətinin rəmzi kimi
çıxış edirdi.
Bu gün Milli Azərbaycan Tarixi Muzeyinin də
ekspozisiyasını bəzəyən bu növ ştandartlar, alimlərin
rəyinə görə, xüsusi taxta sapa
taxılırdı. Maraqlıdır ki, Azərbaycanda tapılmış
ştandartların əksəriyyəti buynuzlu
heyvan təsvirlidir. B.e.ə. VIII-VII əsrlərə
aid Manna qalalarını təsvir edən aşşur relyeflərində
də belələrinə rast
gəlinir. Ehtimal edilir
ki, bu dövrdə
dövlətçiliyin rəmzi sayılan bu
formalı ştandartlar
tilsim rolunu da oynayırdılar. Mövcud ədəbiyyat
və etnoqrafik materiala görə bu gün də
Azərbaycanda qapı və darvazaların yuxarısına, divar və barılara
və s. bərkidilən
keçi və qoç
buynuzları, heyvan (it,
at, maral və s.) kəllələri
"bəd nəzərdən, bəd
qüvvələrdən" qoruyan
nişanə, tilsim sayılır. Alimlər
elin, obanın tilsimi sayılan bayraqlarda tayfanın hami-ruhunun
yaşaması haqqında da fikir irəli sürürlər.
Bayrağı əldən vermək, onun ağacını sındırmaq
bəd əlamət hesab olunurdu.
Dövlətçiliyin ən
önəmli əlamətlərindən olan
bayraqların ta qədim
dövrlərdən hərbi işdə və dövlət tədbirlərində
praktiki və mənəvi əhəmiyyəti bilavasitə
Azərbaycana aid müxtəlif
qaynaqlardakı məlumatlarla da təsdiq olunur.
Moisey Kalankatuklunun
"Albanların tarixi"
əsərində həm
albanların, həm də ilk orta əsrlərdə onlarla döyüş meydanında qarşılaşan türklərin
bayraqlarının təsvirləri vardır. Təqdim
edilən material hər
iki tərəfin müxtəlif rəngli,
heyvan surətli,
"açılmış" bayraqlara malik olduğunu, bu bayraqların həm döyüşdə, həm də
dövlət əhəmiyyətli tədbirlərdə
qaldırıldığı haqqında məlumat verir. Tədqiqatçıların ehtimalına görə, əjdaha
və ya başqa heyvan və quş formasında olan bu cür bayraqların
(ştandartların) gövdə hissəsi ipək parçadan olur,
gümüşdən olan bayraq
sapı isə əfsanəvi heyvanın
başını əks etdirirdi. Mövcud ədəbiyyat buna bənzər bayraqların erkən orta əsr Avropasında və
digər Şərq ölkələrində də geniş yayıldığını
göstərir.
Bayrağın hərbi əhəmiyyətini xüsusi vurğulayan tədqiqatçılar onun
döyüş meydanında
oynadığı mühüm rolu da qeyd
edirlər. Türk dünyasının təkraredilməz abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanında düşmən hücumunun qarşısını
ala bilən Salur Qazanın qardaşının
"Kafərin tuğilə sancağı (yəni
bayrağı) qılıncladı"ğı və
"yerə saldı"ğı göstərilir. Bu isə düşmənin
məğlub edilməsi demək idi.
Bayraqların müqayisəli
öyrənilməsi onların indi də erkən orta əsrlərdə olan formasını və hətta məzmununu
saxladığını təsdiq edir. O vaxtlar olduğu kimi indi də onlar öz rəng
müxtəlifliyi (qırğızı, yaşıl,
sarı, ağ, mavi və s.) ilə
seçilirlər.
Təqdim olunan kitab
zəngin tarixi mənbələr (arxeoloji,
yazılı, epiqrafik, illüstrativ
və s.) və mövcud elmi ədəbiyyat əsasında yazılmışdır. Müəlliflər həm Azərbaycan, həm də
xarici ölkələrin
tədqiqatçılarının əsərlərindən
yaradıcı istifadə edərək, Azərbaycanda dövlətçilik
rəmzlərinin forma və
mahiyyətinin inkişaf
yoluna nəzər
salmış, ayrı-ayrı simvolların tarixinin
öyrənilməsi kimi
çətin problemin kompleks tədqiqatını
həyata keçirmişlər.
İşin strukturu
heraldika elminin qanunları ilə şərtləndirilmişdir:
müəlliflər Azərbaycanda mövcud
olmuş dövlətçilik
rəmzlərinin tarixini
araşdırmış, daha sonra Azərbaycan Respublikasının Dövlət
Bayrağı üzərində olan rəng və
simvolların mahiyyət və mənalarını açmağa çalışmışlar. Maraqlıdır ki,
tədqiqat boyunca
Şərq heraldikası ilə müqayisələr
aparılmış, ümummüsəlman və ümumtürk rəmz və simvolları barədə məlumatlar verilmişdir. Tarixşünaslıqda
indiyədək məlum olmayan
bir çox tarixi faktlar bu kitabda öz
əksini tapmışdır.
Kitabı daha oxunaqlı
və baxımlı edən, onun elmi əhəmiyyətini
artıran üstün cəhətlərdən
biri burada əksəriyyəti rəngli
olan çoxsaylı
fotoşəkil, rəsm, sxem və şəkillərin
verilməsidir. Kitabda, həmçinin, Azərbaycan Respublikasının
Dövlət Bayrağı və digər dövlət rəmzləri
ilə bağlı ölkədə mövcud
olan normativ hüquqi aktlar, eləcə
də Azərbaycan Respublikasının Prezidentinin
müvafiq fərman və
sərəncamlarının tam mətnləri toplanılmışdır.
Güman edirəm ki, əsər yalnız mütəxəssislər
tərəfindən deyil, eləcə
də geniş oxucu kütləsi və
ictimaiyyət tərəfindən maraqla
qarşılanacaqdır.
Nailə VƏLİXANLI,
Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti,
Milli Azərbaycan Tarixi
Muzeyinin
direktoru, akademik
Xalq qəzeti.- 2011.-
5 may.- S. 5.