Abadlığın, tərəqqinin
yeni ünvanı: Daşkəsən
"Yeni Daşkəsən" kəlməsini təsadüfən
işlətməmişik. Əslində, indi bu ucqar dağ
rayonunda hamının arzusu, niyyəti, məqsədi budur. İki
ay əvvəl ölkə Prezidentinin sərəncamı ilə
rayona icra hakimiyyətinin başçısı təyin olunan
Əhəd Abıyev də, rayonun müvafiq
strukturlarının rəhbərləri də bu çətin
və məsuliyyətli işin öhdəsindən gəlmək
üçün bütün imkanları işə
salıblar. İndi istər şəhərin özündə,
istərsə də kənd və qəsəbələrdə
Bakıdan, Gəncədən, Moskvadan, hətta xarici ölkələrdən
gələn adamlara rast gəlmək mümkündür. Hərə
bir təklif verir, öz ideyalarını ortaya
çıxarır, onların reallaşdırılması
üçün müzakirələr aparır, layihələr,
çertyojlar göstərir və sair.
Elə biz rayon
icra hakimiyyətində olarkən də Daşkəsənə
olan bu marağın şahidi olduq. İcra hakimiyyətinin başçısı ilə
görüşüb məsləhətləşmək
üçün bir qrup gənc memar, layihəçi qəbula
gəlmişdi. Onların arasında Londonda təhsil
almış gənclər də var idi. Fikirlərini
başçıya bildirdilər, böyük bir istirahət
kompleksinin salınması ilə bağlı görüləcək
işlərdən danışdılar. Uşaqlar
üçün tikiləcək düşərgə ilə
bağlı təkliflər də maraq doğururdu...
Əvvəllər Daşkəsənə, Xoşbulaq və
digər yaylaqlara 3-4 saata gedib çıxmaq olmurdu. Gəncədən
35-40 kilometr aralıda yerləşən rayona indi 30-35 dəqiqəyə
çatmaq mümkündür. Hamar asfalt yol Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü
və tapşırığı ilə inşa olunduqdan sonra
vəziyyət tamamilə dəyişib. Adamlar razılıq
edirlər.
...Yol Daşkəsən üçün həyatdır
desək, bəlkə də yanılmarıq. Çünki
bir-birindən xeyli aralıda yerləşən kəndlərə,
dağlar qoynuna, dərə-təpələrə,
yaşayış yerlərinə getmək üçün
olmazın əziyyətini çəkirsən. Qabaqtənə,
Alaxançallı, Zivən, Astaf, Zağalı, Dardərə
və sair kəndlərə gediş-gəliş olduqca
çətindir.
Adını çəkdiyimiz Gəncə-Daşkəsən
magistral yolundan başqa digər yollar hələlik istənilən
səviyyədə deyil. Doğrudur, 22 saylı yol-istismar idarəsinin
hesabatında bu sahədə xeyli iş
görüldüyü vurğulanır. Məsələn, təkcə
bu ilin birinci rübündə Zağalı-Qaraqollar, Daşkəsən-Əmirvar,
Quşçu-Zəylik, Xoşbulaq-Təzəkənd-Astaf
avtomobil yollarında təmir, cari təmir və saxlanması
üçün 196 min 993 min manatlıq iş
görülüb.
Daşkəsən rayonu 1930-cu ildə inzibati ərazi
kimi yaradılmışdır. Şəhərin əsası
isə İkinci Dünya müharibəsindən sonra , 1948-ci
il martın 16-da qoyulub. Əslində bu rayon dəmir filizi
yataqlarının istifadəyə verilməsi ilə əlaqədar
salınıb və 1956-cı ilə qədər Dəstəfur
adlandırılmış, 1963-cü ilə kimi Daşkəsən
adını daşıyan rayon ləğv edilərək ərazisi
o zamankı Xanlar (indiki Göygöl) rayonuna verilmiş, 1965-ci
ildə isə yenidən müstəqil rayon olmuşdur.
Rayon Gəncədən 33-41 kilometr cənub-qərbdə,
Kiçik Qafqazın şimal-şərqində , dəniz səviyyəsindən
1600-1800 metr yüksəkliklə yerləşir. Rayon cənub-qərbdən
8 kilometr məsafə ilə Ermənistanla, eləcə də
Şəmkir, Kəlbəcər, Gədəbəy və
Göygöl rayonları ilə həmsərhəddir.
Daşkəsənin səthini şimala doğru getdikcə
alçalan dağlar əhatə edir. Murovdağ və
Şahdağ silsiləsinin yamacları da bu rayonun ərazisidir.
Ən hündür zirvələri Hinaldağ (3367 metr) və
Qoşqar dağıdır (3361 metr).
Daşkəsənin təbiəti əsrarəngizdir.
Burada qeyri-adi təmiz hava, bol-bol yaşıllıq, zəngin
fauna, meşə massivləri, Xoşbulaq və Göygöl
süni gölləri vardır. Daşkəsənin istilik və
rütubətin nisbətindən özünəməxsus torpaq-bitki
örtüyü və heyvanat aləmi hamının diqqətini
özünə cəlb edir.
Rayonda şəffaf, müalicəvi əhəmiyyətli
bulaqlar az deyil. Qabaqtəpə kəndində Yumurtalı bulaq,
Yuxarı Daşkəsən qəsəbəsində Narzan
bulağı, Alaxançallı kəndində Turşsu
bulağı, Alunitdağ qəsəbəsində Böyrək
bulağı və sair bulaqların tayı-bərabəri
yoxdur.
Respublikanın mühüm mədən-filiz sənayesi
mərkəzi olan Daşkəsən rayonunu haqlı olaraq Azərbaycanın
Uralı adlandırırlar. Burada zəngin dəmir filizi,
alunit və mərmər yataqları mövcuddur. Dəmir və
kobalt yatağı hələ 1867-ci ildən məlum idi.
Kobaltın necə qiymətli konsentrat olmasını söyləmək
artıqdır. Təkcə onu demək kifayətdir ki, kobalt
odadavamlı, yüksək temperatur şəraitində işlədilən
detalların hazırlanmasında tətbiq olunur. Məsələn,
turboaktiv mühərriklərin, alətlərin, maşın və
dəzgahların hissələrinin temperatura və yeyilməyə
davamlılığını artırmaq məqsədilə
işlədilir.
Daşkəsənin təbii sərvətləri,
büllur bulaqları, sıx meşələri, nağılabənzər
yerləri haqqında çox danışmaq olar. Amma ehtiyac yoxdur.
Bu rayon haqqında ona görə qısaca məlumat verdik ki,
bir sıra nazirlik və şirkətlər, ayrı-ayrı
iş adamları Daşkəsənə sərmayə qoysalar,
o çox qısa vaxtda özünü doğruldar, xərcini
çıxarar.
Xoşbulağın tarixi çox qədimdir və tunc
dövrünə kimi gedib çıxır. Burada o dövrə
aid "Daştəpə" qalası, "Çoban
daşı", "Molla Abdulla bulağı"
qalaçası, dəmir dövrünə təsadüf edilən
"Nağara dağı" Xoşbulağın çox qədim
tarixə malik olduğunu göstərir. Dəniz səviyyəsindən
3361 metr yüksəklikdə yerləşən Xoşbulaq el
arasında müqəddəs ocaq, pir kimi tanınan, qibləgah
hesab olunan ulu Qoşqar dağının ətəyindədir.
Xoşbulağın heyranedici təmiz havası, zəngin
meşəlikləri və yaşıllıqları,
bulaqları neçə əsrlərdir buraya istirahət etməyə
gələnləri heyran edir.
Bəs ağızdolusu danışdığımız
Xoşbulaq xoş təsir bağışlayırmı? Dəqiq
desək əsasən yay aylarında buraya axışan on minlərlə
qonağın istirahəti üçün lazımi şərait
varmı? İnfrastruktur inkişaf etdirilibmi? Təəssüf
ki, yox. İndi əvvəllər olduğu kimi dəyə
qurub istirahət etməyə, gəzməyə yer də
qalmayıb. Burada mehmanxana, lazımi ictimai-iaşə müəssisələri,
istirahət kompleksləri yoxdur. Turistlər və ya istirahət
etməyə gələnlər fərdi evlərdə,
hamamı, mətbəxi, lazımi şəraiti olmayan evlərdə
qalmaq üçün xeyli pul xərcləməli olurlar.
Xoşbulaqda ərazilərin bir çoxu zəbt olunub.
"Xoşbulağı" əsl, yəni dünyasəviyyəli
istirahət guşəsinə çevirmək
üçün irimiqyaslı tədbirlər həyata
keçirilməlidir.
Xoşbulaq ulu Tanrının bizə bəxş etdiyi
bir sərvətdir. Onun imkanlarından da bu xalqın hər bir
övladı, kasıbı da, ortatəbəqəlisi də,
varlısı da faydalanmalı, istifadə etməlidir. Rayon
icra hakimiyyətinin başçısı Əhəd
Abıyev deyir ki, Xoşbulaqda körpə uşaqların, məktəblilərin
istirahət etməsi üçün şərait
yaratmalıyıq. Burada beşmərtəbəli bina tikmək,
imtiyazlı, aztəminatlı ailələrin
övladlarının istirahəti, müalicəsi
üçün hərtərəfli şərait yaratmaq
çox vacibdir. Artıq keçmiş ittifaq dövlətlərinə
nümunə ola biləcək bir düşərgənin
salınması reallaşır.
Daşkəsənin səhiyyəsində, təhsilində,
mədəniyyətində və digər sahələrdə əsaslı
islahatların aparılması, illərdən boyu
yığılıb qalmış problemlərin həll edilməsi
üçün həm vəsait, həm də müəyyən
vaxt lazımdır.
Özünüz fikirləşin, bir rayonda ki,
kitabxanalar ayrı-ayrı, lazımi şəraiti olmayan fərdi
evlərdə yerləşsin, kitablar boğçalara, karton
qutulara doldurulsun, orada hansı ideoloji işdən, təbliğat
vasitələrindən söhbət gedə bilər? Rayonun
20-yə yaxın kəndində tibb məntəqələri
evlərdə, icra nümayəndəliklərinin yöndəmsiz
bir otağında yerləşibsə hansı nümunəvi
səhiyyə xidmətindən söhbət gedə bilər?!
Bu yaxınlarda rayon mərkəzi xəstəxanası rəhbərliyinin
yerləşdiyi binada oldum. Orada gördüyüm şərait,
binanın vəziyyəti məni heyrətə gətirdi.
Taxta pilləkənlərlə ikinci mərtəbəyə
qalxıb düşmək adamdan böyük cəsarət tələb
edir. Dedilər ki, təzə bina tikilir, ora köçəcəyik.
Yaxud götürək məktəbləri. Onların
arasında yeni tipli binaları barmaqla göstərmək olar.
Olanlarda da şagird yoxdur. Məsələn, şəhərdəki
S.Vurğun adına məktəb 1100 yerlik olduğu halda orada
hazırda vur-tut 149 şagird var. Dardərə kənd məktəbi
60 yerlikdir, amma burada üç nəfər şagird təhsil
alır.
Qeyd etmək lazımdır ki, rayon icra hakimiyyəti hələlik
daxili imkanlar hesabına son bir ay ərzində adını
çəkdiyimiz S.Vurğun adına 4 saylı tam orta və
Quşçu kənd tam orta məktəbləri müasir
avadanlıqlarla təchiz etmişdir. Ümumiyyətlə,
rayon icra hakimiyyəti tərəfindən 7 məktəb
binasını əhatə etməklə yenilərinin
tikintisi, əsaslı təmiri və avadanlıqla təchiz
olunması ilə bağlı Azərbaycan Respublikası Nazirlər
Kabinetinə və Təhsil Nazirliyinə müraciətlər
edilmişdir.
Rayon icra hakimiyyətinin daşçısı Əhəd
Abıyev işə başlayan gündən kənd və qəsəbələri
bir-bir gəzib, adamlarla görüşüb, onların dərd-sərini
öyrənib, problemləri ilə maraqlanıb. Yeri gəlmişkən
qeyd edək ki, Ə.Abıyev görüşlərini əsasən
kabinetlərdə deyil, açıq havada, adamların gur olan
yerlərində keçirməyə daha çox
üstünlük verir. Başçı deyir:
- Kabinetin ab-havası elədir ki, ora gələn adam istər-istəməz
sıxılır, ürəyindən keçənlərin
hamısını açıb söyləyə bilmir. Buna görə
də görüşlərimiz, qəbullarımız elə
adamların məskunlaşdığı kəndlərdə,
qəsəbələrdə, özü də açıq
havada keçirilməsi müsbət səmərə verir.
Bəs qəbula, görüşə gələnlərin
əsasən xahişi nədən ibarətdir? Ə.Abıyev
qeyl etdi ki, adamlar ölkə Prezidenti cənab İlham Əliyevin
2006-cı il oktyabrın 31-də Daşkəsəndə
olduğu günü heç vaxt unutmur və dönə-dönə
qeyd edirlər ki, ölkə başçısının
köməyi, qayğısı sayəsində rayonda bir
sıra işlər, o cümlədən Gəncə-Daşkəsən-Xoşbulaq
yolunun çəkilişi, "Daşkəsən
Filizsaflaşdırma" ASC-nin fəaliyyətə
başlaması və digər tədbirlər əhali tərəfindən
yüksək razılıq hissi ilə
qarşılanmışdır.
Təbii ki, problemlər var və biz gərək
onların həlli üçün gecəni gündüzə
qatıb işləyək.
...Bu gün Daşkəsəndə daha çox
işsizlik problemi qabarıq şəkildə ortaya
çıxır. Doğrudur, rayon rəhbərliyi bu ilin
birinci rübü ərzində bir sıra sənaye müəssisələrinin
işinin bərpası istiqamətində müəyyən tədbirlər
həyata keçirmişdir. Amma bütövlükdə bu sahədə
görüləcək işlər çoxdur. Məsələn,
bu ilin birinci rübünə əsasən sənaye müəssisələri
işçilərinin sayı 504 nəfər olmuşdur ki, bu
da həddindən artıq azdır. Əhalisinin sayı 33 min
nəfəri keçən bir rayon üçün 500-600 nəfərin
sənayedə işləməsi bir o qədər də
ürəkaçan rəqəm deyil. Üç ayda cəmi
43 iş yeri açılmışdır. Vaxtilə Gəncə
və Bakı şəhərinin bir sıra iş adamları
burada sənaye-istehsal xarakterli sexlər, sahələr
açsalar da sonradan onların davamlı fəaliyyəti
üçün lazımi şərait yaradılmadı.
Rayon rəhbərliyi indi ən əsas işlərdən
biri kimi əhalinin məşğulluğunun təmin olunmasını
hesab edir. Artıq "Çovdar" qızıl
yatağının istismarı üzrə hazırlıq
işlərinin sürətləndirilməsi üçün
müvafiq qurumlara müraciət olunmuşdur. Yatağın
istifadəyə verilməsi 300 nəfərdən artıq
adamın işlə təmin olunmasına imkan yaradacaqdır.
Rayon ərazisində olan qranit məhsulun istehsalına
başlanılması da bu sahədə vəziyyəti bir qədər
nizama salacaqdır. Nəzərə alsaq ki, Dünya Bankı və
Azərbaycan hökuməti ilə birgə maliyyələşdirilən
"Milli Su Təchizatı və Kanalizasiya xidmətləri
üzrə İkinci layihə"nin rayonda həyata
keçirilməsi yeni iş yerlərinin
açılmasına öz təsirini göstərəcək,
o zaman Daşkəsəndə bu sahədə xeyli müsbət
irəliləyişin olacağı şübhə
doğurmur. Zarafat deyil, bu ilin iyun ayında layihənin həyata
keçirilməsinə başlandığı vaxtdan iki il
müddətinə 1500-dən artıq adam iş yeri
tapacaqdır. Yeri gəlmişkən qeyd edək ki, layihənin
icrası nəticəsində Daşkəsən şəhərinin
əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz
su ilə təmin ediləcəkdir.
Təkcə işsizlik deyil, digər sosial məsələlərin
həllinə yerlərdə laqeyd yanaşmaq, təbii fəlakətlərdən
ziyan çəkmiş adamlara lazımi köməklik göstərməmək,
bəzi məmurların özbaşınalığı, digər
neqativ hallar da bir sıra hallarda yuxarı orqanlara şikayətlərin
yazılması ilə nəticələnir.
Qəribədir ki, Daşkəsəndə əhalinin
böyük bir hissəsi bələdiyyə üzvlərinin,
icra nümayəndələrinin üzlərini aylarla, illərlə
görmürlər, hətta onları tanımırlar.
Heç bələdiyyə üzvlərinin özləri də
işlərinin nədən ibarət olduğunu bilmirlər.
Əhali ilə daha çox təmasda olan bir sıra
xidmət təşkilatlarının rəhbərləri də
onlara tapşırılan işin məsuliyyətini
lazımınca dərk etmədiyi üçün
narazılıqlara süni şərait yaradırlar. Artıq
"Su kanal" idarəsinin, tele-kommunikasiya
qovşağının, mədəniyyət şöbəsinin
rəhbərləri vəzifədən getmişlər.
Yeni avtovağzalın, bazarın, bir sıra inzibati
binaların tikintisinə start verilib. Hazırda yeni müasir
avtovağzal binasının tikintisi üçün
hazırlıq işləri görülür. Daxili imkanlar
hesabına şəhərin Cümə məscidində əsaslı
təmir işlərinə, Daşkəsən şəhərində
yeni iaşə və məişət xilməti göstərəcək
binanın tikintisinə başlanmışdır. Qəribədir
ki, hələ də adamların, o cümlədən
qonaq-qaranın normal bir yerdə nahar etməsi
üçün əməlli-başlı bir ictimai-iaşə
obyekti yoxdur.
Daşkəsəndə təbii fəlakətlər
tez-tez olur. Bir də gördün günün günorta
çağı göyün üzünü qara buludlar
aldı, yağış, sel-su, daşqın aləmi
başına götürdü. Yaxud güclü külək,
tufan, çovğun ətrafı viran qoydu, ev-eşiyə, təsərrüfata,
mal-qaraya külli miqdarda ziyan dəydi.
Rayonda elə sahə yoxdur ki, qəzalı binası
olmasın. Hündürmərtəbəli yaşayış və
inzibati binalar, tibb, təhsil, mədəniyyət ocaqları,
digər obyektlərdə iri çatlar, çökmələr
açıq-aşkar hiss olunur. Ümumiyyətlə, həm
bu binaların, həm də irimiqyaslı tikinti, yenidənqurma,
təmir-bərpa işlərinin aparılması
üçün mütəxəssislər tərəfindən
kompleks layihə, başqa sözlə albom-layihə işlənib
hazırlanır. Hazırda şəhərdəki qəza vəziyyətində
olan və sökülməsi nəzərdə tutulan
binaların sakinləri üçün ikimərtəbəli,
16 mənzilli yaşayış binasının tikintisi davam
etdirilir. Artıq bəzi idarələr üçün yeni
inzibati binaların tikintisi ilə əlaqədar torpaq sahələri
ayrılmışdır. Statistika idarəsi, Respublika MTN-nin
rayon şöbəsi və digər təşkilatlar
üçün yeni binalar inşa olunacaqdır.
Bir sıra nazirlik və şirkətlər Daşkəsənə
hərtərəfli köməklik göstərməyə
borcludurlar. Təəssüf ki, bir çox hallarda bu orqanlara
edilən müraciətlər, xahişlər cavabsız
qalır. Əziyyət çəkən isə yerli əhali
olur.
Bu sətirlərin müəllifi 16 il qabaq qəzetimizdə
"Daşkəsən: talan edilmiş rayon" adlı
geniş tənqidi məqalə yazmışdı. Burada bir
sıra məmurların qulluq mövqeyindən sui-istifadə
etməsi nəticəsində rayonda ciddi
narazılıqların yaranmasından, dövlət əmlakı
bölüşdürülərkən (özəlləşdirilərkən)
ədalətsizliklərə yol verildiyindən və digər
neqativ hallardan söhbət gedirdi.
İndi o illər arxada qalıb. Daşkəsən və
digər rayonlar ilbəil, aybaay dəyişir, gözəlləşir,
inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev rayonların və şəhərlərin
inkişafı üçün əlindən gələn
köməyi əsirgəmir, onlara vəsait ayırır, əlaqədar
nazirlik, şirkətlərə göstərişlər verir,
işlərin gedişini nəzarətə alır.
"Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial iqtisadi inkişafı
Dövlət Proqramı"nda Daşkəsən rayonu
üçün 20 tədbirin həyata keçirilməsi nəzərdə
tutulmuşdur. Bunlar ən müxtəlif sahələri -
yollardan tutmuş bitkiçilik, heyvandarlıq və
arıçılığın inkişafının dəstəklənməsinədək
böyük bir sahəni əhatə edir. "Azərsu" səhmdar
cəmiyyəti, səhiyyə, mədəniyyət və
turizm, təhsil, nəqliyyat, sənaye və energetika, kənd
təsərrüfatı və digər nazirliklər, "Azəristiliktəchizat"
ASC, "Azəryolservis" ASC, "Azərenerji" ASC və
başqaları görəcəkləri işlər
haqqında rayon icra hakimiyyətinə məlumatlar veriblər
və bu işlər nəzarətə
götürülüb. Bütün bunlar çox
yaxşı. Amma işin dəyəri ondadır ki,
kağız üzərindəki işlər reallaşır,
yüzlərin, minlərin razılığına
çevrilir.
Rayon icra hakimiyyətinin başcısı Əhəd
Abıyev Daşkəsənin tezliklə iri sənaye, turizm və
kənd təsərrüfatı rayonuna çevriləcəyini
bildirir:
-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
regionların sürətli və dinamik inkişafı
üçün əlindən gələni əsirgəmir.
Biz də ölkə Prezidentinin qayğısı və
köməyi nəticəsində tezliklə Daşkəsənin
şöhrətini hər yerə yayacağıq.
İcra hakimiyyətinin başçısı stolunun
üstündəki "Yeni Daşkəsən"in layihəsi
ilə bizi tanış edir və deyir:
-Xoşbulaq tamam dəyişəcək, gözəlləşəcək.
Biz bura xüsusi diqqət yetirəcəyik. Çünki
Xoşbulaq, sözun əsl mənasında, müqəddəs
bir yerdir, Kəbədir, Mədinədir, Pirdir, sanki ilahi bir
qüvvədir. Bura xəstə gələn adam sağlam
qayıdır. Bundan böyük, müqəddəs nə ola
bilər?!
"Yeni Daşkəsən" deyəndə yeni
inzibati və yeni yaşayış binaları, müasir
uşaq düşərgələri, təlim-tədris
ocaqları, gənclər üçün
idman-sağlamlıq, ticarət və əyləncə
kompleksləri və digər iri miqyaslı işlərin həyata
keçirilməsini nəzərdə tuturuq.
Əhəd Abıyev onu da əlavə etdi ki, bu gün
Daşkəsən iqtisadi cəhətdən lazımınca
inkişaf etməyib. Amma ümidvarıq ki, ölkə
Prezidentinin apardığı uğurlu siyasət nəticəsində
rayon tezliklə iri sənaye , turizm və kənd təsərrüfatı
rayonuna çevriləcək. Biz bunun üçün əlimizdən
gələni əsirgəməyəcəyik, islahatlar
aparacağıq, kadr potensialını gücləndirəcəyik
və s.
Bəli, Əhəd müəllimin dediyi kimi, bu gün
Daşkəsəndə hamı bu işlərin tezliklə həyata
keçməsini gözləyir. Yeni Daşkəsəni qurmaq
üçün məsul nazirlik və şirkətlər
öz məsuliyyətini dərindən dərk etməlidir. Əminik
ki, Daşkəsən tezliklə hamının həvəslə
üz tutacağı əsrarəngiz bir güşəyə
çevriləcəkdir.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2011.- 5 may.- S.13.