Dövlət
qayğısı neftçiləri yeni nailiyyətlərə
ruhlandırır
Azərbaycan neft sənayesinin qabaqcıl müəssisələrindən
sayılan "Abşeronneft" Neft və Qazçıxarma
İdarəsinin kollektivi son dövrlər neft və qaz
hasilatına dair tapşırıqları, bir qayda olaraq,
vaxtından əvvəl və artıqlaması ilə yerinə
yetirir. Bu qocaman neft və
qazçıxarma müəssisəsinin kollektivi cari ilin
birinci rübünün proqnoz tapşırıqlarını
da tam yerinə yetirməyə müvəffəq olmuşdur.
İdarədə hesab edirlər ki, qazanılmış
bütün bu uğurların başlıca səbəbi neft
sənayesinə, neftçi peşəsinə dövlət səviyyəsində
qayğı və diqqətin ilbəil artırılması ilə
bağlıdır. Məhz bütün bunlardan ruhlanan,
gün-güzəranlarının getdikcə
yaxşılaşmasını hiss edən neftçilər
dövlət qayğısına əməli işlə cavab
verməyə çalışırlar. Bu şərəfli
peşə sahibləri bir sadə həqiqəti də dərk
edirlər ki, ölkəmizin iqtisadi qüdrətinin ilbəil
artması, xalqımızın rifah halının anbaan
yaxşılaşması, həm də onların fədakar əməyindən
çox asılıdır.
İlin əvvəlindən uğurlu start götürən
"Abşeronneft" NQÇİ-nin kollektivi neft və qaz
hasilatı sahəsində yüksək göstəricilərə
imza atmışdır. Elə idarənin 2011-ci ilin ilk
üç ayının əsas göstəriciləri də
bunu sübut edir. Hesabat dövründə idarə üzrə
44 min 548 ton neft hasil edilərək tapşırığa
100,1 faiz əməl olunmuşdur. Bundan əlavə, birinci
rübdə neftçilər 43 min 792 ton "qara
qızıl" təhvil vermişlər ki, bu da nəzərdə
tutulduğundan bir qədər çoxdur. Yanvar-mart ayları ərzində
Pirallahı neftçiləri 11 milyon 820 min kubmetr qaz hasil
etmişlər. Yeri gəlmişkən, Pirallahı
adasının 17 minlik əhalisinin, eləcə də
buradakı sosial obyektlərin "mavi yanacağa" olan tələbatı
məhz "Abşeronneft" NQÇİ tərəfindən
istehsal edilən təbii qaz hesabına ödənilir. Cari ilin
üç ayı ərzində idarə üzrə 8 milyon
670 min kubmetrdən artıq "mavi yanacaq" təhvil
verilmişdir.
Neft hasilatı üzrə proqnoz
tapşırıqlarının artıqlaması ilə yerinə
yetirilməsinin başlıca səbəbi istismar fonduna daxil
olan quyuların hər birinin imkanlarının diqqətlə
öyrənilməsi, işlək fondun təzələnməsi
üçün məqsədyönlü tədbirlərin
vaxtlı-vaxtında həyata keçirilməsi ilə
bağlıdır. Hazırda "Abşeronneft"
NQÇİ-nin ümumi istismar fonduna 543 quyu daxildir. Həmin
quyulardan 432-si neft verir. Müəyyən səbəblər
üzündən istismarı dayandırılmış
quyulardan isə daha məhsuldar hesab olunanların bərpa edilərək
yenidən işlək fonda qaytarılması üçün
lazımi tədbirlər görülür. 2011-ci ilin ötən
üç ayında fəaliyyətsiz fonddan 18 quyu yenidən
istismara daxil edilmişdir ki, onlardan da 476 ton əlavə neft
alınmışdır.
İdarə üzrə neft və qaz hasilatının
sabit saxlanılması məqsədilə geoloji-texniki tədbirlərin,
eləcə də cari və əsaslı təmir işlərinin
vaxtlı-vaxtında aparılmasına da xüsusi diqqət
yetirilir. Bu da yüksək iqtisadi səmərə verir. Cari
ilin birinci rübündə mədənlərdə həyata
keçirilmiş 8 geoloji tədbir hesabına 594,6 ton neft
çıxarılmışdır ki, bu da həmin göstərici
üzrə nəzərdə tutulduğundan 65,7 ton
çoxdur. Bundan əlavə, hesabat dövründə həyata
keçirilmiş texniki tədbirlər də yüksək
iqtisadi səmərə ilə müşayiət
olunmuşdur. Belə ki, quyularda aparılmış 121
texniki tədbir hesabına 434,4 ton neft hasil edilmişdir.
Yanvar-mart aylarında idarənin əsaslı təmir
briqadaları daha böyük uğura imza atmışlar. Belə
ki, hesabat dövründə 20 əvəzinə 24 əsaslı
təmir işi aparılmış, bunun da hesabına 1059 tondan
çox neft çıxarılmışdır ki, bu da ötən
ilin müvafiq dövrü ilə müqayisədə 368 ton
çoxdur. Quyuların sabit rejimdə işləməsinin
qayğısına qalan cari təmir briqadaları isə
ötən müddətdə 395 yeraltı təmir işi
aparmışlar.
"Abşeronneft"
NQÇİ-nin tarixi ötən əsrin əvvəllərində
- 1902-ci ildə "Pirallahı" yatağının
işlənməyə cəlb edilməsi ilə
başlanmışdır. İdarədə neft
hasilatının həcminə görə əsas yeri tutan
"Pirallahı" yatağı bütün adanı əhatə
edir və qismən də dənizə çıxır.
İdarənin istismar etdiyi "Gürgan", "Darvin bankəsi"
və "Abşeron bankəsi" yataqlarından isə
ötən əsrin ortalarından neft
çıxarılır. Ötən müddətdə
adı çəkilən yataqlarda 1990-dan çox quyu
qazılmış, 51 milyon tondan artıq neft
çıxarılmışdır.
"Abşeronneft"
NQÇİ-nin istismar etdiyi yataqlarda qalıq neft
ehtiyatları hələ çoxdur. Mütəxəssislərin
hesablamalarına görə, bu yataqlarda
çıxarılması mümkün olan 5-6 milyon ton neft
var. Həmin ehtiyatların çıxarılmasını təmin
etmək məqsədilə müasir platformalar
quraşdırılır, daha məhsuldar qatlara yeni quyular
qazılır. Hazırda"Darvin bankəsi"
yatağında 12 istismar quyusunun qazılmasına imkan yaradacaq
670 saylı stasionar dəniz özülünün tikintisi
uğurla davam etdirilir. Ötən müddətdə layihənin
podratçısı olan "Neftqaztikinti" Tresti və
subpodratçı təşkilatlar tərəfindən
"Şıxlinski" kran gəmisi vasitəsilə dənizdə
9 ədəd dayaq bloku, eyni sayda aralıq seksiya və 12 yanalma
meydançası quraşdırılıb. "Qərbi
Abşeron" yatağında "Xəzər-4" üzən
qazma qurğusu ilə qazılmış beş yeni quyunun
quyuağzı avadanlıqlarla abadlaşdırılması
işləri isə cari ilin yanvar ayında başa
çatdırılıb.
İdarə
üzrə yığım-nəql infrastrukturunun
imkanlarının artırılması istiqamətində də
zəruri işlər görülür. Belə ki, 38 saylı
dərin dəniz özülündən 401 saylı
neft-yığım məntəqəsinədək olan 15500 metrlik
sualtı qaz xəttinin tikintisi artıq başa çatmaq
üzrədir. Bundan əlavə, 401 saylı
neft-yığım məntəqəsindən 4 saylı
kompressor stansiyasınadək 10347 metr uzunluğunda qaz xətti
çəkilərək istismara verilmişdir. Adı çəkilən
məntəqəni 340 saylı stasionar dəniz
özülü ilə birləşdirəcək 6200 metrlik xəttin
də artıq 4500 metrədək hissəsi çəkilmişdir.
Bütövlükdə isə hazırda "Neftqazelmitədqiqatlayihə"
İnstitutu tərəfindən "Abşeronneft"
NQÇİ-nin yığım-nəql sisteminin yenidən
qurulması ilə bağlı yeni layihə hazırlanır.
Artıq birinci buraxılış kompleksi layihələndirilmiş
və ilkin layihə-smeta sənədləri sifarişçiyə
təqdim olunmuşdur.
Hazırda 1
saylı neft-qazçıxarma sexinin ərazisində yeni su
nasosxanası inşa olunur. Burada 153 metr estakada çəkilib,
meydança tikilir. 320 metrlik su xəttinin çəkilişi
isə yaxın vaxtlarda başa çatdırılıb.
İdarə üzrə həyata keçirilən
mühüm layihələrdən biri də dəniz suyunu
şirinləşdirən "əks-osmos" tipli təmizləyici
qurğunun tikintisidir. Artıq obyektdə su xətti çəkilib,
yarımstansiya və nasosxana binaları tikilib, ərazidə
abadlaşdırma işləri aparılıb. Hazırda isə
obyektdə nasoslar quraşdırılır. Bununla
yanaşı, müasir standartlara cavab verən neft
laboratoriyasının təmiri və yeni avadanlıqlarla təchizi
işləri də müvəffəqiyyətlə başa
çatdırılaraq obyekt istismara verilib.
Məlum olduğu kimi, neft sənayesinə, bu sahədə
çalışanlara dövlət qayğısı ilbəil
artır. Bu da zəngin təcrübəyə malik olan
neftçilərimizi yeni-yeni nailiyyətlərə
ruhlandırır. Hazırda işlənmənin növbəti
mərhələsində olan "Pirallahı", "Darvin
bankəsi", "Gürgan" və "Abşeron bankəsi"
yataqlarının istismarını həyata keçirən
"Abşeronneft" NQÇİ-nin kollektivi də
imkanlardan maksimum istifadə etməyə
çalışır. İdarənin rəisi Qoçalı
Mahmudov deyir ki, Dövlət Neft Şirkəti və
"Azneft" İstehsalat Birliyi rəhbərliklərinin
lazımi diqqət və qayğısı nəticəsində
neftçilərin sosial və iş şəraitləri tam
yaxşılaşdırılmışdır. Elə təchizat
məsələləri də ən yüksək səviyyədədir.
Dövlət qayğısını hər an hiss edən
neftçilər hasilat tapşırıqlarının, eləcə
də yerlərdə keçirilən səyyar müşavirələrdə
qaldırılan məsələlərdən irəli gələn
vəzifələrin yerinə yetirilməsi üçün
bütün imkanları tam səfərbər etmişlər...
"Abşeronneft" NQÇİ-nin kollektivi
Pirallahı qəsəbəsində həyata keçirilən
abadlaşdırma və yaşıllaşdırma işlərində
də yaxından iştirak edir. Ölkə Prezidenti İlham Əliyevin
təşəbbüsü ilə elan olunmuş "Ekologiya
ili" çərçivəsində xeyli iş görən
neftçilər cari ilin birinci rübündə də bu vacib
məsələni diqqət mərkəzində saxlayaraq daxili
imkanlar hesabına Pirallahı adasında mindən artıq
zeytun ağacı əkmiş, mədən ərazilərində
bir sıra təmizlik-abadlıq işləri aparmışlar.
Göründüyü kimi, neft və qaz hasilatı
üzrə dövlət plan və
tapşırıqlarını artıqlaması ilə yerinə
yetirən "qara qızıl" ustaları abadlıq və
yaşıllaşdırma tədbirlərində də
yaxından iştirak edir, Xəzərin ləpədöyənində
yerləşən Pirallahı adasının
paytaxtımızın ən abad və yaraşıqlı
güşələrindən birinə çevrilməsi
üçün səy göstərirlər.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2011.- 5 may.- S. 13.