Bakı və
Abşeronda məişət tullantılarının idarə
edilməsinin təkmilləşdirilməsi istiqamətində
işlər davam etməkdədir
Alman filosoflarından biri deyib ki, insanlar Yer kürəsinə
düşmüş zərərli bakteriyalardır. Onlar
haçansa Yer kürəsini məhvə gətirib
çıxaracaqlar. Bu, doğrudanmı, belədir? Həqiqətən,
biz insanlar uzun illərdir ki, yaşadığımız təbiəti
öz nizamsız fəaliyyətimizlə, demək olar ki, məhvə
aparmaqdayıq. İndi dünyanın bütün ekoloqları
ətraf mühitin çirklənməsi kimi çox ciddi
problem barədə əsl həyəcan təbili
çalırlar.
Dünyanın nüfuzlu beynəlxalq ekoloji təşkilatları
da bu durumdan haqlı olaraq ciddi narahatlıq keçirirlər.
Bu gün çoxsaylı dövlətlər "qəzəblənmiş"
təbiətin yaratdığı fəlakətlərlə
üzləşiblər. Azərbaycan da onların
sırasındadır və son illər ölkəmiz də təbiətin
qəzəbinə tuş gəlib. Baş verən
qasırğalar, torpaq sürüşmələri, vulkanlar,
sarı palçıq yağışları, daşqınlar
və digər fəlakətlər Azərbaycanı ciddi
çətinliklərə məruz qoyub. Son illər ölkəmizdə
aparılan davamlı ekoloji siyasət və ətraf mühitə
qayğıkeş münasibət də məhz təbiətin
bu qəzəbli çağırışlarını gec də
olsa, cavablandırmaq məqsədi daşıyır.
Ölkəmizdəki ekoloji problemlər sırasında
məişət tullantılarının idarə olunması
olduqca aktualdır və bu istiqamətdə son illər
çox əhəmiyyətli layihələr həyata
keçirilir. "Ekologiya ili" ilə bağlı
müşavirədə cənab Prezident bu məsələnin
vacibliyini xüsusi olaraq vurğulamış, Bakı və
Abşeronun bu problemlərdən daha çox zərər
çəkdiyini bildirmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
verdiyi rəsmi məlumata görə Bakıda orta hesabla
adambaşına 350 kiloqram tullantı düşür. 2008-ci
ilin məlumatında belə bir fakt göstərilir ki,
Bakı şəhərində 2540 zibiltoplama məntəqəsi,
şəhərin Sabunçu, Suraxanı və Qaradağ
rayonlarının ərazisində 3 tullantı poliqonu fəaliyyət
göstərirdi.
Bakı və Abşeronun məişət
tullantıları ilə çirklənməsinin
qarşısının alınması son dövrlərə qədər
ictimaiyyəti və dövlətimizi narahat edən aktual məsələ
kimi qarşıda dururdu. Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin yaradılması bu problemin həllində çox
mühüm və əhəmiyyətli rol
oynamışdır. Cənab Prezidentin həyata keçirdiyi
ekoloji siyasətin, o cümlədən Bakı və
Abşeronun ekoloji probleminin həllinə istiqamətlənmiş
dövlət tədbirlərinin reallaşmasında bu nazirliyin
müstəsna rolu vardır.
Cənab Prezidentin 2008-ci il avqustun 6-da "Bakı şəhərində
məişət tullantıları ilə bağlı idarəetmənin
təkmilləşdirilməsi haqqında" sərəncamı
tullantıların idarə olunmasının təkmilləşdirilməsi
məsələsinin həllinə yönəlmiş ilk
mühüm addım idi. Sərəncamda deyilirdi ki, məişət
tullantılarının yığılması,
daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi
sahəsində ciddi çatışmazlıqlar hələ də
mövcuddur.
Doğrudan da, Bakıda məişət
tullantılarının daşınmasında və zərərsizləşdirilməsində
vahid sistemin yaradılmasına böyük ehtiyac var idi.
Yığılan zibilin emal edilməsindən və zərərsizləşdirilməsindən
istifadə imkanları tullantıların poliqonlarda
yığılıb qalması, bir çox yerlərdə
icazəsiz zibilliklərin əmələ gəlməsi və
ətraf mühitin çirklənməsi ciddi narahatlıq doğururdu.
Ona görə də gündən-günə yeniləşən,
əsl tikinti-quruculuq meydanına çevrilən
Bakımızı həm də təmiz şəhər kimi
saxlamaq məqsədilə yeni layihələrin həyata
keçirilməsi çox vacib idi. Sərəncama əsasən,
Bakı şəhərinin məişət
tullantılarının idarə olunması iki mərkəzə
həvalə olunurdu: Bakı Şəhər İcra Hakimiyyətinə
və yeni yaradılacaq "Təmiz şəhər"
Açıq Səhmdar Cəmiyyətinə.
"Təmiz Şəhər" Açıq Səhmdar
Cəmiyyəti Bakı şəhərinin ərazisində əmələ
gələn bütün bərk məişət
tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi
işlərini həyata keçirməli idi. Onun fəaliyyətini
genişləndirmək üçün Bakı Şəhər
İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı
Departamentinin balansında və xidmət dairəsində olan
Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi
poliqonu, Suraxanı və Qaradağ rayonlarının ərazisində
yerləşən bərk məişət
tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi
sahələri əmlakları ilə birgə "Təmiz
Şəhər" ASC-nə verildi. Digər tərəfdən
müstəqil mənzil fondu olan dövlət idarə müəssisə
və təşkilatlarda bu tullantıların
yığılması və daşınması ilə
bağlı funksiyaları və bu funksiyaların yerinə
yetirilməsi üçün balanslarında olan zibiltoplama məntəqələri,
maşın-mexanizmləri və avadanlıqları Bakı
Şəhər İcra Hakimiyyətinə verildi.
Sərəncamda "Təmiz Şəhər"
ASC-nin fəaliyyətinin beynəlxalq təcrübənin
öyrənilməsi və bu işin daha səmərəli təşkili
üçün yolların müəyyənləşdirilməsi
mühüm vəzifə kimi qarşıya qoyulurdu.
1963-cü ildən fəaliyyət göstərən
Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi
poliqonunda işlər bu cəmiyyətə həvalə
olundu. Hələ, 2006-cı il 28 sentyabr tarixində cənab
Prezidentin xüsusi sərəncamı ilə təsdiq
olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər
Planı"nda Balaxanı qəsəbəsindəki xüsusi
zavodun tikintisi nəzərdə tutulmuşdu. Artıq bu zavodun
tikintisinə başlanmış və yaxın gələcəkdə
yəqin ki, Bakı şəhəri məişət
tullantılarının emalı problemi həll ediləcəkdir.
Bu zavod hər cəhətdən səmərəlidir. Əvvəla,
zavod ilkin işəsalma anı istisna olmaqla, istismar zamanı
yanacaq tələb etməyəcək. Atmosferə buraxılan
qazların həcmi yerli normativlərə uyğun gəlməklə
yanaşı, həm də Avropa Birliyinin normativlərinə
tam cavab verəcək. Təmizlənmiş kül tozu poliqonda
basdırılacaq.
İlkin olaraq qeyd edək ki, "Açıq Şəhər"
ASC İçərişəhərdə tullantıların
çeşidlənməsi layihəsini həyata
keçirmişdir. Bu layihə çərçivəsində
İçərişəhərin YUNESKO-nun "Dünya irs
siyahısına" daxil olan ərazi kimi sahmanlı görkəminin
saxlanılması, tullantıların vaxtlı-vaxtında təmizlənməsi
"Ekologiya ili" elan edilmiş 2010-cu ildə mərhələli
şəkildə reallaşdırılmışdır. Bu
gün İçərişəhərin, həqiqətən,
"Təmiz Şəhər" kimi qorunması layihənin
çox önəmli nəticəsidir. İçərişəhərin
ərazisində 2010-cu ildə bu layihə ilə bağlı
təbliğat işləri aparılmış, buraya gələn
qonaqlar layihə ilə tanış edilmişlər. Burada da
tullantılar çeşidlənir, üzvi və qeyri-üzvi
hissələrə ayrılır. Bu iş hazırda davam edir
və müsbət nəticə verir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə
"Təmiz Şəhər" ASC tərəfindən Qala
qəsəbəsində həyata keçirilən "Təmiz
Qala" layihəsi çərçivəsində
tullantıların toplanması üçün 60-dan çox
tullantı meydançası qurulub, tullantıların
daşınması üzrə marşrut müəyyən
edilib, müntəzəm yığım və daşınma
işi təşkil olunub. Burada daha 30 meydançanın qurulması
nəzərdə tutulur. Tullantı konveyerləri sanitar və
gigiyenik normalara uyğun olaraq mütəmadi təmizlənir.
Hazırda tullantıların idarə edilməsinin
düzgün və səmərəli icrası məqsədilə
qəsəbədə tullantıların üzvü və
qeyri-üzvi növləri üzrə evlərdə
çeşidlənməsi sistemi tətbiq edilir. Qala qəsəbəsində
olduğumuz müddətdə burada bir neçə ailə ilə
əlaqə yaratdıq. Məlum oldu ki, burada məsələ
ilə bağlı geniş təbliğat-təşviqat
işləri aparılır. Sakinlər deyirlər ki, layihənin
icraçıları təbliğat işini gücləndirmək
üçün qəsəbədəki uşaq
bağçalarına gəlir, məktəblərdə olur və
ekoloji maarifləndirmə işi aparırlar.
Tullantıların idarə olunmasında mühüm rol
oynayan digər mərkəz Bakı Şəhər İcra
Hakimiyyətidir. Bakı Şəhər İcra Hakimiyyəti
nəzdində 2006-cı ildə yaradılan Bakı Şəhər
Kommunal Xidmət müəssisəsi məişət
tullantılarının yığılmasında son illər əhəmiyyətli
rol oynamışdır. Prezidentin 2008-ci il sərəncamından
sonra bu təşkilatın fəaliyyəti daha da genişlənmiş,
şəhərin məişət tullantılarından
vaxtlı-vaxtında təmizlənməsi işi xeyli sürətlənmişdir.
Müəssisənin rəhbəri Ramiz Verdiyevin verdiyi məlumata
görə hazırda Qaradağ, Nizami və Xəzər
rayonları istisna olmaqla Bakının bütün
rayonlarında məişət tullantılarının
yığılması və daşınması müəssisə
tərəfindən həyata keçirilir. Daşınan
tullantılar Balaxanı poliqonuna çatdırılır,
orada isə bu tullantılar çeşidlənərək bir
hissəsi yandırılır, digər hissəsi isə
istifadə olunur. Buradakı zavod işə salındıqdan
sonra həmin tullantılar zavod tərəfindən emal
olunacaq.
Ramiz müəllimin sözlərinə görə bu
müəssisə Biləcəri, Suraxanı və
Qaraçuxur qəsəbə bələdiyyələrini ərazisindəki
tullantıları da daşıyır. Abşeronda yerləşən
elə qəsəbə bələdiyyələri var ki, onlar
özləri bu tullantıların daşınmasını təmin
edirlər.
Qeyd edək ki, bu gün bəzi rəsmi fəaliyyət
göstərən poliqonlar ekoloji norma və standartlara cavab
vermir. Belə ki, onların ərazisi hasara alınmamış
və nəzarət təşkil olunmamışdır,
tullantılar boşaldıqdan sonra torpaq qatı ilə
örtülərək basdırılmır. Çeşidləmə
aparılmadığından təhlükəli və bir
sıra sənaye tullantıları məişət
tullantıları ilə birlikdə poliqonda yerləşdirilir.
Abşeron rayonu ərazisinin bəzi qəsəbələrində
bələdiyyələr hələ də məişət
tullantılarının daşınmasını tam təmin
edə bilmirlər. Bu da qəsəbə sakinlərinin
haqlı narazılığına səbəb olur. Xüsusilə
Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ və Xəzər
rayonu qəsəbələrində belə hallara tez-tez rast gəlmək
olur. ANS televiziya kanalının "İç xəbər"
verilişində biz tez-tez bununla bağlı süjetlərin
şahidinə çevrilirik. Bakı və Abşeronun məişət
tullantılarının vahid mərkəzdən idarə
olunmaması məsələnin kompleks həllinə əngəl
törədir. Bu gün bələdiyyələrin çoxu
texnikanın çatışmazlığı ucbatından
tullantıların vaxtlı-vaxtında
daşınmasının çətinləşdiyini bildirirlər.
Mütərəqqi xarici təcrübə göstərir
ki, məişət tullantılarının idarə
olunması sisteminin səmərəli fəaliyyət göstərməsi
üçün optimal mexanizm zəncirinin - çeşidlənmə,
yığılma, daşınma, yerləşdirmə, emal,
istifadə, utilizasiya, zərərsizləşdirmə və
basdırılma - bütün həlqələri yerində
olmalıdır. Bu həlqələrdən hər hansı
birinin yerində olmaması və yaxud düzgün işlənməməsi,
bütövlükdə sistemdə ciddi problemlərə gətirib
çıxarır. Əfsuslar olsun ki, Azərbaycanda hələ
də belə sistem tam fəaliyyət göstərmir. Ancaq
görülmüş işlərin nəticələri bir
daha təsdiq edir ki, məişət tullantılarının
idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində
işlər belə davam etsə, yaxın gələcəkdə
Abşeronu və Bakı şəhərini belə
tullantılardan xilas etmək mümkün olacaq.
Mehdi MÜKƏRRƏMOĞLU
Məqalə Azərbaycan Respublikası Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan
Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim
edilir.
Xalq qəzeti.- 2011.- 5 may.- S. 14.