Türkdilli Ölkələrin Parlament
Assambleyasının
(TürkPA) II plenar sessiyası başa
çatmışdır
27-28 aprel 2011-ci il tarixdə Qazaxıstan
Respublikasının paytaxtı Astana şəhərində
Türkdilli Ölkələrin Parlament Assambleyasının II
plenar sessiyası keçirilmişdir. Plenar sessiya Azərbaycan,
Qazaxıstan və Qırğızıstanın müstəqillik
qazanmasının 20-ci ildönümünə həsr
olunmuşdur.
Plenar sessiyada
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun,
Qazaxıstan Respublikasının Parlamenti Məclisinin sədri
Ural Muxamedcanovun, Qazaxıstan Respublikasının Parlamenti
Senatının sədri Kayrat Maminin, Qırğızıstan
Respublikası Coqorku Keneşinin sədri Axmatbek Keldibekovun və
Turkiyə Böyük Millət Məclisinin sədri Mehmet Ali
Şahinin rəhbərliyi altında nümayəndə heyətləri
iştirak etmişlər.
İslam
Konfransı Təşkilatı Parlament İttifaqının
Baş katibi Mahmud Erol Kılıç, Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının Baş katibi, səfir
Halil Akıncı, Asiyada Qarşılıqlı Fəaliyyət
və Etimad Tədbirləri üzrə Müşavirənin
baş katibinin müavini Serhad Varlı, TÜRKSOY-un Baş
katibinin müavini Fırat Purtaş da xüsusi qonaq qismində
plenar sessiyaya qatılmışlar.
Əvvəlcə
TürkPA üzvü olan ölkələrin - Azərbaycan,
Qazaxıstan, Qırğızıstan və Türkiyə
parlament sədrlərinin iştirakı ilə Assambleya
Şurasının iclası keçirilmişdir. Şuranın
iclasını TürkPA-nın fəaliyyətdə olan sədri,
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov
açmış, daha sonra rəsmi mərasim ilə sədrlik
Azərbaycandan Qazaxıstana keçmişdir. Assambleya
Şurasının iclasında baş katib tərəfindən
2010-cu il üzrə illik fəaliyyət hesabatı, 2011-2012-ci
illər üçün hazırlanmış büdcə
layihələri təqdim olunmuş, TürkPA beynəlxalq
müşahidəçilər missiyasının
Qırğızıstanda və Azərbaycanda
keçirilmiş parlament seçkilərində,
Qazaxıstanda keçirilmiş növbədənkənar
prezident seçkilərində iştirakı ilə
bağlı məlumatlar dinlənilmiş, assambleyanın
reqlamentinə, katibliyin əsasnaməsinə əlavə və
dəyişikliklərin edilməsinə dair müzakirələr
aparılmışdır. TürkPA-nın rəsmi
bayrağı və emblemi, Qırğızıstan tərəfinin
təqdimatı əsasında Coqorku Keneşin nümayəndəsinin,
TürkPA baş katibinin müavini vəzifəsinə
seçilməsi və növbəti III plenar sessiyanın
Bişkekdə keçirilməsi məsələləri
plenar sessiyanın gündəliyinə daxil edilmişdir. Həmçinin,
İslam Konfransı Təşkilatı Parlament
İttifaqının müraciətinə baxılaraq,
sözügedən təşkilata TürkPA-da müşahidəçi
statusu verilmişdir.
İclasın
sonunda İstanbul Sazişinə edilmiş əlavə və
düzəlişlərə və TürkPA üzvü olan
ölkələrin parlamentlərinin kitabxanaları arasında
əməkdaşlığa dair protokolların imzalanma mərasimi
keçirilmişdir.
TürkPA-nın
II plenar sessiyası öz işini davam etdirmişdir. Sessiyanı
TürkPA-nın fəaliyyətdə olan sədri,
Qazaxıstan Respublikasının Parlamenti Məclisinin sədri
Ural Muxamedcanov açmış, daha sonra digər parlamentlərin
sədrlərinin çıxışları dinlənilmişdir.
Sessiyada katibliyin 2011-2012-ci illər üçün nəzərdə
tutulmuş büdcəsi, assambleyanın reqlamentinə və
katibliyin əsasnaməsinə əlavə və dəyişikliklər,
TürkPA-nın rəsmi bayraq və emblemi qəbul
edilmişdir.
Daha sonra
Qazaxıstan tərəfindən təqdim olunmuş namizəd
TürkPA baş katibinin müavini vəzifəsinə
seçilmiş, III plenar sessiyanın Bişkekdə
keçirilməsi ilə bağlı qərar qəbul
edilmişdir.
Bundan başqa
TürkPA-nın yeni dörd daimi komissiyası
yaradılmışdır. Yeni yaradılmış Beynəlxalq
əlaqələr komissiyasının sədrliyinə Azərbaycan
nümayəndə heyətinin üzvü Əhliman Əmiraslanov,
sosial, mədəni və humanitar məsələləri
komissiyasının sədrliyinə Qazaxıstan nümayəndə
heyətinin üzvü Qarifolla Yesim, iqtisadiyyat, ticarət və
maliyyə məsələləri komissiyasının sədrliyinə
Qırğızıstan nümayəndə heyətinin
üzvü Kocobek Rıspayev və Hüquq məsələləri
komissiyasının sədrliyinə Türkiyə nümayəndə
heyətinin üzvü Agah Kafkas seçilmişlər.
Yeni reqlamentə
əsasən daimi komissiyaların səlahiyyətləri və
fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.
TürkPA
katibliyinin əsasnaməsinə edilmiş əlavə və dəyişikliklərə
əsasən yeni yaradılmış daimi komissiyaların
işinin səmərəliyini təmin etmək məqsədi
ilə komissiya katibləri vəzifəsi təsis edilmiş, səlahiyyətləri
və fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.
TürkPA
Baş Katibinin, onun müavinlərinin və komissiya katiblərinin
beynəlxalq məmur hesab edilməsi ilə bağlı bəndlər
də TürkPA Katibliyinin Əsasnaməsinə daxil
edilmişdir.
İstanbul
Sazişinə edilmiş yeni dəyişiklərlə
TürkPA-nın rəsmi dilləri tərkibinə BMT-nin rəsmi
dillərindən biri olan ingilis dili əlavə edilmiş,
üzv dövlətlərin TürkPA-dakı nümayəndə
heyətlərinin say tərkibi 7-dən 9-a
çatdırılmış, Qazaxıstan Parlamenti
Senatının sədri TürkPA Assambleya Şurasının
üzvlüyünə daxil edilmişdir.
Tədbirin
sonunda sessiyanın yekun sənədi olan Astana Bəyannaməsi
qəbul edilmiş və üzv ölkələrin parlament sədrlərinin
iştirakı ilə mətbuat konfransı
keçirilmişdir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 5 may.- S. 12.