Nərimanov
rayonunda Heydər Əliyevin 88 illiyi ilə bağlı tədbir
keçirildi
Dünən Bakının Nərimanov Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda geniş tədbir keçirildi. Tədbirdə Milli Məclisin deputatlarından Rasim Musabəyov, Ceyhun Osmanlı, Sevinc Fətəliyeva, Adil Əliyev, rayon gənclərinin nümayəndələri iştirak edirdilər. Toplantı, eyni zamanda, rayon gənclərinin gənclərlə bağlı hazırlanmaqda olan dövlət proqramına təkliflərini öyrənmək məqsədi daşıyırdı.
RİH başçısı Abdin Fərzəliyev bildirdi ki, müasir Azərbaycanın qurucusu və banisi olan Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik illərində ölkənin istər ictimai-siyasi, istər sosial-iqtisadi, istərsə də mədəni cəhətdən inkişafında əvəzsiz xidmətlər göstərmiş böyük siyasi xadimdir. Başçının sözlərinə görə, ulu öndər həm də müstəqil Azərbaycanda dövlət gənclər siyasətinin əsaslarını yaradıb, özünün bütün fəaliyyəti dövründə xalqa və onun aktiv hissəsi olan gənclərə arxalanıb. Gənclər və İdman Nazirliyinin yaradılması da Heydər Əliyevin gənclərə qayğısının baris bir nümunəsidir.
A.Fərzəliyev Prezident İlham Əliyevin də gənclərlə iş məsələsinə həmişə böyük önəm verdiyini qeyd edərək bildirdi ki, bu ilin aprelində dövlət başçısının Azərbaycan gənclərinin bir qrup nümayəndəsi ilə görüşməsi buna əyani sübutdur. Başçının dediyinə görə, gənclərlə görüşdə Prezident Azərbaycan gənclərinin hərtərəfli inkişafı ilə bağlı xüsusi dövlət proqramına ehtiyac olduğunu qeyd edib və bu proqramın hazırlanmasında ölkə gənclərinin fəal iştirak etməsini istədiyini bildirib. Ona görə də Nərimanov RİH də proqramın hazırlanması dövründə rayon gənclərinin fikir və təkliflərini öyrənmək və onları işçi qrupuna təqdim etmək niyyətindədir. Başçı rayon gənclərini bu prosesdə yaxından iştirak etməyə, fəallıq göstərməyə çağırdı.
Onun sözlərinə görə, bu gün gənclərin nümayəndələri ölkənin, eləcə də Nərimanov rayonunun ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm rol oynamaqdadır. Onların ən bacarıqlı, siyasi cəhətdən yetkin nümayəndələri dövlət və icra strukturlarının yuxarı mövqelərinə irəli çəkilir. Hazırda Azərbaycan gənclərinin nümayəndələri Milli Məclisdə, dövlət və icra aparatında təmsil olunur, sahibkarlıq, biznes və s. sahələrdə öz potensiallarını reallaşdırırlar. Onlar ölkədə aparılan genişmiqyaslı abadlıq, quruculuq işlərində fəal iştirak edir, ekoloji problemlərin həllinə töhfələr verir, ölkənin idman şərəfini xarici ölkələrdə layiqincə qoruyular. Bu baxımdan rayon gəncləri də böyük fəallıq göstərirlər. Bu gün onlar təhsil, səhiyyə və digər sahələrdə çalışır, rayonun sosial-iqtisadi inkişafına kömək edirlər. RİH isə onların hər bir arzu və istəyini yerinə yetirməyə, təkliflərini nəzərə almağa hazırdır. Bu istiqamətdə artıq xeyli işlər görülüb. Yaxın vaxtlarda istifadəyə veriləcək rayon ərazisindəki Heydər Əliyev Mərkəzi isə gənclərin fəaliyyətinin genişlənməsi və əlaqələndirilməsində mühüm rol oynayacaq. 10 hektara qədər ərazisi olan mərkəzdə gənclərin məşğulluğu, eləcə də mədəni istirahəti üçün hər cür şərait olacaq.
Milli Məclisin deputatı Ceyhun Osmanlı bu gün Azərbaycan gənclərinin tarixdə heç zaman olmamış bir fürsət qazandığını qeyd etdi. Bunlar ölkənin müstəqilliyinin verdiyi geniş imkanlardır. Dövlət gənclərin inkişafına böyük diqqət yetirir, gənclər siyasətində onların bütün maraqları nəzərə alınır, gənclərimiz dünyanın hər yerində Azərbaycanı təmsil etmək imkanı qazanıblar. Ölkə Prezidenti İlham Əliyev gənclərlə görüşündə onların hər bir təklifinin nəzərə alınacağını bildirib. Təkcə həmin görüşdə 45-ə qədər təklif irəli sürülüb. Gənclərin digər təklifləri də toplanaraq hazırlanmaqda olan dövlət proqramında əks olunacaq.
Deputat Sevinc Fətəliyeva gənclərimizin həmişə Heydər Əliyevin qayğısı ilə əhatə olunduğunu, bu gün isə həmin siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirdi, gəncləri dövlət başçısının ətrafında sıx birləşməyə çağırdı.
Deputat Adil Əliyev Heydər Əliyevin anadan olmasının 88-ci il dönümünün ölkənin hər yerində qeyd edildiyini, Nərimanov rayon ictimaiyyətinin də ulu öndərin xatirəsini əziz tutduğunu bildirdi. Onun sözlərinə görə, Heydər Əliyevin vaxtilə gördüyü işlərin xoş nəticəsini Azərbaycan gəncliyi indi görür. Müstəqil Azərbaycanın inkişafının əsası məhz onun ölkəyə rəhbərlik etdiyi illərdə qoyulub. Məhz onun zəhmətinin bəhrəsidir ki, bu gün gənclərimiz azad və müstəqil şəkildə yaşaya, işləyə, həyatın bütün sahələrində uğurlar qazana bilirlər. Bunları nəzərə alaraq onlar yeni dövlət proqramında görmək istədikləri məsələlərlə bağlı təkliflərini irəli sürməlidirlər.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Heydər Əliyevin gənclərlə bağlı geniş bir siyasi işi təkbaşına həyata keçirdiyini qeyd etdi. Onun sözlərinə görə, ulu öndər hələ sovet dönəmində təxminən 10 min nəfər gənci SSRİ-nin böyük şəhərlərində təhsil almağa göndərib və bununla da Azərbaycanın gələcək peşəkar mütəxəssislərini hazırlayıb. Bu gün onlar ölkənin bir çox sahələrdə uğurlar qazanmasını təmin edirlər. İndi isə Azərbaycan müstəqil dövlətdir və ölkənin gələcəyi üçün sağlam, savadlı kadrlar lazımdır. Azərbaycan dövləti məhz bu siyasəti davam etdirir. Hazırlanan dövlət proqramı isə gənclərin qarşısında bütün sahələr üzrə geniş yollar açır.
Sonda gənclər təşkilatlarının nümayəndələri çıxış edərək öz fikir və təkliflərini bildirdilər.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2011.- 6 may.- S. 10.