Tarix şəxsiyyətləri deyil, şəxsiyyətlər tarixi yaradır!

 

Vətənə, xalqa, ulu öndərimiz Heydər Əliyevin ideyalarına, Prezident İlham Əliyevin siyasi kursuna sədaqət dinamik inkişafın etibarlı təməlidir

Tarix nədən yaranır? Tarixi insanlar yaradır. İnsanların şəxsiyyəti tarixi yaradır - əgər onlar şəxsiyyətdirlərsə. Bir də ki, bu şəxsiyyətlərin yaratdıqları əsərlər, qoyub getdiyi irs bu tarixi yaradır.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayır və möhkəmlənir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin iştirakı və rəhbərliyi ilə reallaşdırmaq mümkündür. Bu mənada Mustafa Kamal Atatürkün Türkiyə, Şarl De Qollun Fransa üçün etdiklərini ulu öndərimiz Heydər Əliyev ən çətin məqamda Vətəni və xalqı naminə edib. XX əsr Azərbaycan tarixinin ən qüdrətli dövlət xadimi, dahi şəxsiyyəti olan ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsi tək bu əlamətdar günlərdə deyil, bütün zamanlarda xüsusi minnətdarlıq və ehtiramla anılır. Mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, xalqına təmənnasız xidmətə həsr etməklə əbədiyaşarlıq rəmzinə çevrilən ulu öndər haqlı olaraq DÜNYANIN ƏN BÖYÜK AZƏRBAYCANLISI olaraq qədirbilən xalqımızın güvənc yeri olacaqdır.

 

Xalqlarının taleyində mühüm rol oynamış şəxsiyyətlər bir qayda olaraq tarixin gedişinə təsir göstərir və xilaskar missiyaları ilə yeni bir salnamə yaradırlar. XX əsrdə xalqımızın yetirdiyi fenomen şəxsiyyət - ulu öndər Heydər Əliyev də məhz belə liderlərdən biri olaraq müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını milli irs və düşüncə əsasında yaradaraq praktik surətdə gerçəkləşdirmiş strateq kimi hər zaman böyük rəğbət və ehtiramla xatırlanır. Xalqımız qərinələr boyu qazandığı dövlətçilik ənənələrini məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına salmış, millət kimi mövcudluğunu, özünüidarə bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan kəşməkəşli və şərəfli yol, əslində, məhz ulu öndərin hakimiyyətə gəlişindən sonra başlamışdır.

Heydər Əliyev siyasi tariximizə qurucu və xilaskar kimi daxil olmuş görkəmli dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan dahi bir şəxsiyyətdir. Xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci bir adam tapmaq çətindir.

Onun dahiyanə siyasəti, böyük cəsarət və qətiyyətlə gördüyü bütün işlər həmişə xalqımıza mənəvi dayaq olmuş, respublikamıza beynəlxalq aləmdə böyük hörmət, nüfuz, şan-şöhrət gətirmiş, dünya xalqlarının məhəbbət və rəğbətini qazanmışdır. O, XX əsrin görkəmli liderlərindən biri kimi tutduğu bütün vəzifələrdə özünü beynəlxalq miqyaslı siyasətçi, zəkalı rəhbər kimi göstərmişdir.

Heydər Əliyev tarixə, zəngin təcrübəyə və səriştəyə, xüsusən reallıqlara, həyatın irəli sürdüyü tələblərə, inkişafın perspektivlərinə, tez-tez dəyişən həyatın dialektikasına əsaslanıb nəzəri və həyatla bağlı mürəkkəb siyasi situasiyada düzgün mövqeyi müəyyənləşdirməyi bacaran dövlət xadimi idi.

Tarix boyu bir çox siyasət adamları hakimiyyətə can atmış və çox hallarda da buna nail olmuşlar. Lakin bunların bəziləri öz təfəkkür məhdudluqları üzündən son nəticədə diktatorlara, digərləri isə öz iradə zəiflikləri ucbatından ətrafdakıların oyuncağına çevrilmişlər. Məhz bunları nəzərdə tutan fransız mütəfəkkiri Pol Anri Holbax yazırdı: "Hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət tərbiyə və alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermişdir". Nəsrəddin Tusi isə yazırdı: "Hökmranlıq o adama yaraşır ki, cəmiyyət xəstələndikdə onu müalicə edə bilsin. Çünki hökmdar ölkənin həkimi yerində olmalıdır". Təbiət və tarix isə bu kimi ülvi keyfiyyətlərin üzvi bir vəhdət halında birləşdiyi fenomenal şəxsiyyətləri çox az-az yetirir. Müasir dünya siyasətinin patriarxlarından olan Heydər Əliyev kimi. Məhz bu keyfiyyətlərin sayəsindədir ki, o, öz hakimiyyətini səlahiyyətlərinin gücü ilə yox, şəxsiyyətinin qüdrəti ilə həyata keçirməklə, qarşısındakıları zəkası və uzaqgörənliyi ilə əfsunlayırdı. Heç də təsadüfi deyildir ki, dünyanın böyük siyasətçiləri, dövlət xadimləri, elm və incəsənət korifeyləri ulu öndərimiz Heydər Əliyevi "canlı əfsanə" adlandırırdı. Məhz buna görədir ki, Heydər Əliyev şəxsiyyətindən, müdrikliyindən xalqımız həmişə qürur duymuş və fərəh hissi keçirmişdir.

XX əsrin sonlarına yaxın dövlət müstəqilliyini əldə etmiş Azərbaycan xalqı da üzləşdiyi bir sıra faciələri məhz ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında mətinliklə aradan qaldırmış, milli varlıq və idrakının, özünüdərkin ali təzahür forması olan müstəqil dövlət ideyasını uğurla gerçəkləşdirmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 34 illik hakimiyyətinin ikinci mərhələsi nə qədər təlatümlü, ziddiyyətli, ictimai-siyasi gərginliklərlə səciyyələnən dövrə təsadüf etsə də, ona xas uzaqgörənlik və siyasi müdriklik, iradə yenilməzliyi, ən əsası, doğma Vətəni düçar olduğu bəlalardan xilas etmək istəyi ölkəmizi sürətlə fəlakətə aparan təhlükəli proseslərin qarşısını almağa, xalqın müstəqilliyə və firavan gələcəyə inamını qaytarmağa müvəffəq olan yeganə qüvvə olmuşdur.

Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətində ağır anlar, gərgin məqamlar çox olsa da, 1993-cü ilin iyununda Azərbaycanın düçar olduğu təhlükəli və gərgin vəziyyət onu həyatının bəlkə də ən çətin sınağı ilə üzləşdirmişdi. Ölkədə hakimiyyət böhranı yaranmış, ictimai-siyasi sabitlik pozulmuş, xaos və anarxiya, hərc-mərclik mühiti formalaşmış, vətəndaş qarşıdurması dərinləşmiş, qanunçuluq və hüquq qaydalarının təminatında ciddi problemlər yaranmışdı. Bu sarsıntı və təlatümlər təsdiqlədi ki, yalnız polad iradəyə, fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşə malik xarizmatik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq və yaşatmaq kimi ağır tarixi missiyanın öhdəsindən gələ bilər.

Görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan bir dövlət kimi zamanın sərt sınaqlarından uğurla çıxa bilmiş, onun müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən müdrik siyasi tədbirlər sayəsində bu gün Azərbaycan Respublikası dünya dövlətləri birliyində öz layiqli yerini tutmuş, mütərəqqi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində demokratik, hüquqi və sivil bir dövlət qurulmuş, ölkəmizin iqtisadi müstəqilliyinə nail olunmaqla xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılmış, qanunun aliliyinə, insan hüquq və azadlıqlarına real təminat verən vətəndaş cəmiyyəti formalaşdırılmışdır.

Hakimiyyət böhranının yaşandığı və ölkədə anarxiyanın tüğyan etdiyi, ölkəmizin vətəndaş müharibəsi astanasında və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qaldığı bir zamanda Azərbaycanda siyasi hakimiyyətə xalqın təkidi ilə qayıdan Heydər Əliyevin müdrikliyi sayəsində müstəqilliyimizin itirilməsi təhlükəsi birdəfəlik aradan qaldırılmış, dövlətçiliyimizin mövcudluğu üçün böyük təhlükə olan dövlət çevrilişi cəhdlərinin və siyasi terror aktlarının, qeyri-konstitusion yolla hakimiyyətə gəlmək iddialarının qarşısı alınmışdır. Atəşkəs əldə edildikdən sonra xalqımızın ən ağrılı yeri olan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirməklə yanaşı, işğal edilmiş torpaqlarımızı azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlamağa qadir olan güclü və nizami Silahlı Qüvvələr formalaşdırılmışdır. Ulu öndərimiz Heydər Əliyevin səyi ilə ordumuzun elmi əsaslarla formalaşması, onun döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində münaqişənin dinc yolla aradan qaldırılması üçün ilkin şərait yaradılmış, torpaqlarımızı işğaldan azad və ölkəmizi düşmənlərdən müdafiə etmək qabiliyyətinə malik ordu quruculuğuna geniş diqqət yetirilmişdir.

Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ölkəmizin iqtisadi inkişaf konsepsiyasının, neft strategiyasının uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir ki, bu gün Azərbaycanın regionda nüfuzlu geostrateji mövqeyi və beynəlxalq siyasət aləmində rolu əhəmiyyətli dərəcədə yüksəlmiş, ölkəmizin hərtərəfli inkişafı üçün stimul yaradan, günü-gündən xalqımızın maddi rifah halı və həyat səviyyəsini yüksəltməyə imkan verən, daim inkişaf edən və möhkəmlənən çox güclü iqtisadi potensiala malik bir dövlətə çevrilmişdir.

Azərbaycan xalqının demokratik, hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsi də çağdaş tariximizin unudulmaz dühası - ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin hakimiyyətə qayıdışından sonra qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması onun zəngin mənəviyyatından, demokratizmindən rişələnmişdir. Heydər Əliyev gücün siyasətinə qarşı qanunun gücünü qoyaraq "haqlı həmişə güclüdür" prinsipindən çıxış etmiş, hakimiyyətin daim hər bir vətəndaşın maraq və mənafeyini uca tutmasına çalışmışdır.

Ulu öndər Heydər Əliyev 1994-cü ilin oktyabr qiyamı və 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri günlərində gücün siyasətinə qarşı siyasətin gücünü qoyarkən, bütün xalq qısa vaxt ərzində öz liderinin ətrafında toplaşarkən məhz "haqlı adam güclüdür" düsturu işləyirdi. Ədalətin zəfər çalması uğrunda bütün ömrü boyu çalışan Heydər Əliyev üçün "ədalət" və "dövlət" məfhumları arasında möhkəm bağlılıq var. "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə" deyən Heydər Əliyev dövlətçi olmağın ilkin şərtini məhz ədalətli olmaqda görürdü.

Ümummilli liderimiz Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik normaların daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına hər zaman xüsusi diqqət göstərmişdir. Heydər Əliyevin "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında" 9 avqust 1994-cü il tarixli fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir.

Bu fərmandan sonra ölkədə qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı səmərəli mübarizə sahəsində prokurorluq orqanlarının fəaliyyətində əsaslı dönüş yarandı. Prokurorluq orqanları dövlətçiliyin qorunmasında, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə olunmasında tədricən dövlətin əsas dayaqlarından birinə çevrildi.

Heydər Əliyev dahi şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün bütün zəruri tədbirləri həyata keçirmişdir.

Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə hakimiyyət böhranı qısa müddətdə aradan qaldırılmış, respublikanın müxtəlif bölgələrindəki qanunsuz silahlı dəstələr, dövlətçiliyə qəsdlər edən cinayətkar ünsürlər zərərsizləşdirilmişdir.

Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı vermişdir. Məhz ulu öndərimiz Heydər Əliyevin gərgin əməyi nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradılmışdır.

Ulu öndərimiz Heydər Əliyev dühasına tükənməz ictimai hörmət və dərin ehtiram təsadüfi deyildir - 34 illik ictimai-siyasi fəaliyyəti dövründə Heydər Əliyev yüksək humanizmi, insanpərvərliyi ilə hər bir ailənin yaxın üzvünə, hamisinə çevrilmişdir. Bu həm də xalqımızın Heydər Əliyevin daxili və xarici siyasət kursunu, həyata keçirdiyi mütərəqqi islahatları dəstəkləməsindən irəli gəlmişdir. Alternativi olmayan bu siyasət təkcə ümummilli deyil, həm də fərdi maraqları özündə ehtiva etmiş, hər bir vətəndaşın maraqlarını uca tutmuşdur. Görkəmli dövlət xadimi çox yaxşı bilirdi ki, insanların fərdi qaydada mənafelərini nəzərə almadan ümumi topluma aid maraqları həyata keçirmək mümkün deyildir. Bu da onun müdrik, ədalətli və insanpərvər rəhbər olmasını bir daha təsdiqləyir. Ümummilli liderimiz vətəndaş cəmiyyəti quruculuğu prosesinin uğurla həyata keçirilməsi üçün fundamental insan və vətəndaş hüquq və azadlıqlarının təminatına maksimum şərait yaratmağın vacibliyini daim diqqət mərkəzində saxlayırdı. Respublikamızda azad və demokratik cəmiyyətin bərqərar olmasını özünün ali prinsiplərindən biri elan etmiş Heydər Əliyev bu məqsədə yönəlmiş çoxşaxəli islahatların həyata keçirilməsini də ən vacib məsələlərdən hesab edirdi.

Ulu öndərimiz Heydər Əliyevin siyasi uzaqgörənliyinin, misli görünməmiş qətiyyətliliyinin, prinsipiallığının və siyasi iradə nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə "Əsrin müqaviləsi"nin əfsanədən reallığa çevrilməsi ölkə iqtisadiyyatının bütün strateji əhəmiyyətli sahələrinin inkişafına güclü təkan verməklə yanaşı, Azərbaycanda hüquqi islahatların daha sürətlə aparılmasına geniş imkanlar açmışdır. Ulu öndərimizin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çəkmişdir. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Konstitusiyada əksini tapmış strateji məqsədlər, ilk növbədə, hüquq islahatları və insan haqlarının qorunması prinsipinin real həyatda tətbiqini zərurətə çevirmişdir. Əsas Qanunda irqindən, cinsindən, milliyyətindən, dinindən, dilindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulmuşdur.

Ulu öndərimizin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuşdur. O vaxt hətta Avropa Şurasının üzvü olan bir sıra dövlətlər analoji addımı hələ atmamışdılar. 2001-ci ildə müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edildikdən sonra bu təşkilatla səmərəli əməkdaşlıq milli qanunvericiliyimizin Avropa standartlarına uyğunlaşdırılmasına, mütərəqqi məhkəmə-hüquq islahatlarının aparılmasına əlverişli şərait yaratmışdır.

Ümummilli liderimiz Heydər Əliyevi böyük şəxsiyyət və insan kimi xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri də onun yeritdiyi siyasətin yüksək humanizm və insanpərvərlik prinsiplərinə əsaslanmasıdır. Böyük qəlb və zəngin mənəviyyat sahibi kimi Heydər Əliyev günahkarları cəzalandırmağı da, xeyirxahlıq, humanizm, müdriklik göstərərək bağışlamağı, islah etməyi də bacarırdı. Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə İnstitutunun bərpası da bunun bariz nümunəsi kimi xüsusi vurğulanmalıdır.1995-2003-cü illər ərzində ulu öndərimiz Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmış, bu fərmanlar 3091 məhkuma şamil edilmişdir. Ulu öndərimizin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2001-ci illərdə 8 amnistiya haqqında qanun imzalamış, 31584 məhkum azadlığa buraxılmış və yaxud onların cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır. Bu addımlar ciddi tərbiyəvi əhəmiyyət daşımaqla, cinayət törətmiş şəxslərin islah olunmasına, ölkədə cinayətkarlığın azalmasına səbəb olmuşdur.

Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış "İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" memorandum olmuşdur. Bu memoranduma əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirmişdir. 1998-ci ilin 22 fevralında ümummilli liderimiz Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalamışdır. İnsan hüquqları sahəsində proqram rolunu oynayan bu sənədlə insan hüquqları məsələsi başlıca ümumdövlət vəzifələri səviyyəsinə qaldırılmışdır.

Hüquq-mühafizə orqanlarının müstəqilliyinin təmin edilməsini respublikamızda həyata keçirilən hüquq islahatlarının əsas qayəsi və məqsədi kimi önə çəkən ulu öndərimiz Heydər Əliyev bu vacib vəzifəni uğurla həyata keçirmək məqsədilə 21 fevral 1996-cı il tarixdə Hüquq İslahat Komissiyasının yaradılması barədə sərəncam imzalamışdır. Həmin komissiya tərəfindən hazırlanmış "Konstitusiya məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış tədbirləri haqqında", "Notariat haqqında" və s. qanunların qəbulu məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir.

Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, məhkəmələrdə dövlət ittihamının daha mütərəqqi prinsiplər əsasında həyata keçirilməsi istiqamətində mühüm addımlardan biri də prokurorluq sistemində çoxşaxəli islahatların aparılması, bu orqanın funksiya və vəzifələrinin mövcud Konstitusiyaya uyğunlaşdırılması olmuşdur.

Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinin və insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən möhtəşəm islahatların, o cümlədən, məhkəmə-hüquq islahatlarının memarı - ümummilli liderimiz Heydər Əliyevin böyük qayğı və dəstəyi sayəsində mümkün olmuşdur. Məhz ulu öndərimizin rəhbərliyi altında 1993-cü ildən etibarən hərtərəfli islahatların həyata keçirildiyi bir şəraitdə prokurorluğun bu proseslərdən kənarda qalması, yığılıb qalmış problemlərin həlli istiqamətində səmərəli tədbirlərin görülməməsi məsələyə dövlət başçısı səviyyəsində müdaxilə edilməsi zərurətini yaratmışdı. Müstəqil respublikamızın Ali Qanununda ilk dəfə olaraq ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi Heydər Əliyevin bilavasitə tapşırıq və göstərişlərinin yerinə yetirilməsi nəticəsində mümkün olmuşdur.

Ulu öndərimiz Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 7 dekabr 1999-cu il tarixdə "Prokurorluq haqqında" qanunun qəbulu qarşıda duran bu və digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmış, prokurorluq orqanlarının daha da demokratikləşməsini, onların qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etmişdir.

Cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluq, hər kəsin qanun qarşısında bərabərliyi, qərəzsizlik, faktlara əsaslanma, siyasi bitərəflik bu gün prokurorluğun fəaliyyətinin əsas prinsiplərini təşkil edir.

Ümummilli liderimiz Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi, tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, ölkəmizdə prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürüdür.

Ulu öndərimiz Heydər Əliyevin prokurorluğun fəaliyyətinə yüksək qiymət verməsi, ölkəmizin müstəqilliyinə, dövlətçiliyinə sədaqətinə görə təşəkkür etməsi hər birimizin üzərinə daha böyük məsuliyyət qoymuşdur. Bu gün prokurorluq işçiləri üzərlərinə düşən məsuliyyəti, onlara olan yüksək etimadı dövlətçilik ideyalarına sədaqətlə, xidməti vəzifələrinin icrasına daim vicdanlı münasibət bəsləməklə doğrultmağa səy göstərirlər. Prokurorluq orqanlarında aparılan islahatlar, fəaliyyətimizlə bağlı qəbul edilmiş yeni qanunlar və digər qanunvericilik aktları bizi daha fəal və səmərəli çalışmağa, qanunların alililiyinin təmin edilməsi uğrunda daha barışmaz və prinsipial mübarizə aparmağa ruhlandırır. Azərbaycan Respublikası Baş Prokurorluğunun mühüm strukturlarından olan Hərbi Prokurorluq orqanları öz fəaliyyətində daim ulu öndərimizin hüquqi dövlət və vətəndaş quruculuğu ilə bağlı ali ideyalarını rəhbər tutmaqla, qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərini lazımi səviyyədə həyata keçirməyə, Silahlı Qüvvələrdə və digər hərbi birləşmələrdə qanunçuluğun, nizam-intizamın tam bərqərar olmasına çalışır. Hərbi Prokurorluğun fəaliyyətinin əsas qayəsi Azərbaycan Ordusunda möhkəm intizamın mövcud olmasına tam nail olmaq, hərbi cinayətlərə qarşı mübarizəni daha da gücləndirmək, habelə cinayətkarlığa qarşı preventiv tədbirlər həyata keçirmək, əsgər və zabit heyətinin hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin etməkdir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq ölkədə hərbi cinayətlərin - fərariliyin, hərbi xidmətdən yayınma hallarının və hərbi xidmət əleyhinə olan digər cinayətlərin sayı ildən-ilə azalır.

Heydər Əliyev fenomeni təkcə dünənin fakt və hadisələrini özündə ehtiva etməklə məhdudlaşmır, həm də Azərbaycandakı bu günün inkişaf proseslərini istiqamətləndirən, bu proseslərə təkan verən mühüm siyasi-ideoloji amil kimi çıxış edir. Tarixi təcrübə sübuta yetirir ki, cahanşümul fəaliyyət nəticəsində zamanın mənzərəsini dəyişməyə qabil olmuş böyük dövlət adamlarının xalq, dövlət mənafeyi naminə gördükləri işlərin onların cismani yoxluğundan sonrakı dövrdə də davam etdirilməsi üçün zəruri əsaslar formalaşdırmaları o şəxsiyyətlərin xalqa, dövlətə göstərdikləri bütün xidmətlər qədər önəmlidir.

Rifahı üçün bütün həyatını sərf etdiyi doğma Azərbaycan xalqı ilə vida ərəfəsində insanlar ölkənin gələcək taleyi ilə bağlı həmişə olduğu kimi yenə də məhz Heydər Əliyev sözünün intizarında idilər. Belə bir məqamda ulu öndərin ideyalarını onun cismani yoxluğundan sonra da davam etdirməyə qadir siyasi lideri - cənab İlham Əliyevi böyük əminliklə xalqa təqdim etməsi insanların Azərbaycanın gələcək taleyi ilə bağlı tərəddüdlərini ortadan götürdü. Ümummilli liderin xalqa tarixi müraciətində möhtərəm Prezidentimiz İlham Əliyev haqqında irəli sürdüyü "Mən ona özüm qədər inanıram" əminliyi və xalqın bu əminliyə söykənən yüksək etimadı Azərbaycanın tezliklə qədəm qoyduğu böyük yüksəliş yolunun, yeni bir inkişaf mərhələsinin başlanğıcına çevrilmiş oldu.

Ulu öndərin müəyyən etdiyi inkişaf konsepsiyasını yüksək dinamizmlə həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin uğurları sayəsində bu gün Azərbaycanın davamlı tərəqqisi təmin olunmuş, ölkəmizin hərtərəfli inkişafına yönələn bir sıra qətiyyətli addımlar atılmışdır. Azərbaycan dünyanın iqtisadi müstəvisində istehlakçı ölkə statusunu istehsalçı ölkə statusuna dəyişmiş, sosial-iqtisadi inkişaf tempinə görə dünyanın ən öncül dövlətlərindən birinə çevrilmişdir. Möhtərəm Prezidentimizin imzaladığı mühüm dövlət proqramlarının icrası nəticəsində Azərbaycanda bir sıra sosial-iqtisadi problemlər öz həllini tapmış, keçid dövrü uğurla başa çatdırılmışdır. Azərbaycanda özəl sektorun inkişafı, yeni-yeni istehsal-emal müəssisələrinin yaradılması, regionların yüksəlişi, işsizlik, yoxsulluq probleminin həlli, insanların həyat səviyyəsinin yüksəlməsi, ölkənin iqtisadi inkişafından əldə edilən mənfəətin irimiqyaslı infrastruktur layihələrinin icrasına, vətəndaşların sosial müdafiəsinin təşkilinə, cəmiyyət həyatı üçün xüsusi əhəmiyyət kəsb edən ayrı-ayrı sahələrin inkişafına yönəlməsi günümüzün xoş mənzərələridir.

Cənab İlham Əliyevin qətiyyətli addımları sayəsində Azərbaycan bu gün bütün bəşəriyyəti narahat edən enerji təhlükəsizliyi problemini nəinki tamamilə aradan qaldırmış, eyni zamanda özünün zəngin enerji ehtiyatları ilə Avropa regionunun enerji təhlükəsizliyinin başlıca təminatçısına çevrilmişdir. Bütün dünya üçün xüsusi aktuallıq kəsb edən ərzaq təhlükəsizliyi probleminin həlli yönündə də əhəmiyyətli işlər görülmüş, mühüm dövlət proqramları qəbul edilərək onların icrasına başlanmışdır. Enerji və ərzaq təhlükəsizliyi ilə yanaşı, bu gün ölkəmiz üçün vacib olan nəqliyyat təhlükəsizliyinin təmin edilməsi sahəsində də əsaslı tədbirlər həyata keçirilməkdədir.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyasətində qazanılan uğurların sırası cənab İlham Əliyev tərəfindən daha da genişləndirilmiş, geopolitik baxımdan olduqca həssas bölgədə yerləşən ölkəmiz öz mənafelərini balanslaşdırılmış xarici siyasət kursu nəticəsində qoruyaraq regionun ən vacib ölkəsinə çevrilmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələrin gerçəkliyə çevrilməsi, nəinki Cənubi Qafqaz regionunun, ümumilikdə Avropanın gələcək taleyinin xeyli dərəcədə asılı olduğu irimiqyaslı qlobal layihələrdə Azərbaycanın əsas tərəf kimi iştirakı beynəlxalq sferada müstəqil dövlətimizin mövqelərinin daha da gücləndirilməsini, onun xarici investisiyalar üçün açıq və cəlbedici ölkə, etibarlı tərəfdaş imicinin formalaşmasını təmin etmişdir. Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda da özünü qabarıq şəkildə hiss etdirməkdədir.

Bu gün ölkəmizdə ən müxtəlif sahələr üzrə davam edən inkişaf prosesləri məntiqi ardıcıllıqla bir-birini tamamlayır. Azərbaycanda güclü ordu qurulur, ölkəmizdə informasiyalı cəmiyyətin formalaşması, əldə edilən iqtisadi mənfəətlərin bu gün qloballaşan dünyanın ən qiymətli sərvəti rolunda çıxış edən insan kapitalına çevrilməsi üçün məqsədyönlü addımlar atılır, informasiya texnologiyalarının son nailiyyətləri daha böyük sürətlə Azərbaycan həyatının ayrılmaz bir hissəsinə çevrilir. Bütün bunlara paralel olaraq ölkədə aparılan demokratik islahatlar getdikcə daha geniş vüsət alır, insan hüquq və azadlıqlarının təminatı sistemi daha da mükəmməlləşdirilir, Azərbaycanda tolerant bir mühitin mövcudluğuna şərait yaradan əsaslar möhkəmləndirilir. Azərbaycanda vətəndaş cəmiyyəti formalaşdırılır, hər bir vətəndaş onunla dövlət arasındakı münasibətlərdə müəyyən edilmiş rol və vəzifələri, mənsub olduğu dövlətin bugününə və gələcəyinə görə daşıdığı məsuliyyəti daha aydın görür, hər addımında buna riayət etməyə çalışır.

Bu gün bütün dünyada sivil cəmiyyətin başlıca göstəriciləri kimi qəbul edilən bu nailiyyətlərin əldə edilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri vardır. Yüksək mənəvi-əxlaqi dəyərləri parlaq şəxsiyyətində cəmləyən Mehriban xanımın irəli sürdüyü və cəmiyyət tərəfindən böyük dəstək qazanan ictimai təşəbbüslər təkcə konkret sahələrdə mövcud olan problemlərin həllinə yönəlmir, bu təşəbbüslər çərçivəsində tikilən, bərpa edilən məktəblərin, səhiyyə, mədəniyyət ocaqlarının, həyata qaytarılan xəstə, imkansız insanların, himayəyə götürülən kimsəsiz körpələrin, bütün dünyada təbliğ edilən Azərbaycan mədəniyyətinin işığında həm də dövlət və vətəndaş birliyini təmin edir, müstəqil Azərbaycan Respublikasının əsl vətəndaşlarını yetişdirir.

Bütün bunlar ulu öndərimiz Heydər Əliyevin daim arzusunda olduğu və bu gün gerçəkləşən amallarıdır. Heydər Əliyevin cismən yoxluğu, ideallarından pöhrələnən uğurları özünün həyatda ikən görə bilməməsi qəlbimizi nə qədər göynətsə də, biz bu nailiyyətlərin hər birində ulu öndərin nurlu simasını görürük, onun varlığını hiss edirik. Və bu hiss, Heydər Əliyevin Azərbaycanın bugünündən şad ruhunu bütün qəlbi ilə duyan hər bir insanın daşımalı olduğu əbədi bir vəzifəni müəyyənləşdirir - Heydər Əliyev ideyalarına sadiqlik, bu ideyaları layiqincə həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərə töhfə vermək üçün Azərbaycan Respublikası Hərbi Prokurorluğu bundan sonra da ordumuzun qüdrətlənməsi naminə Silahlı Qüvvələrdə qanunçuluğun möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini daim artıracaq, insan hüquq və azadlıqlarının pozulmasına, cinayətkarlığa qarşı barışmaz mübariz olmağa, insan amili ilə bağlı hər bir məsələdə həssaslıq göstərməyə çalışacaq, dövlətimizin əbədi yaşaması, səadəti, rifahı naminə üzərinə götürdüyü ali missiyanı Heydər Əliyev ideallarına layiq şəkildə davam etdirəcək, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesində qanunla üzərinə düşən bütün vəzifələrin icrası istiqamətində səmərəli fəaliyyət göstərəcəkdir.

 

 

Xanlar VƏLİYEV,

Azərbaycan Respublikası

Baş prokurorunun

müavini-Azərbaycan Respublikasının

hərbi prokuroru, ədliyyə general-leytenantı

 

Xalq qəzeti.- 2011.- 6 may.- S. 7.