Heydər Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə böyük qayğı göstərirdi

 

Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev hər zaman xalqını, vətənini, onun xoşbəxt gələcəyini düşünmüşdür. Onun böyük ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Ulu öndər bir dövlət başçısı kimi Azərbaycanın ən çətin , ağır anlarında onu xilas etmək üçün misilsiz xidmətlər göstərmiş, ölkəsini bəlalardan qutarmağı bacarmışdır.

 

Ümummilli liderimiz 1982-1987-ci illərdə SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri, Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini olmuşdur. O, sovet rəhbərliyində təmsil olunan yeganə türk-müsəlman kimi bütün dünyanın diqqət mərkəzində dayanırdı. Lakin Qorbaçov SSRİ rəhbərliyinə gəldikdən sonra ulu öndərimizə qarşı ədalətsiz mövqe tutdu. Bu zaman üzləşdiyi ağır xəstəlik, siyasi basqılar, 20 Yanvar faciəsi bu böyük şəxsiyyətə sarsıdıcı zərbə olsa da o, öz əzmi, dəyanəti, iradəsi ilə hamını heyrətləndirdi. Heydər Əliyev bu çətinliklərə mətanətlə dözdü və 1990-cı ilin yayında onu fiziki cəhətdən məhv etmək istəyən düşmənlərinin hiylələrini puça çıxararaq Bakıya qayıtdı. Lakin burada da təqiblərlə üzləşən ulu öndər Naxçıvana getdi. Naxçıvanda xalq sevgisi ilə qarşılanan ulu öndər üç il ərzində muxtar respublikanın problemləri ilə məşğul oldu, onun ermənilərdən müdafiəsini və yaşamasını təmin etdi.Azərbaycanla əlaqələri kəsilmiş, mühasirədə olan Naxçıvan Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində aclıq, soyuq, işğal təhlükəsindən sovuşdu.

Naxçıvan əhalisi böyük uzaqgörənlik göstərərək düzgün seçim etdi: 1991-ci il sentyabrın 3-də xalqın təkidli tələbindən sonra Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Heydər Əliyev həmin sessiyadakı çıxışında da bir daha hakimiyyət arzusunda olmadığını, bu niyyətlə Azərbaycana qayıtmadığını bəyan etdi. Bununla belə, böyük siyasətçi bölgənin ağır sosial-iqtisadi vəziyyətində, xüsusən də torpaqlarına düşmən təcavüzünün genişləndiyi bir dövrdə onun taleyinə biganə qala bilməzdi: "Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin dövründə üzərimə düşən vəzifənin icrasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm".

Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə Sədr seçilməsi böyük hadisə oldu. Məsələ heç də keçmiş Sovetlər İttifaqının Siyasi Bürosuna mənsub nüfuzlu simalardan birinin - SSRİ Nazirlər Soveti Sədrinin birinci müavininin Azərbaycanın ərazisinin bir hissəsində - muxtar respublikada Ali Məclisə Sədr vəzifəsinə seçilməsində deyildi. Heydər Əliyev ilk növbədə Naxçıvanda fəal və peşəkar fəaliyyəti ilə milli dövlətçiliyə inam hissini formalaşdıra bildi. Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyəti dövründə Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün əməli addımlar atdı. Azərbaycanın müstəqil dövlət olaraq sonrakı inkişafının bir sıra konseptual istiqamətləri məhz o zaman - Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etdiyi dövrdə işlənib hazırlandı. Azərbaycanın 1918-ci il noyabr ayının 9-da təsdiq edilmiş üçrəngli bayrağı məhz ulu öndərin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində dövlət bayrağı kimi ucaldıldı.

Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində erməni işğalının aradan qaldırılması, ağır blokada şəraitində adamların yaşayışının təmin olunması sahəsində də taleyüklü qərarların qəbul olunmasına şərait yaratmış, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi ümummilli lider Heydər Əliyev qonşu İran və Türkiyə respublikaları ilə əlaqələr yaradaraq bu ölkələrdə səfərlərdə olmuş, müxtəlif sahələrdə əməkdaşlığa dair protokollar imzalamışdır.

Bu illərdə ümummilli liderin muxtar respublika parlamentində xüsusi bəyanatla çıxış etməsi, 1992-ci ilin mart ayında Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkarlıq siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci ömür verdi. Məhz o ağır və məşəqqətli illərdə müdrik siyasətçi böyük uzaqgörənliklə deyirdi: "Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir".

Heydər Əliyevin Naxçıvandan müstəqilliyini elan etmiş Azərbaycanın rəhbərliyinə gəlişi tarixi bir zərurət idi. Ölkənin böhrandan çıxarılması, dövlət çevrilişlərinin qarşısının alınması, dövlətin inkişaf etdirilməsi, demokratik bir respublika kimi yaşaması və fəaliyyət göstərməsi kimi taleyüklü məsələlərin həllinə yalnız Heydər Əliyev dühası qadir ola bilərdi... Ona görə də Azərbaycanın dövlətçiliyinin təhlükədə qaldığı bir vaxtda dahi öndər xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıtdı.

Ulu öndərin tarixi xidmətlərindən biri məhz 1994-cü ildə "Əsrin müqaviləsi"nin dünyanın ən iri neft şirkətləri ilə imzalanması oldu. Bu kontrakt Azərbaycanın sonrakı taleyində, müstəqilliyimizin möhkəmlənməsində mühüm rol oynadı.

Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə də çox ciddi diqqət və qayğı göstərməyə başladı. Heydər Əliyev bu insanlara xüsusi qayğı və məhəbbətlə yanaşırdı. Ulu öndər deyirdi: "... İşğal olunmuş bütün regionlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".

O dövrdə ulu öndər tərəfindən ölkəyə gələn bütün nümayəndə heyətlərinin rəhbərlərinin, xarici ölkələrin başçılarının məcburi köçkünlərin yaşayış tərzi ilə mütləq tanış olmaları bir vəzifə kimi qarşıya qoyulmuşdu.Həmin vaxt Heydər Əliyevin imzaladığı müvafiq fərmanlara əsasən qaçqın və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq üçün çadır şəhərciklərinin ləğvinə hazırlıq görülürdü. Eyni zamanda, xatırlatmaq yerinə düşər ki, yeni qəsəbələrin Dövlət Neft Fondunun vəsaiti hesabına tikilməsi nəzərdə tutulmuşdu.Ancaq Beynəlxalq Valyuta Fondu buna qəti etirazını bildirmişdi ki, həmin vəsaiti bu istiqamətə yönəltmək olmaz. Ulu öndər Heydər Əliyev isə özünəməxsus diplomatik gediş edərək, 2001-ci ildə Təhlükəsizlik Şurasının iclasını keçirdi və sözügedən məsələni müzakirə etdi. Beynəlxalq ictimaiyyətə bir daha nümayiş etdirdi ki, bu, ölkəmizin ən ağrılı problemidir və Azərbaycanın neftdən əldə olunan ilk vəsaiti məhz bu istiqamətə yönəldilməlidir.

İşğal nəticəsində qaçqın və məcburi köçkünə çevrilən insanların ilk illərdə üzləşdiyi sosial problemlərin çoxluğu və onların həlli istiqamətində lazımi addımların atılmaması isə vəziyyəti daha da ağırlaşdırmışdı. Yalnız ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra doğma yurdlarından didərgin salınmış bir milyon nəfərədək soydaşımız dövlət qayğısı ilə əhatə olundu, onların üzləşdiyi sosial problemlər tədricən öz həllini tapmağa başladı. Bu insanların səsi dünya ictimaiyyətinə çatdırıldı.

Ümummilli liderin qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə verdiyi diqqətin nə dərəcədə böyük olduğunu faktların dili ilə də ifadə etmək olar. Belə ki, 1993-2003-cü illər arasında qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri 120 dəfə artırılmışdı. Ulu öndər qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərə daim baş çəkir, söhbətlər aparır, problemlərini elə yerindəcə dinləyir, onların həlli istiqamətində müvafiq göstərişlər verirdi. Bu insanların yaşayış şəraitinin daha da yaxşılaşdırılması, ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi üçün də konkret addımlar atılırdı. Məsələn, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" 2001-ci il 7 sentyabr və "Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" 2002-ci il 13 may tarixli fərmanlarına uyğun olaraq Biləsuvar, Füzuli və Ağdam rayonlarının ərazisində 5081 ailədən ibarət 22800 məcburi köçkün üçün bütün zəruri sosial-texniki infrastrukturu ilə birlikdə 20 qəsəbə salındı və Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi 2003-cü ilin iyun ayında ləğv edildi.

Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində Azərbaycanda yaranmış humanitar böhrandan sonra ölkəyə gələn donor və humanitar təşkilatlarını əksəriyyətinin qalıb burada uzunmüddət fəaliyyət göstərmələri bilavasitə ümummilli liderin dünyadakı yüksək nüfuzu hesabına mümkün olmuşdur. Ümumiyyətlə, işğalın ilk dövrlərində yüz minlərlə məcburi köçkünün ağır vəziyyətdə qaldığı bir zamanda Heydər Əliyevin dünya ictimaiyyətinə, xüsusilə İslam dünyasına müraciətləri güclü siyasi effekt yaratmışdı.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyası öz bəhrəsini verəndən sonra dövlət tərəfindən, digər sahələrdə olduğu kimi, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə də bağlı geniş tədbirlərin həyata keçirilməsinə başlanıldı. Ulu öndər Heydər Əliyevin 2001-ci il 22 avqust, 2001-ci il 7 sentyabr və 2002-ci il 13 may tarixli fərmanlarına əsasən Dövlət Neft Fondundan ayrılmış 359 milyard manat vəsait hesabına ümumi sahəsi 392 min kvadratmetr olan 6410 fərdi yaşayış evi ilə yanaşı, 3150 yerlik 18 məktəb, 16 tibb məntəqəsi, 18 uşaq bağçası, 75 çarpayılıq xəstəxana, 195 kilometr uzunluğunda qəsəbələrdaxili və xarici yollar, 188 kilometr uzunluğunda xarici və daxili içməli su xətləri, 350 kilometr elektrik hava xətləri, 133 kilometr irriqasiya su kəməri, 10 klub-icma mərkəzi, 11 rabitə evi və digər həyat üçün vacib olan sosial obyektlər tikilib istifadəyə verildi.

Ulu öndər Heydər Əliyevin 2001-ci il 26 dekabr tarixli fərmanına uyğun olaraq, Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli "Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi qaydasının tətbiq edilməsi barədə" qərarına əsasən, məcburi köçkünlərin istifadə etdikləri kommunal və digər xidmət haqları mərkəzləşmiş qaydada birbaşa müvafiq xidmət təşkilatları tərəfindən vaxtlı-vaxtında ödənilməyə başlandı. Təbii qazla təmin olunmayan şəhər və rayonlarda müvəqqəti məskunlaşmış 90 min məcburi köçkün ailəsinə payız-qış mövsümündə verilən (hər ailəyə ayda 30 litr) ağ neft yanacağının aylıq norması Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 2005-ci ildən 40 litr miqdarında müəyyən edildi. Məcburi köçkünlərin sağlamlığının qorunması məqsədi ilə Səhiyyə Nazirliyi, beynəlxalq humanitar təşkilatlar vasitəsilə xüsusilə sıx məskunlaşma yerlərində yaradılmış səhiyyə ocaqlarında, yaxud səyyar tibbi heyətlər vasitəsilə vaxtaşırı olaraq onların müayinə və müalicəsinə başlanıldı.

Bəli, o illərdə doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın bütün qayğıları, problemləri xalqımızın ümummilli lideri Heydər Əliyevin gündəlik probleminə çevrilmişdi.Bu, bir həqiqət idi ki, bütün həyatını Azərbaycana və xalqımıza həsr edən ümummilli lider Heydər Əliyevin ən böyük arzusu zəbt olunmuş torpaqlarımızın işğaldan azad olunması idi. Ulu öndər bunun üçün var qüvvəsi ilə çalışır, qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayırdı. Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə əlaqədar ATƏT rəhbərliyi, Minsk qrupunun təmsilçiləri ilə keçirdiyi 200-dən artıq, 80 ölkənin dövlət başçıları ilə isə 500-dən çox görüşlərində, beynəlxalq və yerli qurumların tədbirlərində bu problemə toxunaraq, onu ölkədə bir nömrəli problem adlandırmışdı. Məhz ulu öndərin diplomatiyası sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinə çatdırıldı, münaqişənin siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı beynəlxalq hüquq normalarına uyğun qərarlar qəbul edildi. Eyni zamanda, ATƏT-in 1994-cü ildə Budapeşt, 1996-cı ildə Lissabon, 1999-cu ildə İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində tədbirlər müəyyənləşdirildi, həmçinin ABŞ Konqresinin müstəqil Azərbaycana yardım göstərilməsini qadağan edən ədalətsiz 907-ci düzəlişinin icrası dayandırıldı. 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı" təsdiq edildi. 1999-cu ildə ölkə Prezidentinin fərmanı ilə dünya təcrübəsində ilk olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil edildi.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarına uyğun olaraq məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlara 84 nazirlik, komitə, şirkət, konsern və digər mərkəzi təşkilatlar təhkim edildi.

Prezident İlham Əliyev də xalq tərəfindən bu vəzifəyə seçildiyi ilk andan əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş qaçqın və məcburi köçkün kontingentinə xüsusi qayğını davam etdirir. Onun 2003-cü il oktyabrın 1-də, prezident seçkiləri ərəfəsində seçicilərlə ilk görüşü məhz Biləsuvar ərazisində salınmış qəsəbələrdə keçirilmişdir. Dövlət başçısının 2004-cü il iyunun 8-də Mingəçevir şəhərində 412 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılış mərasimində iştirakı, 2004-cü il sentyabr ayının 11-də Bərdə rayonunda çadır düşərgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşü, 2006-cı il martın 1-də Ağdam rayonunda "Bənövşələr" qəsəbəsinin açılışında iştirakı, həmçinin Quzanlı Olimpiya İdman Kompleksinin təməlinin qoyması, 2007-ci il mayın 4-də Sabunçu rayonunun Ramana qəsəbəsində yeni salınmış qəsəbənin açılış mərasimdə iştirakı hər bir məcburi köçkün üçün unudulmaz tarixi hadisəyə çevrilmişdir.

Bəli, yuxarıda deyildiyi kimi, çadır düşərgələrinin ləğvi, qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, onların yaşayış şəraitinin yaxşılaşdırılması dövlət başçısının həmişə xüsusi diqqət mərkəzində olmuşdur. Cənab İlham Əliyevin 4 fevral 2004-cü il tarixli "Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində didərgin düşmüş, Bərdə və Ağcabədi rayonları ərazisində çadır düşərgələrində, eləcə də Bərdə rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti yerləşdirilmiş Ağdam və digər rayonlardan olan məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi tədbirləri haqqında" və 1 iyul 2004-cü il tarixli "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncamları deyilənləri təsdiqləyir. Dövlət başçısının 4 fevral tarixli sərəncamına əsasən, o dövr üçün ölkədəki 7 çadır şəhərciyindən 4-ü, yəni Bərdə və Ağcabədi rayonlarının ərazisində salınmış düşərgələr tamamilə ləğv edilərək burada yaşayan 3860 məcburi köçkün aliəsinin bütün sosial-texniki infrastrukturu olan yeni qəsəbələrə köçürülməsi məsələsi öz əksini tapmışdır.Kəlbəcər rayonundan olan 149 məcburi köçkün ailəsi üçün Bərdədə, Laçından olan 37 ailə üçün isə Ağcabədi rayonundakı Laçın qış yataqlarında elektrik enerjisi, su təchizatı, təhsil, səhiyyə və digər zəruri infrastrukturu olan yeni qəsəbələr inşa edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, qaçqın və məcburi köçkünlər üçün inşa olunan evlər bu kateqoriyadan olan soydaşlarımızın müvəqqəti məskunlaşması, rahat yaşaması üçündür. Dövlətin ali məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasıdır. Bunun üçün dövlət səviyyəsində bütün zəruri diplomatik və siyasi tədbirlər həyata keçirilir.

Dövlət başçısının 2004-cü il 1 iyul tarixli sərəncamla təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" bu sahədə geniş tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. 2005-ci il iyunun 21-də keçirilmiş müşavirədə verilmiş tapşırığa əsasən, qaçqın və məcburi köçkünlər taxılyığan kombaynlarla təmin edilmiş, ilkin mərhələdə 67 yataqxanada təmir-bərpa işləri aparılmış, Füzuli rayonunun Haramı düzündə Yuxarı Mil kanalının 4,2 kilometrlik, Qarqarçay-Laçın qışlaqları kanalının 8,1 kilometrlik hissəsinin tikintisi başa çatdırılmışdır. 146 min nəfər məcburi köçkünə büdcə vəsaiti hesabına Dövlətqaçqınkom tərəfindən aylıq ərzaq norması paylanılır. Vaxtilə büdcədən maliyyələşdirilən müəssisələrdə çalışmış və işlə təmin olunmamış 14 min nəfərdən çox məcburi köçkünə orta aylıq əməkhaqqının ödənişi davam etdirilir. Prezidentin 2006-cı il 19 dekabr tarixli sərəncamı ilə məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin həcmi 2007-ci il yanvarın 1-dən 50 faiz artırılmışdır.

Prezident İlham Əliyevin hakimiyyəti illərində məcburi köçkünlərin sosial vəziyyəti ildən-ilə yaxşılaşmış, ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmamışdır. Bu mühüm dövlət əhəmiyyətli tədbirlərin reallaşmasında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) böyük xidmətləri də danılmazdır.

Xatırladaq ki, MKSİF ümummilli lider Heydər Əliyevin 6 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılmışdır. Fondun əsas məqsədi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün iş yerlərinin açılmasını təmin edən tədbirlərin həyata keçirilməsini, əsasən sosial infrastrukturun bərpasına yönəldilmiş layihələrin yerinə yetirilməsi üçün vəsait ayrılmasını və bu vəsaitlərdən səmərəli və məqsədyönlü istifadəni təmin etməkdir. Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını, Azərbaycan ərazilərinin işğalına son qoyulmasını prioritet məsələ kimi qarşıya qoymuşdur. Bununla bağlı dövlət başçısı bildirmişdir: "Bizim qarşımızda duran ən vacib, ən önəmli məsələ Azərbaycan torpaqlarının işğalçı qüvvələrdən təmizlənməsi, soydaşlarımızın, qaçqın-köçkün bacı-qardaşlarımızın öz doğma torpaqlarına qayıtmasıdır. Bizim qarşımızda duran bundan daha önəmli vəzifə yoxdur. Çünki bütün başqa məsələlər öz həllini tapır və tapacaqdır".

Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə son illərdə Prezident İlham Əliyev tərəfindən 20-dən çox fərman və sərəncam imzalanmış, onların icrası ilə əlaqədar Nazirlər Kabinetinin 70-dən çox qərar və sərəncamı qəbul edilmişdir.

O da xüsusi qeyd edilməlidir ki, dövlətlə yanaşı, qaçqın və məcburi köçkünlərin üzləşdiyi çoxsaylı problemlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və onların həlli istiqamətində Heydər Əliyev Fondu da misilsiz xidmətlər göstərməkdədir. Xatırladaq ki, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımına, erməni vəhşiliklərinə həsr edilən "Azərbaycan" internet portalı yaradılmışdır. Həmçinin Heydər Əliyev Fondu tərəfindən məcburi köçkün uşaqların təhsil problemlərinin həllinə daim böyük qayğı göstərilir, müvəqqəti məskunlaşma obyektlərində mütəmadi olaraq məcburi köçkünlərlə görüşlər keçirilir.Bütün bunlar qaçqınların və məcburi köçkünlərin Azərbaycan Prezidentinin, Heydər Əliyev Fondunun daim xüsusi diqqət mərkəzində olduğunu aydın şəkildə nümayiş etdirir. Bu diqqət və qayğını daim öz üzərində hiss edən məcburi köçkünlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində doğma yurda qayıdacaqları günün uzaqda olmadığına əmindirlər.

 

 

Ayaz ORUCOV,

Milli Məclisin deputatı,

Məcburi Köçkünlərin Sosial

İnkişaf Fondunun direktoru

 

Xalq qəzeti.- 2011.- 6 may.- S. 6.