Şəxsiyyətin
qüdrəti
Zəmanənimizin bənzərsiz siyasi xadimi,
mahir dövlət qurucusu, fitri istedadı, hərtərəfli
dünyagörüşü ilə hamını heyran edən,
milli təəssübkeşliyi, Vətənə, torpağa,
insana sonsuz məhəbbətilə seçilən
böyük müasirimiz, unudulmaz Heydər Əliyev
haqqında söz demək, onun işıqlı şəxsiyyətinin
mənzərəsini sözlə təsvir etmək nə qədər
şərəfli olsa da, bir o qədər də çətin
və yüksək məsuliyyət tələb edən
işdir.
Ulu
öndərin millətə, xalqa misilsiz xidməti, onun yenilməz
hünəri, əzmi, dəyanəti, dönməzliyi,
sarsılmaz iradəsi, mübarizəsi, dövlət
quruculuğu siyasəti barədə nə qədər
kitablar, tədqiqat əsərləri yazılsa da, hələ
də yetərincə deyil, məncə...
Böyük
Heydər Əliyev millətin həm cəfakeşi, həm də
lideri idi. bütün ömrünü zəngin təcrübəsini,
biliyini, bacarığını xalqının səadətə
qovuşması yolunda aparılan mübarizənin təntənəsinə
səfərbər edə bilmişdi. Ulu öndər bu
möhtəşəm missiya haqqında səmimiyyətini belə
ifadə etmişdir: "Xalq mənə ümid bəsləyir,
mən də bu ümidi doğrultmaq üçün
ömrümün qalan hissəsini də xalqıma
bağışlayıram və həyatımı xalqıma
qurban verməyə hazıram". Özü dediyi kimi, məsləkinə,
andına, inamına sədaqətlə şərəfli bir
ömür yaşadı ümummilli liderimiz.
Hələ
1969-cu ildə, Azərbaycan iqtisadi-sosial, mədəni quruculuq
sahəsində yerində saydığı, xalqın
yaratmağa, qurmağa, yeni nailiyyətlər, əmək zəfərləri
qazanmağa tam səfərbər edilmədiyi bir dövrdə
Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi
xəbəri bahar fəslinin göylərindəki şimşək
kimi çaxdı, parladı. Bütün respublikanın
ab-havası dəyişdi, hamı - fəhlə də, kəndli
də, alim də, mədəniyyət xadimi də, tələbə
də yeni həvəslə, yaratmaq, qurmaq həvəsilə
mübarizə meydanına çıxdılar. O illərdə
Azərbaycanın iqtisadi potensialının inkişafında,
xüsusilə aqrar siyasət sahəsində misilsiz qələbələr
qazanıldı. Pambıqçılığın,
üzümçülüyün, heyvandarlığın,
taxılçılığın geniş surətdə
vüsət alması, rekord göstəricilərə nail
olunması əhalinin gün-güzaranının
yaxşıllaşdırılmasına, maddi
rifah-halının yüksəlməsinə, həyat tərzinin
müsbət istiqamətdə dəyişməsinə, şəhər
və rayonların, kənd və qəsəbələrin
abadlaşmasına, bir sözlə, yeni tərəqqinin bərqərar
olmasına möhkəm zəmin yaratdı.
Ağır və yüngül sənayemizin yeniləşmiş texnologiya əsasında sürətli inkişafı təmin edildi. Tikinti işləri genişləndi, yollar, küçələr qaydaya salındı, abadlaşdırıldı. Ən başlıcası isə milli dirçəlişin, mədəniyyətin, elmin və təhsilin yüksəlişi istiqamətində təsirli, tarixi tədbirlər həyata keçirildi. Xüsusilə gənc nəslin yüksək təhsil dərəcələrinə yüksəlməsi yollarında faydalı işlər görüldü. Hər il yüzlərlə gənc Moskvanın, Sankt-Peterburqun, Kiyevin və digər şəhərlərin ali təhsil məktəblərinə oxumağa göndərildi. Həmin gənclərin əksəriyyəti indi ölkəmizin iqtisadi-sosial-mədəni quruculuğunda fədakarlıqla çalışır.
Doğma Azərbaycan dilimizin hərtərəfli intişar tapmasında Heydər Əliyevin rolu danılmazdır. Məhz bu böyük şəxsiyyətin iradəsi və qətiyyəti sayəsində dilimiz "Azərbaycan dili" adı ilə dövlət dili statusu qazandı və bu status Konstitusiyamızda əbədi möhürləndi. Biz hamımız türk dilləri sırasında özünün məna çalarları ilə, zənginliyi, ifadə forması və cilvəli siqləti ilə seçilən Azərbaycan dilimizin geniş surətdə pərvəriş tapmasına görə ümummilli liderimizə borcluyuq və etiraf etməliyik ki, sovet dövründə Azərbaycana rəhbərlik edən heç bir şəxs ana dilimizin inkişafına, işlədilməsinə bu dərəcədə əhəmiyyət verməmişdi. Hələ 1970-ci illərdə "Müasir Azərbaycan dili" kitabının müəlliflərinə Dövlət mükafatı verilməsinin təşəbbüsçüsü də məhz o idi - dilimizi ürəkdən sevən və bu dili dərindən, son incəliklərinədək bilən Heydər Əliyev. Dilimizin beynəlxalq məclislərdə, elmi, siyasi, iqtisadi, mədəni-ədəbi simpozium və konfranslarda səsləndirilməsi faktı da məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Ədəbiyyatımızı, musiqimizi, çoxəsirlik zəngin mədəniyyətimizi sonsuz bir məhəbbətlə sevən ulu öndər yazıçılarımızın, bəstəkar və rəssamlarımızın yaradıcılığının inkişafı naminə onların əməyinin ən yüksək səviyyədə qiymətləndirilməsi istiqamətində çox böyük işlər gördü. Qara Qarayev, Rəşid Behbudov, Süleyman Rüstəm, Mirzə İbrahimov, Süleyman Rəhimov, Rəsul Rza, Fikrət Əmirov Tahir Salahov kimi böyük sənətkarlara ən ali dövlət mükafatı - Sosialist Əməyi Qəhrəmanı adı verilməsinə məhz o, nail oldu.
Böyük rəhbər belə zəngin yaradıcılığa malik istedadlı şəxslərin ali qanunvericilik orqanlarında təmsil olunması, onlara dövlət mükafatlarının, fəxri adların verilməsi üçün tədbirlər gördü, görkəmli şəxsiyyətlərin şərəfinə abidələr ucaldıldı, yazıçıların, bəstəkarların və digər yaradıcı təşkilatların qurultaylarında fəal iştirak etdi, qiymətli fikirlər söylədi, onları yeni-yeni əsərlər yaratmağa ruhlandırdı.
Ulu öndərin aşağıdakı fikri həmişə aktualdır, səfərbəredici və qiymətlidir: "Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu dil zəngin dildir, artıq dünyada tanınmış dildir, xalqımız da tanınıb, respublikanın adı da tanınıb, dilimizin adı da tanınıb. Bu, reallıqdır".
Ümummilli liderimiz planetimizin ən böyük siyasi xadimlərindən, dərin zəkalı filosoflarından, geniş dünyagörüşlü mütəfəkkirlərindən biri idi və bütün dünyada o, belə də qəbul edilirdi. Milli ideologiyamızın şah damarı, döyünən ürəyi olan azərbaycançılıq fəlsəfəsinin banisi də məhz Heydər Əliyev olmuşdur. 1969-cu ildən sonrakı dövrün bütün iqtisadi-sosial-mədəni yüksəlişinin, milli özünüdərk ideyasının, milli qürurun, milli düşüncə tərzinin bərqərar olması kimi çox dəyərli mənəvi varlığımızın formalaşması ulu öndərin dərin zəkasının, qətiyyətli mövqeyinin, prinsipial həyat devizinin reallığı sayəsində mümkün olmuşdur. Milli iftixarımıza, əvəzsiz liderimizə çevrilmiş Heydər Əliyevin yeni, müstəqil Azərbaycanın yaradıcısı və banisi olması fikrini dünyanın bütün siyasət adamları birmənalı şəkildə qəbul etmişdir. Hələ müstəqilliyimizin ilk günlərində, yəni, 1991-ci ilin payızında biz hamımız hiss edirdik ki, Azərbaycanın Heydər Əliyevə ehtiyacı var. Daxili çaxnaşmalar, mövqeyi və təyinatı şübhəli silahlı dəstələr, qarşıdurmalar, hakimiyyət və idarəetmə təcrübəsizliyi ölkəni fəlakətə sürüyürdü. Ermənistan silahlı qüvvələrinin torpaqlarımızın işğalını genişləndirməsi ucbatından qaçqın və köçkün axınlarının yaranması, ölkə iqtisadiyyatının iflic vəziyyətə düşməsi, bir sözlə müstəqilliyimizi təhlükə dumanının bürüməsi, adamların həyəcanlanması, ağır psixoloji duruma düçar olması və s. bu kimi çətin və mürəkkəb vəziyyətin hökm sürməsi şəraiti cəsarətli, qətiyyətli, milli düşüncəsi ilə seçilən, çevik, dəmir iradəli, qorxmaz və ağıllı ölkə başçısı tələb edirdi. Bu tələb dözülməz və gözlənilməz müsibətlər fırtınasına düşmüş millətimizin istəyi, arzusu, nicat yolu idi. 1993-cü ilin yayında xalqımızın arzu və istəyilə Heydər Əliyev doğma Naxçıvandan Bakıya döndü və bu tarixi dönüşlə də müstəqilliyinin ilk kövrək illərini yaşayan Azərbaycanımızda yeni həyatın, yeni ab-havanın, yüksəliş və tərəqqinin sarsılmaz bünövrəsi qoyuldu. Bu dönüşdən od içinə düşmüş, səmasını fəlakətlər tutmuş, əhalisi təşviş və qorxu içərisində yaşayan, sabaha ümidi qırılmış Azərbaycan rahat nəfəs almağa başladı.
Qarşıda isə çox böyük və təxirəsalınmaz, həlli mürəkkəb olan problemlər dururdu:
- Rusiyanın silahlandırdığı və müdafiə etdiyi Ermənistan ordusunun Azərbaycan torpaqlarını işğal etməsinin qarşısı alınmalıydı;
- Vahid komandanlığa tabe olan Milli Ordu quruculuğuna başlanmalıydı;
- Ayrı-ayrı şəxslərin tapşırığı ilə kortəbii şəkildə fəaliyyət göstərən silahlı dəstələr ləğv olunmalı, az qala ölkə sakinlərinin özləri üçün təhlükəyə çevrilməkdə olan başıpozuq silahlı qruplaşmaların tərkisilah olunması, sağlam qüvvələrin milli ordu sıralarına cəlb edilməsi üçün təcili tədbirlər görülməliydi;
- Dağıdılmış ölkə iqtisadiyyatının bütün istiqamətləri üzrə, bazar iqtisadiyyatına keçidin maddi və psixoloji çətinlikləri nəzərə alınmaqla, yeni perspektiv, elmi-iqtisadi potensiala əsaslanmış inkişaf proqramları işlənib hazırlanmalıydı;
- Qətiyyətlə və sürətlə kadr islahatı aparmaq, yeni tələblərə cavab verə biləcək, dünyagörüşlü, milli təəssübkeşliyi ilə seçilən qabiliyyətli, işgüzar insanları cəsarətlə irəli çəkmək lazım idi;
- Sənayedə və aqrar sahədə təxirəsalınmaz islahatlar keçirilmək, ölkə iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesinin qabaqcıl elmi-texniki tərəqqi əsasında inkişafını təmin etmək məqsədilə yeni neft siyasəti proqramı işlənib hazırlanmalı və həyata keçirilməli idi;
- Kənd əməkçilərinin güzaranını, sosial-məişət tələblərini nəzərə almaqla torpaq islahatını sürətləndirmək və aqrar sahənin maddi-texniki bazasının bərpası və yenidən qurulması üçün dövlət tədbirləri görülməliydi;
- Elmin, mədəniyyətin, təhsilin, səhiyyənin və digər sosial sahələrin inkişafına, adamların maddi-mənəvi durumunun yaxşılaşdırılmasına, bütün ölkə ərazisində sabitliyin və əmin-amanlığın bərqərar olmasına yönəldilmiş təsirli tədbirlər görülməliydi;
- Ölkənin bütün yaşayış məntəqələrinə pənah gətirmiş, ağır vəziyyətdə yaşamağa düçar olmuş bir milyona yaxın qaçqın və məcburi köçkün üçün minimum həyat şəraiti yaratmaq kimi çətin bir problemin həlli istiqamətində təcili planlar hazırlanıb icra olunmalıydı və s.
Bu gün tam əminliklə və cəsarətlə deməyə əsasımız var ki, Qarabağ probleminin danışıqlar yolu ilə Azərbaycan dövlətinin irəli sürdüyü prinsipial şərtlər nəzərə alınmaqla, həll olunması məqsədilə açıq-aydın siyasət aparılır və bu düyünə düşmüş problemin ədalətlə həllini nizama salmaq üçün yaradılmış ATƏT-in Minsk qrupu və Ermənistan gec-tez reallıqla barışmalı, Azərbaycanın mövqeyi ilə razılaşmalı olacaqlar.
İqtisadiyyatı güclü olan dövlətin güclü də ordusu olmalıdır fikrinin müəllifi ulu öndərimizin gərgin əməyinin və uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün müstəqilliyimizin keşiyində müasir elmi-texniki-hərbi tələblərə cavab verə bilən qüdrətli Milli Ordumuz var. Və ordu quruculuğu üçün büdcədən ayrılan vəsaitin həcmi ilbəil çoxalır.
Bazar iqtisadiyyatına keçidi arxada qoyaraq, iqtisadi, elmi-texniki, sosial-mədəni tərəqqiyə, özəl sektorun formalaşmasına, sahibkarlığın dirçəlməsinə və ona dövlət qayğısı göstərilməsinə məhz ulu öndərin tövsiyələri, yaradıcılıq, quruculuq planları sayəsində nail ola bilmişik.
Bu gün qaçqınların və köçkünlərin sosial-məişət və məşğulluq problemləri üzrə genişmiqyaslı dövlət proqramları uğurla həyata keçirilir.
Bir sözlə, böyük öndərin həmişəyaşar ideyalarına uyğun olaraq inkişaf etmiş və bütün sahələrdə dəyərli uğurlar əldə etmiş Azərbaycanımız bu gün dünyanın qabaqcıl dövlətləri sırasında möhkəmlənməkdədir və bu inkişafın qarşısını heç bir qüvvə ala bilməz.
Beynəlxalq aləmdə ikitərəfli münasibətlərin qurulmasında qarşıda çox mühüm vəzifələr durduğuna xüsusi əhəmiyyət verən ulu öndər prezidentlik fəaliyyətinin ilk günlərindən xarici siyasət xəttinin aparıcı istiqamətlərini mahir və uzaqgörən bir dövlət xadimi kimi ustalıqla müəyyənləşdirə bilmişdir. Bu siyasi xəttin əsası hələ 1993-cü ildə ümummilli liderimizin yenidən hakimiyyətə gəldiyi vaxtda qoyulmuşdu. Ulu öndər hələ o vaxtlar demişdir: "Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən səriştəli xarici siyasət yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu qarşılıqlı, faydalı əlaqələr yaratmaqdan və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqeyini möhkəmlətmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir... Bizim daxili siyasətimiz, xarici siyasətimiz dünya demokratiyasının açdığı yolla demokratik prinsiplər əsasında gedəcəkdir".
Faktlar sübut etdi ki, məhz ulu öndərin siyasi zəkası və uzaqgörənliyi sayəsində indi Azərbaycan bütün beynəlxalq siyasi və iqtisadi təşkilatlarla sıx əməkdaşlıq edir.
BMT, ATƏT, Avropa Şurası kimi nəhəng siyasi qurumlarla müntəzəm əlaqə Dünya Bankı, Dünya Valyuta Fondu, İslam İnkişaf Bankı və digər beynəlxalq maliyyə təşkilatları ilə Azərbaycan arasında inkişafın müxtəlif istiqamətləri üzrə bağlanmış müqavilələr ölkəmizin iqtisadi tərəqqisinə təkan verir, xarici siyasi xəttimizi, xüsusilə Qarabağ problemi ilə bağlı birmənalı və dəyişməz mövqeyimizi beynəlxalq aləmdə dəstəkləyən dövlətlərin sayı artır, tərəfdaşlarımız çoxalır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ulu öndərin bu fikrini dönə-dönə xatırladır ki, "Dağlıq Qarabağ heç vaxt müstəqillik əldə etməyəcək. Dağlıq Qarabağ erməniləri muxtariyyət çərçivəsində, milli azlıq kimi yaşamağı davam etdirə bilərlər".
Bünövrəsi dahi rəhbərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən və ardıcıllıqla davam etdirilən neft strategiyamızın bəhrəsini bu gün ölkəmizin hər bir vətəndaşı hiss edir. Xarici dövlətlər, nəhəng şirkətlər tərəfindən ölkəmizə qoyulmuş sərmayələr özünü doğruldur. İndi Azərbaycan özü sərmayə qoyulan ölkədən başqa ölkələrdə sərmayə yatıran, iqtisadi-siyasi cəhətdən aparıcı dövlətlər səviyyəsinə yüksələ bilmişdir.
Hakimiyyətə qayıdışının ilk illərində ABŞ-a, İngiltərəyə, Fransaya, Çin Xalq Respublikasına, Şərqi Avropa ölkələrinə, Yaponiyaya və digər xarici dövlətlərə səfər edən dahi rəhbərimiz Ermənistan-Azərbaycan müharibəsini ön plana çəkirdi.
Beləliklə, bənzərsiz siyasi şəxsiyyət, müstəqil dövlətin qətiyyətli, dönməz rəhbəri kimi Heydər Əliyev ucalırdı, tanınırdı və özü ilə bərabər Azərbaycanı da tanıtdırırdı, ucaldırdı, dünya dövlətləri sırasında layiqli yer tutması naminə genişmiqyaslı layihələrə imza atması da xalqın rifahı naminə idi.
Memarı dahi Heydər Əliyev olmuş sosial-iqtisadi inkişafa dair dövlət proqramlarımızın sürətlə və keyfiyyətlə həyata keçirilməsi reallıqdır və hamı bu inkişafın bəhrəsini görür.
Bu il martın 1-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Prezidenti cənab İlham Əliyev böyük iftixar hissi ilə demişdir: "Son iki il ərzində Azərbaycan iqtisadiyyatı 15 faiz artmışdır. ...Dövlət büdcəmiz artır. Müqayisə üçün deyə bilərəm ki, 2004-cü illə müqayisədə builki dövlət büdcəmiz 12 dəfə böyükdür. Bu gün dövlət büdcəmiz 16 milyard dollar səviyyəsindədir. Ötən iki ildə dünyada baş verən qlobal böhran fonunda Azərbyacanın davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi iqtisadiyyatın möhkəm təməllər üzərində qurulduğunu və əsas xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin alternativsiz olduğunu bir daha əyani şəkildə sübut etmişdir".
Heydər Əliyev bizim böyük müasirimizdir. Biz hamımız o müdrik şəxsiyyətin qüdrətli fəaliyyətinin, əzəmətli yaradıcılıq və quruculuq işlərinin şahidiyik, iştirakçısıyıq. O, elə bir zirvədədir ki, o yerdən bütün planetimiz görünür və ulu öndər həmin zirvədən bizi daha yaxşı işləyib yaşamağa, ölkənin iqtisadi qüdrətini yüksəltməyə, dünya birliyinə cəsarətlə qovuşmağa, demokratik prinsiplərə arxalanıb onu daha da inkişaf etdirməyə, azərbaycançılıq ideyasını, milli düşüncə fəlsəfəsini bir daha işıqlandırmağa, möhkəmləndirməyə və uca tutmağa çağırır: "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam".
Biz də fəxr edirik ki, o əzəmətli şəxsiyyət, o unudulmaz insan bizimdir, bizimlədir və həmişə də bizimlə olacaq!
Aqiyə
NAXÇIVANLI,
Azərbaycan Müəllimlər
İnstitutunun
rektoru, Milli Məclisin deputatı,
siyasi
elmlər doktoru, professor
Xalq qəzeti.- 2011.- 6 may.- S. 5.