Heydər Əliyev ölkədə iqtisadi müstəqilliyə etibarlı təminat yaratdı

 

Tarixən milli dövlət hər bir xalqın və etnosun mövcudluğunun ilkin əsası kimi çıxış etmişdir. Eyni təsərrüfat sisteminə, dilə, dinə, milli-mənəvi irsə, adət-ənənəyə və dəyərlərə məxsus insanlar qrupu tarixən konkret məkan və ərazi hüdudlarında milli dövlətlərini yaratmaq ideyası ilə yaşamış, fəqət bu heç də hamıya nəsib olmamışdır. Milli dövlətə mənsubluq tarixən həm də hər bir xalqın nəyə qadir olduğunu, keçdiyi şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirir. Bütün bunlar göstərir ki, hər hansı xalqın təşəkkül tapması və qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu mühüm və vacib şərtlərdən biridir.

 

Bu mənada əminliklə deyə bilərik ki, Azərbaycanda müstəqil milli dövlətin mövcudluğu dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Həqiqi müstəqilliyə uzun illər ərzində zəmin yaradan iqtisadi müstəqillik də məhz bu fenomen şəxsiyyətin milli resursları nəzərə almaqla müəyyənləşdirdiyi inkişaf strategiyasına əsaslanır. Müstəqil Azərbaycanın son illərdə sosial-iqtisadi sahədə qazandığı böyük uğurlar, əldə etdiyi səmərəli nəticələr məhz ulu öndər Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində böyük müdrikliklə formalaşdırdığı iqtisadi resurslardan, sənaye və istehsal potensialından qaynaqlanır. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə milli şüurun oyanışı naminə həyata keçirilən kompleks tədbirlər təkcə ədəbi-mədəni sferaları əhatə etməmişdir. Ulu öndərin rəhbərliyi ilə elm, təhsil, səhiyyə, kadr hazırlığı, sosial-iqtisadi sahələr üzrə həyata keçirilən məqsədyönlü tədbirlərin uğurlu nəticələri bir neçə onillikdən sonra Azərbaycanın müstəqil dövlət kimi yaşamasına etibarlı təminat yaratmışdır.

1969-cu ilin 14 iyulunda Azərbaycan KP MK-nın birinci katibi seçilən ümummilli lider respublikanın keçmiş ittifaq miqyasında geridə qalması ilə barışmayaraq vəziyyətin kökündən dəyişdirilməsi üçün qətiyyətli və prinsipial addımlar atmış, mövcud resursları tam səfərbər etməklə tərəqqi və inkişaf prosesindəki maneələrin aradan qaldırılmasına çalışmışdır. Ümummilli lider respublikanın sosial-iqtisadi cəhətdən geridə qalmasının səbəblərini ilk gündən dəqiqliklə müəyyən etmiş, geniş xalq kütlələrini səfərbərliyə almaqla mövcud nöqsanların, çatışmazlıqların həllinə səy göstərmişdir. Heydər Əliyev respublikanın siyasi rəhbərliyinin birliyinə, monolitliyinə nail olmaqla yanaşı, bacarıqlı kadrların bütün sahələr üzrə vəzifəyə irəli çəkilməsinə də xüsusi qayğı ilə yanaşmışdır. Dövlət strukturlarında çalışanların yüksək idarəçilik bacarıqlarının reallaşması üçün zəruri tədbirlər həyata keçirilmişdir.

Ümummilli lider respublikada, ilk növbədə milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların tarixi ənənələrinə, köklərinə bağlılığı sürətləndirməyə çalışmış, xalqın müstəqil yaşaya bilməsi üçün lazım olan iqtisadi və maddi-texniki bazanın formalaşdırılmasına xüsusi diqqət yetirmişdir. Ulu öndər respublikamızın üzləşdiyi problemlərin həlli üçün lazımı iradə, qətiyyət və prinsipiallıq göstərmiş, hər cür riskə rəğmən o dövrün naqisliklərini açıq deməkdən də çəkinməmişdir. Bu baxımdan ulu öndərin Azərbaycan KP MK-nın məşhur 5 avqust 1969-cu il tarixli plenumundakı dərin məzmunlu, eyni zamanda tənqidi ruhlu çıxışı Azərbaycanı problemlər məngənəsindən dinamik inkişaf yoluna çıxaran pozitiv prosesin başlanğıcı kimi xatırlanır. Plenumda tənqidi ruhlu çıxış edən Heydər Əliyev həmçinin dövlət idarəçiliyi sistemində formalaşmış regionçuluq, bürokratiya və korrupsiya kimi neqativ tendensiyaların yolverilməz olduğunu vurğulamışdır. Birinci katibin əsas tənqid hədəfi isə vəzifəli şəxslərin passiv fəaliyyəti, nizam-intizama riayət etməməsi, məsuliyyətsizliyi olmuşdur: "Azərbaycanın bütün ittifaq göstəricilərindən və digər respublikaların göstəricilərindən geridə qalması ciddi təşviş doğurur. Bunu nə ilə izah etmək olar? Aydındır ki, hər bir sahədəki çatışmazlıqların öz səbəbi var. Lakin təhlil göstərir ki, bir çox sahə üçün səciyyəvi olan ümumi səbəblər də az deyil. Bu, hər şeydən əvvəl etibar edilən iş sahəsi üçün bəzi rəhbərlərin məsuliyyət hissini itirməsindən ibarətdir. Odur ki, tabeliyində olan müəssisələrə rəhbərliyin səviyyəsi aşağıdır, lazımi tələbkarlıq və intizam yoxdur".

Böyük strateq yaxşı başa düşürdü ki, Azərbaycanın iqtisadi cəhətdən möhkəmlənməsi, iqtisadi azadlığını təmin etməsi üçün SSRİ-nin strateji əhəmiyyət kəsb edən bir sıra sənaye müəssisələri məhz bu respublikada inşa olunmalıdır. O illərdə Heydər Əliyevin təkidi və qətiyyəti qarşısında keçmiş ittifaq rəhbərliyi respublikamızda iri müasir maşınqayırma, kimya, neft kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, tekstil, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq vermiş, paralel olaraq energetika və nəqliyyat kompleksi inkişaf etmişdir. 70-80-cı illərdə Bakıda, Sumqayıtda, Gəncədə, Lənkəranda, Naxçıvanda və digər şəhərlərdə inşa olunan iri müəssisələr bugünün özündə də iqtisadiyyatın güclü emal və sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir. Bu nöqteyi-nəzərdən ulu öndərin Bakı Məişət Kondisionerləri zavodunun inşası ilə bağlı göstərdiyi əzmkarlığı xüsusi qeyd etmək lazımdır. 70-ci illərin əvvəllərində ittifaq rəhbərliyi bu zavodun Zaporojye şəhərində inşa olunmasına qərar versə də, şəxsi nüfuzundan istifadə edən Heydər Əliyev SSRİ KP MK-nın baş katibi Brejnevlə görüşərək həmin müəssisənin məhz Bakıda tikilməsi vacibliyini konkret dəlillərlə əsaslandıraraq son nəticədə istəyinə nail olmuşdur. 1975-ci ilin dekabrında Bakı Məişət Kondisionerləri zavodunun işə düşməsi məhz dahi öndərin böyük vətənpərvərliklə həyata keçirdiyi əzmkar fəaliyyətin məntiqi nəticəsi idi.

Milli iqtisadiyyatda neft sənayesinin müstəsna rolunu hələ o dövrdə müdrikliklə nəzərə alan Heydər Əliyev bu sahənin dinamik inkişafına xüsusi diqqət yetirmiş, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə nail olmuşdur. Ötən əsrin 70-ci illərinin əvvəllərindən etibarən neft sənayesinin inkişafında yeni mərhələ başlanmış, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdur. O zaman respublikanın neft maşınqayırması keçmiş ittifaqın neft-mədən avadanlığının üçdə birindən çoxunu, neftçıxarma texnikasının isə 70 faizini verirdi. Həmin illərdə ittifaq miqyasında yeni yataqların kəşfiyyatı, qazılması, işlənməsi, mütərəqqi texnologiyalardan və üsullardan istifadədə yeniliklər də məhz Azərbaycanın payına düşürdü. Heydər Əliyevin təşəbbüsü və inadkarlığı sayəsində ölkədə neft sənayesi konsepsiyasının nəzəri inkişafını təmin edən elmi-tədqiqat institutları, istehsalat birlikləri və digər müəssisələr yaradılmışdır. SSRİ-də analoqu olmayan Dərin Özüllər Zavodu inşa olunmuş, geoloji-kəşfiyyat işlərinin səmərəliliyinin artması nəticəsində 8 yeni yataq kəşf edilmiş, sənaye istehsalı artımı neftdə 3 dəfə, qaz sektorunda 2 dəfə çoxalmışdır. Dahi öndərin müəllifliyi ilə tərtib olunan "Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması" planı əsasında bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi, yeni fəaliyyət prinsiplərinə keçməsi prosesi sürətlə başa çatdırılmışdır.

Ümumiyyətlə, ulu öndərin respublikaya birinci rəhbərliyi dövründə Azərbaycanda istehsalın ümumi həcmi 2,7 dəfə artmış, respublikamız milli gəlirin səviyyəsinə görə ittifaq miqyasında ön mövqelərə çıxmış, əmək məhsuldarlığı 1,8 dəfə çoxalmışdı. Heydər Əliyevin 1982-ci ildən sonra siyasi fəaliyyəti Kremlə bağlansa da, müdrik rəhbər xalqına və respublikasına mümkün dərəcədə yüksək diqqət və qayğı ilə yanaşmağa çalışmışdır. Lakin bununla belə 80-cı illərin ortaları, 90-cı illərin əvvəllərində keçmiş SSRİ-də yaşanan iqtisadi böhran respublikamızdan da yan keçməmiş, milli iqtisadiyyatda durğunluq və geriləmə meyilləri müşahidə olunmuşdur. 1986-cı ildə milli gəlirin səviyyəsi 1985-ci ilə nisbətən 101,6 faiz aşağı olmuşdur ki, bu da Azərbaycan üçün ötən 10 ildə ən aşağı artım tempi idi. Respublikanı idarə edən o vaxtkı rəhbərlər ümumi milli gəlirin səviyyəsinin artım tempinin aşağı düşməsindən heç bir nəticə çıxarmırdılar. Xüsusən də 1990-1993-cü illərdə Azərbaycan iqtisadiyyatında tənəzzül, böhranlar və əks proseslərin genişlənməsi idarəetmədə səriştəsiz və bacarıqsız adamlara geniş meydan verilməsi ilə xarakterizə olunur.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycan vətəndaşlarının təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdışı xalqı və dövləti böyük faciələrdən hifz etməklə yanaşı iqtisadiyyatdakı dərin böhran və tənəzzül prosesinin qarşısını almışdır. Ümummilli lider demokratik həyat tərzinin diktə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın özünəməxsus sosial-iqtisadi inkişaf modelini irəli sürmüş və onu əsaslandırmışdır. Bu zaman böyük öndər respublikanın özünəməxsus cəhətlərini, coğrafi-siyasi mövqeyini, təbii ehtiyatlarını, intellektual və insan resurslarını ciddiliklə nəzərə almış, ictimai şüur səviyyəsində bazar iqtisadiyyatının bütün tələblərinin hələlik tam qəbul olunmadığı faktını diqqətdən qaçırmamışdır.

Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatın bütün sahələrinin paralel inkişafının qeyri-mümkünlüyünü önə çəkmiş, bu sahədə ciddi dönüşə nail olmaq üçün respublikanın zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib saymışdır. Ümummilli lider neft sektoruna xarici sərmayələrin cəlb edilməsi istiqamətində ciddi addımların atılmasını təmin etmiş, 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi"nin imzalanmasına nail olmuşdur. Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın əsasını qoymuş bu müqavilənin imzalanması ilə respublikamızın gələcək inkişafının fundamental bünövrəsi qoyulmuşdur.

Ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, keçmiş sovet dövründən miras qalmış iqtisadi münasibətlər sisteminin xarakterini dəyişmədən, torpaqları kəndlilərə paylamadan, dövlət əmlakının özəlləşdirmə proqramlarını gerçəkləşdirmədən, ən başlıcası özəl sektorun inkişafı yolu ilə istehsal potensialı yaratmadan həqiqi demokratiyaya, iqtisadi azadlığa, səmərəli təşəbbüskarlığa, sabitliyə və əmin-amanlığa qovuşmaq mümkün deyil. Böyük strateq özünəməxsus müdrikliklə bildirmişdir ki, özəl sektora xüsusi qayğı göstərmədən, xüsusi mülkiyyətçiliyi inkişaf etdirmədən milli iqtisadiyyatın intensiv və ardıcıl inkişafına, ölkənin sosial xarakterli problemlərinin həllinə nail olmaq mümkün deyil. Təsadüfi deyil ki, Heydər Əliyev 1996-cı ildən başlayaraq ölkədə kiçik və orta sahibkarlığın formalaşmasına və güclənməsinə xidmət edən addımlar həyata keçirmiş, ilk növbədə milli qanunvericiliyin təkmilləşdirilməsinə çalışmışdır.

Yeni dövrün reallıqları nəzərə alınmaqla həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. Ümummilli lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında 1997-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı" əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuş, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir. İqtisadi inkişaf prosesində sahibkarlıq subyektlərinin həlledici rolunu önə çəkən Dövlət Proqramında bu sahədə hökumətin üzərinə düşən əsas öhdəliklər əksini tapmış, həyata keçiriləcək islahatların məzmunu açıqlanmışdır. Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində sahibkarlıq subyektlərində əsassız yoxlamaların aparılması qadağan edilmiş, iş adamlarının fəaliyyətinə əngəl yaradan problemlərin aradan qaldırılması yolları göstərilmişdir.

Kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün sonrakı mərhələdə "Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikası Qanununa bir sıra mütərəqqi dəyişiklik və əlavələr edilmiş, habelə "Haqsız rəqabət haqqında", "İnvestisiyaların qorunması haqqında", "İstehlak bazarı haqqında" və digər zəruri qanunlar qəbul edilmişdir. Bu qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırmışdır. 1996-cı ildə qəbul olunmuş "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" qanun dövlət reyestrinin mərkəzləşdirilmiş qaydada aparılmasına, bu sahədəki süründürməçilik hallarının aradan qaldırılmasına zəmin yaratmışdır.

Respublikamızda özəl sektorun dinamik inkişafı həm də dövlətlə münasibətlərin sivil və işgüzar, qarşılıqlı faydalı xarakteri ilə şərtlənir. Heydər Əliyev daim iş adamlarının hamisi kimi çıxış edərək bu təbəqənin milli iqtisadiyyatın "lokomotiv" qüvvəsinə çevrilməsinə çalışmış, mövcud problemlərin aşkarlanması məqsədilə dövlət-sahibkar dialoqunun genişləndirilməsində maraqlı olmuşdur. 2002-ci ilin 10 və 25 aprel tarixlərində yerli və xarici sahibkarlarla görüşən ulu öndər onları üzləşdiyi problemlər barədə açıq danışmağa dəvət etmiş, yaxından dinləmiş, mövcud problemlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına zəruri tapşırıq və tövsiyələrini vermişdir. Həmin görüşlərin nəticəsi olaraq imzalanmış bir sıra vacib fərmanlar sahibkarlığın dəstəklənməsi və ölkədə investisiya mühitinin daha da təkmilləşdirilməsi baxımından keyfiyyətcə yeni mərhələnin təməlini qoymuşdur.

Dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması da Azərbaycanda sahibkarlığın davamlı inkişafının təmin edilməsi baxımından son dərəcə vacib məsələlərdən olmuşdur. Ümummilli ilderimiz Heydər Əliyevin müvafiq fərmanı ilə yaradılmış Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının məqsədi ölkədə sahibkarlığın inkişafına nail olmaq, iş adamlarının dövlət başçısının yürütdüyü siyasətin həyata keçirilməsində səmərəli, fəal iştirakını istiqamətləndirmək, bu yolda mövcud olan problemləri araşdırmaq və onların həlli üçün təkliflər verməkdir. İctimai əsaslarla fəaliyyət göstərən Şuranın tərkibində yerli və xarici iş adamları, sahibkarların ictimai birliklərinin nümayəndələri geniş təmsil olunmuşlar. Şura ölkədə sahibkarlığın inkişafında, bu sahəyə dövlət qayğısının artırılmasında, mövcud problemlərin həll edilməsində, ölkə Prezidenti tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf strategiyasının ardıcıl olaraq reallaşmasında sahibkarların səmərəli fəaliyyətini istiqamətləndirməklə müəyyən rol oynamışdır.

Ulu öndər Heydər Əliyevin ciddi elmi əsaslarla təməlini qoyduğu sosial-iqtisadi siyasət strategiyası 1993-2003-cü illərdə Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrində dinamik inkişaf və tərəqqini təmin etmiş, respublikamız bütövlükdə Cənubi Qafqaz regionunda qlobal enerji və kommunikasiya layihələrinin əsas təminatçısına çevrilmiş, milli sahibkarlar ordusu formalaşmış, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 75 faizə çatmışdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları 2003-cü ilin oktyabrından bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev respublikanı sürətli tərəqqi yoluna çıxarmış, onun davamlı və tarazlı inkişafını təmin etmişdir. Son 7 il yarımda respublikamızda həyata keçirilən siyasət, ilk növbədə ölkədəki ictimai-siyasi və iqtisadi sabitliyin daha da möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafı məqsədinə yönəlmişdir. Cənab İlham Əliyev yürütdüyü siyasətin gerçəkliyə adekvat olduğunu əməli işi ilə sübuta yetirərək formalaşdırdığı işlək mexanizmlər əsasında islahatların davamlılığını, ardıcıllığını təmin etmiş, Azərbaycan həyatında yeni intibah mərhələsinin başlanmasına nail olmuşdur.

Cənab İlham Əliyevin dövlətə rəhbərliyinin ilk mərhələsindən həyata keçirdiyi tədbirlər onun iqtisadiyyatın inkişaf perspektivlərində sahibkarlığın rolunu yüksək dəyərləndirdiyini göstərir. Qısa dövr ərzində kiçik və orta sahibkarların güzəştli kreditlərlə təmin olunması, sahibkarların fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan süni problemlərin həlli istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Dəfələrlə sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə də lazımi köməyi göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, yerli icra hakimiyyəti orqanlarının, hüquq-mühafizə və vergi orqanlarının iş adamlarının fəaliyyətinə qeyri-qanuni müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur. Mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın ən müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulmasının, əyalətlərin mavi yanacaqla təchizatının özü də dövlətin özəl sektora dəstəyinin tərkib hissəsidir. Sahibkarlığa Kömək Milli Fonduna Dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə daha böyük rəqəmlərlə ifadə olunması, fermerlərin zəruri texnika ilə təchizatı üçün "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması və bu quruma böyük həcmdə maliyyə vəsaitinin ayrılması da hökumətin sahibkarlara qayğıkeş münasibətinin əsas göstəricilərindəndir.

Respublikamızda sahibkarlığın inkişafına mane olan əngəllərin aradan qaldırılması istiqamətindəki fəaliyyətinin ardıcıl və davamlı səciyyə daşıdığını Prezident İlham Əliyev 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərmanı ilə bir daha təsdiqləmişdir. Bu fərmanla çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin böyük qismi, o cümlədən süründürməçilik halları, bürokratik əngəllər aradan qaldırıldı. Fərman həmçinin biznes strukturlarının fəaliyyəti üçün torpaq ayırmalarının, tikinti, yenidənqurma və bərpa işlərinə icazə verilməsi prosedurlarının sadələşdirilməsi, tikintinin ekspertizadan keçirilməsi sahəsindəki bürokratik əngəllərin aradan qaldırılmasına da geniş imkanlar açmışdır. Prezident İlham Əliyevin yeni dövrün tələbləri ilə tam səsləşən bu fərmanı sahibkarlar tərəfindən dəstəklənir və rəğbətlə qarşılanır. 2008-ci ilin 1 yanvarından qüvvədə olan fərmanın icrasını Vergilər Nazirliyi uğurla həyata keçirir.

Qlobal böhranla müşayiət olunan son illər Azərbaycan iqtisadiyyatının guya yalnız neft amili üzərində inkişafı ilə bağlı səslənən bəzi qərəzli iddiaları da alt-üst etmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev ayrı-ayrı çıxışlarında bu məqama xüsusi toxunmuş, respublikada qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini qeyd etmişdir. Möhtərəm dövlət başçımız demişdir: "...Dünyanın neft bazarında baş verən hadisələrdən asılı olmayaraq Azərbaycan uğurlu inkişafını davam etdirəcəkdir. Neftin qiymətindən asılı olmayaraq biz yenə də ən sürətlə inkişaf edəcəyik. Bizim bütün uğurlarımızı neft amili ilə bağlayanlar artıq başa düşüblər ki, uğurlarımızın təməlində düşünülmüş siyasət, konkret proqramlar, möhkəm iradə və Azərbaycanın suverenliyi, müstəqilliyi dayanır".

Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün yekunları ilə bağlı keçirilən iclası isə göstərir ki, həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan artım dinamikasını və əldə olunmuş sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində gerçəkləşdirilən antiböhran siyasəti maliyyə sabitliyinin qorunmasına da etibarlı zəmin yaratmışdır. Nazirlər Kabinetinin sözügedən iclasında bununla bağlı dövlət başçımız demişdir: "...İqtisadiyyatımız birinci rübdə bütövlükdə 1,6 faiz artmışdır. Ancaq sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 5,6 faiz artmışdır...Bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirmək,neft amilindən asılılığı azaltmaq, iqtisadiyyatın şaxələndirilməsinə nail olmaqdır.Ona görə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir və ölkədə aparılan sosial və iqtisadi islahatlar, ilk növbədə bu məqsədə nail olmaq üçün həyata keçirilir. Sənaye istehsalı bütövlükdə 0,3 faiz artsa da, sənayenin inkişafında əsas məsələ, yəni sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sənayemiz 9,8 faiz artmışdır. Bu da onu göstərir ki, qeyri-neft sektoruna qoyulan vəsait, investisiyalar, sahibkarlara yaradılmış şərait gözəl nəticələrini göstərmişdir...".

Son illər Azərbaycanda müşahidə olunan dinamik yüksəliş və tərəqqi, iqtisadiyyatın sürətli artım tempi respublikada həyata keçirilən uğurlu islahatların nəticəsi olmaqla yanaşı, eyni zamanda, milli sahibkarlığa göstərilən yüksək diqqət və qayğının nəticəsidir. Möhtərəm Prezident ötən müddətdə həyata keçirdiyi əməli tədbirlərlə, imzaladığı müvafiq fərman və sərəncamlarla sahibkarların yaxın himayədarı olduğunu təsdiqləmişdir. Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf dönəminə qədəm qoymuş, bu sektorun ümumi daxili məhsulda payı 85 faizə yüksəlmişdir.

"Artıq Azərbaycanda iqtisadi islahatlar sahəsində böyük işlər görülüb. Biz şəffaflığa nail ola bilmişik. Şəffaflıq bizim üçün, iqtisadi inkişaf üçün və ümumiyyətlə, ölkəmizin inkişafı üçün çox mühüm əhəmiyyət daşıyır. Enerji sahəsində şəffaflıq təşəbbüsünün icrası sahəsində Azərbaycan bir nömrəli ölkədir... Biz müasir uçot sisteminə keçirik. Yəni bütün sahələrdə olduğu kimi, bu sahədə də müasirləşmə gedir, ən qabaqcıl meyarlar, texnologiyalar və təcrübə tətbiq olunur. Belə olan hallarda yersiz müdaxilələr, yoxlamalar əsassızdır, buna son qoyulmalıdır. Əlbəttə ki, sahibkarlar dövlət və xalq qarşısında öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, vergiləri vaxtında ödəməlidirlər" - deyən cənab dövlət başçımızın bu qətiyyətli və prinsipial mövqeyi iş adamları tərəfindən də rəğbətlə qarşılanır, ürəkdən dəstəklənir.

Prezident İlham Əliyevin 2010-cu il 13 aprel tarixli "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" fərmanı da bu sahədə həyata keçirilən dövlət siyasətinin uğurlu davamıdır. Fərman istehlakçıların hüquqlarının qorunması məqsədilə aparılan yoxlamaların müasir standartlara uyğun olaraq tənzimlənməsi, yoxlamalar zamanı səlahiyyətlərdən sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, alınan nəticələrin uyğun olaraq istehlakçıların hüquqlarının effektiv müdafiəsini təmin etmək məqsədi daşıyır.

Sonda Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında dövlət başçısının nitqində diqqəti bir məqama da yönəltmək istərdim. Azərbaycan Prezidenti demişdir: "...Ölkəmizin hər yerində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. Bu ilin birinci rübündə nəzərdə tutulmuş bütün investisiya layihələri vaxtında həllini tapmışdır. Birinci üç ayda regionlarda təxminən on yeddi min yeni iş yeri açılmışdır. Bu proses davam edir. Bütövlükdə birinci proqramın icrasından sonra ölkəmizdə 930 min yeni iş yeri açılmışdır. Sahibkarlara kömək məqsədi ilə kreditlər ayrılır və bu kreditlər gözəl nəticələrini verməkdədir. Yəni, regionların inkişafı proqramı icra edilir. Regionlara səfərlərim mənə imkan verir ki, görülən işləri özüm gözümlə görüm və deyə bilərəm ki, hər bir bölgədə inkişaf vardır. Ən önəmlisi ondan ibarətdir ki, bu inkişaf davamlıdır. Yəni, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Baxmayaraq ki, son illərdə Azərbaycanda böyük işlər görülmüşdür. Biz daim inkişafda olmalıyıq və daim mövcud problemlərin həlli işində fəal olmalıyıq...".

Cənab İlham Əliyevin nitqində göstərildiyi kimi,Azərbaycanın bütün regionlarında nəzərə çarpan tərəqqi və inkişaf Sumqayıt şəhərində də müşahidə olunur. Bu, şəhərə yeni icra hakimiyyəti başçısı vəzifəsinə təyin edilən Eldar Əzizovun həyata keçirdiyi tədbirlərin timsalında özünü daha qabarıq büruzə verir.

Xatırlatmaq yerinə düşər ki, Eldar Əzizov vəzifə səlahiyyətlərinin icrasına başlayarkən şəhərin bütün qurumlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri ilə görüşündə artıq Sumqayıtın sənaye mərkəzinə çevirildiyini bildirmişdir. Qeyd edək ki, burada postsovet məkanı ölkələrində analoqu olmayan texnopark açılmışdır. E.Əzizovun sözlərinə görə, Prezident İlham Əliyev tapşırmışdır ki,bu sahə daha da inkişaf etdirilməlidir.

Sumqayıtda yeni sənaye müəssisələrinin tikilməsi nəzərdə tutulmuşdur. Şəhərdə tikinti-abadlıq,quruculuq işləri geniş vüsət almışdır.Bütün bunlar isə Sumqayıtın qısa vaxt ərzində bəzi parametrlər baxımından Bakı şəhərinin standartlarına çatacağı əminliyi yaradır.

Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun çıxışlarından biz görürük ki, Sumqayıt yaxın gələcəkdə həm yaşayış məntəqəsi kimi, həm də ərazi təsərrüfat kompleksi kimi sürətli inkişaf mərhələsinə qədəm qoyur. Eyni zamanda sosial-iqtisadi inkişaf dinamikası artdıqca şəhərin ictimai iqlimi də sağlamlaşır,inkişaf edir.

Azərbaycanı zəngin və qüdrətli dövlətə çevirməyi qarşısına məqsəd qoyan Prezident İlham Əliyev iqtisadi sahədə böyük uğurların qazanılmasını təmin etməklə verdiyi hər bir vədini əməli işilə doğruldur. Ulu öndər bu gün aramızda olmasa da, onun layiqli davamçısı cənab İlham Əliyevin böyük əzmkarlıqla həyata keçirdiyi iqtisadi siyasətlə qürur duyur, gələcəyə böyük əminliklə baxırıq. Həm də ona görə ki, Heydər Əliyevin formalaşdırdığı unikal dövlətçilik modelini yeni çalarlarla zənginləşdirən və onu müasir dünyanın gerçəkliklərinə uyğun inamla davam etdirən qətiyyətli liderimiz var. Prezident İlham Əliyevin yeritdiyi sosial-iqtisadi siyasət vətəndaşlarda ölkədəki mövcud siyasi kursa inam və rəğbəti daha da artırır.

 

 

Qüdrət KƏRİMOV,

"Xəzər" Səhmdar Cəmiyyətinin

sədri, iqtisad elmləri doktoru

 

Xalq qəzeti.- 2011.- 7 may.- S. 8.