Heydər Əliyev
siyasəti - Azərbaycan və Gürcüstan
xalqlarını birləşdirən körpü
Müasir Azərbaycan tarixinin bir çox parlaq
səhifələri, heç şübhəsiz ki,
ümummilli liderimiz Heydər Əliyevin adı ilə, onun
irimiqyaslı və çoxşaxəli dövlətçilik
fəaliyyəti ilə bağlıdır. Tariximizin dərin
qatlarına zaman-zaman işıq salındıqca xarüqələr
yaratmaq qabiliyyətində olan şəxsiyyətlərimizin
adları və əməlləri ilə
qarşılaşırıq. Məşhur alman siyasətçisi
E.Flemenə görə, tarix keçmiş siyasət, siyasət
isə hazırkı tarixdir. Bu baxımdan, tarixi faktlara
söykənərək deyə bilərik ki, ümummilli
liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə
həm bugünkü siyasətimiz, həm də müasir
tariximizdir.
Türk dünyasının öndəri, tarixi şəxsiyyət kimi zamanın nüfuz dairəsinə daxil olan Mustafa Kamal Atatürk deyib: "Tarix yazmaq, tarix yaratmaq qədər mühümdür".
Biz Heydər Əliyevi tarixi şəxsiyyət adlandırmaqdan öncə daha bir mühüm fəlsəfi anlama diqqət yetirək: bir-birini yaradan tarix və şəxsiyyət anlayışlarından ikincisinin dəyəri onların cəmiyyət, ümumilikdə bəşəriyyət, öz xalqı, Vətən üçün gördüyü işlərin, göstərdiyi xidmətlərin məcmuudur.
Azərbaycan xalqının xilaskarı və müstəqil dövlətçiliyimizin qurucusu Heydər Əliyevin şəxsiyyətlər barədə söylədiyi fikirlərin müdrik kəlama çevrilməsi də danılmazdır: "Şəxsiyyətin yüksək əxlaqi keyfiyyətinin formalaşması onun hərtərəfli və ahəngdar inkişafının çox mühüm cəhətidir."
Xalqımızın nəzərinin xilaskar bir qüvvə kimi məhz Heydər Əliyev şəxsiyyəti üzərində cəmlənməsi onun dərin köklərə malik olan inamının yenidən etirafı idi. Ötən əsrin 60-cı illərində dərin böhran keçirən Azərbaycana rəhbər seçilərək, az vaxtda respublikamızın hərtərəfli inkişafına və tərəqqisinə nail olan Heydər Əliyevin şəxsi keyfiyyətləri və qabiliyyəti ictimai yaddaşa silinməz izlərlə əbədi həkk olunub. Əlbəttə, Heydər Əliyevin rəhbərliyi ilə XX əsrin 70-80-ci illərində Azərbaycan keçmiş SSRİ-də geridə qalan əyalət timsalından qabaqcıl, inkişaf etmiş bir respublikaya çevrildi.
Heydər Əliyev öz xalqına nə qədər dəyərli bir şəxsiyyət idisə, onun mənsub olduğu millətin tarixi düşmənlərinə eyni dərəcədə təhlükə hesab olunurdu. Elə bu nöqteyi-nəzərdən də Heydər Əliyev xalqımız üçün milli iftixar mənbəyinə və canlı əfsanəyə çevrilmişdi.
Xalqını istirablardan, min - bir əzabdan, məhv olmaq təhlükəsindən xilas edən, ömrünü xalqına bağışlamağı həyatının başlıca amalı hesab edən, məqsədi qurub-yaratmaq olan tarixi şəxsiyyət kimi tanıdığımız, 34 illik siyasi fəaliyyəti məhz bu amala söykənən ümummilli liderimizdən bizi ayıran (əlbəttə, cismən) zaman bir daha göstərdi ki ulu öndərin dahiliyi, fövqəlbəşərliyi, alternativi olmayan siyasəti əbədidir. Onun adı həmişə dünyanın tanınan, mötəbər, müdrik rəhbərləri ilə bir sırada çəkilib və hətta, nümunə göstərilib.
Tariximizin oxunmamış, öyrənilməmiş səhifələrinə nəzər saldıqda əsrlər boyu xalqımızın başının necə dəhşətli bəlalar çəkməsini öyrənirik. Ən dəhşətli faciələri isə bizə XX əsr gətirdiyini inkar edə bilmərik. Çünki bu bəlalar bizə torpaq itkisi gətirib, əsirlik, girovluq, qaçqınlıq-köçkünlük taleyini yaşadıb. Bütün bunlar isə tarixən türkləri özlərinə düşmən sayan, zaman-zaman dünya xalqlarını onlara qarşı qoymağa çalışan ermənilərin torpaq iddiasından əl çəkməməsindən irəli gəlib. 1905, 1918-20, 1948-50 və 1988-ci illərdə azərbaycanlıların öz doğma ata-baba yurdlarından zorla köçürülmələri, (əslində qovulmaları) deportasiya və soyqırımlara məruz qalması isə həmin dəhşətlərin ağrısıdır.
Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə də ermənilər bu iddia ilə "mübarizə" aparmış, hətta məqsədlərinə çatmaq üçün məkrli siyasət yeritməkdən belə çəkinməmişlər. Bu çirkin niyyətin baş tutmaması üçün isə Heydər Əliyev Sov.İKP Siyasi Bürosundan uzaqlaşdırılmalı idi. Doğrudan da, onlar bu istəklərinə SSRİ-nin ilk və sonuncu Prezidenti kimi yadda qalan M.Qorbaçovun əli ilə Heydər Əliyev "səhhətinə görə" istefaya göndəriləndən cəmi 25 gündən sonra çatdılar. Bu, hələ ilk addımlar idi: Dağlıq Qarabağ böhranı yenidən baş qaldırdı.
Azərbaycan xalqının, dövlətinin başına Heydər Əliyevsiz dövrdə gətirilən bəlaların qısa xronikasına nəzər salsaq, bu dahi insanın əvəzolunmazlığını bir daha qətiyyətlə söyləyə bilərik: 1988-ci ilin payızında Ermənistanda yaşayan 250 min soydaşımızı bu işğalçı dövlətin ərazisindəki öz tarixi ata-baba yurdlarından zorla çıxarmağa başladılar. Bu ağrılı proses 1992-ci ilədək davam etdirildi, 1988-ci il Sumqayıt hadisələri, "20 Yanvar", Xocalı faciəsi törədildi, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ, həmçinin ona bitişik daha 7 rayon işğala məruz qaldı, 700 min nəfərədək azərbaycanlı öz doğma Vətənində məcburi köçkünə çevrildi və nəticədə ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün yarandı və s.
Bütün bu faciəvi həyatı yaşamağa məhkum olan xalqımız illərlə həsrətini, arzusunu çəkdiyi azadlığa, müstəqilliyə qovuşsa da, o vaxtkı ölkə rəhbərliyinin qətiyyətsizliyi, zəifliyi, səriştəsizliyi də torpaqlarımızın itkisinə səbəb olan amillərdən sayılmalıdır. Çünki düşmən, adətən, belə əlverişli məqamın yaranmasına çalışmış və bunun üçün illərlə mübarizə aparmışdı.
Azərbaycan müstəqillik qazandıqdan, daha doğrusu, zəngin dövlətçilik təcrübəsinə malik olan ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bir çox sosial-iqtisadi problemlərlə yanaşı, tarixi yerlərə, uzaq keçmişindən söhbət açan abidələrə, qədim tikililərə xüsusi qayğı və diqqət göstərirdi.
Ölkəmizin öz problemlərinin başdan aşdığı bir dövrdə respublika Prezidenti Heydər Əliyev əzabkeş soydaşlarımızı əsla unutmur, Gürcüstanla əlaqələri yaxşılaşdırmağı, burada azərbaycanlılara məxsus olan abidələrə qayğı göstərməyi ön plana çəkirdi.
Bu barədə ulu öndər Şəmkir Rayon İcra başçısı kimi, mənə bir sıra konkret tapşırıqlar verdi. Vəzifə aydın idi. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində ilk növbədə soydaşlarımızın itirilmiş inamını, etibarını, tapdalanmış milli hissiyatını dirçəltmək, elindən-obasından bir növ əllərini üzmüş insanları yenidən öz dədə-baba yurdlarına bağlamaq kimi mühüm bir prosesin həyata keçirilməsi ön plana çəkilmişdi. Ulu öndər vəziyyətlə müntəzəm maraqlanır, bizə yeni-yeni tövsiyələr, tapşırıqlar verirdi. Mənəvi və humanitar yardım yüklu ilk maşın karvanı Dmanisi rayonuna yola salındı. Həftələr, aylar keçdikcə xeyriyyə karvanları daimi xarakter aldı. Soydaşlarımız hiss elədilər ki, müstəqil ölkəmiz, Azərbaycan xalqı xüsusilə dünya şöhrətli Heydər Əliyev mövcud problemlərlə dərindən maraqlanır və onlara hər an, hər cür kömək göstərməyə hazırdır. Nankor ermənilər, eləcə də Qamsaxurdiya rejiminin fitnə-fəsadından, terror əməllərindən sarsılaraq evini-eşiyini yiyəsiz qoyub Azərbaycana gəlmək istəyən insan selinin qabağı alındı.
Gediş-gəliş artdıqca soydaşlarımızın qəlbində inamsızlığı ümid, qorxunu cəsarət əvəz elədi. Heydər Əliyevin müdrik siyasəti sayəsində əsrlərdən bəri mehriban qonşuluq şəraitində yaşamış xalqlarımız arasında dostluğun yeni mərhələsi başlandı. Müntəzəm görüşlər, əlaqə-ünsiyyət, səmimi münasibətlər insanların psixologiyasına, əhval-ruhiyyəsinə güclü təsir etdiyindən soydaşlarımızın öz dədə-baba yurdlarından perikməsinə son qoyuldu. Qaçqın karvanı əvəzinə bizə minnətdarlıq məktubları axıb gəlməyə başlandı. Gürcüstan dövlət başçısının Borçalı quberniyası üzrə nümayəndəsinin müavini Hacımurad Xəlilovun bu qayğı və köməkdən ürəklənən həmyerliləri adından, şəmkirlilərə ünvanladığı məktubu həyəcansız oxumaq olmur: "Əziz Aslan müəllim, hər dəfə siz, Azərbaycan Prezidenti möhtərəm Heydər Əliyevin tapşırığı ilə bu yerlərə gəlib-gedəndə inanın ki, qəlbimiz dağa dönür. İstər hökümət nümayəndələrinin, istərsə də şair və yazıçıların, ayrı-ayrı peşə sahiblərinin səfərləri daim qol-qanaq verir. Bu ağır günlərdə bir də yəqin elədik ki, Azərbaycan bizim ümid yerimiz, cənab Heydər Əliyev isə arxamız, dayağımızdır..."
1996-cı ilin mart ayında Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstan respublikasına ilk rəsmi səfəri çox mətləblərə işıq saldı. Gürcüstan-Azərbaycan dostluğunun qədim tarixinə yeni səhifələr yazıldı, yeni fəsillər əlavə olundu. Uzaqgörən ulu öndərimizin müdrikliyindən, tükənməz milli təəssübkeşliyindən, soydaşlarımıza, onların ata-baba yurdlarına olan dərin məhəbbətindən xəbər verən bir epizod yada düşür. Cənab Heydər Əliyevin Gürcüstana səfəri ilə əlaqədar keçirilən təntənəli toplantı zamanı çıxış edən Eduard Şevardnadze xalqlamızın tarixi dostluğundan danışarkən necə oldusa "Azərbaycan diasporu" sözünü işlətdi. Cənab Heydər Əliyev o dəqiqə söhbətə müdaxilə elədi. "Diaspor - yox, dedi. -Azərbaycanlılar sonradan gəlmə deyillər. Tarixən bu yerlərdə yaşayırlar . Buralar onların əzəli, ədəbi məskənləridir". Şevarnadze gülümsündü və cənab Heydər Əliyevin sözünü təsdiq elədi. Bu vaxt tarixi görüşdən sonra Prezident Heydər Əliyevin tapşırığı ilə Gürcüstanda yaşayan soydaşlarımıza şəmkirlilərin xeyriyyəçilik ənənələri yeni vüsət aldı. Qardabanidə köhnə, uçulub dağılmaqda olan məscid binası bərpa olundu, Marneuli rayonundakı Kosalı kənd orta məktəbinə xeyli miqdarda yanacaq və tədris ləvazimatı verildi. Bolnisi rayonunun Arkivan kənd orta məktəbi təmir edildi. Qardabani və Dmanisi rayonlarında ehtiyac içində yaşayan onlarca ailəyə vaxtaşırı ərzaq və tikinti materialı göndərildi. Tbilisidə azərbaycanlı balalarının oxuduqları 73 saylı orta məktəb əsaslı təmir olundu, onun bağlanmaq təhlükəsi aradan qaldırıldı. Qısa müddət ərzində burada şagidlərin sayı 60-dan 300 nəfərə qalxdı. Həmin günlərdə Tbilisidə azərbaycanlı balalarının oxuduqları daha bir məktəbin də maddi - texniki bazası möhkəmləndirildi.
Söhbətlərdən birində dövlətimizin başçısı soydaşlarımızın mətbu orqanı olan "Gürcüstan" qəzetinin "ayağa qaldırılmasının", ona lazımı qayğı göstərilməsinin vacibliyini bildirmişdi. Prezidentin tövsiyəsini, tapşığını dərhal reallaşdırdıq. Qəzetin 75 illik yubileyi ərəfəsində yaradıcı kollektivə bir neçə ton kağız, kompyüter dəsti, faks, surətçıxaran aparat, iki ədəd printer və digər avadanlığı hədiyyə etdik. Qəzet əməkdaşlarının bir neçə aylıq əmək haqqının ödənilməsini yoluna qoyduq. Gördük ki, qəzetin kollektivi nəqliyyat sarıdan əziyyət çəkir. Rəhmətlik atamdan qalmış "Qaz-24" markalı "Volqa" maşınını redaksiyaya bağışladıq.
Biz təkcə soydaşlarımıza yox, ulu öndərin tövsiyəsi ilə gürcü dostlarımıza da yardımlar aparırdıq. Xüsusən, Abxaziyada milli münaqişələrdən sonra doğma ev-eşiklərində, yurd-yuvalarından qaçqın düşüb Tbilisidəki "İveriya" mehmanxanasında məskunlaşan gürcülərə, eləcə də ölkənin müxtəlif bölgələrində sığınacaq tapan qaçqınlara da əl tutur, müəyyən yardımlar edirdik. Heç yadımdan çıxmaz: "İveriya" mehmanxanasındakı qaçqınlara sovqatlar paylanan zaman Gürcüstanın xalq yazıçısı Quram Pançikidze həyəcanla deyirdi: "Mənim xalqım gözütox, zadəgan, knyaz nəslindəndir. Onlar acından və şaxtadan ölsələr də öz qürurlarını saxlayaraq heç kimə əl açmayıblar. Bu gün şəmkirlilərin sovqatını qardaş payı kimi qəbul edirik. Bilirik ki, bu yardımlar gürcü ziyalıların sevimlisi Heydər Əliyevin tapşırığı ilə gətirilib".
Bir dəfə də din xadimlərinin dilindən eşitdiyim söhbətləri heç unuda bilmirəm. Soyuq qış günlərindən biri idi. Təbii qaz balonları və mer-meyvə aparmışdıq. Ümumgürcüstan katolikosu-patriarx II İlya Azərbaycan xalqının xeyirxahlığından minnətdarlıqla söz açdı. Dövlətimizin başçısının müdrikliyini xüsusi vurğuladı. "Cənab Heydər Əliyevin qədrini bilin, - dedi. - O, bütün Qafqazın ağsaqqalıdır. Həmişə insanlar arasında səmimiyyət, mehribanlıq yaratmağa çalışır. Çətinə düşənlərə, darda olanlara əl tutur, qayğı göstərir. Qoy Tanrı onu hifz eləsin". Sonra da məndən dönə-dönə xahiş elədi ki, Gürcüstanın bütün din xadimlərinin səmimi salamlarını və dərin təşəkkürünü cənab Heydər Əliyevə yetirim.
XIX əsrin sonlarında və XX yüzilliyin əvvəllərində Tbilisi şəhəri Zaqafqaziyanın mədəni mərkəzlərindən biri sayılırdı. Azərbaycanın da Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndə azadlıq fədailərinin sığınacaq məkanlarından birinə çevrilmişdi. Ulu öndər tapşırıq verdi ki, bu qədim şəhərdə dünyasını dəyişən ziyalıların taleyini araşdırım. İlk öncə Mirzə Fətəli Axundovun geniş və yaraşıqlı evi müəyyən təmir-bərpa işləri aparılaraq azərbaycanlıların mədəniyyət mərkəzinə çevrildi. Sonra Nəriman Nərimanovun doğma ocağı erməni əsilli nankorlardan təmizləndi. Mirzə Cəlilin mənzilində, "Molla Nəsrəddin" jurnalının redaksiyasında, "Qeyrət" mətbəəsində təmir-bərpa işləri aparılaraq xatirə muzeyləri yaradıldı. Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin nəzdində İbrahim İsfahanlı adına teatrın fəaliyyəti bərpa olundu. Az qala, unudulmaqda olan bu səhnə fədaisinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Cümə məscidinin qənşərində böyük sənətkarın yaşadığı binaya xatirə lövhəsi vuruldu.
Ən əsası isə Tbilisidəki səfalı Nəbatan bağında iki yüz kvadratmetrdən çox ərazi abadlaşdırıldı. Azərbaycanlı şəxsiyyətlərin əbədiyyətə qovuşduğu bu müqəddəs yer əsl ziyarətgaha çevrildi. Böyük mütəfəkkir Mirzə Fətəli Axundovun büstü bərpa edildi. Unudulmaz şairimiz Mirzə Şəfi Vazehin qəbirüstü abidəsi ucaldıldı. Görkəmli ziyalı Həsən bəy Ağayevin məzarı tapıldı və büstü qoyuldu.
Qədim müsəlman qəbiristanlığında Tiflis ədəbi mühitindən çıxmış, müstəqil Azərbaycan dövlətçiliyi uğrunda mübarizə aparmış insanların, tanınmış elm və mədəniyyət nümayəndələrinin, ictimai-siyasi xadimlərin adları yazılmış fəxri güşə yaradıldı. Zərli boya ilə "Azərbaycan övladları" sözləri yazılmış mərmər lövhədə öz dövrünün adlı-şanlı ziyalıları, böyük şəxsiyyət kimi tanınan soydaşlarımızın: Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Əliqulu Qəmküsar, Hüseyn Əfəndi Qayıbov, Eynalı bəy Sultanov, Behbudağa Şahtaxtinski, Nazlı xanım Məmmədquluzadə, Müzəffər Nərimanov və onlarca başqalarının adları həkk olundu. Bütün bunlar bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və tövsiyəsi ilə həyata keçirildi.
Dövrün gərgin axtarışları ilə bağlı çox önəmli bir epizod da yada düşür. 1996-cı ilin soyuq qış günlərindən biri idi. Həmişə olduğu kimi, soydaşlarımızla görüş üçün Tbilisiyə getmişdik. İşimizi görüb evə qayıtmağa hazırlaşırdıq. Axşam saat doqquz olardı. Mənə məlumat verdilər ki, ağbirçək bir qadın mənimlə təklikdə görüşmək, nəsə bir söz demək istəyir. Görüşdük, söhbətdən məlum oldu ki, o, xalqımız üçün çox böyük əhəmiyyətə malik bir sirrin üstünü açmaq istəyir. Ağbirçək illər boyu heç kimə bildirmədiyi bir həqiqəti - Fətəli Xan Xoyskinin dəfn edildiyi yeri mənə açıqladı: "O zaman Fətəli Xan Xoyskini allahsız adam kimi Şeyx Sənan dağının ətəyindəki qəbiristanlıqda, mənim qardaşımın yanında basdırdılar".
Sonra qadın həmin yeri göstərdi. "Buradakı ermənilər xəbər tutsalar, Xoyskinin qəbrini dağıdarlar, bu məsələni cənab Heydər Əliyevə çatdırmağınızı xahiş edirəm".
Həmin gün axşam Şəmkirə qaytdım və ulu öndər Heydər Əliyevlə əlaqə saxlayıb Gürcüstanla bağlı ümumi məlumat verdim. Sonda ölkə Prezidentinə ağbirçək müəllimənin dediklərini də çatdırdım. Heydər Əliyev dərhal soruşdu: "Bu məsələdən daha kimin xəbəri var?" Cavab verdim ki, məndən başqa sürücüm və daha iki nəfər bilir. Ani pauzadan sonra Heydər Əliyev soruşdu: "Yorulmamısan?" Dedim: - Xeyr. Tapşırdı ki: "Elə indi geri qayıdıb, orada keşik çəkin. Səhər isə Tbilisi Cümə məscidinin axundunu da götürüb müsəlman adət-ənənəsi ilə, deputatlarımızın və digər ziyalılarımızın iştirakı ilə Xoyskinin qəbrinin M.F.Axundovun büstünün yanına köçürülməsini təmin edin. F.X.Xoyskiyə xüsusi məhəbbətim olduğu üçün qəbirüstü abidənin açılışında mən özüm iştirak edəcəyəm". Ulu öndərin dediyi kimi də elədik. 1996-cı il mart ayının 9-da cənab Heydər Əliyev Fətəli Xan Xoyskinin büstünün açılışında şəxsən iştirak etdi. Bu cür genişmiqyaslı əlaqəli-əhatəli problemlərin həlli ilə yanaşı, dövlətimizin başçısı hər bir ziyalının, hər bir soydaşımızın qeydinə qalır, onun taleyi ilə maraqlanırdı.
Yəqin oxucuların yadındadır: 1996-ci ilin mart ayının 17-də Bakıdan Borçalı mahalına gedən avtobus Tovuz rayonu ərazisində qəzaya uğramışdı. İyirmi altı nəfər bir anda həyatdan köçdü. Aralarında yenicə dil açın körpələr də var idi, nişanlı qızlar da, yeniyetmə oğlanlar da. Elə həmin gün ulu öndər Şəmkirə zəng çaldı. Mənə tapşırdı ki, mərhumların ata-baba yurdlarına çatdırılmasnı və onların el adətincə son mənzilə yola salınmasını və hüzn məclislərinin keçirilməsini təşkil edim. O qəmli-hüznlü günlərdə qədirbilən insanların, el ağsaqqallarının göz yaşları içərisində Heydər Əliyevə necə xeyir-dua elədiklərini ömürboyu unuda bilmərəm.
Cənab Heydər Əliyevin tapşırığı ilə 2001-ci ilin avqust ayında Marneuli şəhərinə getdik. Azərbaycanın uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair-pedaqoq Abdulla Şaiqin 120 illik yubileyi ilə əlaqədar onun dədə-baba ocağında ev muzeyinin və barelyefinin açılışında iştirak etdik.
Muzeyin yerləşdiyi küçəyə Abdulla Şaiqin adı verildi. Şairin oğlu, ədəbiyyatşünas-alim Kamal Talıbzadə öz çıxışında ulu öndər Heydər Əliyevə dərin minnətdarlığını bildirdi.
Müdrik Heydər Əliyev iki qonşu xalq arasında mehribanlığın, səmimi dostluğun, əlaqə-ünsiyyətin günü-gündən inkişafı üçün mümkün olan hər tədbirdən istifadə edirdi. Həyatın hər sahəsində, istər mənəvi münasibətlər, istərsə də ədəbi-mədəni əlaqələr getdikcə genişlənirdi. Məhz dövlətimizin başçısının yeritdiyi müdrik siyasət sayəsində görülən işlərdən biri də bu oldu ki, Eduard Şevardnadzenin "Mənin seçimim" kitabı Azərbaycan dilinə, "Azərbaycan-Gürcüstan-Dostluğumuzun təntənəsi" adlı məqalələr toplusu isə azərbaycancadan gürcü dilinə çevrilərək nəşr olunub. Görkəmli türk publisisti İrfan Ülkünün Prezidentimiz - ulu öndər Heydər Əliyevin həyatından bəhs edən "Qızıl ulduzdan hilala doğru" əsəri türk dilindən "Əsrin adamı", habelə Mir Cəlalın "Bir gəncin manifesti" əsəri, Aşıq Ələsgərin "Qoşmaları" Azərbaycan dilindən gürcü dilinə tərcümə edilib, gürcücə-azərbaycanca lüğətlər nəşr olunub, Nodar Dumbadzenin "Mən Günəşi görürəm" adlı əsəri, Quram Pançikidzenin "Saf daş" romanı, Çansuq Çarkvianinin "Mən və mən" şeirlər kitabı, Moris Posxişvilinin "İki məhəbbət" poeması, İmir Məmmədlinin "Peyğəmbərin kəlamları", 50-dən çox kitab toplusu və başqa əsərlər Azərbaycan oxucusuna çatdırılıb.
Bütün bu sosial-mənəvi məsələlərlə yanaşı, ulu öndər Heydər Əliyev bir sıra beynəlxalq əhəmiyyətli problemlərin, möhtəşəm proqramların həyata keçirilməsində də qonşu Gürcüstan Respublikasının maraqlarına xüsusi önəm verirdi. Uzun illər cənab Heydər Əliyevlə çiyin-çiyinə çalışmış Eduard Şevardnadze öz "Memuarlar"ında ulu öndərimizin bu tarixi xidmətlərini minnətdarlıqla xatırlayaraq yazır ki: "...Əliyev enerjidaşıyıcılarının əsas marşrutunun Gürcüstandan keçməsi üçün əlindən gələni əsirgəmirdi".
Bakı-Supsa ilkin neft borusu tez bir zamanda 6-7 ay ərzində inşa olundu... Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi beynəlxalq maraqlara, eləcə də ABŞ və Türkiyənin fəal dəstək obyektinə çevrilməsinə səbəb oldu və Gürcüstana çox əhəmiyyətli bir beynəlxalq funksiya qazandırdı".
Bütün bunlar xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən Gürcüstan-Azərbaycan dostluğu yolunda yaratdığı ulu körpünün qızıl kərpiçləri sayıla bilər. Bu dostluq bədxah qonşularımız istəsələr də, istəməsələr də getdikcə möhkəmlənir, yenilməz qüvvəyə çevrildi.
2007-ci ilin may ayında Tbilisidə Heydər Əliyevin büstünün təntənəli açılış mərasimində Gürcüstan Prezidenti Mixael Saakaşvili tarixin reallıqlarına söykənən çıxışında demişdir: "Regionumuzun geosiyasəti məhz Heydər Əliyevin qərarından sonra dəyişdi... Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi, müasir Azərbaycan millətinin atasıdır. Sıx birləşmiş Azərbaycan, dost Azərbaycan, uğurlu Azərbaycan isə Gürcüstanın özünün daxilində inteqrasiya və müvəffəqiyyətin, ümumi gələcəyimizin rəhnidir".
Gürcüstanın görkəmli dövlət xadimi Eduard Şevardnadze "Keçmiş və gələcək barədə fikir" memuarlarında qeyd etmişdir: - Tale elə gətirdi ki, Əliyev və mən 10 il ərzində öz ölkəmizə rəhbərlik etdik. Bu illər mükəmməl dostluq və qardaşlıq illəri idi. Moskvada olduğumuz zaman biz ailəvi yaxın idik - mənim həyat yoldaşım Nanulı Əliyevin həyat yoldaşı Zərifə xanımın xətrini səmimi qəlbdən istəyirdi. O, çox gözəl insan, həkim və professor idi. Xatırlatmaq istəyirəm ki, Əliyevə digər məsələlərlə birgə, müxtəlif regionlarda xarici-siyasi əlaqələrin həllini də tez-tez tapşırırdılar, o da bunu özünəməxsus məsuliyyətlə yerinə yetirir və böyük nailiyyətlər əldə edirdi. Möhkəm iradəli və olduqca müdrik bir dövlət xadimi idi. Tezliklə bütün İttifaq miqyasında nüfuzu artdı.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş nəcib ənənə davam edir. Eduard Şevardnadzenin dediyi kimi: "Bu gün Heydər Əliyevin işini və ölkəmizin qardaşlıq ənənələrini onun oğlu - böyük ziyalı, dövlət xadimi İlham Əliyev davam etdirir. O, atasının irsinə dəyərli şəkildə başçılıq edir və Azərbaycanda, eləcə də Gürcüstanda böyük inam və nüfuz qazanıb".
Dövlətimizin başçısı İlham Əliyev və Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörənliklə yeritdiyi siyasi kursa sadiq qalaraq Gürcüstan-Azərbaycan dostluğunun daha da möhkəmləndirilməsi üçün böyük işlər görürlər. Azərbaycanlılar yaşayan bölgələrdə məktəblər təmir edilir, yollar abadlaşdırılır, körpülər salınır, su və qaz problemləri aradan qaldırılır. Hər il Azərbaycan dilində yüzlərlə dərslik, kompyüter və digər avadanlıq göndərilir. Soydaşlarımızın adı ilə bağlı olan bir güşənin abadlığı və əbədiliyi üçün lazımi qayğı və kömək göstərilir.
Mən çox sevinirəm ki, Prezident İlham Əliyevə müraciətimə müsbət cavab verildikdən sonra ümummilli lider Heydər Əliyevin tapşırığı ilə Tbilisidə mənim adıma ermənilərdən alınmış evlər Azərbaycan hökumətinə bağışlandı. İndi həmin mülklər Mədəniyyət və Turizm Nazirliyinin balansına götürülüb. Sevinirəm ki, görkəmli ictimai və mədəniyyət xadimləri Nəriman Nərimanov və Cəlil Məmmədquluzadənin yaşadıqları tarixi binalar bugünkü və gələcək nəsillərə xidmət göstərəcəkdir.
Bir sözlə, Gürcüstan-Azərbaycan dostluğunun tarixinə hər il yeni-yeni səhifələr yazılır. Bu isə ilk öncə dahi Heydər Əliyev kursunun bəhrəsidir. Bütün bunları yada saldıqca böyük siyasətçi Eduard Şevardnadzenin müdrik sözləri yada düşür: "Qafqazın müstəqilliyi və azadlığı işində Heydər Əliyev fenomeninin indinin özündə nə qədər böyük rol oynadığını xalq hələ sonra biləcək".
Aslan ASLANOV,
YAP Siyasi Şurasının
üzvü
Xalq qəzeti.- 2011.- 7 may.- S. 7.