Qələbə
müjdəli veteranlarla görüş
Azərbaycan Turizm İnstitutunda Böyük Vətən
müharibəsində alman faşizmi üzərində qələbənin
növbəti - 66-cı ildönümünə həsr
olunmuş toplantı keçirilmişdir. Tədbiri institutun
turizm işinin təşkili və idarəedilməsi
fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi,
dosent N.Nəsirli açmışdır.
İnstitutun
Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü
ilə təşkil edilən toplantıda Xətai Rayon
Veteranlar Təşkilatının sədri Nəcibə Məhərrəmova,
həmçinin müharibə və əmək veteranları
iştirak edirdilər. N. Nəsirli dəvəti qəbul edib tədbirə
gələn veteranlara və Nəcibə xanıma institutun
müəllim və tələbə kollektivi adından təşəkkür
etdi. O, çıxış edərək 1945-ci ilin 9 may
gününün tarixi taleyimizdəki roluna qısa ekskursiya
etdi.
N. Nəsirli tarixi faktlara söykənərək 1941-ci il iyun ayının 22-də başlayan müharibənin səbəblərindən söz açdı. XX əsrdə baş vermiş iki dünya müharibəsindən ikincisinin -alman ordusunun Polşaya hücuma başladığı 1 sentyabr 1939-cu ili, həmin müharibənin də başlanğıc tarixi hesab etdiyini qeyd etdi. N. Nəsirli tədbir iştirakçılarına II Dünya müharibəsinin dünyanın bir çox dövlətlərini əhatə etdiyini bildirdi. Toplantı iştirakçılarına bu amansız müharibədə 27 milyon hərbi xidmətçinin, 25 milyona yaxın dinc sakinin həyatına son qoyulduğunun sıradan bir rəqəm olmadığını hüznlə xatırlatdı. Təyyarələrin, hərbi hava qüvvələrinin üstünlyü, təcrübəsi əsasında davam edən dördillik savaş dövründə Almaniyanın hər ay 3000 ədəd təyyarə istehsal etdiyini, ölkənin hərbi sənayesinin sürətli inkişafını, bütün bunlara baxmayaraq isə sonda iqtisadi məğlubiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdı. 1941-45-ci illər müharibəsini dünya düzənində yeni mərhələnin başlanğıcı, eyni zamanda, dünya siyasətinin dönüş nöqtəsi olduğunu qeyd etdi. 1941-45-ci illər müharibəsində 600 min azərbaycanlının iştirak etdiyini, sağ qalıb qələbə müjdəsi ilə geri qayıdan insanlar arasında bugünkü tədbirə-görüşə gələn qonaqların olduğunu bildirdi. Üzünü gənclərə tutaraq dedi: "Biz müharibəni, onun dəhşətlərini kitablardan oxumuşuq, sənədli və bədii filmlərdə görmüşük. Amma bu gələn qonaqlar müharibənin canlı şahidləridir. Cahan savaşından üzüağ çıxan bu veteranlar, ümummilli lider Heydər Əliyevin təbirincə desək, bizim qızıl fondumuzdur və onları qorumaq bizim borcumuzdur. Savaş iştirakçılarına o günləri, anları xatırlamaq nə qədər çətin olsa da, ağrılı-acılı illərin şahidlərini dinləmək, onların döyüş yolunu izləmək siz gənclər üçün vacibdir. Müharibədə dəhşətli hadisələrə şahidlik etmiş, əzablar görmüş bu insanların həyat və döyüş yolu bütün gənclərə örnəkdir. Bu, yaşanmış bir tarixdir, tarixin ibrət dərsidir."
Tədbirə dəvət olunan müharibə və əmək veteranları keçdikləri qanlı-qadalı döyüş yolundan, onlara göstərilən diqqət və qayğıdan söz açdılar, unudulmaz xatirələrini bölüşdülər. Çıxış edənlər sülhün, əmin-amanlığın əvəzolunmaz və böyük sərvət olduğunu xüsusi vurğulayaraq, onun qədrini bilməyi gənclərə tövsiyyə etdilər və onları unutmadıqlarına görə bu tədbiri təşkil edənlərə minnətdarlıqlarını bildirdilər.
Qələbə gününə həsr olunmuş tədbirin sonunda müharibə və əmək veteranlarına qiymətli hədiyyələr təqdim olundu.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2011.- 7 may.- S. 12.