"Çıraqqala"
zirvəsində yaşanan bayram
Azərbaycan xalqının ümummilli lideri,
dünyanın tanınmış siyasət adamı Heydər Əliyevin
anadan olmasının 88-ci ildönümü təntənəsi
Şabranda, üç il əvvəl əsası qoyulmuş ənənəyə
uyğun, dəniz səviyyəsindən 1232 metr hündürlükdə
yerləşən qədim "Çıraqqala" tarixi
abidəsinə yürüşlə başladı.
Rayon
icra hakimiyyətinin başçısı Novruz Novruzovun rəhbərliyi
ilə keçən və Gilgilçay səddi boyu 34 kilometr
məsafədə davam edən yürüşdə əllərində
ümumilli lider Heydər Əliyevin portretləri, Azərbaycanın
milli bayraqları olan beş yüzdən çox
şabranlı iştirak edirdi.
Yaşı 2300 ili ötən ulu Şabranda sanki hər yer bayram libası geymişdi. Sadə insanlar bütün mənalı ömrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş böyük azərbaycanlının misilsiz xidmətlərinə hörmət və ehtiramını, onun xatirəsinə məhəbbəti məhz bu uca zirvədən sanki bütün dünyaya nümayiş etdirmək istəyirdilər. Yürüş iştirakçılarını müşayiət edən Cəngi sədaları ətrafa bir əzəmət dalğası yayırdı. Zümrüd meşələrdən qopan əks-səda isə təbiətin də bu coşquya cavabı idi.
Elə buradaca ulu öndərin doğum gününə həsr olunmuş toplantı başladı. YAP fəalları, ictimaiyyətin nümayəndələri, ağsaqqallar ulu öndərin misilsiz xidmətlərini, insani keyfiyyətlərini, xalqımıza bəxş etdiyi xoşbəxtliyi böyük qədirbilənliklə dilə gətirdilər və bu nurlu insanın xatirəsi önündə ehtiramla baş əydiklərini bildirdilər.
Şabran rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov toplantı iştirakçıları qarşısında söylədiyi nitqində böyük siyasət ustası, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ən müxtəlif məqamlarına toxundu, onun xüsusilə müstəqillik dönəmində və ondan əvvəl qarşılaşdığı ən mürəkkəb vəziyyətlərdən necə məharətlə çıxdığını, xalqına əbədi müstəqillik haqqı qazandırdığını konkret faktlarla diqqətə çatdırdı.
Natiq qeyd etdi ki, ulu öndər Heydər Əliyev tarixin ən böyük amansızlıqları və ədalətsizlikləri ilə üzləşib, lakin heç zaman sınmayıb və özünü xalqının xilaskarlıq missiyası üçün hazırlayıb. Onun əzəməti, iti zəkası, polad iradəsi, soyuq məntiqi, fenomenal yaddaşı, son dərəcə böyük təşkilatçılıq, quruculuq və yaradıcılıq bacarığı ən müxtəlif dövlət adamlarında həmişə həsəd, praxıllıq doğurub. Ancaq heç bir qüvvə onu öz xalqının və Vətəninin müstəqilliyi, inkişafı və tərəqqisi naminə çarpışmaqdan, mübarizə aparmaqdan çəkindirə bilməyib. Xalqımızın böyük lideri Heydər Əliyev dünyada bax bu ucalıqda tanınıb və onun xatirəsi də həmişə zirvələrdə olacaq. Biz bu gün onun doğum gününü bölgəmizin, regionumuzun ən uca bir zirvəsində, yaşı min illərdən soraq verən və bu gün də burada əzəmətini qoruyan bir qalada qeyd edirik. Mən əminəm ki, ümummilli lider Heydər Əliyevin əməlləri və xidmətləri kimi adı və xatirəsi də hələ neçə yüz illər bax bu qala kimi tarixə şahidlik edəcək, nəsillərə nümunə olacaq və dərin ehtiramla yad olunacaq.
Çıxışlardan sonra böyük siyasət xadiminin, tarixin yetişdirdiyi dahi azərbaycanlının varisi müstəqil Azərbaycanın Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi. Müraciətdə qeyd edilirdi ki, "Müasir Azərbaycan tarixinin yaradıcısı, müstəqil dövlətimizin banisi olan ulu öndər Heydər Əliyev sevgisi qədirbilən şabranlıların qəlblərində əbədi yaşayacaq".
Toplantı başa çatdıqdan sonra qara zurnanın "Cəngi" sədaları altında qalada çatılmış tonqal alovlandı. Şabranlılar lap qədim Oğuz elində olduğu kimi sanki, sevinclərini ətraf kənd və şəhərlərdə yaşayan həmvətənlərinə çatdırmaq istəyir və onları da Heydər Əliyevin doğum gününün sevincini yaşamağa çağırırdılar.
Yürüş başa çatdıqdan sonra Şabran şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin 88 illiyinə həsr olunmuş bayram konsertinə start verildi.
İ.RÜSTƏMOV
Xalq qəzeti.- 2011.- 8 may.- S. 16.