Qələbənin mühüm arsenalı

 

"Bütün Azərbaycan, o cümlədən də Bakı şəhəri cəbhənin güclü arsenalına çevrilmişdi. O illərdə Azərbaycan vuruşan orduya arasıkəsilmədən yanacaq, silah, döyüş sursatı, geyim və ərzaq göndərirdi".

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

9 May - Qələbə günü

 

Faşizm üzərində qələbənin 66-cı ildönümünün bütün dünyada qeyd olunduğu bu günlərdə bir daha xatırlatmaq lazımdır ki, həmin dövrdə cəbhənin mühüm arsenallarından olmuş Azərbaycan iqtisadiyyatı, xüsusilə də Bakı neft rayonu, tarixi zəfərin qazanılmasında mühüm rol oynamışdır.

 

Müharibənin ilk günlərindən başlayaraq ölkənin əsas neft-yanacaq bazası sayılan Bakı rayonu o dövrdə SSRİ-də çıxarılan neft hasilatının 75-80 faizini, təyyarə benzininin 90 faizini, bəzi yanacaq növləri və xüsusi təyinatlı sürtgü yağlarının isə demək olar ki, 100 faizini vermişdir. 1941-1945-ci illər ərzində Bakı rayonunda 75 milyon ton neft çıxarılmış, 22 milyon ton benzin, yüz min tonlarla müxtəlif təyinatlı sürtgü yağları istehsal olunub cəbhəyə yola salınmışdır.

Hərbi mütəxəssislərin fikrincə, müharibənin qələbə ilə başa çatdırılmasında, qarşı-qarşıya durmuş tərəflərin ümumi iqtisadi inkişaf səviyyəsi, ölkənin maddi-mənəvi sərvətlərinin, ehtiyat-resurslar kompleksinin ön və arxa cəbhənin təxirəsalınmaz tələbləri səviyyəsində qurulması ciddi əhəmiyyət kəsb edir.

Bu şərtlərə uyğun olaraq, müharibə illərində Azərbaycanın ənənəvi neft maşınqayırma və metal emalı sənaye sahələri öz istehsal istiqamətlərində hərbi vəziyyətlə bağlı müvafiq dəyişikliklər apararaq 130 növ silah, müxtəlif döyüş sursatı, ehtiyat hissələri hazırlayaraq cəbhəyə göndərmişdi.

O dövrdə müxtəlif yüngül sənaye müəssisələri, işçi qüvvəsinin, xammal növlərinin, avadanlığın çatışmaması kimi çətinlikləri böyük səylə aradan qaldıraraq, cəbhə üçün lazım olan məhsulların istehsalını dayandırmamışlar. Müharibə illərində strateji məhsul sayılan xam ipək və müxtəlif növlü ipək parça istehsalı 4 dəfə artmışdı. Eyni zamanda, döyüşçülər üçün paltar, ayaqqabı və digər əşyalar hazırlanmışdı.

Respublikanın yeyinti sənayesi müəssisələri öz işlərini yeni qaydada quraraq cəbhə və hərbi şərait üçün nəzərdə tutulmuş ərzaq məhsulları istehsalının həcmini xeyli artırmışdı. Həmin dövrdə əvvəllər xaricdən gətirilən bir sıra dərmanların yerli xammal əsasında respublikada istehsalı təşkil olunmuşdu. Xüsusilə o illərdə Bakı ət kombinatında endokrin dərmanlar hazırlayan sexin fəaliyyəti ayrıca qeyd olunmalıdır.

Müharibə illərində yerli sənaye və sənət kooperasiyası müəssisələri, yerli xammal və materiallar bazasında cəbhənin sifarişlərini yerinə yetirərək 200 adda məhsul növü, o cümlədən hərbi xəstəxanalar üçün mebel, dərman, yun gödəkcə, yanğından mühafizə avadanlığı, əlcək, yorğan-döşək, yataq dəstləri, corab istehsal etmişlər.

"Hər şey cəbhə üçün, hər şey qələbə üçün" prinsipi ilə işləyən hərbi iqtisadiyyatın tərkib hissəsi sayılan kənd təsərrüfatı, ordunu və əhalini müxtəlif təyinatlı ərzaq məhsulları, eyni zamanda, emal sənayesini xammalla təmin etmək üçün bütün imkanlarını səfərbər etmişdi. Əmək qabiliyyətli əhalinin, peşəkar mütəxəssislərin döyüşkən orduya çağrılmasına, kənd təsərrüfatının maddi-texniki bazasının zəifliyinə, kəndlə şəhər və sənaye ilə kənd təsərrüfatı arasındakı ahəngdar iqtisadi əlaqələrin pozulmasına baxmayaraq, tezliklə müharibə şəraitinin sərt qayda-qanunları əsasında vəziyyətdə dönüş yaratmaq mümkün olmuşdu.

Böyük əksəriyyətini qadınlar və yeniyetmələr təşkil edən kənd təsərrüfatı əməkçiləri cəbhəyə getmiş ərlərini və atalarını layiqincə əvəz etmiş, ciddi çətinlikləri aradan qaldıraraq əsl vətərpərvərlik nümunələri göstərmişdilər.

Respublikanın kənd əməkçiləri könüllü surətdə ordu fonduna öz şəxsi təsərrüfatlarında olan 18 min baş mal-qara, tonlarla taxıl vermişlər. Eyni zamanda, kənd əhalisi cəbhəyə 742 min bağlama və əlavə 146 vaqon kənd təsərrüfatı məhsulları yola salmışdılar. Qafqaz bölgəsində ağır döyüşlər getdiyi bir vaxtda isə kənd zəhmətkeşləri "Azərbaycan kolxozçusu" adlı xüsusi tank dəstəsi yaratmaq məqsədilə 170 milyon manatdan çox vəsait toplamışdılar.

Müharibə şəraiti respublikanın dəmir yolu nəqliyyatı qarşısında təcili həllini tələb edən bir sıra mürəkkəb məsələlər qoymuşdu. Həmin illərdə bir tərəfdən hərbi və digər lazımi yüklərin cəbhə bölgələrinə daşınması, digər tərəfdən isə düşmənə yaxın ərazilərdən müxtəlif təyinatlı əmlakın, texnikanın, avadanlığın, habelə əhalinin təhlükəli zonalardan çıxarılıb, arxa ərazilərə köçürülməsi tələb olunurdu. Hərəkət qrafikinin üzlaşdırılıb tənzimləndirilməsi, eyni zamanda, hərbi şəraitin sərt tələblərinə uyğun dəqiqliklə yerinə yetirilməsi, respublikanın nəqliyyat sisteminin bütün imkanlarının tam səfərbərliyə alınması əsasında mümkün olmuşdu.

Ümumiyyətlə, müharibə illərində Azərbaycan dəmiryolçuları 1 milyon 600 min vaqon müxtəlif təyinatlı məhsul, o cümlədən 700 min ədəd yük vaqonu və yanacaqla dolu sistern göndərmişdilər.

1941-1945-ci illərdə respublikanın dəniz nəqliyyatı hərbi yüklərin, köçürülmüş əhalinin, eyni zamanda, xalq təsərrüfatı üçün vacib olan müxtəlif növ məhsulların daşınmasında çox mühüm rol oynamışdır. Xəzər dəniz yolu ilə ölkənin Şərq rayonlarına 1 milyon nəfərdən çox adam köçürülmüş, 29 min vaqof müxtəlif avadanlıq və 155 paravoz daşınmışdı. 1942-1943-cü illərdə Xəzər Dəniz Donanmasının gəmiləri vasitəsilə 145 min hərbi qulluqçu, 6 min vaqon döyüş texnikası daşınmışdı. Müharibə illərində Xəzər neftdaşıma donanması cəbhə rayonlarına 2 milyon tondan çox benzin çatdırmışdı.

Xüsusilə Volqaboyu ərazilərdə və Stalinqrad uğrunda ağır vuruşmalarda tarixi qələbənin təmin olunmasında Azərbaycan xalqının, o cümlədən fədakar dəniz nəqliyyatı işçilərinin zəhməti misilsiz rol oynamışdır. Ən ağır şəraitdə, çox vaxt düşmən təyyarələrinin atəşi altında Xəzər dənizçiləri döyüşən orduya yanacaq, döyüş sursatı çatdırmışlar.

Cəbhənin mühüm arsenalına çevrilmiş Azərbaycan ordunu və arxanı öz iqtisadi resursları, imkanları, ehtiyatları ilə təmin etməklə kifayətlənməmiş, eyni zamanda elmi-texniki fikrin, mədəni dəyərlərin zənginləşdirilməsi əsasında tarixi qələbəyə mənəvi xidmət göstərmişdir.

Müharibə illərində Azərbaycan alimləri, mütəxəssisləri cəbhənin və arxanın sifarişlərini təcili surətdə yerinə yetirmək üçün böyük səy və məsuliyyət hissiylə çalışmışlar. Respublikanın kimyaçı alimləri akademik Y.Məmmədəliyevin rəhbərliyi altında 100 növ yeni neft kimyası məhsulları, o cümlədən 9 adda xüsusi təyyarə benzini, 36 adda sürtgü yağı, 8 adda dizel yanacağı alaraq, onların sənaye istehsalını təşkil etmişdilər. O illərin ciddi elmi nailiyyətlərindən biri də partlayıcı maddələrin tərkib hissəsi sayılan toluolun istehsalı texnologiyasının işlənib hazırlanması idi.

Azərbaycan alimlərindən bir qrupu cəbhəni yüksək keyfiyyətli neft-yanacaq məhsulları və xüsusi təyinatlı sürtgü yağları ilə təmin etdiklərinə görə o dövrün ən yüksək təltifi sayılan Stalin mükafatına layiq görülmüşdülər. Eyni zamanda, neft sənayesinin inkişafı və cəbhənin yanacaqla fasiləsiz təchizatındakı xidmətlərinə görə bu sahənin bir qrup işçisinə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi.

Geoloq alimlərin ciddi səyləri nəticəsində, müdafiə əhəmiyyəti olan nadir elementlərin, o cümlədən kobaltin, strateji xammal sayılan molibdenin yeni yatağı kəşf olundu. Eyni zamanda, daha böyük işlərin başlanğıcı kimi Xəzər dənizində neft quyuları qazmağın və həmin quyuların özülünü tikməyin ilk layihə variantları işlənib hazırlanmışdı.

Fizika elmi və energetika sahəsində çalışan alimlər, mütəxəssislər cəbhənin tələblərindən irəli gələn məxfi xarakterli bir sıra elmi-nəzəri, habelə praktik məsələləri həll etmiş, yaxud həmin problemlərin tədqiqinin fəal iştirakçısı olmuşlar. Energetiklərimizin elmi axtarışları və tövsiyələri, iqtisadiyyatın bütün sahələri üçün üniversal enerji mənbəyi sayılan elektrik təsərrüfatının istehsal-təchizat xarakterli bütün obyektlərinin fasiləsiz fəaliyyətinin təşkilində mühüm rol oynamışdır.

Bioloqlarımızın müharibə illərində geniş miqyasda apardıqları səmərəli elmi-tədqiqat işləri sayəsində, ciddi ehtiyac olan vitamin tərkibli dərman bitkilərinin öyrənilməsinə xüsusi diqqət yetirilmiş, qeyri-qida mənşəli xammaldan "S" vitamini cövhəri alınmasının üsulları müəyyənləşdirilmiş, respublikanın zəngin təbii bitki növlərindən müxtəlif müalicə preparatlarının hazırlanması texnologiyası əsasında bunların kütləvi istehsalına başlanmışdı.

Müharibə dövründə Azərbaycanın müxtəlif yerlərində, xüsusilə Bakı rayonunda təşkil olunmuş 76 hərbi xəstəxanada məşhur cərrah akademik M.Topçubaşovun rəhbərliyi altında çalışan böyük həkimlər dəstəsi xüsusi müalicə üsulları tətbiq etmək, habelə yerli xammal əsasında hazırlanmış dərmanlardan faydalanmaqla, döyüş meydanlarında yaralanmış on minlərlə əsgər və zabiti müalicə etmişlər.

İctimaiyyətçi alim, şair, yazıçı, bəstəkar, rəssam, mədəniyyət və incəsənət xadimlərimizin müxtəlif cəbhə bölgələrində, habelə arxadakı vətənpərvər ruhlu çıxışları, konsertləri, aktual səhnəcikləri həm döyüşçüləri, həm də bütün xalqı milli qəhrəmanlıq ənənələri əsasında Torpaq - Vətən yolunda bəşəriyyətin düşməni olan faşizmə qarşı mübarizəyə səsləmişdi.

Azərbaycanın Dünya müharibəsinə cəlb olunaraq, faşizmə qarşı mübarizəsi obyektiv meyarlar, tarixi şərait və konkret vəziyyət baxımından qiymətləndirilməlidir.

66 illik bir zaman hüdudundan düşünürsən ki, o dövrdə orduya çağrılmış 600 min həmyerlimizin taleyi, döyüş meydanlarında həlak olmuş 300 min oğul-qızımızın nakam ruhları, arxa cəbhədəki insanların qələbəni yaxınlaşdırmaq naminə gecəli-gündüzlü zəhmət-qeyrət səyləri, ana-bacılarımızın, yaşlı nəslin, yeniyetmələrin cəbhədə vuruşanları dəzgahlar arxasında, neft mədənlərində, tarlalarda əvəz etmələri, qız-gəlinlərimizin nişan üzüyünü, sırğalarını, qızıl-gümüş bəzək əşyalarını könüllü surətdə Müdafiə Fonduna verməsi, cəbhədəki əzizlərinin bir daha geri qayıtmayacağını bildirən "qara kağızların" axıtdığı göz yaşları, yetim qalmış uşaqların ürək ağrıdan kədərli baxışları, dul qadınların məşəqqətli həyat-dolanacaq tərzi, uzun çörək, ərzaq, yanacaq növbələri, millətimizin digər aşkar-gizli nisgilləri, şübhəsiz, taleyimizin Ulu Tanrı yazısının pozulmaz naxışlarıdır...

Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 66-cı ildönümü ilə əlaqədar imzaladığı 3 may 2011-ci il tarixli sərəncam çox dəyərli bir sənəd kimi qiymətləndirilməlidir.

Müdrik xalqlar öz keçmiş tarixinin acılı-şirinli, qələbəli-məğlubiyyətli səhifələrindən ibrət dərsləri alır, başqaları isə keçmişi yalnız qayıtmaz bir an kimi kədərlə yada salırlar.

Neçə illərdir ki, məkrli qonşu dövlətlə kövrək atəşkəs şəraitində yaşayan müstəqil Azərbaycan Respublikası üçün ötən müharibənin - cəmiyyətin bütün ictimai-siyasi qüvvələrinin və sosial təbəqələrinin vahid məqsəd yolunda birliyi; qərəzli surətdə cəlb olunduğumuz ədalətsiz Dağlıq Qarabağ münaqişəsinin həlli naminə diplomatik danışıqlarla yanaşı, ordu quruculuğu və onun döyüş qabiliyyətinin artırılması; gənc nəslin əsl vətənpərvərlik ruhunda tərbiyə olunması; orta və ali məktəblərdə hərbi hazırlıq məşğələlərinə tələbkarlığın artırılması; partizan mübarizəsi taktikasının öyrənilməsinə diqqət yetirilməsi; həqiqi müttəfiqlər axtarışı; müharibə iştirakçıları və arxa cəbhə veteranlarına qayğı kimi məsələlər, şübhəsiz örnək rolu oynamalıdır. Sərhədləri pozulmuş, ərazisinin bir hissəsi zəbt olunmuş, qaçqın və köçkün problemi ilə üzləşmiş xalq, öz haqq işinin qələbəsi üçün hərbi xərclərə də, məhrumiyyətlərə də, qurbanlara da mütləq hazır olmalıdır.

Haqq və ədalətin şər qüvvələr, onların havadarları üzərində təntənə zəfəri son nəticə etibarilə mütləqdir. Tarix boyu həmişə belə olmuşdur və hökmən də belə olacaqdır.

 

 

Qüdrət ƏBDÜLSƏLİMZADƏ,

iqtisad elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2011.- 8 may.- S. 15.