Ulu öndər
Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümü münasibətilə Sabunçu rayonunda tədbir
keçirildi
Tədbir iştirakçıları əvvəlcə
ulu öndərin YAP Sabunçu rayon təşkilatı
binasındakı büstünü ziyarət etdilər,
büstün qarşısına tər gül dəstələri
qoydular. Sonra tədbir binanın geniş zalında davam
etdirildi. Geniş məruzə ilə tədbirdə
çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin
başçısı Əlibaba Əliyev ulu öndərin Azərbaycan
xalqı qarşısında tarixi xidmətlərindən
danışdı. O bildirdi ki, Azərbaycanın ən yeni tarixini
yaradan Heydər Əliyev azərbaycanlı olmasından daim
qürur duyan, unikal insan idi. Azərbaycanı xilas etmək
üçün ulu Tanrının xalqımıza, Vətənimizə
bəxş etdiyi ümummilli lider zəmanəmizin siyasətini
müəyyənləşdirən dünya liderləri
arasında sayılıb-seçilən, hamı tərəfindən
hörmətlə qəbul edilən əzəmətli insan
idi.
Bildiyimiz
kimi, müasir Azərbaycan tarixinin 35 ildən çox
dövrü Heydər Əliyev şəxsiyyəti ilə,
onun böyük quruculuq fəaliyyəti ilə sıx
bağlı olmuşdur.
Əlibaba müəllim bildirdi ki, Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü müstəqilliyə doğru böyük dönüş və milli oyanış dövrü kimi yadda qalmışdır.
Məruzədə göstərildi ki, Heydər Əliyevin çevik siyasəti nəticəsində ölkədə həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər Azərbaycanın hərtərəfli sosial-iqtisadi və beynəlxalq iqtisadi sistemə inteqrasiyası üçün əlverişli mühit yaradıldı. Sonra Əlibaba müəllim Heydər Əliyevin başladığı islahatlardan və bu islahatların uğurlu nəticələrindən danışdı.
Natiq onu da vurğuladı ki, sabunçulular Heydər Əliyevin əziz xatirəsini uca tutmuş, onu hər vaxt minnətdarlıq hissi ilə xatırlayırlar. Hələ sovetlər dönəmində Heydər Əliyev Sabunçu (keçmiş Lenin rayonu) rayonundan SSRİ Ali Sovetinə deputat seçilmişdi. Müstəqillik illərində Heydər Əliyev dəfələrlə bizim rayonda olmuş, zəhmətkeşlərlə görüşmüş, onların problem və qayğıları ilə maraqlanmışdı.
Ulu öndərə Sabunçu rayonu sakinləri bir də ona görə minnətdardırlar ki, özündən sonra bu xalqa İlham Əliyev kimi bir rəhbər qoyub getdi. Bəli, bu gün Heydər Əliyev ideyaları, onun çox dəyərli siyasi kursu hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilir. Ulu öndər Azərbaycanı məhz belə görmək istəyirdi: abad yolları, dünya standartlarına cavab verən körpü qovşaqları, göydələnləri, gözəl parkları və xiyabanları ilə turistləri heyran edən yeni Bakı və həmişə tərəqqidə, inkişafda olan regionlarımız.
Və bir də yeniləşməkdə olan Bakının ətraf qəsəbələri. Bu günlərdə cənab Prezidentimiz tərəfindən xüsusi sərəncamla təsdiq olunmuş "2011-2013-cü illərdə Bakı şəhərinin, onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" bir daha təsdiq edir ki, ulu öndərin ideyaları ölkəmizdə böyük sürətlə reallaşmaqdadır. Cənab İlham Əliyev bu proqramın hazırlanması ərəfəsində Bakıətrafı qəsəbələrin inkişafına həsr olunan müşavirədən sonra Sabunçu rayonunun Zabrat, Sabunçu qəsəbələrinin sakinləri ilə görüşüb, onların problemləri ilə tanış olmuşdur. Qeyd edildi ki, bu məsələlərə Dövlət Proqramında xüsusi diqqət ayrılmışdır.
Sonda Əlibaba müəllim ulu öndərin ölməz ideyalarının reallaşmasında sabunçuluların ölkə Prezidentini daim dəstəkləyəcəyini və qarşıya qoyulan vəzifələrin icrası üçün bütün səyləri birləşdirəcəklərini bildirdi.
Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxış etdi.
Mehriban xanım Yeni Azərbaycan Partiyasının yaranmasının ulu öndərin böyük tarixi xidməti olduğunu bildirdi. O qeyd etdi ki, YAP-ın tarixi Azərbaycanın müstəqillik dövrünün tarixi ilə demək olar ki, üst-üstə düşür. Azərbaycan özünün dövlət müstəqilliyini 1991-ci il oktyabrın 18-də bərpa edib, YAP isə 1992-ci il noyabrın 21-də yaradılıb. Ulu öndərin partiya yaratmaq təşəbbüsü böyük çətinliklərlə qarşılaşsa da, müdrik siyasi rəhbər bu basqıdan da qalibiyyətlə çıxdı. 1992-ci il oktyabrın 24-də Heydər Əliyev ziyalıların müraciətinə cavab verərək YAP-ın yaranmasına və ona rəhbərlik etməyə razılıq verdi. Ulu öndər deyirdi: "Bu partiyanı bir adam yox, o illərdə Azərbaycanın ağır vəziyyətini görən, buna dözə bilməyən və bu ağır vəziyyətdən çıxış yolunu axtaran insanlar və xüsusən ziyalıların hamısı birlikdə yaradıblar. YAP-ın yaradılması Azərbaycanın siyasi həyatına yeni bir ruh gətirdi. Heydər Əliyevin yaratdığı və rəhbəri olduğu bu partiya Azərbaycanın gələcək taleyinə çox güclü təsir etdi, Azərbaycan bəlalardan xilas oldu, yeni quruculuq yoluna çıxdı.
Mehriban xanım bildirdi ki, bu gün ulu öndərin yaratdığı bu partiyaya onun siyasi kursunun uğurlu davamçısı cənab Prezidentimiz İlham Əliyev rəhbərlik edir. YAP Sabunçu rayon təşkilatı üzvləri ulu öndərin ideyalarını rəhbər tutaraq, rayonun inkişafına öz töhfələrini verirlər.
Tədbirdə 12 saylı Bakı Peşə Liseyinin direktoru Şərif Hacıyev Heydər Əliyevin milli təhsilin inkişafına göstərdiyi diqqətdən, YAP Sabunçu rayon təşkilatının sədr müavini Lamiyyə Cəlilova ulu öndərin gənclərə qayğısından söhbət açdılar.
Milli Məclisin deputatı Qalib Salahzadə tədbirdə iştirak edirdi.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 8 may.- S. 15.