Heydər Əliyev
və sahibkarlığın inkişafının konseptual əsasları
1969-cu il iyulun 14-də ümummilli liderimizin Azərbaycanın
rəhbəri seçilməsi respublikamızın tarixində
yeni siyasi mərhələnin başlanğıcı
olmuşdur. Həmin vaxt Heydər Əliyev AKP MK-nın plenumunda
çıxış edərək qarşıya qoyulmuş vəzifələrin
həyata keçirilməsi üçün fədakarlıqla
çalışacağını bildirmişdi. "Mən
bütün Büro üzvlərinin köməyinə
ümid edirəm və hesab edirəm ki, birgə, mehriban əməkdaşlığımız
gələcək uğurlarımıza gözəl zəmin
yaradacaqdır" - deyən dahi öndərimiz ali
kürsüyə yüksəldiyi ilk gündən
bütün varlığı ilə sevdiyi xalqının
intibahı və xoşbəxt gələcəyi naminə
böyük fədakarlıqlar göstərmişdir.
Çağdaş tariximizin 34 ili ümummilli liderimizin adı
ilə bağlı olmaqla, xalqın taleyində şanlı və
parlaq səhifəyə çevrilmişdir. Bu 34 illik zaman
müddəti Azərbaycanda müstəqilliyin əbədi,
daimi və dönməz xarakter alması, dövlətçiliyin
möhkəmlənməsi, xalqın milli-mənəvi yüksəlişi,
ölkəmizin beynəlxalq birliyin layiqli üzvü kimi
özünütəsdiqi ilə əlamətdardır. Azərbaycanı
müstəqil dövlət quruculuğuna aparan şərəfli
yol, əslində, məhz dahi öndərimizin hakimiyyətə
birinci rəhbərliyi dövründən başlayır.
Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilən dövrdə zəngin təbii sərvətlərinə, istehsal potensialına baxmayaraq, Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış respublikaları sırasında idi.Bunun səbəblərini araşdıran dahi öndər iqtisadi inkişafa xidmət göstərən kompleks tədbirlər həyata keçirdi. Qısa müddətdə müsbət nəticələr əldə edildi.Bununla da dahi şəxsiyyət peşəkar strateq və müdrik dövlət xadimi olduğunu sübuta yetirdi.
Ümummilli liderimiz qısa müddətdə keçmiş Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikamızı tərəqqi yoluna çıxardı, yeni və müasir sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirdi. Respublikanın bütün bölgələrinin proporsional inkişafı yönümündə ardıcıl addımlar atıldı, istehsalla bağlı elmi-tədqiqat işləri gücləndirildi.
Xatırladaq ki, 1970-1985-ci illərdə Azərbaycanda onlarla zavod, fabrik, istehsalat sahələri yaradılmış, 250-dən artıq sənaye müəssisəsi işə salınmışdır. Azərbaycan bir sıra istehsal sahələrinə görə Sovet İttifaqında aparıcı yer tutur, burada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilirdi. Həmin illərdə istehsal olunan sənaye məhsullarının ümumi həcmi respublikanın əvvəlki 50 ildəki istehsal həcminə bərabər idi.
Azərbaycan həmin illərdə aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrilmişdi. Ağır sənaye ilə yanaşı, yüngül sənaye müəssisələrinin də açılmasına xüsusi diqqət göstərilir, yeni-yeni tikiş və toxuculuq fabrikləri inşa olunurdu. Respublikamız eyni zamanda keçmiş ittifaq miqyasında mühüm kənd təsərrüfatı respublikası, qabaqcıl pambıqçılıq və üzümçülük diyarı kimi məşhurlaşmışdı.Bir fakta diqqət yetirək: o zaman keçmiş ittifaq miqyasında istehsal olunan üzümün 27 faizi, pambıq mahlıcının 9,2 faizi respublikamızın payına düşürdü.
Ümumiyyətlə,Azərbaycan keçmiş ittifaqın geridə qalmış əyalətindən bütün sahələrdə sürətlə inkişaf edən, özünü hərtərəfli təmin edən qabaqcıl respublikaya çevrilmişdi. 1969-1972-ci illərdə xalq təsərrüfatının artım sürəti orta ittifaq səviyyəsini xeyli qabaqlamış, istehsal edilən milli gəlir 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə, kənd təsərrüfatı məhsulları 2,3 dəfə artmışdır. 15 il ərzində miqyasına görə respublikamızda bütün keçmiş tarixi boyu yaradılmış potensialla müqayisə edilə biləcək güclü sənaye potensialı yaradılmışdır.
Heydər Əliyev 70-ci illərdə neft sahəsinin dinamik inkişafına nail olmuş, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsini təmin etmişdir. Yeni yataqların kəşfiyyatı, qazılması, işlənməsi, mütərəqqi texnologiyalardan və üsullardan istifadədə yeniliklər də məhz ulu öndərin təşəbbüskarlığı nəticəsində mümkün olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında tərtib olunan "Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması" planı əsasında bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi və yeni fəaliyyət prinsiplərinə keçməsi prosesi sürətlə başa çatdırılmışdır.
Həmin illərdə formalaşdırılmış böyük iqtisadi potensial 90-cı illərin sonlarına doğru dünyada cərəyan edən mürəkkəb proseslərin nəticəsi kimi istiqlaliyyət qazanmış Azərbaycanın sonrakı mərhələdə müstəqil yaşamasını təmin etmişdir. Müdrik xalqımızın XX əsrdə dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət kimi ümummilli liderlik zirvəsinə ucalmış Heydər Əliyev bu gün həm də müstəqil respublikamızın milli inkişaf modelinin banisi kimi böyük ehtiram və rəğbətlə xatırlanır. Heydər Əliyev özünün dərin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərmişdir.
Ümummilli liderimizin səyi ilə reallaşdırılan struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. Ümummilli liderimiz respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına çalışmışdır. 1997-2002-ci illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır.
Qeyd edilənlər fonunda ölkədə sahibkarlığın inkişafına təkan verən mühüm məqamlardan biri 1994-cü ilin sentyabr ayında Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə Bakıda "Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma" mövzusunda keçirilən beynəlxalq konfrans oldu. Konfransın açılış mərasimində dərin məzmunlu nitq söyləyən ulu öndər ölkədə sahibkarlığın inkişafı üçün müvafiq şərait yaradıldığını və bunun artıq konkret əməli nəticələr verdiyini bildirərək, Azərbaycanda bu sahənin inkişafında xarici investorları fəal iştiraka dəvət etdi. Xarici investorların həm hüquqlarının, həm də yatırdıqları sərmayələrin təhlükəsizliyinin qanunvericiliklə qorunduğunu bəyan edən ümummilli lider sahibkarlığın inkişafında Qərb təcrübəsindən istifadə olunacağını da diqqətə çatdırdı: "İqtisadi baxımdan inkişaf etmiş Qərb ölkələrinin təcrübəsindən bəhrələnməklə, sözün yaxşı mənasında, sahibkarlıq bizim üçün ən mühüm amildir, buna görə də dövlət hər şeyi edəcəkdir ki, biz bu yolla gedə bilək. Bununla əlaqədar olaraq mən xarici investisiyalar üçün hüquqi imkanlar yaradan, onların müdafiə edilməsini nəzərdə tutan qanunu da xatırlatmaq istərdim. Zənnimcə, bu qanun əlverişli şərait yaradır ki, bizdə sahibkarlıq nəinki Azərbaycanın məhdud çərçivəsi daxilində inkişaf etsin, həm də bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi xarici firmalarla birlikdə, xarici investisiyalardan fəal istifadə olunmaqla həyata keçirilsin. Xarici investisiyaların Azərbaycanda tətbiq olunması üçün burada şərait var".
Ölkədə sosial-iqtisadi inkişafın bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə kifayət qədər böyük əlaqəsi olduğunu aydın görən Heydər Əliyev bu istiqamətdə dövlət qayğısının artırılması və ən əsası mövcud potensialın reallaşdırılması üçün vacib addımlar atdı. Bu xüsusda 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən sahibkarlığın inkişafı ilə bağlı iki dövlət proqramı ayrıca qeyd olunmalıdır. Çünki həmin proqramlar sahibkarlığın inkişafının Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrdən birinə çevrilməsində müstəsna rol oynadı və onlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirildi, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edildi.
Sahibkarlığın inkişafında Heydər Əliyevin atdığı ən mühüm addımlardan biri də sözügedən sahəyə dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və bununla əlaqədar qanunvericilik bazasında mühüm dəyişikliklər edilməsi oldu. Həmin vaxta qədər isə iqtisadiyyata nəzarət işlərini həyata keçirən dövlət orqanlarının çoxluğu və fəaliyyəti bir sıra hallarda iqtisadi inkişafa subyektiv maneələr yaradır, iqtisadi islahatların tələblərinə cavab vermir və çox vaxt sahibkarlığın inkişafına süni əngəllər törədirdi. Heydər Əliyev qeyd olunan problemlərin aradan qaldırılması üçün qısa bir müddətdə kompleks tədbirlərin həyata keçirilməsinə nail oldu. Bu kontekstdə ən vacib addımlardan biri kimi ölkə Prezidenti tərəfindən 1996-cı il iyunun 17-də "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" fərmanın imzalanması qeyd edilməlidir.
Fərmanın təsdiqindən bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görüldü. İqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldıldı, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən halların qarşısı alındı, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədilə həm qanunvericilik, həm də inzibatçılıq sahəsində müəyyən tədbirlər həyata keçirildi.
1997-ci ilin 24 iyun tarixində isə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər)" qəbul olundu. Yeni proqramda əsas məqamlar milli iqtisadiyyatda kiçik və orta sahibkarlığın yerinin və rolunun müəyyən edilməsi, bu sahədə qanunvericiliyin möhkəmlənməsi, iş adamları üçün maliyyə-kredit sisteminin formalaşması, biznesin elmi-metodiki bazasının yaradılması üçün müvafiq zəmin formalaşdırması idi. Proqramda müəyyən edilmiş vəzifələrin uğurla yerinə yetirilməsi, kiçik sahibkarlığın idarəolunma və maliyyə mexanizminin müəyyən edilməsi, vergi sisteminin xeyli təkmilləşdirilməsi və digər önəmli tədbirlər sahibkarlığın inkişafını daha da sürətləndirdi.
Bu inkişafı daha da sürətləndirmək məqsədilə Heydər Əliyevin bilavasitə tapşırığı əsasında 1997-ci ildən etibarən vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid və təkmil qanunvericilik bazasının yaradılmasına başlanıldı.1 yanvar 2001-ci il tarixdə "Azərbaycan Respublikasının Vergi Məcəlləsi"nin qəbul edilməsi ölkənin həyatında tarixi bir hadisə olaraq, vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addım oldu. Bundan öncə vergi münasibətlərini tənzimləyən bir sıra qanunlar, məsələn, "Mədən vergisi haqqında" (1995-ci il), "Əmlak vergisi haqqında" (1995-ci il), "Müəssisələrin və təşkilatların mənfəət vergisi haqqında" (1996-cı il) qanunlar qəbul edilməsi, qüvvədə olan "Əlavə dəyər vergisi haqqında", "Fiziki şəxslərin gəlirlərindən vergi haqqında" və s. qanunlarda əlavə və dəyişikliklər edilməsi sahibkarlar sinfinin formalaşmasında mühüm rol oynadı.
Ulu öndərin sahibkarlara birbaşa qayğısı altında vergi dərəcələrinin mütəmadi şəkildə endirilməsi də özəl sektorun ümumi iqtisadiyyatda çəkisinin artmasına müsbət təsir göstərdi.Lakin qeyd edilənlərlə yanaşı, hələ də bəzi sahələrdə mövcud olan çatışmazlıqların tam aradan qaldırılmaması dövlət nəzarəti sahəsində həyata keçirilən islahatların davamlı olmasını zəruri edirdi.Bu məqsədlə ulu öndərin 1999-cu il yanvarın 7-də "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında", 2002-ci il sentyabrın 28-də "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" fərmanları göstərilən istiqamətdə vacib rol oynadı.
Ümummilli lider sahibkarların problemləri ilə bilavasitə tanış olmaq üçün onlarla mütəmadi görüşlər keçirilməsinə və iş adamlarını hansı məsələlərin narahat etməsini onların öz dilindən eşitməyə xüsusi diqqət yetirirdi. Buna bariz nümunə kimi ulu öndərin 2002-ci il aprel ayının 25-də yerli sahibkarlarla, 14 mayda isə xarici sahibkarlarla şəxsən görüşünü, sahibkarların hər birinə şifahi və ya yazılı surətdə öz problemlərini söyləmək üçün əlverişli şərait yaratmasını göstərmək olar. Bu, yeni iqtisadiyyatın inkişaf etdirilməsinin, yeni dövlət idarəçilik metodlarından istifadə olunmasının ən gözəl və səmərəli forması idi.
Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi 2002-ci ilin avqust-sentyabr aylarında imzalanmış çox mühüm fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoydu. 2002-ci il avqustun 17-də isə ölkə Prezidentinin fərmanı ilə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)" təsdiq olundu. Qanunvericilik sahəsində atılan növbəti mühüm addım isə 1 yanvar 2003-cü il tarixdən qüvvəyə minmiş "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda vergi orqanları tərəfindən vergi ödəyicilərinin bank hesabları üzrə əməliyyatlarının məhkəməsiz dayandırılması barədə müddəanın ləğv edilməsi, bank hesablarından vergilərin dövlət büdcəsinə alınması prosedurunun təkmilləşdirilməsi, vergi orqanlarına gəlmədən hesabatların təqdim edilməsi, təsdiq olunan hər hansı üsulla, o cümlədən rabitə təşkilatlarına təqdim edilməsi qaydasının müəyyənləşdirilməsi, sadələşdirilmiş verginin tətbiqi bazasının daha da genişləndirilməsi, son nəticədə kiçik və orta sahibkarlıq subyektləri üçün əlverişli vergitutma mexanizmlərini özündə birləşdirən daha optimal bir sistem yaradılması oldu. Eyni zamanda, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı digər qanunvericilik aktlarında da təkmilləşmələr aparıldı. Belə ki, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə təkmilləşdirildi. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirildi, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirildi, lisenziyaların müddəti isə 2 ildən 5 ilədək uzadıldı. Bütün bunlar ölkədə sahibkarlığın inkişafı ilə bağlı tarixi nailiyyətlərə imza atılmasına, orta təbəqənin cəmiyyətdə xüsusi çəkisinin artmasına gətirib çıxardı ki, bu da əhalinin maddi rifah halının artmasında böyük əhəmiyyət kəsb etdi.
Ulu öndərin inkişaf strategiyasını uğurla davam etdirən cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət də məhz sahibkarlığın tərəqqisinin təminində, yerli istehsal və sosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında, yerli və xarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açdı. Prezident İlham Əliyevin hələ 2003-cü il noyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanında sahibkarlığın dinamik inkişafı sahəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi və ölkəyə xarici investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin dövlət orqanları və iş adamları ilə müvafiq danışıqların aparılması vəzifəsini qarşıya qoyurdu. Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafi Dövlət Proqramı (2004-2008-ci illər)"nın əsas istiqamətlərindən biri ölkədə daha əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, iş adamlarının fəaliyyət imkanlarının genişləndirilməsi, bölgələrin istehsal potensialından səmərəli istifadənin reallaşdırılması idi.
Azərbaycanda özəl bölmənin inkişafında, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsində Sahibkarlığa Kömək Milli Fondunun işinin səmərəli təşkili xüsusilə əhəmiyyətlidir. Azərbaycan Respublikasının Prezidenti Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsinə və genişləndirilməsinə xüsusi önəm verir və bu diqqətin nəticəsidir ki, son illərdə fondun işini tənzimləyən normativ-hüquqi aktlara edilən dəyişikliklər nəticəsində onun təkmil fəaliyyət mexanizmi formalaşdırılmış və dövlət büdcəsindən güzəştli kreditlərin verilməsinə ayrılan vəsaitlərin həcmi artırılmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə 2002-ci, 2004-cü, 2005-ci, 2006-cı və 2009-cu illərdə onun statusu və vəsaitlərinin istifadə edilməsi qaydaları təkmilləşdirildi, güzəştli kredit vəsaitlərinin daha məqsədəuyğun yerləşdirilməsinə və sahibkarlıq subyektlərinin bu kreditlərdən səmərəli istifadə etməsinə əlverişli şərait yaradıldı.
Hazırda Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə"yə və "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na müvafiq olaraq həyata keçirilir.
Şübhəsiz ki, sahibkarlığın inkişafında kifayət qədər vacib rol oynayan qanunverici sənədlərdən biri də Prezident İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərmandır. Sahibkarlığa mane olan süni maneələrin aradan qaldırılması istiqamətindəki addımların ardıcıl və davamlı səciyyə daşımasını özündə ehtiva edən bu fərmanın verilməsi o dövrə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, eyni zamanda süründürməçilik hallarının, bürokratik əngəllərin aradan qaldırılması sahəsində, sözün əsl mənasında, inqilabi dəyişikliklərə yol açıb. Bu məqsədlə fərmanda vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının "bir pəncərə" - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapıb. Biznes strukturlarının fəaliyyəti üçün torpaq ayrılması, tikinti, yenidənqurma və bərpa işlərinə icazə verilməsi prosedurları sadələşdirilib.
Elektron hökumətin əsas elementlərindən olan "bir pəncərə" sistemi məlumatların bir mərkəzdə cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla, bütün inzibati qeydiyyatların tamamilə sinxronlaşdırılmasını nəzərdə tutur. İş adamlarının mərkəzi sistemlə avtomatik, onlayn və davamlı əlaqəsi yaranır. Faktiki olaraq, bu, lisenziyaların mərkəzləşdirilmiş qaydada və elektron şəkildə təqdim edilməsi deməkdir. Bu zaman qeydiyyat prosedurlarının sayı azalır və vaxt itkisinin qarşısı alınır. Qeydiyyatın "bir pəncərə" prinsipi üzrə aparılması sahibkarlıq sektoruna marağın güclənməsinə və biznesin inkişafına böyük dəstəkdir. Digər tərəfdən, "bir pəncərə" sisteminin tətbiqi investisiya mühitinin daha da yaxşılaşdırılmasına, sahibkarların dövlət qurumlarından asılılığının azalmasına, uzunmüddətli qeydiyyat prosedurlarının ləğv olunmasına və sadələşdirilməsinə təkan verən mühüm amillərdən biridir.
Qeyd edək ki, bu sistemin tətbiqinə qədər hökumət lisenziya verən qurumların sayının azaldılması ilə əlaqədar tədbirlər görsə də, qeydiyyat məsələsində problemlər qalırdı. Sahibkarlar fəaliyyətə başlamaq üçün 15 prosedur üzrə sənəd toplamalı, həmin sənədləri əldə etmək üçün vergilər, kənd təsərrüfatı, əmək və əhalinin sosial müdafiəsi nazirliklərindən, Dövlət Statistika Komitəsindən, Sosial Müdafiə Fondundan və digər dövlət qurumlarından keçməli idilər. Bu isə ən azı 150 gün vaxt aparırdı. Hətta işə başlamaq üçün sahibkarlar 1 il gözləməyə məcbur idilər. "Bir pəncərə" sisteminin tətbiqindən sonra biznesini qeydiyyatdan keçirmək istəyən sahibkar, əvvəllər olduğu kimi, 72 deyil, 3 gün gözləyir və tələb olunan prosedurların sayı 15-dən 5-ə qədər azaldılır. Sahibkarlar sənədlərini yalnız bir dövlət orqanına - Vergilər Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçə bilirlər.
Bu sistemin tətbiqindən sonra Azərbaycanın investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə yüksəlib, sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu "Doing Business" hesabatında Azərbaycan biznes mühitinin təkmilləşdirilməsi sahəsində "islahatçı ölkə" elan edilib.
Sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının "bir pəncərə" prinsipi üzrə təşkili nəticəsində qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərin sayı əhəmiyyətli dərəcədə artıb, 2009-cu il yanvarın 1-dən gömrükdə də bu sistemin tətbiqinə başlanılıb. Digər iqtisadi sahələrdə də analoji sistemin tətbiqi prioritet təşkil edir. Bununla yanaşı, Prezident İlham Əliyevin "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında", eləcə də digər fərman və sərəncamları, ayrı-ayrı dövlət proqramları da sahibkarlığın inkişafına təkan verərək qeyri-neft sektorunun inkişafını stimullaşdırıb.
Bütün bunlar ölkəmizdə sahibkarlıq üçün əlverişli şərait yarandığını, iqtisadiyyatın bu sektorunda çalışanlara dövlət tərəfindən hər cür qayğı göstərildiyini əyani nümayiş etdirir. Elə bu səbəbdən sahibkarlıq günü-gündən daha böyük sürətlə inkişaf etməkdə, ümumi iqtisadiyyatda öz çəkisini artırmaqdadır.
Həyata keçirilən tədbirlər və bunun müsbət nəticələri onu deməyə əsas verir ki, ümummilli liderin layiqli siyasi davamçısı - Prezident İlham Əliyev ötən illərdəki fəaliyyəti ilə hər bir vətəndaşın Prezidenti olduğunu sübut və təsdiq etdi. Özünün tələbkarlığı, siyasi peşəkarlığı, çevik diplomatik gedişləri ilə idarəçilik sahəsində yeni mərhələ yaratdı, ölkəmizin dinamik inkişafı üçün düzgün prinsiplər müəyyənləşdirdi. Uğurlu iqtisadi siyasətin nəticəsidir ki, dünyanı bürüyən qlobal böhran Azərbaycanın uğurlarını səngitmədi. Əksinə, ölkəmiz regionun əsas iqtisadi əməkdaşlıq mərkəzinə çevrildi. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, "bu gün Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda heç bir ciddi layihə reallaşa bilməz".
İş adamı olaraq son illər Azərbaycanda müşahidə olunan yüksəlişi, milli sahibkarlığa göstərilən diqqət və qayğını vətəndaş təəssübkeşliyi ilə dəyərləndirirəm. Bir faktı qeyd edim ki, uğurlu iqtisadi siyasət nəticəsində özəl sektorun ümumi daxili məhsulda payı 85 faizə yüksəlib. Azərbaycan Prezidenti bu sahəyə dəstəyini artırmaqla sahibkarların güvənc və kömək yeri, himayədarı olduğunu bir daha təsdiqlədi.
Bu gün Azərbaycanda özəl sektor sərbəst bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsinə çevrilib. Sərbəst bazar münasibətlərinin güzəştsiz tərəfdarı kimi Azərbaycan Prezidenti İlham Əliyev sahibkarlığın inkişafını - kiçik və orta biznes şəbəkəsinin genişlənməsini təmin etmək üçün ardıcıl tədbirlər görür. Güzəştli kreditlərin ayrılması, sahibkarların iş əmsalını yüksəltmək üçün yersiz müdaxilələrin qarşısının alınması və digər problemlərin həlli yolları düzgün araşdırılır, milli iqtisadiyyatın dinamik inkişafına hərtərəfli zəmin yaradılır.
Azad sahibkarlığın inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə başlayan yeni mərhələ sahibkarlar ordusunun milli iqtisadiyyatda rolunu daha da artırdı. Sahibkarlığın və biznes mühitinin dünya bazarı ilə əlaqə meridianı daha da genişləndi. Xarici dövlətlərin rəsmi və işgüzar dairələrinin iştirakı ilə ardıcıl və ənənəvi biznes-forumlar keçirildi. Böyük Britaniyada, İtaliyada, Çində, Latviyada, Rusiyada, Türkiyədə, Yaponiyada, Almaniyada və digər xarici ölkələrdə belə tədbirlərə üstünlük verilmiş, ölkəmizin çeşidli məhsullarının dünya bazarına ixrac imkanları yaranmışdır.
Ölkədə sahibkarlarla hökumətin faydalı əməkdaşlığını yaratmaq, iş adamlarının qlobal investisiya layihələrinə cəlb olunmasını təmin etmək üçün etibarlı bazar yaradılıb. Dövlət İnvestisiya Şirkətinin təşkilində başlıca məqsəd ondan ibarətdir ki, özəl sektora daha çox dəstək verilsin, yardım və kömək artırılsın. Artıq investorlar tam arxayındırlar ki, onların sərmayələri dövlət səviyyəsində etibarlı təminat mexanizmi ilə qorunur.
Elşad ABBASOV,
"Embawood"
şirkətinin prezidenti
Xalq qəzeti.- 2011.- 8 may.- S. 10.