Heydər Əliyev və istiqlalımızın 20 ili

 

" Doğrudur, 22 il bundan öncə biz bilmirdik ki, Azərbaycan müstəqil dövlət olacaqdır. Lakin mən o vaxt Azərbaycanın müstəqilliyi fikri ilə yaşayırdım".

 

Heydər Əliyevin gənclərin nümayəndələri ilə görüşdə çıxışından

22 sentyabr 1993-cü il

 

Məlum olduğu kimi, dünyada xalqlar çox olsa da, müstəqil dövləti olanların sayı dəfələrlə azdır.Xalqın milli dövləti və dövlətçilik tarixi özü-özündən yaranmır. Onu xalq və xalqa rəhbərlik edən böyük dövlət adamları fəaliyyətləri ilə yaradırlar. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra ötən 20 ilin mahiyyətini dərindən dərk etmək üçün yaxın tarixi keçmişə, böyük dövlət və siyasi xadim Heydər Əliyevin fəaliyyətinə nəzər yetirmək həm praktik siyasət, həm də tarixi, elmi-nəzəri baxımdan böyük əhəmiyyət kəsb edir. Yaşadığı dövrdən uzaqlaşdıqca görkəmli bir dövlət adamı olaraq böyüklüyü daha yaxşı görünən Heydər Əliyevin müstəqil dövlətçilik baxışlarını və fəaliyyətinin bütün tərəflərini heç şübhəsiz bir məqalədə araşdırmaq mümkün deyildir. Bunun üçün dərin elmi-tədqiqat işlərinin aparılmasına və əsərlərin yazılımasına ehtiyac vardır. Bu məqalədə Azərbaycanın dövlət müstəqilliyinin əsaslarının, təməl prinsiplərinin yaradılmasında, milli dövlətimizin qurulmasında Heydər Əliyevin fəaliyyətinə nəzər yetirilir.

 

Dünya tarix elmində dövlət xadimlərinin və siyasi xadimlərin fəaliyyətinə bir sıra ümumi qəbul olunmuş elmi metodoloji meyarlar əsasında qiymət verilir. Məlum oldyğu kimi, tarixi şəxsiyyət konkret məkan və zaman daxilində yaşadığından onun fəaliyyətinə də məhz həmin baxımdan yanaşmaq tarixi tədqiqatların ciddi metodoloji tələblərindən biridir. Ancaq zamandan uca olanlar, xalqının bir neçə on və bəzən də yüz illiklər inkişafı yolunu öncədən görərək müəyyənləşdirənlər, ömrünü xalqının tərəqqisi üçün başlıca amil olan dövlətinin qüdrətlənməsinə həsr edənlər dahilər olurlar. Dövlət xadimlərinə özlərindən sonra hakimiyyətə gələn şəxslərin edəcəkləri ilə deyil, özlərindən əvvəlkilərin fəaliyyəti ilə müqayisədə qiymət verilir. Bu zaman belə bir suala cavab axtarılır: dövlət rəhbəri ölkəsini, xalqını əvvəlki rəhbərlərlə müqayisədə nə qədər irəli apara bildi? Nələr ilə yadda qaldı? Onun siyasəti ölkəsini, xalqını gücləndirdi, yoxsa zəiflətdi? Heç şübhəsiz, dövlətini qüdrətli etməyə çalışan dövlət rəhbərləri də məhz özlərindən əvvəlki güclü dövlət xadimlərinin fəaliyyətinə, təcrübəsinə müraciət edirlər. Zəif, iradəsiz dövlət rəhbərlərini tarix səhnəsindən silmək mümkün olmasa da, onların təcrübəsinə, hakimiyyət illərinə adətən müraciət etmirlər. Bununla da güclü rəhbərlər xalqı və dövləti mövcud olduqca daim yaşayırlar. Məhz həmin meyarlar baxımından Heydər Əliyevin fəaliyyətinə diqqət yetirmək, bir sıra suallara dərin elmi əsaslandırılmış və məntiqi cavab vermək yaxın tariximizi doğru bilmək, qiymətləndirmək və nəticələr çıxarmaq baxımından əhəmiyyətlidir: Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ötən 20 ilin zirvəsindən dövlət xadimi və siyasi xadim olaraq Heydər Əliyevin fəaliyyətinə necə qiymət vermək olar və həmin fəaliyyətdən hansı ibarət dərsləri almaq olar? Regionun və dünyanın geosiyasətinin dəyişməsinə təsir edən dövlət xadimi kimi Heydər Əliyevin xarici siyasət və beynəlxalq fəaliyyəti necə görünür? Bu məqalə qətiyyən təbliğat və ideoloji məqsəd daşımır, tarixi şəxsiyyətin fəaliyyətinə sırf tarixçi baxışıdır.

 

İstiqlalımızın təməlləri

 

Müsəlman Şərqinə cümhuriyyət məfkurəsini və idarə üsulunu gətirən, müstəmləkə zülmü altında inləyən xalqlara nicat yolunu göstərərək qarşılarında müstəsna xidmətləri olan xalqımızın yaratdığı Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyasının istilasına məruz qaldıqdan sonra milli dövlət süquta uğradı. Azərbaycan SSR yaradıldı. Müstəqil dövlətçiliyin atributları düşünülmüş şəkildə məhv edilməyə başlandı. XX əsrin 20, 30 və 40-cı illəri sovet dövlət quruculuğu adı altında Azərbaycanın mərkəzə daha çox bağlanması, milli ədəbiyyatın, milli ruhlu ziyalıların məhv edilməsi, amansız təqiblər və repressiyalar ilə yadda qaldı. Azərbaycan rəhbərliyində təmsil olunan şəxslər arasında intriqalar, mərkəzə şikayət məktublarının göndərilməsi respublikaya olan mənfi münasibəti daha da artırırdı. Mərkəz Azərbaycanı daim sıxırdı. Sovet lideri Stalinin ölümündən sonra ölkədə nisbi yumşalma baş versə də, həmin yumşalmadan milli məsələlərin həlli üçün lazımınca istifadə edilə bilmədi. Azərbaycan yenidən sıxışdırılmağa başlandı.

1969-cu ildən sonra vəziyyət dəyişdi. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə respublikaya olan münasibət tədricən yaxşılaşdı. Azərbaycanın gələcək istiqlalı üçün lazım olan ilkin maddi və mənəvi şərtlər məhz sovet sistemi şəraitində yetişdi. Respublikada sosial-iqtisadi, mədəni inkişafa, müstəqilliyinin maddi təməllərinin formalaşdırılmasına xüsusi diqqət yetirildi.

Dövlət müstəqilliyi üçün tələb olunan mənəvi amillərin formalaşması üçün addımlar atıldı. Azərbaycanı geri atan, xalq haqqında mərkəzdə mənfi rəy yaradan intriqalara son qoyuldu. Azərbaycanda hakimiyyətin qanadları arasında yekdillik, xalq ilə hakimiyyət arasında birlik yaradıldı. Milli kadrların hazırlanmasına və yerləşdirilməsinə, ana dilindən istifadəyə üstünlük verildi. İstiqlal məfkurəsini əsər və düşüncələrində daşıdıqları üçün əvvəlki illərdə təqib olunmuş alim, şair, yazıçı və jurnalistlər azad nəfəs aldılar. Belə şəxsləri mərkəzin cənginə verməyən Heydər Əliyev bəzən onları yüngülcə tənqid etsə də, az sonra yüksək fəxri adlar, vəzifələr verərək qoruyur və toxunulmaz edirdi. Tarixi , mədəni və ədəbi irsin qorunmasına xüsusi qayğı göstərildi. O dövrdə hamının ümimi vətəni hesab edilən SSRİ-nin bir guşəsindən - uzaq Sibirdən böyük mütəfəkkir Hüseyn Cavidin məzarının işlədiyi Bakıya deyil, doğulduğu Naxçıvana köçürülməsinin dərin mənası var idi. Heydər Əliyev Azərbaycanın bir guşəsini ümumi, kosmopolit vətəndən üstün tuturdu. Bu, milli köklərə bağlılığın nümunəsi idi. Cavidin məzarının köçürülməsi təkcə tarixi, ədəbi irsin mühafizəsinə göstərilən qayğı deyildi, şair, yazıçı, jurnalist və alimlərə qorxmamağa, çəkinməməyə, yazıb yaratmağa bir çağırış idi. Bununla o, acı tarixi keçmişə qayıdışın mümkün olmadığına işarə edirdi. Bu, misli bərabəri olmayan, gələcəyə hesablanmış fəaliyyət, tarixi bir addım idi.

Sonralar çıxışlarının birində Heydər Əliyev deyirdi: "Doğrudur, 22 il bundan öncə biz bilmirdik ki, Azərbaycan müstəqil dövlət olacaqdır. Lakin mən o vaxt Azərbaycanın müstəqilliyi fikri ilə yaşayırdım".

 

Bakıdan Moskvaya

 

1982-ci ilin sonlarında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi siyasi bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini seçilməsi ilə Heydər Əliyevin həyat və fəaliyyətinin Moskva dövrü başlayır. Heydər Əliyevin Moskvada rəhbər vəzifələrə çəkilməsi, dünyanı lərzəyə salan sovet imperiyasını idarə edən şəxslərdən biri olması bir tərəfdən, onun yüksək intellektual səviyyəsi, dövlət idarəçilik bacarığı və qabiliyyəti, Əfqanıstana müdaxilədən sonra müsəlman dünyasında itirilmiş sovet nüfuzunu bərpa etmək niyyətləri ilə bağlı idisə, digər tərəfdən, xarici ölkələrdə nəşr edilmiş əsərlərdə yazıldığı kimi, onun Azərbaycandan uzaqlaşdırılması, mərkəzdə daha yaxın nəzarət altında saxlanılması ilə əlaqədar idi. Çünki, mərkəzdə belə hesab edirdilər ki, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan tam müstəqilliyə hazırlanmışdır, onun yalnız formal elan edilməsi qalır. Bunun qarşısını Heydər Əliyevi vəzifədən uzaqlaşdırmaqla almaq ağır nəticələrə gətirə bilərdi. Onu Moskvada ciddi nəzarət altında saxlamaqla müstəqilliyə gedən yolda əngəllər yaratmaq olardı.

Heydər Əliyevdən sonra hakimiyyətə gələn Azərbaycan rəhbərləri həmin xətti yerinə yetirə, respublikanı irəli apara bilmədilər. Azərbaycan geriyə getdi. SSRİ-də hakimiyyət olimpini ələ keçirən M.Qorbaçov türk, müsəlman respublikalarının L.Brejnev dövründə kifayət qədər irəli getdiklərini, dövlət müstəqilliklərini elan etməyə hazır olduqlarını düşünərək sovet rəhbərliyində olan türk dövlət xadimlərinə etinasızlıq göstərərək onları vəzifələrindən uzalqlaşdırdı, xalqlarını isə cəzalandırmaq yolunu tutdu. Heydər Əliyev də vəzifələrindən uzaqlaşdırıldı. Bundan sonra Azərbaycan ağır günlərə düşdü. Ermənistan əsassız ərazi iddiaları ilə Azərbaycanın daxili işlərinə qarışmağa və təcavüzə başladı. Ermənistanda tarixi torpaqlarında yaşayan azərbaycanlılar qovularaq qaçqına çevrildilər. Hakimiyyət bütün bunların qarşısını almaq iqtidarında deyildi. Belə bir vəziyyət xalqın taleyində, problemlərinin həllində güclü dövlət rəhbərinə nə qədər böyük ehtiyac olduğunun göstəricisi idi. Ancaq həmin dövrdə Azərbaycanda belə bir rəhbər çatışmırdı.

 

Dönüş anı

 

SSRİ dağılarkən Azərbaycan ağır bir vəziyyətdə idi. Ermənistanın təcavüzü davam edir, Azərbaycanda xaos hökm sürürdü. Sovet rəhbərliyi Azərbaycan xalqını cəzalandırmaq məqsədi ilə 20 Yanvar qırğınını törətdi. Bu zaman heç bir vəzifə daşımayan Heydər Əliyev xalqının yanında oldu. O, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi qanlı 20 Yanvar hadisəsindən dərhal sonra Moskavadakı Azərbaycan daimi nümayəndəliyinə gəlib bəyanat verərək onu ittiham etdi. Bu, Heydər Əliyevin gələcək siyasi və dövlətçilik fəaliyyətində yeni, milli dövlətçilik zirvəsinə aparan yolun başlanğıcı idi. Onun bu hərəkəti yüz minlərlə insana bir nümunə oldu. 20 yanvardan sonra xalq mərkəz ilə yolunun bir olmadığı qənaətinə gəldi. Bu, bir dönüş anı idi. Artıq Azərbaycan xalqının dövlət müstəqilliyini bərpa etməsindən başqa yolu qalmırdı. Azərbaycan istiqlalın bərpasının astanasında idi.

 

Moskvadan Naxçıvana. Müstəqil Azərbaycan dövlətçiliyinin bel sütunu

 

Moskvada sovet rəhbərliyinin sərt nəzarəti altında yaşamaq çətinləşdiyindən Heydər Əliyev Azərbaycana döndü. Əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşamalı oldu. Bununla da onun fəaliyyətinin Naxçıvan mərhələsi başladı. Heydər Əliyevin bəyanat verərək kommunist partiyası sıralarını tərk etməsi minlərlə insana bir nümunə oldu. Ermənistanın blokadası nəticəsində ağır vəziyyətdə olan Naxçıvanı xilas etmək üçün muxtar respublika əhalisi Heydər Əliyevi deputat, Ali Məclisin sədri seçdi. O, təkcə Naxçıvan üzərinə olan erməni hücumlarını dayandırmadı, eyni zamanda Azərbaycan milli dövlətçiliyinin bərpası istiqamətində nəhəng işlər gördü. Naxçıvanda rəsmi sovet rəmzlərindən imtina edildi. Həmçinin. Azərbaycan rəhbərliyinə sovet dövrünün bayrağı, gerbi və himnindən imtina olunması da tövsiyə olundu. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi olaraq qəbul edildi. Bu, Heydər Əliyevin misilsiz tarixi xidməti idi. Beləliklə, Naxçıvan Azərbaycan milli dövlətçiliyinin bərpası, qorunması, möhkəmləndirilməsi və inkişafının bel sütununa çevrildi.

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi heç şübhəsiz, müasir tariximizin ən mühüm hadisələrindən biri oldu. SSRİ dağıldıqdan sonra Azərbaycan xalqı və dövlətinin qarşısında əsasən aşağıdakı vəzifələr dururdu: Azərbaycanın dövlət müstəqilliyini tanıtmaq və qorumaq; Ermənistanın təcavüzünü dayandırmaq; diktaturadan demokratiyaya, planlı təsərrüfatdan azad bazar iqtisadiyyatına keçid.

Lakin bir-birini əvəz edən Azərbaycan rəhbərləri həmin vəzifələri yerinə yetirə bilmədilər. Hakimiyyət ilə xalq arasında uçurum yarandı. Hakimiyyət qanadları arasında ziddiyyətlər dərinləşdi. Ölkənin daxili və xarici siyasəti ağır vəziyyətə düşərək dalana dirəndi. Ermənistanın işğalının davam etdiyi bir şəraitdə Gəncədəki hərbi hissədə qiyam baş verdi. Qiyamı yatıra bilməyən hakimiyyət ölkədə baş verən proseslər üzərində nəzarəti tamamilə itirdi. Azərbaycanın şimalında və cənubunda xaricdən dəstək alan separatçılıq gücləndi. Ölkə parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Azərbaycanın dövlət müstəqilliyi məhv olurdu. Xalqı və dövləti uçurumdan çıxaran lider, dövlət xadimi yox idi. Mənəvi-psixoloji böhran içində boğulan xalqda sabaha ümidsizlik yaranmışdı. Xalq nicat yolu arayırdı. Ölkəni ağır vəziyyətdən çıxarmaq üçün təşkilati, dövlət idarəçilik bacarığı və qabiliyyətinə, intellektual səviyyəyə malik olmayan hakimiyyət daxildə xalqın dəstəyini qısa müddətdə itirmiş, beynəlxalq aləmdə ölkəni təcridçiliyə gətirmişdi. Belə şəraitdə vəzifədə olanlar bir-birinin dalınca istefa verərək məsuliyyətdən yaxa qurtarmaq yolunu tutdular. Bəziləri vəzifələrini "dondurdu", bəziləri də qaçıb gizləndi. Bu, Azərbaycan dövlətçiliyi tarixində pis bir an olub, gələcəkdə xatırlanası və istifadə etmək üçün müraciət ediləsi təcrübə olmayıb, utanc gətirən bir hal idi. Azərbaycan xalqı buna layiq deyildi. Ölkəni belə ağır vəziyyətdən kim çıxara bilərdi? Belə bir tarixi şəxsiyyət var idimi?

 

Naxçıvandan Bakıya

 

Belə bir çətin, mürəkkəb şəraitdə Azərbaycan xalqı Naxçıvana - Heydər Əliyevə üz tutdu. Respublika rəhbərliyi xalqın tələbələri əsasında Heydər Əliyevi Bakıya dəvət etdi. O, parlamentin sədri, daha sonra prezident kimi ağır bir vəzifəni yerinə yetirməli idi. Xalqın inamına görə, yalnız Heydər Əliyev Azərbaycan dövlətini dağılmaqdan, milləti mənəvi-psixoloji böhrandan çıxara, Ermənistanın davam edən işğalını dayandıra, ölkəni fəlakətə salmış xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi.

Heydər Əliyev Bakıya gələn kimi yeni bir liderlik keyfiyyətini ortaya qoydu. Qiyamın baş verdiyi Gəncəyə getdi. Xalqın içində oldu. Bundan sonra Gəncədə sabitlik tədricən bərqərar olmağa başladı.

Heydər Əliyevin qarşısında daxili siyasət sahəsində xeyli ağır vəzifələrin həll edilməsi dururdu: ölkəni dağılmaqdan, xaricdən dəstəklənən separatçılıqdan xilas etmək, milli birlik yaratmaq, hakimiyyətin qanadları arasında yekdilliyə nail olmaq; xalq ilə hakimiyyət arasında uçurumu, inamsızlığı aradan qaldırmaq, iflic hala düşmüş dövlət orqanlarını işlək hala gətirmək, dövlətin əlində olması gərəkərkən silahları ələ keçirmiş, ölkədə kriminogen vəziyyət yaradan ayrı-ayrı dəstələri tərksilah etmək, insanların sakit və təhlükəsiz yaşayışını təmin etmək, ağır sosial-iqtisadi vəziyyətdə yaşayan xalqı inkişafa aparmaq, ölkənin iqtisadi, hərbi və xalqının mənəvi-psixoloji ruhunu qaldıraraq gücünü yaratmaq üçün etibarlı açarı tapmaq, köhnə sosializm sistemindən imtina edərək uğurlu islahatlar apararaq yeni sistemə keçmək və s.

Xarici siyasət sahəsində Heydər Əliyevin qarşısında duran əsas vəzifələr Ermənistanın davam edən işğallarını dayandırmaq, ölkəni fəlakətə salmış bir istiqamətli, Azərbaycan xalqı və dövlətinə düşmənlər qazandıran xətdən imtina etmək, uğurlu dövlət quruculuğu üçün əlverişli beynəlxalq şərait yaratmaq, dostları artırmaq və s. İdi.

Yerləşdiyi coğrafi-siyasi mövqeyi, təbii sərvətləri ilə yüzilliklər boyu imperiya siyasəti yürüdən böyük dövlətlərin sınaq meydanına, "qurdlar süfrəsi"nə çevrilən Azərbaycanda bütün bunları bir dövlət xadiminin həll etməsi xeyli mürəkkəb və çətin bir iş idi.

Hakimiyyətə topsuz-tüfəngsiz gələn Heydər Əliyev ölkənin problemlərinin həllində zora deyil, məhz xalqa arxalandı. Azərbaycanı boğan separatçılıq bilavasitə xalqın iradəsi ilə dəfn edildi. Xalq ayağa qalxıb separatçıları qovaraq dövlətini müdafiə etdi. Lakin ölkə qarşısında həlli vacib olan digər məsələlər də dururdu. Ermənistan ilə müharibə davam edir, Azərbaycan əraziləri bir-birinin ardınca işğal edilirdi. Bu isə ölkənin inkişafına başlıca mane idi. Azərbaycan ya sonu görünməyən və nəticəsi bilinməyən müharibəni davam etdirib bir dövlət və xalq kimi məhv olmaq təhlükəsində qalmalı, ya da atəşkəsə nail olub fasilə qazanmalı, dövlətini qurmalı, onu möhkəmləndirməli, ordusunu təşkil etməli idi.

 

Sonu görünməyən müharibə, yoxsa inkişafa imkan verən atəşkəs?

 

Heydər Əliyev atəşkəs yolunu seçdi. Dövlət idarəetməsini iflic halına, xalqı mənəvi-psixoloji böhrana salan, maliyyə və iqtisadi ehtiyatlarını udan hərbi əməliyyatlar dayandırıldı. Atəşkəs Azərbaycana bir sıra məsələlərin həllinə imkan verdi. Hər şeydən əvvəl, Heydər Əliyevin bilavasitə iradəsi, qətiyyəti sayəsində "Əsrin müqaviləsi" imzalanaraq həyata keçirilməyə başladı. Azərbaycan dünyanın cazibə mərkəzinə çevrildi. Bununla Heydər Əliyev ucuz xammal mənbələri, əlverişli satış bazarları, strateji mövqelər, nüfuz qazanmaq üstündə bir-biri ilə didişən ölkələri Azərbaycanda əməkdaşlığa dəvət etdi, ortaq məxrəc yaratdı. Ərazicə kiçik, əhalisinin sayına görə az olmasına baxmayaraq, Azərbaycan özündən qat-qat böyük olan dövlətləri bir araya gətirdi. Soruşulur: ərazisi, coğrafiyası, əhalisi bir neçə il əvvəlki kimi olan Azərbaycanın dünya siyasətində rolunu artıran, mövqelərini gücləndirən, dünyanın əhəmiyyətli geosiyasi ölkələrindən birinə çevirən amillər hansılar idi? Heç şübhəsiz, bu sualın yalnız bir cavabı vardır: Heydər Əliyevin təkcə daxili siyasət məsələlərini deyil, dünya işlərini mükəmməl bilməsi, zəkası, uzaqgörənliyi, qətiyyəti müdrikliyi, biliyi, bacarığı, qətiyyəti. Bu, Heydər Əliyevin təkcə Azərbaycan xalqı deyil, dünya siyasəti qarşısında xidmətlərindən biri idi.

Heydər Əliyevin böyük dövlət xadimi kimi qətiyyəti özünü "Əsrin müqaviləsi" imzalandıqdan sonra baş verən dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında özünü aydın şəkildə göstərdi. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında baş verən dövlət çevrilişləri cəhdləri məhz Heydər Əliyevin yenilməz qətiyyəti, siyasi bacarığı ilə iflasa uğradıldı. Azərbaycan xalqı qanuni hakimiyyəti müdafiə etdi. Çevriliş cəhdlərinin qarşısının alınmasının Azərbaycan üçün tarixi bir əhəmiyyəti oldu.Heydər Əliyev göstərdi ki, Azərbaycan dövlət çevrilişləri üçün sınaq meydanı deyildir, Azərbaycanda güclü dövlət vardır. Çevriliş cəhdlərinin darmadağın edilməsi digər bir mühüm məsələnin həllinə də kömək etdi. Məlum olduğu kimi, Azərbaycanda siyasi sabitlik və sabaha ümidlər olmadığından xarici ölkələr və donor təşkilatlar Azərbaycana borc vermirdilər. Dövlət büdcəsində isə vəsait yox idi. Dövlət çevrilişləri cəhdlərinin qarşısı alındıqdan sonra xarici sərmayədarlar üçün əlverişli imkanlar yarandı. Azərbaycana investisiya axını başladı. Yeni neft strategiyası ölkənin inkişafı, güclü dövlət qurulması, Azərbaycan xalqının daha yaxşı yaşayışını təmin etmək üçün açar oldu. İslahatlara başlanıldı. Özəlləşdirilmə həyata keçirildi. Azad bazar iqtisadiyyatına keçildi. Sosializmin qalıqları dağıdıldı. Ölkənin demokratikləşdirilməsi istiqamətində islahatlar aparıldı. Çoxpartiyalı sistemin əsasları möhkəmləndirildi. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ən başlıcası, Heydər Əliyev Azərbaycanda təməlləri möhkəm olan müasir, güclü dövlətçilik ənənəsinin, dərin dövlətin əsasını qoydu. Bu, tarixi bir xidmət idi.

 

Region geosiyasətinin dəyişməsinə təsir edən dövlət xadimi

 

Heydər Əliyev hakimiyyətə gələrkən ölkənin xarici siyasəti böhran içində idi. Diplomatiya xalqın və dövlətin qarşısında duran əsas xarici siyasət vəzifələrini yerinə yetirə bilmir, dövlət quruculuğu və xalqın təhlükəsiz yaşayışını təmin etmək üçün əlverişli beynəlxalq şərait yarada bilmir, ölkəni problemlərə salırdı. Xarici siyasət dövləti dalana sürükləyən bir istiqamətli xətt üzrə və hissiyatlarla həyata keçirilirdi. Azərbaycan xalqının və dövlətinin maraqlarına cavab verməyən belə xarici siyasət xəttindən imtina edən Heydər Əliyev tarazlaşdırılmış xarici siyasət xəttini dövlətin beynəlxalq fəaliyyətinə gətirdi. Tarazlaşdırılmış xarici siyasət dövlətin başlıca xarici siyasət məqsədlərinin həyata keçirilməsi üçün bir vasitə oldu. Azərbaycanın mehriban qonşuları, ticarət ortaqları, strateji tərəfdaşları və strateji müttəfiqləri müəyyənləşdirildi. Azərbaycan İran və Rusiya ilə mehriban qonşuluq münasibətləri qurmaq üçün addımlar atdı. Türkiyə və Gürcüstan ilə strateji müttəfiqlik xətti seçildi. Azərbaycan Avropa ailəsinin bərabərhüquqlu üzvünə çevrildi. Ölkənin beynəlxalq nüfuzu artdı. Heydər Əliyevin fəaliyyətinin bir sıra nəticələri oldu.

 

Haradan haraya gəldik?

 

Heydər Əliyev Azərbaycan dövlətini dağılmaqdan, xalqını parçalanmaqdan xilas etdi. İctimai-siyasi sahədə-ötən illər ərzində Azərbaycan xaosdan, anarxiyadan təbii sabitliyə, dağılmaqda olan dövlətdən güclü dövlətin qurulmasına gəldi. Ölkə xaosdan, anarxiyadan qurtuldu. Sabitlik yaratdı. İslahatlar aparıldı. Davamlı, sabit inkişafın təməlləri qoyuldu. Ənənəsi olan müasir, modern dövlətin qurulması üçün ciddi addımlar atıldı. Ölkə vətəndaş qarşıdurmasından milli birliyə, vətəndaş sülhünə gəldi. Ölkədə demokratikləşdirmə istiqamətində islahatlar genişləndirildi.

İqtisadi sahədə-fərdi təşəbbüsü və bacarığı boğan sosialist təsərrüfatın sisteminin qalıqlarından imtina edilərək azad bazar iqtisadiyyatına keçildi. Bərabər imkanların yaradılması istiqamətində islahatlar həyata keçirildi.

Hərbi sahədə - ayrı-ayrı silahlı dəstələr tərksilah edilərək ölkəni xarici təcavüzdən qorumaq, işğal altında olan əraziləri azad etmək qüdrətində olan ordu yaradıldı.

Mənəvi-psixoloji sahədə - xalqda milli ruh, dövlətçilik, vətənpərvərlik hissi gücləndirildi. Azərbaycan xalqına layiq yeni bir Azərbaycan yarandı. Azərbaycan modernləşmə üçün hazırlandı.

 

Modernləşən Azərbaycanın qurulmasına doğru. "Azərbaycan möcüzəsi"

 

Heydər Əliyevdən sonra hakimiyyətə gələn Prezident İlham Əliyevin hakimiyyəti isə Azərbaycan tarixində modernləşmə, müasirləşmə ilə səciyyələnir. Tarixin təcrübəsi göstərir ki, hər hansı bir ölkənin çoxlu maliyyə vəsaitləri və təbii sərvətləri ola bilər. Lakin əgər hakimiyyət həmin təbii sərvətləri milli sərvətə çevirmirsə, zəmanəsinin yeni texnologiyalarını tətbiq etmirsə, insanlar əməyi, zəhməti yadırğayırlarsa, ölkə inkişaf etmiş dövlətlərdən geri qalır, çox vaxt da rəqabətə tab gətirmir və tarix səhnəsindən silinir. Buna dair çoxlu nümunələr gətirmək olar. Məhz Prezident İlham Əliyev Azərbaycanın sənayecə inkişaf etmiş ölkələr səviyyəsinə çatmaq strategiyasını müəyyənləşdirərək həyata keçirməyə başladı. Azərbaycan gözlərimizin önündə müasirləşən bir ölkəyə çevrildi. Azərbaycanı satış bazarına çevirmək istəyən bəzi ölkələr özləri Azərbaycanda istehsal olunan məhsullar üçün satış bazarına çevrildilər. Sovet dövrü başa çatdıqdan sonra yaranmış boşluqda Azərbaycan xalqının əməyi yadırğamasının qarşısı alındı. Ölkə tikinti-quruculuq meydanına çevrildi. İlham Əliyev Azərbaycan xalqının minilliklər tarixində qurucu Prezident adını qazandı. O, xalqın milli birliyini möhkəmləndirdi. Ona səs verənin də, verməyənin də, bütün Azərbaycan vətəndaşlarının, hamının Prezidenti oldu. Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasına, qaçqın və məcburi köçkünlər olmasına baxmayaraq, ölkədə tikinti-quruculuq işləri genişləndirildi. Böyük bir inkişaf dövrü başladı. Bu, dünya tarixində nadir rast gəlinən bir proses olub "Azərbaycan möcüzəsi" idi.

Azərbaycan borc alan ölkədən borc verən, kapital ixrac edən ölkəyə çevrildi.

Müstəqilliyin ilk illərində enerji təchizatı sarıdan problemlərlə üzləşən Azərbaycan enerji təhlükəsizliyini nəinki təmin etdi, eyni zamanda "qoca dünyanın" - Avropanın, "yeni dünyanın" - ABŞ-ın, bütövlükdə dünyanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başladı. Bakı -Tbilisi -Ceyhan neft, Bakı -Tbilisi -Ərzurum qaz kəmərləri təkcə iqtisadi deyil, siyasi, strateji əhəmiyyət daşıyaraq Azərbaycanın müstəqilliyinin beynəlxalq təminatlarına çevrildilər. Bu kəmərlər Avrasiyanın geosiyasətini dəyişdirdilər.

Ölkənin paytaxt şəhərinin sakinlərinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsin istiqamətində ciddi addımlar atıldı. Oğuz-Qəbələ-Bakı su kəməri çəkildi.

Azərbaycanda sosial dövlət quruldu. Həyata keçirilən bütün tədbirlərin hamısı xalqın daha yaxşı yaşamasına yönəldi.

Bakı - Tbilisi - Qars dəmiryol xəttinin tikintisinin uğurla başa çatması ilə Azərbaycan dünyanın nəqliyyat qovşağı olan bir ölkəyə çeviləcəkdir. Təkcə yüklərin həmin yol ilə daşınmasından dövlət büdcəsinə təqribən 50 milyon dollardan artıq vəsait daxil olacaqdır.

Heç şübhəsiz, bütün bunlar özbaşına qurulmadı. Axı, Azərbaycanın coğrafiyası elə 90-cı illərin əvvəllərindəki kimi idi. Dəyişilməmişdi. Bəs nədən Azərbaycan belə bir inkişaf səviyyəsinə gəldi? Bu, geniş və dərin araşdırma tələb edən bir problemdir. İlk növbədə göz önünə yenə də liderlik və idarəçilik amili gəlir. Azərbaycan Prezidentinin yüksək bacarığı və idarəçilik qabiliyyəti, dünya işlərini dərindən bilməsi bu inkişafın başlıca amillərindən biridir. Onun siyasətinin bütün ruhu hər şey Azərbaycan dövləti və xalqı üçündür.

 

İnkişafdan doğan problemlər

 

Heç şübhəsiz, Azərbaycan problemlərsiz də deyildir. Bu problemlər böhrandan, geriləmələrdən deyil, ölkənin inkişafından doğan problemlərdir. Elə sahələr vardır ki, onlar ölkənin sürətli inkişafından geri qalır. İnsanlar daha yaxşı yaşamağı arzulayırlar. Belə bir istəyə yalnız sevinmək lazımdır.

Ölkə və xalq tərəqqi etmək istəyirsə, təkamül yolunu tutmalıdır. İnqilablar faciələrə, əksinqilaba, qana, kin-küdurətə gətirir. Cəmiyyəti parçalayır.

Azərbaycan xalqının düşməni varlılıq, zənginlik və varlılar deyil, yoxsulluq olmalıdır. Ölkədə insanın yaxşı yaşaması, imkanlarının artması, varlıların çox olması yalnız faydalıdır. Biz zənginlərimizin kasıblara deyil, kasıblarımızın zənginə çevrilməsinə çalışmalıyıq. Azərbaycan kasıblar, yoxsullar deyil, zənginlər ölkəsinə çevrilməlidir. Bunun yolu isə inqilabda deyil, təkamüldə, islahatlardadır.

Azərbaycanın bir böyük problemi var. O da, Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsidir. Deməli, bütün xalqımız həmin münaqişənin həllində, ümummilli məsələlərdə bir olmalıdır. Düşməni sevindirən, onun maraqlarına uyğun olan hərəkətlər etməməli, qarışıqlığa yol verməməlidir.

 

İbrət dərsləri

 

Dövlət müstəqilliyimizin bərpasından ötən 20 ilin təcrübəsi bir sıra ibrət dərsləri almağa imkan verir. Hər şeydən əvvəl, hakimiyyətə küçədən gəlmək fəlakətlidir, ölkənin inkişafını geri atır. Xalq dövlətinin idarə olunmasını kimə etibar etdiyini bilməlidir. Xalq daim öz dövlətinin yanında olmalıdır. Hakimiyyət daxilində ixtilaflara yol vermək, anarxiya, xaos ağır nəticələrə gətirər. Xalq arasında ümummilli məsələlərdə birlik olmalıdır. Ölkəni xaricilər üçün sınaq meydanına çevirməyə qətiyyən yol vermək olmaz. Xalq əgər tərəqqi etmək istəyirsə, dövləti güclü olmalıdır.

Heydər Əliyev yolunun Azərbaycanda alternativi yoxdur. Azərbaycanın tərəqqisi həmin yol ilə bağlıdır. Heydər Əliyev yolunun əksinə olan yol Azərbaycanı dağıtmaq, milli dövləti, dövlətçiliyi məhv etmək, ölkəni parçalamaq, yadellilərin tapdağına çevirmək, xalqı bir-birinə qənim kəsmək, vətəndaş müharibəsinə sürükləmək, onu rəzil günə salmaq yoludur. Belə bir antimilli yola Azərbaycanda kimsənin müraciət edəcəyi, xalqın həmin yolu qəbul edəcəyi xəyaldan başqa bir şey deyildir. Heydər Əliyevin əsasını qoyduğu siyasi xətdən kənara çıxılması Azərbaycanda böyük fəlakətlərə gətirər. Bu, həm də qonşular üçün arzuolunmayan proseslərin başlanması olar. Deməli, Azərbaycan xalqı və dövləti mövcud olduqca Heydər Əliyev dövlətçilik irsinə də daim müraciət ediləcək, ondan istifadə olunacaqdır.

 

 

Musa QASIMLI,

Milli Məclisin deputatı,

tarix elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2011.- 8 may.- S. 9.