Binəqədi Rayon İcra Hakimiyyətində müharibə veteranları ilə görüş keçirilmişdir

 

Düz 66 ildir ki, hər il təqvimin bu günü - 9 May günü, Qələbə günü təntənə ilə, böyük sevinclə qeyd olunur. Belə bir qürur hissi Binəqədi Rayon İcra Hakimiyyətində Böyük Vətən müharibəsi veteranları ilə keçirilən görüşdə də yaşanmışdır. Görüşdən əvvəl tədbir iştirakçıları ulu öndərimizin rayon icra hakimiyyəti binasının qarşısındakı büstü önünə təzə-tər çiçək dəstələri qoymuş, xatirəsini hörmətehtiramla yad etmişlər.

 

Görüşdə rayon icra hakimiyyətinin başçısı Alı Qocayev veteranları Qələbənin 66 illiyi münasibətilə təbrik edərək demişdir: - Böyük Vətən müharibəsində tarixi qələbədən 66 il keçməsinə baxmayaraq, milyonlarla insan həmin müharibənin ağrı-acısını hələ də unutmamışdır. Bu baxımdan Azərbaycan da istisna deyildir. İkinci Dünya müharibəsi ölkəmizdə yüz minlərlə ailənin taleyini puç etmişdir. Ona görə də müharibədə həlak olanların xatirəsinin daim anılması, sağ qalanlara isə qayğı və diqqət göstərilməsi bizim ümdə vəzifəmizdir.

Başçı daha sonra vurğulamışdır ki, dahi öndərimiz Heydər Əliyev müharibə veteranlarına həmişə xoş münasibət bəsləmişdir. Ümummilli liderimiz deyirdi ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən hörmətli insanlarımızdır. Onların qayğısına qalmaq, onlara xidmət etmək hər bir vətəndaşın, hər bir dövlət orqanının vəzifəsi, borcudur.

Rayon icra hakimiyyətinin başçısı çıxışında onu da xatırlatdı ki, Prezident İlham Əliyev müharibə veteranlarına daim qayğı göstərir. Dövlət başçısının bu il mayın 3-də imzaladığı sərəncam da məhz bu diqqətin bariz ifadəsidir.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov, rayon Veteranlar Şurasının sədri Telman Hətəmov Böyük Vətən müharibəsində qəhrəmanlıqla döyüşmüş insanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində ulu öndər Heydər Əliyev tərəfindən mühüm tədbirlər həyata keçirilməsindən, veteranlara böyük diqqət yetirilməsindən, eləcə də bu işin hazırda ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirməsindən söhbət açmışlar.

Tədbirin sonunda müharibə veteranlarından bir qrupuna maddi yardım göstərilmişdir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 8 may.- S. 14.