Qaliblər nəslinə diqqət və ehtiram

 

II Dünya müharibəsində Qələbənin 66-cı ildönümü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində rayon ictimaiyyəti nümayəndələrinin veteranlarla görüşü keçirilmişdir.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov əlamətdar bayram münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Natiq qeyd etmişdir ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar - o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir.

Qələbənin ildönümü münasibəti ilə Səbail rayonunun idarə və təşkilatlarında, ali və orta məktəblərində veteranların iştirakı ilə tədbirlər keçirilmiş, mədəniyyət müəssisələrində, o cümlədən muzey və kitabxanalarda, sərgi salonlarında II Dünya müharibəsində Qələbəyə həsr olunmuş sərgilər təşkil olunmuşdur. Rayon ərazisində müharibə qəhrəmanlarının şərəfinə ucaldılmış abidələrin ucaldığı parklarda təmir işləri aparılmışdır. İki dəfə Sovet İttifaqə Qəhrəmanı Həzi Aslanovun, üç dəfə Sovet İttifaqı Qəhrəmanı Boris Vannikovun abidələri, keçən il Bibiheybət qəsəbəsində istifadəyə verilmiş 1941-1945-ci illər müharibəsində həlak olmuş döyüşçülərin xatirəsinə ucaldılan kompleks önündə veteranlar, gənclər və hərbçilər, ictimai birliklərin nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilmişdir. Rayonun orta məktəblərinin kollektivləri müəyyən olunmuş ünvanlar üzrə evlərdə olan müharibə veteranlarına baş çəkmiş, onlara sovqatlar çatdırılmışdır.

Bildirilmişdir ki, II Dünya müharibəsində faşizm üzərində əldə olunmuş qələbədə Azərbaycan xalqının öz şərəfli yeri vardır. Müharibə başlananda respublikada orduya səfərbərlik ümumxalq hərəkatına çevrilmiş, Azərbaycanın ordu sıralarına 600 min nəfərdən çox insan səfərbərliyə alınmış, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəlmişdi.

Müharibə illərində Leninqrad, Moskva, Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlər, Qafqaz uğrunda gedən şiddətli döyüşlərdə, partizan əməliyyatlarında, Berlin uğrundakı döyüşlərdə Azərbaycan döyüşçüləri igidlik göstərmişlər. Döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunmuş, 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, tank qoşunları general-mayoru Həzi Aslanov isə bu ada iki dəfə layiq görülmüş, 34 nəfər "Şöhrət" ordeninin hər üç dərəcəsini almışdır.

1941 - 1945-ci illərdə Bakıda 63 yeni neft və kimya sənayesi müəssisəsi tikilib işə salınmış, döyüşən ordunun yanacaqla təminatında böyük işlər görülmüşdür. Ümumilikdə, müharibə illərində SSRİ - də çıxarılan neftin 70 faizini Bakı vermişdi. Azərbaycanın bütün bölgələrində 66 təxliyyə hospitalı yaradılmışdı. Səbail rayonunun ərazisində bir çox yerlərdə, o cümlədən 49, 189 və 190 saylı orta məktəblərdə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və s. binalarda müharibə illərində təxliyyə hospitalları yerləşmişdi.

Azərbaycan xalqı bu gün də öz keçmişi, xüsusi ilə müharibədəki iştirakı dövrü ilə fəxr edir. Müharibə veteranları xalqımızın ən əziz və hörmətli üzvləri olmuşlar. Ulu öndər Heydər Əliyev daim onlara xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır. Qələbənin 66 illiyi ərəfəsində ölkə başçısının sərəncamı ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir. Əlamətdar bayram ərəfəsində bir qrup veterana, o cümlədən Səbail rayonu sakini olan 5 nəfərə yeni mənzillərin verilməsi veteranları xüsusilə sevindirmişdir.

Çıxış edən veteranlar öz xatirələrindən soz açmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə veteranlara maddi yardım və hədiyyələr təqdim olunmuşdur.

 

 

R.TAHİR

 

Xalq qəzeti.- 2011.-8 may.- S. 14.