Heydər Əliyev Azərbaycan təhsilinin misilsiz hamisi idi

 

Bu yaxınlarda əcnəbi televiziyaların birində dünyanın müxtəlif din təmsilçilərinin iştirak etdiyi elmi-kütləvi proqramda çox maraqlı bir ifadə səsləndirildi: "Bütün dinlər elmi, təhsili təbliğ edir, İslam dini isə elmin mənimsənilməsini insanın inkişafı üçün zəruri, həyat əhəmiyyətli məsələ kimi qarşıya qoyur". Çıxış edən alimin həmin fikri məni nə qədər məmnun etmişdisə, ondan sonra səslənən məntiq bir o qədər sevindirdi: "Misir, Türkiyə, Qazaxıstan və Azərbaycan kimi İslam ölkələrində bütün dinlərin təmsilçiləri bərabər hüquqlu şəkildə yaşadığına görə bu ölkələrdə elmin inkişafı daha sürətlə gedir".

 

Məhz həmin ifadəni eşidəndən sonra həmkarlarımla söhbət zamanı ulu öndər Heydər Əliyevin yaratdığı siyasi kursda tolerantlığa böyük önəm verilməsinin səbəbi haqqında mülahizələr səsləndirildi. Sonra bu mülahizələr tələbə auditoriyalarına sirayət etdi: Heydər Əliyev milli dövlətçiliyi möhkəmləndirmək, xalqın daha firavan sabahını təmin etmək məqsədiylə ölkə əhalisinin yüksək səviyyəli biliyə, intellektual səviyyəyə malik olmasına çalışırdı.

Bu istəyin həyata keçirilməsi üçün isə yollar çox idi. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial problemlərinin yüksək səviyyədə həll olunması, yeni dərslik siyasətinin hansısa ideologiyadan uzaq, milli və bəşəri dəyərlər əsasında formalaşdırılması, beynəlxalq təhsil ictimaiyyətinin öncül təcrübələrinin Azərbaycana gətirilməsi, informasiya-kommunikasiya texnologiyalarının gəncliyin bütün təbəqələri və zümrələri tərəfindən mənimsənilməsi, beynəlxalq aləmə çıxışın təşkil olunması və sairə. Bütün bunlar bilavasitə təhsil sistemi ilə bağlı, dövlətin təhsil siyasəti çərçivəsində reallaşdırılan məsələlər idi. Ancaq Heydər Əliyev dühası Azərbaycan təhsilinin və elminin inkişafı üçün bütün vasitələri məqbul sayır, bu sahədə səmərə verəcək istənilən addımın atılması üçün heç nəyi əsirgəmirdi.

Bəzi siyasətçilərin "biz sərhədləri bağlayaraq Azərbaycanı inkişaf etdirəcəyik" - tezisini məqbul saymayan ulu öndər "Azərbaycanın sərhədləri ölkəmizə xoş məramla gələn bütün insanların üzünə açıq olmalıdır ki, biz öz inkişafımızı təmin edə bilək" - çağırışını səsləndirirdi. Nəticədə dünyanın aparıcı ölkələrinin nüfuzlu alimləri, məşhur təhsil müəssisələri ölkəmizə üz tutdu və bu tendensiya milli təhsilimizin inkişafına kifayət qədər töhfələr vermiş oldu. Heydər Əliyev özündən əvvəlki siyasətçilərin "türkün türkdən başqa dostu yoxdur" - tezisini həddən artıq zərərli bir məntiq kimi qiymətləndirərək dünyanın bütün aparıcı dövlətlərinin və inkişaf etmiş xalqlarının Azərbaycanın dostu olduğunu elan etdi. Nəticədə bu gün dünyanın 100-dən artıq ölkəsi ilə imzaladığımız saysız-hesabsız sənədlər arasında elm, təhsil və mədəniyyət sahələrinə aid çoxsaylı saziş, protokol, müqavilə vardır. Dünyanın əksər ölkələrini təmsil edən təhsil mütəxəssislərinin Azərbaycana gəlməsi və ya bizim pedaqoji sahə əməkdaşlarının xarici ölkələrdə dövri olaraq təcrübə mübadiləsi keçməsi son nəticədə Azərbaycan təhsilinin sürətli inkişafına zəmin yaradır. Bu gün beynəlxalq aləmdə mövcud olan elə bir mütərəqqi konvensiya yoxdur ki, Azərbaycan ona qoşulmamış olsun. Azərbaycan təhsilində tətbiq olunan Boloniya sistemi ölkəmizin Avropaya inteqrasiyasını sürətləndirən məqamlardan biridir.

Heydər Əliyev təkcə ölkəmizin dövlət müstəqilliyini bərpa etməsindən sonrakı dövrdə deyil, hələ müstəqillikdən 20-25 il əvvəl də Azərbaycan təhsilinin sabahı üçün çox möhtəşəm layihələr həyata keçirirdi. Sanki ulu öndər hələ 60-70-ci illərdə Azərbaycanın bir zaman dövlət müstəqilliyi qazanacağını bilirdi. O, həm Dövlət Təhlükəsizliyi Komitəsində çalışdığı illərdə, həm də ölkəyə rəhbərlik etdiyi dövrdə milli kadrların yetişdirilməsini, yerli mütəxəssislərin irəli çəkilməsini bir nömrəli məsələ kimi qarşıya qoyur və istənilən təzyiqdən, təhdiddən çəkinməyərək öz arzularını reallaşdırırdı. Ulu öndərin 2001-ci il, yeni əsr və üçüncü minillik münastbətilə Azərbaycan xalqına ünvanladığı "Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında" adlı tarixi müraciətində qeyd edilirdi ki, Azərbaycan xalqının intellektual və yaradıcı imkanları ötən əsrdə, başa çatmaqda olan minillikdə dünya mədəniyyətinə bir çox maddi və mənəvi sərvətlər bəxş etməsi üçün zəmin yaratdı". Çəkinmədən və səmimiyyətlə qeyd edə bilərik ki, ötən əsrdə gedən həmin prosesin ən apogey nöqtəsi məhz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrə təsadüf edirdi. Sovet Azərbaycanının ən inkişaf etmiş dövrü məhz 70-80-ci illər idi. Ulu öndər həmin dövrü xarakterizə edərək yazırdı: "Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır". AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun fikrincə isə həmin zəminin yaradılmasında ən böyük xidmətləri olmuş şəxs məhz ulu öndər Heydər Əliyevin özü idi.

Bəzi konkret tarixi faktlara diqqət yetirək. 1970-80-ci illərdə respublikanın ali məktəblərində 100-dən artıq yeni kafedra, 40-dan çox yeni fakültələr açılmış, 100-ə qədər yeni ixtisas üzrə ali təhsilli mütəxəssislərin hazırlığına başlanmışdı. Heydər Əliyevin ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə respublikamızda 6 yeni ali məktəb yaradılmışdı ki, həmin təhsil müəssisələri indi müstəqil Azərbaycanın gələcəyini təmin edəcək yüksək səviyyəli mütəxəssislər hazırlanması işini uğurla davam etdirirlər. Rus Dili və Ədəbiyyatı İnstitutu, Xarici Dillər İnstitutu, Xankəndi Pedaqoji İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Gəncə Texnologiya İnstitutu və Naxçıvan Pedaqoji İnstitutu ilə yanaşı 12 texnikum da məhz 1970-82-ci illərdə gənclərin ixtiyarına verilmişdi. Heydər Əliyev daim cəmiyyət həyatının bütün sahələrində haqqın, ədalətin bərqərar olmasına, dövlətin imkanlarından bütün insanların bərabər şəkildə istifadə etməsinə çalışmışdır. Həmin yanaşmanın nəticəsi idi ki, 1969-82-ci illərdə Azərbaycandan SSRİ-nin və digər ölkələrin ali məktəblərinə göndərilən tələbələrin ümumi sayının 70 faizini fəhlə və kəndli ailələrində böyümüş gənclər təşkil edirdi. Daha maraqlı məqam isə ondan ibarətdir ki, bu gün dünyada gedən qloballaşma prosesinin tərkib hissəsi olaraq gender siyasətinə çox böyük önəm verilir. Heydər Əliyev hələ 70-ci illərdə həmin məsələni diqqət mərkəzində saxlamış, respublikadan kənarda təhsil almaq üçün göndərilən tələbələr arasında qızların 50 faiz təşkil etməsinə nail olmuşdu.

Bugünkü müstəqil Azərbaycanın qüdrətləndirilməsində iştirak edən və keçmiş SSRİ məkanında formalaşmış Azərbaycan diasporunun aparıcı qüvvəsinə çevrilən çoxminli ziyalılar ordusu bilavasitə Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində ərsəyə gəlmişdi. 1980-ci ildə SSRİ-nin 49 şəhərinin 170 ali məktəbində 244 ixtisas üzrə 3500 nəfərdən çox azərbaycanlı tələbə və 100 nəfərdən çox aspirant təhsil alırdı. Həmin illərdə təkcə Moskvanın 42 ali məktəbində 136 ixtisas üzrə 800, Leninqradın 25 ali məktəbində 348 azərbaycanlı gənc oxuyurdu. Ulu öndər hər il başqa şəhərlərə göndərilən gənclərlə şəxsən görüşür, onların Azərbaycan üçün yüksək ixtisaslı kadr kimi yetişməsinin əhəmiyyəti barədə söz açırdı. Budur, həmin səmərəni, əhəmiyyəti müstəqil Azərbaycan dövləti artıq 20 ilə yaxındır ki, yüksək səviyyədə görür.

Heydər Əliyevin təhsilə qayğısı barədə söz açarkən bir xüsusi məqamı da yada salmaq zərurəti yaranır. Belə ki, 70-ci illərin sonlarında SSRİ orden və medalları ilə təltif olunan maarif işçilərinin sayı 8718 nəfərə çatmışdı. Üç nəfər müəllim Sosialist Əməyi Qəhrəmanı, 817 nəfər isə əməkdar müəllim adına layiq görülmüşdü. Bu qəbildən olan faktlar onlarla, yüzlərlədir. Ancaq ulu öndərin 1993-cü ilin yayında siyasi hakimiyyətə qayıtmasından sonra onun təhsilə göstərdiyi qayğının miqyasını ifadə edəcək faktlar və rəqəmlər daha çoxdur. Çünki Heydər Əliyev SSRİ dövründə Azərbaycan təhsilinin inkişafı üçün istənilən addımı atarkən mütləq Moskva ilə razılaşmalı olurdu. Doğrudur, ulu öndər öz qarşısına qoyduğu bütün məqsədlərə çatırdı. Ancaq bu, həm çox vaxt, həm də zəhmət tələb edirdi. Ancaq Azərbaycan dövlət müstəqilliyi qazanandan sonra ali məktəblərə universitet adının verilməsi, universitetlərin maliyyə muxtariyyətinin təsdiq olunması, institut və akademiyaların yubileyinin keçirilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial-rifah halının yaxşılaşdırılması, pedaqoji işçilərin fəxri adlara və dövlət təltiflərinə layiq görülməsi, tələbə və aspirantların təqaüdlərinin artırılması və bu qəbildən olan digər addımların atılması zamanı Azərbaycan dövləti və ölkə rəhbərliyi tamamilə sərbəst idi. Ona görə də təhsil ictimaiyyətinin bütün məsələləri məhz məktəbi və müəllimi maraqlandıran səviyyədə həll edilir. Yeri gəlmişkən, bu gün bizim çalışdığımız Azərbaycan Müəllimlər İnstitutu da məhz ulu öndər Heydər Əliyevin sərəncamı ilə yaradılmışdır. Hazırda ölkənin əksər bölgələrində filialları fəaliyyət göstərən bu ali təhsil ocağı orta məktəblərimiz üçün yüksək səviyyəli pedaqoji kadrlar hazırlanması vəzifəsini uğurla həyata keçirir. Professor Aqiyə xanım Naxçıvanlının rəhbərlik etdiyi bu təhsil müəssisəsi həm dövlətin, həm də Təhsil Nazirliyinin qarşıya qoyduğu bütün vəzifələri məhz günün tələbləri səviyyəsində icra edir. Təsadüfi deyil ki, təhsil naziri cənab Misir Mərdanov bir neçə dəfə bizim ali məktəb haqqında söz açarkən təqdiredici fikirlər söyləmişdir.

Biz Azərbaycan təhsilinə ulu öndər Heydər Əliyevin qayğısı barədə söz açarkən o böyük dövlət xadiminin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin reallaşdırdığı proqram və layihələri də mütləq yada salmalıyıq. Bu zaman iki mühüm faktı dilə gətirmək kifayətdir. Belə ki, bu gün Azərbaycanın dövlət büdcəsindən ən çox vəsait ayrılan birinci sahə ordu quruculuğu, ikinci sahə isə təhsil sistemidir. Digər fakt isə ondan ibarətdir ki, 2003-cü ilin oktyabrından sonra Azərbaycanda bütün sahələr Prezident tərəfindən təsdiq edilmiş xüsusi Dövlət Proqramları vasitəsiylə inkişaf etdirilir. Prezident İlham Əliyevin təsdiq etdiyi ən çox dövlət proqramları da məhz təhsil sistemi barədədir. Belə ki, cənab dövlət başçısı 2003-cü ildən bəri Azərbaycanın təhsil sisteminin müasir dünya standartları səviyyəsinə qaldırılması üçün 16 Dövlət Proqramı imzalayıb. Bu faktın özü Azərbaycan dövlətinin qeyd olunan sahəyə ayırdığı diqqətin göstəricisidir.

Ulu öndərin özü və siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev kimi Heydər Əliyev Fondu da Azəərbaycan təhsilinin, elminin və mədəniyyətinin möhtəşəm hamisi kimi çıxış edir. Təsadüfi deyil ki, son 6 ildə ölkədə böyük məktəb tikintisi ilə nəticələnən "Yeniləşən Azərbaycana yeni məktəb" - layihəsinin təşəbbüskarı da Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır. Mehriban Əliyevanın uşaq və gənclərlə bağlı reallaşdırdığı çoxsaylı layihələr nəinki ölkəmizdə və regionda, eləcə də bütün dünyada maraqla qarşılanır, yüksək qiymətləndirilir.

Bir sözlə, bu gün Azərbaycan təhsilini Heydər Əliyev siyasəti, Heydər Əliyevin qurduğu dövlət və ulu öndərin adını daşıyan fond inkişaf etdirir. Bu tendensiya hələ yüz illər davam edəcəkdir. Çünki Heydər Əliyev siyasi irsi əbədidir, daimidir, ölməzdir.

 

 

Tovuz EMİNLİ,

Azərbaycan Müəllimlər İnstitutu

Zaqatala Filialının direktoru

 

Xalq qəzeti.- 2011.- 8 may.- S. 12.