Bir müsahibənin
tarixçəsi
Ümummilli lider Heydər Əliyevin zəngin və
mənalı bioqrafiyası yaşadığı
dövrün siyasi, iqtisadi və mədəni həyatı ilə
əhatəli və dərin bağlılığına
görə tarixi önəm daşıyır. Ulu öndərin
həyat və fəaliyyətinin bütün mərhələləri,
xüsusən, Azərbaycana liderlik etdiyi 35 ilə yaxın bir
dövrü respublikanın siyasi tarixinin aparıcı
yönünü və başlıca məzmununu təşkil
edir. Bu tarixin hər bir günü, hər bir hadisəsi və
faktı yaxın keçmişimizdə silinməz izlər
qoymuşdur.
1988-ci ildə Qarabağ münaqişəsinin alovlandırılması ilə başlanan xalqımızın məhrumiyyətli və faciəli günləri düşmən qüvvələrin əli ilə böyük siyasətdən uzaqlaşdırılmış, Azərbaycandan ayrı salınmış millət atası Heydər Əliyevin bioqrafiyasında da ağrılı bir dövr olmuşdur. Sonralar o məşəqqətli günləri xatırlayan ulu öndər bildirmişdi: "Mən 1987-ci ilin oktyabr ayında istefaya çıxdıqdan sonra SSRİ və KP rəhbərliyinə qarşı münasibətim kəskinləşdi. Ondan qabaq da bu münasibətlər kəskin idi və bunun nəticəsində mən istefa verməli oldum.
Bundan təxminən 20 gün sonra akademik Aqanbekyan Parisdə "Humanite" qəzetinə verdiyi müsahibədə göstərmişdi ki, Qarabağ Ermənistanın ərazisinə daxil edilməlidir və bu məsələ Qorbaçovla razılaşdırılıb. Siyasi Büroda olarkən Qarabağla əlaqədar kəskin sözlərimi Qorbaçova və Siyasi Büronun digər üzvlərinə deyə bilirdim. Təəssüf ki, Azərbaycanın o vaxtkı rəhbərləri son vaxtlar mənimlə əlaqələri kəsmişdilər və Azərbaycanda gedən proseslərə lazımi qiymət verib onların qarşısını vaxtında ala bilmədilər. Daha sonra Qarabağ hadisələri daha da kəskinləşdi".
Belə bir vaxtda xalqını bu bəlalardan xilas etmək üçün onunla bir yerdə olmağa can atan dünya şöhrətli siyasətçi, zəngin həyat və idarəetmə təcrübəsi olan Heydər Əliyevin Azərbaycana qayıdışı min bir bəhanə və maneə ilə əngəllənmişdi. Ümummilli liderin özünün dediyi kimi, "Vətən dar günlərdə onu çəkirdi, bütün varlığı ilə Azərbaycana can atırdı". SSRİ və Azərbaycan rəhbərliyi isə bu məsələdə həmrəy idilər: "Heydər Əliyevi Azərbaycana buraxmaq olmaz". Bunun niyəsini ulu öndər Vətənə gələndən sonra Naxçıvanda olarkən belə cavablandırmışdı: "Onların yeganə məqsədi Heydər Əliyevi Azərbaycandan təcrid etmək idi. Bu vaxt onlar Qarabağ məsələsini istədikləri kimi həll edə bilərdilər, çünki Heydər Əliyevin bu barədə bildikləri, təcrübəsi və məntiqi Azərbaycanda heç kəsdə yoxdur. Bu məntiqin qarşısında nə Qorbaçov, nə Liqaçov dura biləcəkdi. Ona görə də onlar hamısı mənimlə görüşməkdən qaçırdılar".
Əlavə edək ki, sovet rəhbərləri Heydər Əliyevlə təkcə görüşməkdən qaçmırdılar, həm də telefonla zəng vurub onu hədələyirdilər. Əslində, sovet dövlətinin sabiq ali rəhbərlərindən birini, dünya şöhrətli şəxsiyyəti ev dustağına çevirmiş, ciddi nəzarət altına almışdılar. Belə bir vaxtda ulu öndər ona müxtəlif yollarla xəbər göndərən, öz böyük oğlunun yolunu səbirsizliklə gözləyən xalqımızın sevgi və sayğılarını dəyərləndirərək, 1990-cı ilin iyununda çətinliklə Bakıya gələ bildi. Respublika rəhbərliyinin xalqın böyük oğluna xəyanətkar münasibəti təhlükəli həddə çatdığından ümummilli lider bir neçə gündən sonra onu bir vaxtlar dünya siyasətinin zirvələrinə qanadlandırmış doğma torpağı Naxçıvana getməli oldu. Burada həmyerliləri onu misilsiz bir sevgi və ehtiramla qarşıladılar. Xalqın XX əsrdə yetirdiyi ən böyük insan, Naxçıvan şəhərində doğmalarının darısqal mənzilində sığınacaq tapdı.
SSRİ kimi superdövlətin rəhbərlərindən birinin Azərbaycanın ucqar, Qarabağ münaqişəsi ilə bağlı blokadaya alınmış bir diyarına getməsi o günlərdə dünyanın diqqət mərkəzində olsa da, bu barədə xəbərlər aləmi dolaşsa da, xalqımızın həqiqi liderinin səsi, sözü, Azərbaycanda ciddi yasaqlanmışdı. İstefaya getdiyi gündən barəsində başlanan böhtan, iftira, yalan, qarayaxmalar böyük tirajlarla yayımlanmaqda davam edirdi.
Heydər Əliyev Naxçıvana təzəcə gəldiyi vaxtda respublikanın nəzər-diqqətdən uzaq bölgəsində baş verən bir hadisə Azərbaycanda ciddi bir informasiya təlatümü yaratdı. Saatlı rayonunda çıxan, çoxlarının bu vaxtadək heç adını bilmədiyi "Dönüş" qəzeti 23, 25 və 28 avqust 1990-cı il tarixli nömrələrində Heydər Əliyevlə redaksiyanın əməkdaşı Fəxrəddin Ağamirzəyevin geniş müsahibəsini dərc etmişdi. Saatlıdan blokadada olan Naxçıvana gedərək, burada informasiya vakuumuna salınmış ulu öndərlə görüşmüş gənc jurnalistin aldığı geniş müsahibə çap olunmuş "Dönüş" qəzetinin nüsxələri və onun tirajından dəfələrlə artıq surətləri bütün respublikaya yayılmışdı, əl-əl gəzmişdi. Bu ağır günlərdə respublikanın sükanı arxasında hər an yeri görünən, ümummilli lider Heydər Əliyevin son illərdə baş verən hadisələrlə bağlı suallara verdiyi aydın, dolğun, prinsipial və kəskin cavablar bir çox mətləblərin üstünə işıq salmışdı.
Xatırladaq ki, jurnalist bir neçə gün əvvəl Bakı hava limanında Heydər Əliyevi qarşılayanların sırasında olmuşdu. Fəxrəddin Ağamirzəyevin irili-xırdalı 30-dan artıq sualında o illərdə ölkəmizdə baş verən hadisələrə, düşmən qüvvələrin xalqımıza qarşı qəsdlərinə, Heydər Əliyevlə bağlı söylənən ədalətsiz ittihamlara, Dağlıq Qarabağ böhranından çıxış yollarına və s. məsələlərə toxunulmuş, böyük müsahibədə ulu öndərin məntiqli, obyektiv, inandırıcı cavabları əksini tapmışdı. Xalq öz liderinin dilindən günün həqiqətləri barədə mötəbər fikirlər, mülahizələr eşitmiş, bir sıra mətləblərdən xəbərdar olmuşdu.
Bu fədakarlıq, jurnalist cəsarəti Fəxrəddin Ağamirzəyevə çox baha başa gəlmişdi. Təqib və cəzadan yaxa qurtarmaq üçün "öz ərizəsi ilə" işdən çıxmalı olmuş, "bir də əlinə qələm almayacağı" barədə yazılı iltizam vermişdi. Əslində, jurnalist üçün bundan da ağır cəza ola bilməzdi. Həm də iş təkcə rəsmi dairələrin "divanı" ilə bitməmişdi. Qarabağ hadisələrinin ilk günlərindən Fəxrəddin Ağamirzəyevin Saatlıda öncüllük etdiyi xalq hərəkatındakı "demokrat dostlar" da onu "xəyanət"də suçlandırmağa başlamışdılar. Beləliklə, Fəxrəddin "sağdan" və "sol"dan qınaqlarla, təqib və böhtanlarla üzləşmişdi, 6 il işsiz qalmışdı. Bu müddətdə Heydər Əliyevin hakimiyyətə qayıdışı uğrunda hərəkata bacardığı köməyi eləmiş, dəfələrlə ulu öndərlə telefon danışığında olub onun sözlərini Saatlı camaatına çatdırmışdı.
Fəxrəddin bu arada jurnalist ixtisasından sonra qiyabi hüquq təhsili də aldı. 1996-cı ildən respublika hüquq-mühafizə orqanlarının təsis etdiyi "Qanunçuluq" jurnalında böyük redaktor oldu, sonra Yasamal Rayon Məhkəməsində hakim işlədi. Hazırda hərbi məhkəmə sistemində çalışır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində 1977-82-ci illərdə BDU jurnalistika fakültəsində oxuduğumuz tələbə yoldaşımız və həmkarımız Fəxrəddin Ağamirzəyevlə görüşdük, 1990-cı ilin avqustunda onun Naxçıvana getməsini, aləmə səs salmış həmin tarixi müsahibəni necə hazırlamasını və çap etdirməsini yada saldıq. Jurnalist-hüquqşünas o vaxt Naxçıvana niyə getməsini belə xatırladı:
- Qarabağ münaqişəsi mürəkkəbləşdikcə o vaxtkı respublika rəhbərliyi acizləşirdi. Qorbaçov başda olmaqla SSRİ rəhbərliyi erməniləri açıq-gizli himayə edirdi. Belə bir vaxtda Azərbaycan təcavüzü dəf etmək üçün ayağa qalxdı. Xalqa rəhbərlik etmək üçün meydan qəhrəmanlarının içərisindən layiqli lider çıxmadı. Xalq Heydər Əliyevi gözləyirdi. Lakin onu uzun müddət Azərbaycana buraxmadılar. Bakıya gələndə isə yerli rəhbərlər yasa batdılar, xalqın harayına gəlmiş lideri aradan götürmək yolları axtardılar.
Ulu öndər Naxçıvana üz tutdu. O vaxt mən də öz ağlımın hökmü ilə xalqımızı bəlalardan yalnız Heydər Əliyevin xilas edə biləcəyini düşünürdüm. Odur ki, Bakıya onu qarşılamağa bir neçə gündən sonra isə Naxçıvana getdim. Böyük xilaskarla həmin görüşüm və ondan müsahibə ala bilməyim həyatımın ən dəyərli, unudulmaz hadisəsidir. Müsahibənin ilk günlərdə doğurduğu qeyri-adi əks-səda öz yerində, sevimli rəhbərlə görüşün təəssüratı ilə sonrakı illərdə maraqlananların sayı da bitib-tükənmədi...
Fəxrəddin Ağamirzəyevlə həmin tarixi müsahibəni aradan 21 il ötəndən sonra bir də nəzərdən keçirdik. Doğrudan da, burada ulu öndərin həyatının ən ağır bir dövrünün ciddi məqamları əksini tapıb. Bu müsahibədən bir neçə məqamı oxucularımızın diqqətinə çatdırırıq.
Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və çıxış yolları barədə jurnalistin suallarını ulu öndər belə cavablandırmışdı:
-Bəli, Dağlıq Qarabağ məsələsinin erməni millətçiləri tərəfindən keçmiş dövrlərdə bir neçə dəfə qaldırılması halları olub. Və mən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik etdiyim dövrdə erməni millətçiləri tərəfindən, xüsusən, Ermənistanda yaşayan erməni millətçiləri və əsasən, Dağlıq Qarabağda anadan olmuş adamlar Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi barədə cəhdlər ediblər. Onlar cürbəcür məktublar yazıb Moskvaya göndərib bu tələbləri irəli sürməyə çalışıblar. Ancaq bu məsələlərin hamısının qabağını o vaxtlarda biz almağa nail ola bilmişik. Və onların bu niyyətləri, arzuları ancaq məktub yazmaqdan ibarət olub. Ondan o tərəfə keçə bilmirdilər.
Mən Mərkəzi Komitəyə rəhbərlik etdiyim dövrdə bu məsələlərə çox ciddi fikir verirdim və Dağlıq Qarabağ Muxtar Vilayətinin həyatı həmişə mənim diqqət mərkəzimdə olmuşdur. Ona görə də orada baş verən lap xırda hadisələr də bizə məlum olubdur. Mən vaxtında bunların haqqında ölçü götürürdüm. Və onların genişlənməsinə mümkünat vermirdim. Buna görə də mən qətiyyətlə demişəm, yenə də deyirəm ki, Dağlıq Qarabağ haqqında 1987-ci ilin ikinci yarısında, sonunda başlanılan kampaniyanın qarşısını elə o vaxt almaq mümkün idi.
1988-ci ildə də bu problemi həll edib tamamilə Dağlıq Qarabağ məsələsini aradan götürmək mümkün idi. Ancaq, çox təəssüf ki, bu sahədə həm Azərbaycan respublikasının keçmiş rəhbərləri, həm də ümumittifaq rəhbərləri lazımi tədbirlər görməmişlər. Və məhz bunun da nəticəsində Dağlıq Qarabağ məsələsi get-gedə şişmiş, çox əcaib şəkil almış, indi də iki respublika arasında, iki millət arasında böyük ziddiyyət yaranmasına səbəb olmuşdur.
Çıxış yolu çox aydındır. Burada sözlə yox, əməllə çıxış yolu axtarmaq lazımdır. Bir sözlə, gərək konkret fəaliyyət göstərilsin. Çünki cürbəcür sözlər, deklorasiyalar - bunlar əgər həyata keçirilmirsə, onda demək, çıxış yolu da tapılmır. Çıxış yolu birdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın tərkibində olub və gələcəkdə də daim olmalıdır və Dağlıq Qarabağda vəziyyəti ancaq bu şərtlə həll etmək olar. Bunun başqa yolu yoxdur.
Jurnalist bu yerdə soruşur: "Lakin bizə məlum deyil ki, nəyə görə erməni ekstremistlərinə bu qədər güzəştlər edilir".
- Mənə də məlum deyil. Ancaq eyni zamanda (acı-acı gülümsəyir - A.F.) məni təəccübləndirən məsələ odur ki, bu böyüklükdə ölkənin Prezidenti fərman verir, 15 gün o fərmanın icrasına vaxt qoyur, Ermənistanda bu fərmanın əleyhinə qərar qəbul olunur və Ali Sovet qərara alır ki, SSRİ prezidentinin fərmanı Ermənistanda qüvvədə olmamalıdır. SSRİ prezidenti də buna laqeyd yanaşır. Belə halda prezidentin qərarının tamamilə gücsüz olduğu aşkar görünür.
- Sizin haqqınızda çoxlu şayiələr gəzir. Siz bunları eşidirsinizmi? Eşidirsinizsə, bu məlumatları haradan alırsınız?
- Bilirsinizmi, şayiələri, adətən, ayrı-ayrı insanlar yaradırlar. Və bəzən də onları hardansa götürüb uydururlar, heç bir əsası olmadan. Ona görə də buna belə yanaşıram ki, rəhbər səviyyədə olan şəxslər haqqında həmişə şayiələr yaranıbdır. Mən də uzun müddət Azərbaycan respublikasının rəhbəri olmuşam. Sonra bir neçə il Moskvada yüksək səviyyədə fəaliyyət göstərmişəm. Odur ki, haqqımda cürbəcür şayiələrin yaranıb-yayılması mənim üçün o qədər də təəccüblü deyil. Çünki bu, bəzi insanlara xas olan keyfiyyətdir. Mənim haqqımda böhtanlar olubdur, bu böhtanların bir hissəsi ayrı-ayrı mətbuat orqanlarında dərc olunub, bir hissəsi də ağızdan-ağıza şayiə kimi yayılıb. Mən bunların hamısına, necə deyərlər, nifrət edirəm. Çünki bunlar hamısı yalandır, uydurmadır, böhtandır və bu cür şayiə yayanları mən şəxsiyyətsiz adam kimi qəbul edirəm.
- Sizin tərəfdarlarınız olduqca çoxdur. Əleyhdarlarınız da var. Onlara sözünüz.
- Mən tərəfdarlarıma öz minnətdarlığımı bildirirəm. Ancaq əleyhimə olan adamları isə demək istəyirəm ki, onların heç birisinin ədalətli olaraq mənim əleyhimə çıxmalarına heç bir əsasları yoxdur. Mən əleyhimə söz gəzdirən, fikir söyləyən hər bir adamla görüşüb ona sübut etməyə qadirəm ki, onun mənim haqqımda yaydığı böhtanlar, yaxud da ki, mənim haqqımda pis fikirlərdə olmasına əsas yoxdur. Mən respublikanın rəhbəri olmuşam, özü də həmişə prinsipial mövqe tutmuşam. Xalqın mənafeyi üçün çalışmışam, xalqın hər bir sadə adamının hüquqlarını qorumaq üçün çalışmışam. Və belə bir gərgin, mübariz iş də, şübhəsiz ki, - ayrı-ayrı adamlar istədiyi mövqelərdən uzaqlaşıblar, bəzən də məsələn, istədiyi niyyətləri həyata keçirə bilməyiblər - onlar buna görə məndən narazıdırlar. Ancaq onlar özləri-özlərinə ədalətlə yanaşsalar, onlarda özünütənqidi keyfiyyət olsa, onlar bu öz xırda insan hisslərindən bir az yuxarıya baxsalar, gərək mənim əleyhimə olmasınlar.
- Respublikamızın gələcəkdə tam suverenliyinə, onun müstəqilliyinə inamınız varmı? Bu mübarizədə xalqa məsləhətiniz.
- Mütləq, Azərbaycan Respublikası müstəqil olmalıdır, suverenliyini təmin etməlidir. Ərazi toxunulmazlığını və siyasi, iqtisadi suverenliyini təmin etməlidir və mən buna böyük ümid bəsləyirəm. Belə hesab edirəm ki, buna nail olmaq Azərbaycan xalqının özünün ixtiyarındadır. Azərbaycan xalqı özü buna nail olmalıdır. Heç kəs ona belə bir azadlığı verməyəcəkdir.
-"Durğunluq illəri" - bu terminə münasibətiniz.
- Mənə belə gəlir ki, bu termin haqqında daha ədalətli söhbət aparmaq lazımdır. İndi adət olmuşdur, əsaslı da, əsassız da durğunluq illərini tənqid edirlər. Hər dövrün özünə görə nailiyyətləri də var, şübhəsiz ki, nöqsanları, səhvləri də. Mən, ümumiyyətlə, bu barədə öz fikrimi demək istəmirəm. Ancaq Azərbaycanda mənim fikrim belədir ki, 70-ci illərdə durğunluq illəri olmayıbdır. O illər Azərbaycanın iqtisadiyyatı, sosial sahəsi, mədəniyyəti yüksək templərlə inkişaf etmişdir və Azərbaycan Respublikası o illərdə çox böyük nailiyyətlər əldə etmişdir.
- İndiki bu qarışıq zamanda, açıq-aşkar təkləndiyimiz məqamda xalqımıza tövsiyəniz. Əlbəttə, xalqın narahatlığına səbəb amillər Sizə də aşkardır.
- Gərək indi xalq bütün gücünü, qüdrətini bir yerə toplasın. Xalq üçün ən təhlükəli olan məsələ erməni millətçilərinin Azərbaycana təcavüzüdür. Xalq gərək bax, bundan özünü qorusun. Əgər xalq özünü qoruyub suverenliyini, ərazi bütövlüyünü təmin etmiş olsa, başqa məsələlərin hamısı həll olunacaqdır.
Sonda bildirək ki, ümummilli lider Heydər Əliyevin səsini, sözünü sonrakı dövrdə xalqa çatdıran başqa yazarlar, qəzetlər də tapıldı. "Dönüş" qəzeti və onun həqiqətsevər əməkdaşı Fəxrəddin Ağamirzəyevin qismətinə isə bu addımı ilk olaraq atmaq düşmüşdü. Bu baxımdan "Heydər Əliyevlə müsahibə" adlı həmin yazı yeni, demokratik mətbuatımızın həmin vaxtlardan başlayan tarixinin də işıqlı səhifələrindən biridir. O vaxt azad sözün ilk qaranquşlarından olmuş bu müsahibənin ərsəyə gəlməsi həqiqətə meydan vermək yolunda cəsarət və fədakarlıq nümunəsi idi.
Tahir AYDINOĞLU,
Namiq QƏDİMOĞLU
Xalq qəzeti.- 2011.- 8 may.- S.11.