Neft Akademiyasında Heydər Əliyevin barelyefi açıldı

 

Dünən Azərbaycan Dövlət Neft Akademiyasında xalqımızın ümummilli lideri Heydər Əliyevin barelyefinin açılış mərasimi keçirilmişdir. Tədbirdə Neft Akademiyasının tələbə və müəllim heyəti ilə yanaşı, YAP icra katibinin müavini, millət vəkili Əli Əhmədov, millət vəkili, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, təhsil naziri Misir Mərdanov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə iştirak edirdilər. Akademiyanın rektoru, akademik Siyavuş Qarayev toplaşanların alqışları altında barelyefin üstündəki örtüyü açdı.

 

Daha sonra çıxış edən rektor bildirdi ki, Neft Akademiyasının binası qarşısında Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin işıqlı simasının həkk olunduğu lövhənin qoyulması bu ali təhsil ocağının professor-müəllim heyətinin və tələbələrinin ulu öndərin xatirəsinə böyük ehtiramının canlı təzahürüdür. Siyavuş Qarayevin sözlərinə görə, hələ gənc yaşlarında həyatını yaradıcılığa həsr etməyi qarşısına məqsəd qoymuş Heydər Əliyev ali təhsil almaq üçün Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) memarlıq ixtisasını seçmiş, burada 2 il mükəmməl təhsil almışdır. Lakin Böyük Vətən Müharibəsinin başlanması nəticəsində o, təhsilini yarımçıq qoymalı olmuşdur. Bununla belə, ulu öndər sonrakı illərdə Neft Akademiyasını heç zaman unutmamış, dəfələrlə burada olmuş, təhsil ocağının 50, 60 və 80 illik yubileylərində iştirak etmiş, kollektivin sevincini bölüşmüş, problemlərlə maraqlanaraq onların həllinə kömək etmişdir. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə akademiyanın yeni tədris binası, yataqxana şəhərciyi, idman kompleksi və respublikamızın səfalı guşəsi olan Nabranda istirahət zonası tikilərək istifadəyə verilmiş, onun birbaşa göstərişi əsasında akademiyanın binası əsaslı təmir edilmişdir.

Rektor qeyd etdi ki, ulu öndər Neft Akademiyasının 80 illik yubileyində çıxışı zamanı demişdir: "Mən də bir müddət burada təhsil almışam. O illər iki il müddətində burada aldığım təhsil, tərbiyə, nizam-intizam, bilik mənim gələcək həyatımda, sonrakı dövrümdə çox böyük rol oynamışdır. Ona görə də mən o illəri böyük məmnuniyyət hissi ilə xatırlayıram". Siyavuş Qarayev bildirdi ki, bu sözlər akademiya kollektivində qürur hissi doğurur.

Onun sözlərinə görə, ADNA-nın 90 illik yubileyində çıxış edən Prezident İlham Əliyev isə qeyd etmişdir: "Heydər Əliyev inşaat fakültəsinin memarlıq bölməsində oxumuşdur və mən yaxşı bilirəm ki, onun o illərlə bağlı çox əziz xatirələri var idi. Bəlkə də gənclik illərinin ən yaddaqalan xatirələri məhz bu ali məktəbdə keçirdiyi dövrlə bağlı olmuşdur".

Akademik Siyavuş Qarayev bildirdi ki, Neft Akademiyasının ən görkəmli yerində Heydər Əliyevin bütün müəllim və tələbələrin ziyarətgahına çevrilmiş büstü qoyulmuş, adını daşıyan muzey yaradılmışdır. Muzeyin eksponatları arasında ən dəyərlisi isə ulu öndərin burada təhsil aldığı illərdə əla qiymətlərlə oxuduğunu əks etdirən müvəffəqiyyət vərəqidir. Hər il akademiyaya qəbul olunan tələbələr sentyabrın əvvəlində ulu öndərin adını daşıyan muzeyə gəlir, onun keçdiyi həyat yolu, dövlətçilik fəaliyyəti ilə tanış olur və buradaca onlara təntənəli şəkildə tələbə biletləri təqdim edilir. "Bundan sonra isə Neft Akademiyasına daxil olan hər kəs bu barelyefin qarşısından keçərkən bu böyük insanın xatirəsini yad edəcək, onun ruhən bizimlə, Azərbaycanla, millətimizlə əbədi olaraq birgə yaşadığını unutmayacaqdır".

Millət vəkili Əli Əhmədov isə hazırda Heydər Əliyevin 88 illiyi ilə bağlı ölkənin hər yerində tədbirlər keçirildiyini, Neft Akademiyasında qoyulan barelyefin isə böyük əhəmiyyət daşıdığını bildirdi. Onun sözlərinə görə, Heydər Əliyevin neft strategiyası təkcə xalqın və ölkənin rifahına deyil, həm də müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir. Vaxtilə Neft Akademiyasında təhsil almış Heydər Əliyevin belə bir barelyefinin açılışı isə bu təhsil ocağının öz sabiq məzununu daim hörmətlə yad etdiyini, müəllim və tələbələrin ulu öndərin xatirəsinə böyük ehtiram bəslədiyini göstərir.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2011.- 8 may.- S.11.