Müasirləşmə
və demokratikləşmə: Heydər Əliyevlə
başlanan yol
Heydər Əliyev Azərbaycanın böyük müstəqilliyinin bünövrəsini, "demokratizm və müasirlik" düşüncəsinin təməlini iyirminci əsrin yetmişinci illərindən tədricən, mərhələ-mərhələ, onun bütün perspektivlərini əvvəlcədən düşünə-düşünə, həmin gələcək perspektivlər üçün intellektual potensialı hazırlaya-hazırlaya qoymuşdu.
Müstəqil və demokratik Azərbaycan
Respublikanın qurulması ilə başa çatan milli siyasi
tariximizin ən yeni dövrünün ən əlamətdar
hadisələri Heydər Əliyevin adı ilə
bağlıdır. Azərbaycan dövlətini tamamilə yeni
əsaslar üzərində qurmaq siyasətini
qarşısına məqsəd qoymuş ulu öndər həm
də bu tarixi prosesin böyük ideoloqu kimi onun əsas istiqamətlərini
müəyyənləşdirmişdi. Həmin istiqamətlərin
bir-biri ilə bağlı iki mühüm cinahı -
müasirləşmə və demokratikləşmədir. Heydər
Əliyevin siyasi kursuna uyğun olaraq bu vəzifənin yerinə
yetirilməsi ölkənin müstəqil şəkildə
addımlaya biləcəyinə zəmanət qazanmaq demək
idi. Bu bir həqiqətdir ki, yalnız müasirləşmə
və demokratikləşmə istiqamətində ciddi
uğurlar əldə etməklə dünya birliyinin demokratik
düşərgəsi tərəfindən etimadla
qarşılanmaq, inkişaf layihələrini həyata
keçirmək və məhz bu düşərgə tərəfindən
dəstək qazanaraq, torpaqlarının iyirmi faizi
işğal olunmuş gənc bir dövləti ayaq üstə
qaldırmaq, irəlilətmək və dünya birliyinə
inteqrasiya etmək olardı. Buna görə də ümummilli
liderimiz müasir və demokratik Azərbaycan dövlətini
yaratmaq üçün ölkənin bütün maddi və
mənəvi-intellektual potensialını hərəkətə
gətirməyə başladı.
Buradaca
qeyd edək ki, Azərbaycanın Böyük Müstəqilliyinin
bünövrəsini, "demokratizm və müasirlik"
düşüncəsinin təməlini Heydər Əliyev
iyirminci əsrin yetmişinci illərindən tədricən, mərhələ-mərhələ,
onun bütün perspektivlərini əvvəlcədən
düşünə-düşünə, həmin gələcək
perspektivlər üçün intellektual potensialı
hazırlaya-hazırlaya qoymuşdu.
Dünya proseslərinin mahiyyətini düzgün qiymətləndirən Heydər Əliyev 1993-cü ildən etibarən öncədən başladığı Böyük Yolun "ikinci nəfəsini" açdı, yeni, müstəqil Azərbaycan dövlətinin banisi olaraq, bu dövlətin strategiyasını həmin proseslərin ən aparıcı tendensiyalarını özündə ehtiva edən siyasi xəttin önəmli cinahına çevirdi. Məhz bu dövrdən başlayaraq, milli və qlobal mənafelərin harmoniyası Azərbaycan siyasətinin humanist və demokratik mahiyyətini təsdiq edən bir uğurlu istiqamət kimi müəyyənləşdi.
Heydər Əliyevin siyasi fəaliyyəti elə başlanğıcdan ölkəmizin yerləşdiyi regionda beynəlxalq münasibətlər sisteminin yeni konfiqurasiyada qurulmasına - yəni Azərbaycanın müasirləşmə və demokratikləşmə kursu götürən, siyasi islahatlardan çəkinməyən bir dövlət kimi tanıdılmasına yönəldi. Qurucusu olduğu Azərbaycan dövlətinin müstəqillik uğrunda qətiyyətli mübarizəsi regionda qüvvələr balansını nizamladı, yenicə müstəqillik əldə etmiş dövlətlərin siyasi özünütəşkilinə, iqtisadiyyatını qurmasına, müharibə və konfliktlər zəncirinin həlqəsinə yox, müasirləşmə və demokratikləşmə hərəkatının subyektinə çevrilməsinə şərait yaratdı. Heydər Əliyev Xəzər və Cənubi Qafqaz regionunda Sülh və Quruculuq missiyasının Lideri oldu. Baxmayaraq ki, rəhbərlik etdiyi dövlətin bir parçası Ermənistan tərəfindən işğal olunmuşdu, Heydər Əliyev bunu etdi. Ona görə etdi ki, ölkəsinin nəfəs dərməsinə imkan yaratsın, qlobal güclərin marağını regionda balanslaşdırsın, Azərbaycan cəmiyyətini müstəqil dövlət quruculuğuna səfərbər etsin, ölkə iqtisadiyyatını müasir əsaslarda quraraq onu dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsinə çevirsin.
Bu məqsədlə müstəqilliyimizin ilk onilliyi ərzində ümummilli liderin rəhbərliyi altında həyata keçirilmiş quruculuq və islahat tədbirləri nəticəsində Azərbaycanda bütün zəruri dövlətçilik təsisatları yaradıldı və hüquqi dövlət institutları formalaşdırıldı. Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməsini qarşısına məqsəd qoymuş Heydər Əliyev hələ o vaxtlar dönə-dönə qeyd edirdi ki, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, özünün zəngin tarixi ənənələrindən bəhrələnməklə yanaşı, sivil dünya demokratiyasından, universal ümumbəşəri dəyərlərdən, vətəndaş cəmiyyəti praktikasından istifadə edərək, demokratik dövlət quruculuğu yolu ilə getməlidir.
Heydər Əliyev keçid dövrünün reallıqları şəraitində böyük reformasiya hərəkatına başladı. Köhnə inzibati amirlik sisteminin ləğvindən sonra bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi, Azərbaycan iqtisadiyyatının qlobal iqtisadi sistemə inteqrasiya olunması istiqamətində önəmli addımların atılması bütövlükdə ölkə iqtisadiyyatının yeni iqtisadi münasibətlər kontekstində inkişafına stimul verən səbəblər oldu. Əlbəttə, bu o qədər də həyata keçirilməsi asan olan məsələlər deyildi. Uzun müddət sovet totalitar rejiminin despotik idarəçiliyi altında qalan dövlətin tədricən modernləşdirilməsi prosesində yeni iqtisadi modelin özünü doğrultması, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın və siyasi plüralizmin bərqərar edilməsi, insanlarda bazar iqtisadiyyatı, xüsusi mülkiyyət, sahibkarlıq anlayışları barədə formalaşmış mənfi rəyin aradan qaldırılması düzgün və mərhələli siyasətin həyata keçirilməsini tələb edirdi. Tarixin bütün dövrlərində olduğu kimi bir iqtisadi - siyasi sistemdən digərinə keçilməsi hər zaman ağrılı bir prosesdir. Tarixin bu sınağından da Azərbaycanın üzüağ çıxması məhz ümummilli lider Heydər Əliyevin apardığı uğurlu və uzaqgörən siyasət nəticəsində mümkün oldu.
Respublika iqtisadiyyatının modernləşdirilməsi istiqamətində görülən tədbirlərin səmərəliliyini artırmaq istiqamətində ən mühüm addımlardan biri də bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə inkişaf etmiş dövlətlər və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətlərinin qurulması və birgə layihələrin həyata keçirilməsi oldu. Belə ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq təşkilatlar Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsinə maliyyə yardımı ayırdılar. Beləliklə, iqtisadiyyatın bütün sahələrində həyata keçirilən radikal islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin edilmiş oldu və getdikcə sürətlənən dinamik iqtisadi inkişafın təməli yaradıldı. Bununla yanaşı, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunması istiqamətində həyata keçirilən tədbirlər iqtisadi dirçəlişə təkan verən amillərdən biri oldu. 1995-ci ildən etibarən bu günə qədər Azərbaycan iqtisadiyyatına 90 milyard dollara yaxın investisiya qoyulması dövlətimizin yatırımlar üçün çox məqbul və cəlbedici ölkəyə çevrildiyini göstərən çox önəmli göstəricidir.
Əlbəttə, cəmiyyətin maddi və mənəvi həyatında dəyişiklik bir-birini tamamlayan proseslərdir. Ona görə də Heydər Əliyev Azərbaycanda iqtisadi strukturu modernləşdirdikcə, sosial-mədəni strukturu da yeniləşdirmək vəzifələrinin dönmədən həyata keçirilməsi siyasətini davam etdirirdi.
Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan özünəməxsus bir təkamül məntiqi ilə milli siyasət və mədəniyyət platforması üzərində qərarlaşan dövlətə çevrilirdi. Artıq onu bu yoldan döndərməyə heç kimin gücü çatmazdı!
Heydər Əliyevin müasirləşmə və demokratikləşmə konsepsiyası həm də milli humanitar siyasətin mahiyyətində özünü göstərməli və onun hərəkətverici qüvvəsinə çevrilməli idi. Ölkə rəhbərliyinin və intellektual həyatımızdakı yenilikçi çağırışların tələbini ulu öndər belə konseptuallaşdırmışdı: Azərbaycanda ictimai və humanitar elmlər sahəsində aparılan islahatlar yüksək inkişaf etmiş dünya ölkələrində həmin sahələrdə aparılan islahatların xarakter və keyfiyyətinə adekvat olmalıdır.
Bu strategiya istiqamətində inkişaf Azərbaycan milli elitasının dünya elm məkanına inteqrasiyası üçün ölkəmizdə yaradılan şəraiti gündən-günə yaxşılaşdırır və intellektual əməklə məşğul olmaq həm dövlət , həm də cəmiyyət tərəfindən layiq olduğu səviyyədə dəyərləndirilirdi. Deməli, bu sahədə də biz dünya elminin yüksək nüfuz dərəcələrinə yaxınlaşmaq və həmin səviyyələrdə fəaliyyət göstərmək, əldə olunan nəticələri nəinki ölkə, həm də dünya ictimaiyyətinə çatdırmaq üçün imkanlar əldə edirdik. Heydər Əliyevin əsasını qoyduğu milli humanitar siyasətin konsepsiyasına uyğun olaraq, böyük ənənələrdən qaynaqlanan Azərbaycan elmi müasir dünya elminin ön sıralarında addımlamaq üçün özünün bütün intellektual potensialını konkret və gərəkli istiqamətlər üzrə istiqamətləndirməyə başladı. Azərbaycan Respublikasının humanitar siyasəti ölkəmizdə artıq strukturlaşmış humanitar elm sahələrinin yeni keyfiyyətdə inkişafını nəzərdə tuturdu: bu elmlər Azərbaycan cəmiyyətinin mədəni-intellektual həyatının yüksək səviyyəsindən çıxış etməli, milli mədəniyyət tariximizin yeni elmi metodlarla araşdırılmasını təmin etməli, onun müasir inkişafının problemlərini diqqətlə öyrənməli, bütövlükdə mədəniyyət düşüncəsini hərəkətə gətirməyə qadir olan stimullaşdırıcı amilləri təyin etməli idi.
Burada Heydər Əliyevin müəyyən etdiyi ən başlıca vəzifə, heç şübhəsiz ki, Azərbaycan humanitar elmləri ilə dünya humanitar elmlərinin və elmi mərkəzlərinin sıx əlaqəsini yaratmaq, dünyada gedən qlobal siyasi, iqtisadi, mədəni-mənəvi, elmi-intellektual prosesləri və onların necə və hansı istiqamətlərdə öyrənildiyini diqqətlə təhlil edərək, zəngin, analitik, sistemli düşüncə texnologiyalarına malik olan, başqa ölkələrin də elm mütəxəssisləri tərəfindən qəbul, təqdir və istinad edilən beynəlxalq nüfuzlu elm statusunda möhkəmlənmək idi.
Mədəniyyət, elm və təhsil sahəsində beynəlxalq əlaqələrin yaradılması və genişləndirilməsinin yenicə müstəqilliyini əldə edən gənc Azərbaycan Respublikası üçün necə önəm daşıdığını və həmin əlaqələrin ölkə vətəndaşlarının mənəviyyatının yüksəlişinə necə böyük təsir göstərəcəyini ümummilli lider Heydər Əliyev vaxtında Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmışdı: "Mədəniyyətimizin, elmimizin, təhsilimizin insanların mənəviyyatını daha da yüksəklərə qaldırması üçün mədəni, elmi-texniki əlaqələrin inkişaf etdirilməsi çox zəruri vəzifələrdən biridir" (Heydər Əliyev. Müstəqillik yolu, Bakı, "Azərbaycan" nəşriyyatı, 1997, s. 62). Heydər Əliyev həm də bu əlaqələrin qlobal miqyasda insanlararası münasibətlərin inkişafındakı rolunu yüksək qiymətləndirmişdi: "Ölkələr arasında dostluq münasibətlərinin möhkəmlənməsinə mədəniyyət və elm sahəsində əlaqələrin böyük təsiri var" (Müstəqillik yolu, Bakı, "Azərbaycan" nəşriyyatı, 1997, s. 58).
Əgər dünya iqtisadiyyatının inkişafında Azərbaycan nefti mühüm əhəmiyyət daşıyırsa, deməli, dünyanın qabaqcıl elmi axtarışlarında, xüsusilə qlobal strategiyaların hazırlanmasında da Azərbaycan intellekti bu və bundan da yüksək missiyada iştirak edə bilər. Neft və İntellekt! İkisi də enerjiyə çevrilir: biri maddi, digəri mənəvi enerjiyə. Neft kapitalı milli inkişafımız üçün nə qədər zəruridirsə, elm kapitalı da bir o qədər və ondan da artıq zəruridir. Neft bir vaxt tükənə bilər, zəka sərvətləri isə heç vaxt tükənmir, işlənildikcə artır. "Neft qızılını" "İnsan qızılına" çevirmək ideyasının gerçəkləşməsi də məhz bu maddi və mənəvi sərvətlərimizin düzgün idarə olunmasından asılıdır. Eyni zamanda, bizim tarixi inkişaf təcrübəmiz də milli intellekti dünya standartları səviyyəsinə qaldırmaq üçün imkanların kifayət qədər böyük olduğunu təsdiq edir: dünya sivilizasiyasının inkişafının bütün mərhələlərində Azərbaycan mədəniyyətinin planetimizin hər hansı bir nöqtəsində mövcud olan zəngin mədəniyyətlə müqayisə edilə biləcək üstünlükləri olub. Ulu öndər məhz bu həqiqətlərin işığında, Azərbaycan elminin modernləşməsi istiqamətində mühüm siyasi qərarlar qəbul edirdi.
Eyni zamanda, unutmayaq ki, Azərbaycanda elmin institutlaşmasının təqribən yüz ilinin son qırx ili Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Heydər Əliyev Azərbaycanın rəhbəri olduğu bütün zamanlarda elmin inkişafı ümummilli inkişafın mühüm tərkib hissəsi və onun aparıcı istiqaməti olmuşdur. Müasir Azərbaycan elminin institutlaşması, milliləşməsi və onun inkişaf strategiyalarının müəyyənləşməsi məhz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev Azərbaycan elminin öndər təşkilatçısı, strateqi və ideoloqudur. Azərbaycan elminin, humanitar mədəniyyətimizin yüksək dünya standartlarına qaldırılmasının əsas təşəbbüskarı olan ümummilli lider bu sahələrdə qazanılan bütün nailiyyətlərlə fəxr edirdi. Həmin nailiyyətlərin bir-birinə təməl yaratması, davamlı olması və həmişə yüksələn xətt üzrə artması ideyasının yaradıcısı da o özü idi.
Ulu öndər Heydər Əliyev Azərbaycan
Milli Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və
müxbir üzvləri, institut direktorları və
aparıcı alimləri ilə görüşdəki nitqində
(Prezident Sarayı, 31 yanvar 1997) söyləmişdi: "Bizim
böyük elmimiz Azərbaycanın istedadlı insanları,
alimləri tərəfindən, elmi tədqiqat institutları,
təşkilatları, Elmlər Akademiyası tərəfindən,
sahə institutları tərəfindən yaranmış
elmdir. Ona görə də Azərbaycanın güclü elmi
potensialı haqqında həmişə böyük iftixar
hissi ilə danışarkən, şübhəsiz ki, birinci
növbədə elmi nailiyyətlərimizi nəzərdə
tuturuq və xüsusən Elmlər Akademiyasının əldə
etdiyi nailiyyətləri nəzərdə tuturuq" (Heydər
Əliyev. Müstəqilliyimiz əbədidir. 8-ci kitab,
Bakı: Azərnəşr, 1998, s. 360). Burada Heydər Əliyev
üç başlanğıca və onların vəhdətinə
diqqəti yönəldir: elm, elmin təşkilatlanması və
elmin yaradıcısı olan insanlar. Böyük humanist olan ümummilli
lider insan amilini inkişafın əsas meyarı və stimulu
kimi təqdim edir. Azərbaycanı dünyanın "neft
akademiyası" adlandıran Heydər Əliyev onu həm də
planetin böyük mədəniyyət mərkəzlərindən
biri hesab edirdi.
Ümummilli
lider Azərbaycanda ictimai-siyasi, elmi və mədəni həyatın
bütün sahələrinin bir-biri ilə
bağlılığı məsələlərinə kompleks
yanaşır, tarixi zaman koordinatlarında Azərbaycanın
keçmişini, bu gününü və gələcəyini
tamlığında görən milli
dünyagörüşünü
formalaşdırırdı. Azərbaycan elminin gələcəyinə
nikbin baxışını isə belə ifadə etmişdi:
"Xalqımızın, mədəniyyətimizin, incəsənətimizin,
elmimizin çox gözəl keçmişi, tarixi və bu
günü vardır. Mən əminəm ki, bundan da gözəl
gələcəyi olacaqdır" (Heydər Əliyev.
Müstəqilliyimiz əbədidir. 8-ci kitab, Bakı: Azərnəşr,
1998, s. 360); "Azərbaycanın bugünkü mədəniyyəti
dahi şəxsiyyətlərimizin yaratdığı və əsrlərdən-əsrlərə
keçən mədəniyyətimizə, elmimizə, mənəviyyatımıza
əsaslanır" (Yenə orada).
Heydər
Əliyev Azərbaycanın elm və mədəniyyət
yaradıcılarının fəaliyyətini həmişə
dünya əhəmiyyətli hadisə və bəşər
tarixi boyunca davam edən proses kimi dəyərləndirir,
dünya maarifçilik hərəkatında Azərbaycan
mütəfəkkirlərinin layiqli yerini iftixarla nəzərə
çarpdırırdı: "Azərbaycan xalqı bəşər
tarixinə böyük, dəyərli, dahi simalar bəxş
etmiş, onların əsərləri,
yaradıcılığı dünya elmini, mədəniyyətini
zənginləşdirmiş, insanları maarifləndirmişdir"
(Heydər Əliyev. Müstəqillik yolu, Bakı, "Azərbaycan"
nəşriyyatı, 1997, s. 62). Bütün bu fikirlər onu
göstərir ki, ulu öndər Azərbaycanda müasirləşməni
öz kökündən, mədəniyyətindən, dilindən,
adət-ənənələrindən ayrılmadan inkişaf
etmək, modernləşmək kimi dərk edir və gələcək
nəsillərə də bu düşüncəni və
mövqeyi tövsiyə edirdi.
Azərbaycanın
müasirləşməsi və demokratikləşməsi
siyasətinin səylə aparılması o demək idi ki,
ölkəmizin demokratik dünya birliyinə inteqrasiyası
qanunauyğun bir proses yolu ilə baş verəcək. Heydər
Əliyevin sonradan ölkə rəhbərliyi tərəfindən
siyasi kursa və strategiyaya çevriləcək ideyası belə
idi: "Azərbaycan Respublikası dünya birliyi ilə tam
hüquqlu inteqrasiyaya istiqamət götürmüşdür
və bunun üçün bütün imkanlara malikdir";
"Avropanın ayrılmaz hissəsi olan Azərbaycan
özünün bütün tarixi ərzində onunla əlaqələri
inkişaf etdirmişdir".
Ümummilli
liderimiz Heydər Əliyev böyük dövlətçilik
və humanist idarəçilik ənənələri olan Azərbaycan
Respublikasının milli mənafelərini həmişə
beynəlxalq birliyin mənafeləri ilə bərabər tutur
və qlobal siyasi konsensusun əldə edilməsindən
ötrü beynəlxalq təşəbbüslərin
dünya dövlətlərinin həmrəylik ideyası kimi
meydana çıxmasını qətiyyətlə dəstəkləyirdi.
O, demək olar ki, bu məqsədlə keçirilən
bütün beynəlxalq tədbirlərdə təkcə bir
dövlət başçısı kimi deyil, həm də
dünyanın siyasi gələcəyini düşünən,
qlobal sivilizasiya məkanında milli subyektlərin özünəməxsus
rolunu görən bir mütəfəkkir olaraq öz
mövqeyini bildirirdi. Heydər Əliyev Kopenhagendə Sosial Tərəqqi
Naminə Yüksək Səviyyədə Ümumdünya
Görüşündəki tarixi
çıxışında da (12 mart 1995) məhz beynəlxalq
əməkdaşlığa geniş meydan açmağa
çağıran humanist mövqeyini bəyan etmişdi:
"Bəşəriyyət tarixində ilk dəfədir ki, dünyanın
dövlət və hökumət başçıları
dünyanın bütün xalqlarının sosial rifahına
nail olmaq naminə razılaşdırılmış siyasət
yürütmək məqsədi daşıyan məclisə
toplaşmışlar. Bu sübut edir ki, bəşəriyyət
soyuq müharibə, qlobal hərbi və ideoloji
qarşıdurma başa çatandan sonra öz
inkişafının yeni, daha yüksək mərhələsinə
qədəm qoyur" (Heydər Əliyev. Müstəqilliyimiz
əbədidir. 3-cü kitab, Bakı: Azərnəşr, 1997,
s. 250). Heydər Əliyev bəşəriyyətin tarixi həyatında
qlobal inkişafın yeni fazasının başlamasını
duyan və bu mərhələnin yalnız beynəlxalq birliyi
və əməkdaşlığı möhkəmləndirən
tendensiya üzrə davam etməsinə ideoloji stimul verən
mütərəqqi düşüncəli şəxsiyyətlərdən
idi. Biz deyə bilərik ki, mütəfəkkir siyasətçinin
bu ideyaları təkcə Azərbaycanın deyil, bütün
dünyanın müasirləşməsi və demokratikləşməsi
prosesinin ümumi ruhunu dəqiq əks etdirən
düşüncələrdir.
Ümummilli
lider Heydər Əliyev, eyni zamanda, müasir
dövrümüzün aparıcı tendensiyası olan
qloballaşmaya münasibətdə onu modernləşdirici
inkişaf prosesinə çevirən amillərin mahiyyətinə
bələd olduğundan, burada "güc ekspansiyası"
ilə deyil, məhz qlobal demokratik mühitin formalaşması
ilə əsl dünya birliyinin yaradılmasını
mümkün sayırdı.
Bu
mövqe dünyanın böyük mütəfəkkirlərinin
humanist mövqeyi ilə üst-üstə düşür. Heydər
Əliyevin siyasi fəlsəfəsi Azərbaycanın siyasi
quruculuğu ilə bağlı fikirlərlə nə qədər
zəngindirsə, bir o qədər də dünya dövlətlərinin
planetar birliyinin möhkəmləndirilməsi, beynəlxalq səviyyədə
demokratiyanın gücləndirilməsi, müasirliyin etiket kimi
qəbul edilməsi yox, həyat tərzinə çevrilməsi
ideayaları və amalları ilə zəngindir. Böyük
humanist dünyanın tarixi inkişafına həmişə
qlobal yanaşmış və demokratik ideallar uğrunda birləşmiş
bəşəriyyətin necə böyük bir mənəvi
güc yaratdığına inam bəsləmiş, ona
doğru aparan yolda Lideri olduğu ölkəni - Azərbaycanı
öncül görməyə
çalışmışdır.
Belə
bir prinsipial mövqe bu gün də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti
nəticəsində daha da dərinləşmiş və
dönməz olmuşdur. Bu gün Avropaya inteqrasiya etmək, həyat
normalarımızı, yaşayış
standartlarımızı Avropa keyfiyyətləri ilə zənginləşdirmək
ölkəmizin strateji inkişaf yolu kimi qəbul olunmuşdur.
Bu standartlar və ölçülər isə, heç
şübhəsiz ki, daha çox yüksək inkişaf
etmiş demokratik cəmiyyət anlayışları ilə
bağlıdır. Ölkəmizin siyasi, ideoloji və mənəvi
həyatı dünyada müasirləşmə və
demokratiya hərəkatının bəşəri dəyərlərindən
bəhrələnərək inkişaf etməyin
praktikasını uğurla mənimsəməkdədir. Biz
Heydər Əliyev siyasətinə sadiq olaraq bəşəriyyətin
qlobal inteqrasiyaya - modern və demokratik dünya dövlətlərinin
birliyinə istiqamətlənən yoluna daha rasional
yanaşmağa çalışmalı, milli demokratiyanı dərinləşdirməklə
ölkəmizi öz müstəqil siyasəti, böyük mədəniyyəti,
tükənməz quruculuq enerjisi ilə dünya
inkişafının avanqard sıralarına çıxarmaq
üçün səy göstərməliyik. Bu müqəddəs
missiyanın layiqincə həyata keçirilməsi
üçün Heydər Əliyev siyasətinin dönməz
davamçısı Prezident İlham Əliyevin ətrafında
sıx birləşmək ulu öndərin müasirlik və
demokratiya ideallarının tam qələbəsinin zəmanətidir.
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
fəlsəfə doktoru
Xalq qəzeti.- 2011.- 8 may.- S. 13.