Heydər Əliyev
və milli özünüdərk
Düşüncə sisteminin
milli xarakteri, etnik müxtəlifliyi yetkin insan şüurunun
formalaşdığı dövrdən mövcud olmuş, bəşəriyyətin
uzun tarixi təkamül prosesində inkişaf etmiş, habelə
ayrı-ayrı millətlərin özünəməxsusluğunu
şərtləndirən dəyərlərin
formalaşmasında mühüm rol oynamışdır.
Daha çox milli-mənəvi dəyər məfhumunda
ehtiva olunan bu özünəməxsusluq tarixən milli həyatın
maddi və mənəvi zənginliyinə əsaslanaraq
xalqları bir-birindən fərqləndirmişdir. Əsrlər
boyu milli cəmiyyətin sosial nizamını qoruyub saxlayan, fərdlərarası
münasibətləri nizamlayan, cəmiyyətin üzləşdiyi
ən müxtəlif problemlərin həllində açar
rolunu oynayan milli-mənəvi dəyərlər həm də
sərt sınaqlardan çıxaraq cilalanmış, möhkəmlənmişdir.
Bu mənada, ulu öndər Heydər Əliyev də Azərbaycanın
milli-mənəvi dəyərlər sistemini qoruyan, inkişaf
etdirən və onu milli özünüdərkin həlledici
amilinə çevirən fenomenal lider kimi xalqımızın
qəlbində yaşayır.
Milli irsin
böyük hamisi
Bəşəriyyətin tarixi təkamül prosesi göstərir ki, hər bir xalqın milli-mənəvi irsini, mental-əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olmuşdur. Nəcib əməllər sahibi olan belə insanlar həmişə saf və ali məqsədlər uğrunda mübarizənin önündə dayanmış, əlverişli siyasi şansdan böyük məharətlə, siyasi ustalıqla bəhrələnmiş, xalqın düşüncə sistemini, mental xüsusiyyətlərini istənilən ictimai-iqtisadi formasiyada hifz edərək möhkəm mənəvi təməl üzərində gələcəyə doğru inamla addımlamışlar.
Ötən əsrdə Azərbaycan xalqının dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət olan Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini - əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Sağlığında ümummilli liderlik ucalığına qovuşmuş bu müdrik şəxsiyyət böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir. Bəli, əgər ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ötən əsrin 70-80-ci illərində Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən böyük işlər olmasaydı, biz bu gün Azərbaycanın suveren dövlət kimi mövcudluğundan danışa bilməzdik.
Hər bir millətin tarixi inkişafı, qarşıya qoyduğu hədəflərə yetişmək əzmi, ilk növbədə, onun malik olduğu milli-mənəvi potensialdan, dəyərlər sistemindən qaynaqlanır. Zəngin milli-əxlaqi keyfiyyətlərini, milli "Mən"ini, heysiyyatını qorumağı bacaran xalq gələcək yaşam fəlsəfəsini düzgün müəyyənləşdirir, dünya miqyasında layiqli yerini, mövqeyini təmin edir. Bu həqiqəti hər zaman ciddiliklə nəzərə alan böyük strateq Heydər Əliyev Azərbaycanı qoruyub inkişaf etdirmək, hansısa mərhələdə milli müstəqilliyə qovuşdurmaq üçün ilk növbədə xalqın zəngin milli-mənəvi irsini, tarixini, mədəniyyətini, dilini, bir sözlə, özünəməxsusluğunu şərtləndirən dəyərlərini qorumağa çalışmışdır.
1969-cu ilin 14 iyulunda Azərbaycanda siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Ulu öndər xalqda milli heysiyyatı gücləndirmək, onu şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin mədəni irsini yaşatmaq üçün bir sıra tədbirlər həyata keçirmişdir.
Tarixi faktlar göstərir ki, ulu öndər respublikaya birinci rəhbərliyi dövründə böyük siyasi ustalıqla xalqda milli özünüdərk hissini gücləndirə, habelə milli kimliyi, düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdıra bilmişdir. Həmin illərdə milli-mənəvi dəyərlərə nihilist baxış tədricən aradan qalxmış, klassik ənənə ilə müasir ədəbi irs arasında yaranan möhkəm mənəvi-ideoloji körpü milli düşüncənin düzgün məcrada inkişafına səbəb olmuşdur. Ümumiyyətlə, həmin dövrdə böyük strateq Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün fəlsəfəsi yalnız xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanışı məramına hesablanmışdı. İdarəçilikdə digər bütün addımlar, o cümlədən iqtisadi inkişafın sürətli strategiyasının həyata keçirilməsi milli şüurun yüksəlməsinə təkan verməli, milli dirçəlişin etibarlı təməlinə çevrilməli idi. Bu məqsədə yetişmək üçün Heydər Əliyev azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşını ilə boğulmasına nəinki imkan verməmiş, eyni zamanda milli məfkurə və düşüncə sahibi olan ziyalıları qorumuş, nəticədə respublikada dissident yazarlar olmamışdır. 70-ci illərdə Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin, klassik yazıçı və şairlərinin xatirəsini əbədiləşdırən, onların əsərlərinin təkrar nəşrini təmin edən Heydər Əliyev milli ədəbi düşüncənin inkişafına da əsaslı təkan vermişdir.
Həmin dövrdə milli
düşüncəli vətənpərvər
ziyalılarımızın imperiyanın xüsusi xidmət
orqanlarının təqiblərindən qurtulması, milli
dövlətçilik hissinin güclənməsinə xidmət
edən sanballı əsərlər yazıb-yaratması da
Heydər Əliyevin xalqına necə bağlı şəxsiyyət
olduğunu təsdiqləyir. Vaxtı ilə azərbaycançılıq
məfkurəsini əsərlərində təbliğ etdiklərinə
görə şovinizmdə, millətçilikdə
günahlandırılan, təqiblərə məruz qalan Bəxtiyar
Vahabzadə, Xəlil Rza Ulutürk, Anar, Ziya Bünyadov kimi
şəxsiyyətləri ən çətin məqamlarda
qoruyan Heydər Əliyev milli kökə bağlı
şəxsiyyət olduğunu bir daha sübuta yetirmişdir.
Milli ədəbi düşüncənin
inkişafına böyük töhfə
Həmin dövrdə bədnam qonşularımız görkəmli tarixçi alim Ziya Bünyadovun "Atabəylər dövləti" kitabını dövlət mükafatına layiq görən Heydər Əliyevin özünü də millətçilikdə, şovinizmdə ittiham edirdilər. Lakin ulu öndər belə ittihamlara qətiyyən fikir vermir, böyük siyasi ustalıqla milli yüksəlişə xidmət edən addımlarını davam etdirirdi. Xatırlatmaq yerinə düşər ki, 70-ci illərdə məşhur "Gülüstan" poemasını yazdığına görə DTK-nın təqiblərinə məruz qalmış şair Bəxtiyar Vahabzadə də məhz ulu öndər Heydər Əliyevin qətiyyəti, prinsipiallığı sayəsində həbs olunmaqdan qurtulmuşdu. Repressiyaya məruz qalaraq 1937-ci ildə Sibirə sürgün olunmuş görkəmli ziyalı və dramaturq Hüseyn Cavidin nəşini 1981-ci ildə uzaq Sibirdən Azərbaycana gətirmək üçün apardığı mübarizə də ulu öndərin milli irsə ehtiramla yanaşan, heç bir siyasi riskdən çəkinməyən şəxsiyyət olduğunu bir daha təsdiqləyir.
Azərbaycan xalqının milli düşüncəsi, adət-ənənələri, ümumən azərbaycançılıq ideologiyasının mühüm komponentləri daha çox qədim yazılı abidə olan "Kitabi-Dədə Qorqud"da əksini tapdığından, sovet ideologiyası ötən əsrin 20-50-ci illərində dastanın öyrənilməsini qadağan etmiş, uzun illər bu abidənin unutdurulmasına çalışmışdı. Ulu öndər bu qadağanı da tamamilə aradan götürərək dastanın araşdırılması və tədqiqinə normal şərait yaratmışdır. "Azərbaycan əbədiyyatı çoxəsrlik tarixi "Kitabi-Dədə Qoqud" kimi ədəbi abidələrlə, Nizaminin nəhəng yaradıcılığı ilə, Xaqaninin və Nəsiminin, Füzulinin və Vaqifin, söz sənəti bahadırlarının dahiyanə əsərləri ilə, aşıq poeziyasının həmişə canlı nümunələri ilə zəngindir" - deyən Heydər Əliyevin göstərişi əsasında "Kitabi-Dədə Qorqud" eposu ilə bağlı tarixi və ədəbi araşdırmaların sayı çoxalmış, hətta bu mövzuda sanballı bədii film də çəkilmişdir.
Xalqın milli düşüncə sisteminin bədii-poetik modeli olan Azərbaycan folklorunun inkişafı istiqamətində həyata keçirdiyi addımlar da ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərə həssas münasibətindən irəli gəlməklə milli özünüdərkə, milli ictimai şüurun oyanışına xidmət etmişdir. Heydər Əliyev xalqın istiqlal düşüncələrinin, azadlıq ideyalarının lirik-emosional təcəssümü olan aşıq poeziyasının və musiqisinin dirçəldilməsinə də xüsusi diqqət yetirmişdir. 1972-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Ələsgərin 150 illik yubileyinin həm aşığın doğulduğu Göyçə mahalında, həm Bakıda, həm də Moskvada ən yüksək səviyyədə keçirilməsi bunu bir daha təsdiqləyir. Belə bir möhtəşəm yubileyin keçirilməsində məqsəd el sənətkarını xalqa qaytarmaqla yanaşı, həm də tarixən Azərbaycanın real sərhədlərinin necə olduğunu, ulu babalarımızın Ermənistan adlanan ərazidə əzəldən yaşadığı fikrini sovet cəmiyyətinə çatdırmaq idi. Eyni zamanda ulu öndər Heydər Əliyevin təşəbbüsü əsasında Azərbaycan KP MK Bürosunun 1972-ci il 7 dekabr tarixli iclasında Aşıq Şəmşirin anadan olmasının 80 illik yubileyinin keçirilməsi, adının ədəbiləşdirilməsi haqqında qərar qəbul edilmişdir.
1972-ci ilin aprelində isə Heydər Əliyev görkəmli şair İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə dair hazırlıqla bağlı qərarın qəbuluna nail olmuş, bir il sonra görkəmli klassikin şanlı yubileyi Bakıda və Moskvada təntənə ilə qeyd edilmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının 50 illik yubileyi keçirilmiş, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun 90 illik yubileyi də Bakıda və Moskvada yüksək səviyyədə qeyd edilmiş, həmçinin xalqın qəhrəmanlıq epopeyasını əks etdirən "Koroğlu" dastanı yenidən tamaşaya qoyulmuşdur.
Ədəbi irsə qayğı sahəsində fəaliyyətini genişləndirən ulu öndər Heydər Əliyev böyük Azərbaycan şairi Məhəmməd Füzulinin qəbrinin İraqdan Azərbaycana köçürülməsi, məqbərəsinin inşası imkanlarını öyrənmək üçün xüsusi komissiya yaratmışdır. Bu istiqamətdə göstərilən davamlı səylər o zaman İraq dövlətinin əngəlləri üzündən nəticə verməsə də, ulu öndər respublika daxilində dahi şairin yaradıcılığının geniş tədqiqinə, öyrənilməsinə xüsusi qayğı göstərmişdir.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biri də məhz ana dilinə həssas münasibət olmuşdur. Xalqın milli-mənəvi dəyərlərinin yaşadılması və inkişaf etdirilməsində ana dilinin müstəsna rol oynadığını başa düşən, onu bilməyənləri şikəst sayan müdrik rəhbərin bu məsələyə münasibəti birmənalı olmuşdur. Ulu öndər sovet Azərbaycanında hakimiyyətə gəlişindən dərhal sonra Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsinə qərar vermiş, 1969-cu il noyabrın 1-də bu təntənəli tədbirdə totalitar sovet rejiminin tətbiq etdiyi bütün baryerləri aşaraq Azərbaycan dilində çıxış etmişdir. Bununla da Heydər Əliyev dühası cəmiyyətə milliləşmə zəruriliyi mesajını vermiş, milli dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə təlqin etmişdir. 70-ci illərin ortalarında Azərbaycan dilinin tədqiqi və öyrənilməsi istiqamətində dövlət səviyyəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. 1974-cü ildə Azərbaycan dilinin tədqiqinə görə bir qrup dilçi alimin dövlət mükafatlarına layiq görülməsi, o cümlədən 3 cildlik "Müasir Azərbaycan dili" dərsliyinin çapı da ulu öndərin ana dilinə böyük ehtiramla yanaşdığını göstərir. Həmin illərdə Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutunun yaradılması da ana dilinin ictimai-siyasi nüfuzunun möhkəmləndirilməsi, ana dilinin tarixinə, dialektologiyasına dair bir çox tədqiqatların meydana çıxmasını şərtləndirmişdir.
Ümumiyyətlə, həmin dövrdə
humanitar elm sahələrində böyük irəliləyişlər
əldə edilmiş, Azərbaycan dilinin, tarixinin, folklorunun, fəlsəfi
fikrinin, incəsənətinin tədqiqi sahəsində
uğurlu nəticələr qazanılmışdır. Sovet rejiminin sərt qanunlarına baxmayaraq,
respublikamızda böyük iqtisadi, elmi və ədəbi-mədəni
potensialın yaradılması bu uzaqgörən siyasətin nəticəsi
olmuş, xalqın azadlıq idealları, XX əsrin əvvəllərindəki
azərbaycançılıq, dövlətçilik dəyərləri
Heydər Əliyevin hakimiyyəti dövründə
ictimai şüurda geniş meydan tapmışdır. Milli-mənəvi şüura qayıdış
çağdaş milli varlığın təsdiqi kimi
reallaşmış, zəruri tarixi-mənəvi prosesə
çevrilmişdir. 80-ci illərin sonunda Azərbaycan
xalqının milli "Mən"ini qorumaq üçün
ayağa qalxıb ermənilərin ərazi iddialarına sərt
reaksiya verməsi, ölkədə milli-azadlıq hərəkatının
genişlənməsi də əsası məhz 70-ci illərdə
qoyulmuş möhkəm ideoloji-siyasi təmələ əsaslanmışdır.
Siyasətdə mənəvi-əxlaqi
dəyərlərə sadiqlik örnəyi
Tarix boyu siyasəti əxlaq və mənəviyyat normaları ilə tərs mütənasiblik təşkil edən peşə kimi səciyyələndirənlər az olmamışdır. N.Makiavellinin "Məqsəd vasitəyə haqq qazandırır" deyimi əsrlər boyu siyasətin populyar aforizmlərindən birinə çevrilmişdir. Bu deyimin ən irticaçı siyasi-ideoloji cərəyanların başlanğıc nöqtəsi qismində çıxış etməsinə baxmayaraq, məqsədə çatmaq naminə istənilən vasitəyə əl atmanın müsbət imicdə təqdim olunması cəhdinə dair yüzlərlə, minlərlə nümunə var. Bu mənada, əxlaq və siyasət anlayışlarının qarşılıqlı münasibəti Azərbaycan siyasətinin də aktual problemlərindən sayıla bilər.
Sıravi azərbaycanlının milli düşüncəsində, şüurunda tarixi ənənələrə söykənmiş əxlaq kateqoriyası dərin kök salmışdır. Kişi sözü, mərdlik, iradə, dosta və prinsiplərə sədaqət, dildə və əməldə birlik orta statistik azərbaycanlı üçün tarixən ən vacib və vicdanlı yaşam atributları olmuşdur. Bu mənada, siyasətdə əxlaq mövzusunda danışarkən silahdaşa və dosta qayğı, tərəfdarlar qarşısında sözübütövlülük və yaxın ətrafın sadiqlik məsələləri də nəzərə alınmalıdır. Bütün bunların fonunda ulu öndər Heydər Əliyevin mənəvi-əxlaqi cəhətdən nə qədər zəngin və kamil insan olduğu bir daha aydın görünür. Ulu öndər istər ailədə, istər hansısa dar çevrədə, istərsə də dövlət idarəçiliyində və cəmiyyətdə daim milli-mənəvi, əxlaqi dəyərlərə sadiq qalmış, etnik-mental baxımından əsl azərbaycanlı-türk dünyagörüşünə malik olmuşdur. Böyük strateq və dövlət xadimi siyasətdə mənəvi dəyərləri və əxlaqı; sadəlik, düzgünlük, vicdanlılıq, ləyaqətlilik, məğrurluq, mərdlik, qorxmazlıq kimi normaları daim uca tutmuş, irəli çəkdiyi, etimad göstərdiyi kadrların da bu keyfiyyətlərə malik olmasına ciddi fikir vermişdir. Ulu öndərin idarəçiliyinin bütün mərhələlərində qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması da, əslində, onun zəngin mənəviyyatından qaynaqlanmışdır. Heydər Əliyev gücün siyasətinə qarşı qanunun gücünü qoyaraq "haqlı həmışə güclüdür" düsturundan çıxış etmişdir.
Böyük fransız mütəfəkkiri Jan Jak Russo yazırdı: "Hər nə ki, əxlaqi cəhətdən yaxşı deyil, siyasi cəhətdən də pisdir". Məhz yüksək mənəvi-əxlaqi keyfiyyətlər sayəsində ümummilli lider Heydər Əliyev siyasətdə məğlubiyyət sözünü heç zaman yaxına buraxmamışdır. Bu gün əksəriyyət yaxşı xatırlayır ki, hələ 90-cı ilin əvvəllərində müəyyən qüvvələr, hətta bir sıra tanınmış şəxslər də ulu öndər Heydər Əliyevə qarşı ədalətsiz kampaniyalar təşkil edir, fürsət düşdükcə onun üzərinə hücum çəkir, onu məğlub etməyə çalışır, hətta fiziki cəhətdən məhv etmək cəhdlərindən də çəkinmirdilər. Amma zaman heç kimə Heydər Əlıiyevi məğlub durumda görmək, "Heydər Əliyev mənə məğlub oldu" deyə tarix qarşısında öyünmək fürsəti verməmişdir. Heydər Əliyev məğlubedilməz şəxsiyyət kimi, bu dünyaya sanki böyük qələbələr üçün gəlmişdi. Azərbaycan xalqı ən çətin, mürəkkəb vəziyyətlərdə, ən çıxılmaz anlarda belə arxayınlıq hissini itirmirdi. Çünki bütün mürəkkəbliklər Heydər Əliyev şəxsiyyətinin qüdrəti qarşısında son dərəcə bəsit görünürdü.
Bir zamanlar parlamentdə Heydər Əliyevin nitq söyləməsinə mane olmağa çalışanlar, ona qarşı hədyanlar söyləyənlər sonradan ulu öndərin böyüklüyü qarşısında kiçildilər, səhvlərini dərk edərək mövqelərini dəyişdilər. Fəqət, milli-mənəvi dəyərlərə bağlı olan ümummilli lider geniş ürək sahibi kimi həmin şəxsləri də bağışladı, onların bir qismini hətta yüksək vəzifələrə təyin etdi. Sonralar Heydər Əliyev həmin şəxslərə xitabən deyirdi: "Mən dəfələrlə demişəm, heç kəsə damğa vurmaq olmaz. Heç kimi keçmiş səhvlərinə görə cəmiyyətdən təcrid etmək olmaz. Əgər bir adam dünən səhv etmişdirsə, yolunu azmışdırsa və bu gün düz yolla gedirsə, xalqla birlikdədirsə, qanuna riayət edirsə, - buna söz yoxdur".
Böyük strateq həmişə vurğulayırdı ki, Azərbaycan xalqının əsrlər boyu əldə etdiyi milli-mənəvi dəyərlər milli mədəniyyətdən, əxlaqdan, adət-ənənələrdən və digər insani keyfiyyətlərdən ibarətdir. Ulu öndər milli-mədəni irslə yanaşı, mənəviyyatın, milli əxlaq və düşüncə modellərinin qorunub saxlanılması üçün də səylərini əsirgəməmişdir. Heydər Əliyevin 13 avqust 2001-ci il tarixli bəyanatı da milli-mənəvi dəyərlərin qorunması məqsədinə xidmət etməklə, gənc nəslin tərbiyəsinə mənfi təsir göstərən neqativ amillərin aradan qaldırılmasına xidmət etmişdir. Həmin bəyanatında ulu öndər Heydər Əliyev mətbuat orqanlarında baş alıb gedən, əxlaqımıza, mentalitetimizə yad, milli-mənəvi dəyərlərimiz üçün təhlükə törədə biləcək yazı və fotoşəkillərə çox kəskin münasibət bildirmişdir.
Azərbaycançılıq - milli-mənəvi dəyərləri yaşadan mükəmməl ideologiya
Tarixi zərurətin diktəsi, xalqın təkidli istəyi ilə 1993-cü ilin iyununda - taleyüklü bir zamanda müstəqil Azərbaycanın rəhbərliyinə qayıdan, məsuliyyətli bir missiyanı çiyinlərinə götürməkdən çəkinməyən ulu öndər Heydər Əliyev qısa zamanda dövlətçiliyin xilasına, ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının bərpasına, iqtisadi tənəzzülün qarşısının alınmasına nail olmaqla yanaşı, həm də milli-mənəvi, əxlaqi dəyərlərin deqredasiyası təhlükəsinin qarşısını almışdır. Bakıya qayıtdıqdan sonra ilk görüş yerlərindən biri kimi məhz Azərbaycan Elmlər Akademiyasını seçən ümummilli lider Azərbaycanın humanitar və ictimai elmlərinin yeni dövrün tələblərinə uyğunlaşdırılması, azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin inkişafı ilə bağlı alimlər qarşısında yeni tələblər müəyyənləşdirmişdir.
Hələ sovet Azərbaycanına rəhbərliyi dövründə formalaşdırdığı mütərəqqi ənənələri müstəqillik illərində inamla davam etdirən ulu öndər Azərbaycanın görkəmli şair, yazıçılarının, elm, incəsənət xadimlərinin yubileylərinin keçirilməsınə, ev-muzeylərinin yaradılmasına xüsusi qayğı ilə yanaşmışdır. Heydər Əliyevin bu sahədəki mədəni quruculuq siyasəti nəticəsində milli-mənəvi dəyərlərimiz qorunmuş, adət-ənənələrimiz yaşadılmış, klassiklərımızin yüz illərin sınağından günümüzə gəlib çatmış mənəvi irsinin gələcək nəsillərə itkisiz çata bilməsi üçün lazım olan bütün zəruri addımlar atılmışdır.
Tarix sübut edir ki, hər bir xalqın vahid məqsədlər uğrunda toparlanması üçün zəruri olan milli ideologiya da böyük siyasi liderlərin dövlətçilik konsepsiyasında real əsaslarını tapır. Şübhəsiz, milli ideologiya milli-mənəvi dəyərlər sisteminin əsas potensiyasının real siyasi məqsədlər naminə səfərbər edilməsidir. Milli ideologiyanın tələbləri sırasında dövlətçiliyin, milli mənafenin müdafiə edilməsi, milliyyətindən asılı olmayaraq hər bir vətəndaşın haqlarının ümumbəşəri tələblər səviyyəsində qorunması, milli azlıqların və etnik qrupların dilinin, mədəniyyətınin, adət-ənənələrinin inkişafına şərait yaradılması, dövlət idarəçiliyi orqanlarında onların düzgün təmsil olunması və s. amillər mühüm yer tutur.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq" - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.
Dünya azərbaycanlılarının 2001-ci ilin 9-10 noyabrında keçirilmiş I Qurultayında ümummilli lider Heydər Əliyev demişdir: "Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".
Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapmışdır. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutulur. O, milli inkişafın mədəni-tarixi təbəqəsi olmaqla, strateji inkişafın əsas yollarını və istiqamətlərini müəyyənləşdirir, milli dilimizin sarsılmazlığında, milli mədəniyyətin üstün rolunda və milli dəyərlərin qorunmasında öz əksini tapır.
Azərbaycançılıq
ideologiyasının diaspor quruculuğunda üstün cəhəti
ilk növbədə onun milli maraqlarımızın tam
palitrasını əhatə etməsidir. Milli-mənəvi,
islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri,
Şərq və Qərb mədəniyyətlərinin
dialoqunu, türkçülük və avropaçılıq
meyllərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi
ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq
ideologiyası məhz buna görə də çox
müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə,
mədəni mühitlərdə formalaşmış
diasporumuz üçün də cəlbedicidir. Məhz bu
ideologiya Azərbaycan xalqını Avropanın və Qərbin
mütərəqqi inkişaf meyillərini mənimsəməklə
yanaşı, özünün milli-mənəvi, dini dəyərlərini
qoruyub saxlamağa, ona sadiq qalmağa sövq edir.
Mütərəqqi
ənənənin layiqli davamçısı
Ötən əsrin sonlarından başlayaraq planetin bütün dövlətləri qloballaşmaya aparan nəhəng inteqrasiya prosesinə qoşuldular. Mövqe və münasibətlərin müxtəlifliyindən asılı olmayaraq qloballaşmaya doğru istiqamətlənmiş nəhəng inteqrasiya magistralı bütün planeti öz ardınca aparır. Mümkün olan ən optimal variant bu prosesə hər bir etnosun milli-mənəvi "Mən"ini dərk edərək qoşulmasından ibarət ola bilər. Görkəmli islam alimi Yusif əl-Kərdavi haqlı olaraq yazırdı ki, "müstəmləkəçiliyin növlərindən ən təhlükəlisi ideya müstəmləkəçiliyidir. O, torpaqları deyil, zehnləri zəbt edir, zəka isə toplardan deyil, qələmdən istifadə edir".
Bəlkə də bu həqiqətin dərkindən doğan reallıqdır ki, indi qloballaşma ayrı-ayrı xalqların etnik-mənəvi köklərinə yenidən dönüşü ilə xarakterizə olunur. Cəmiyyətin tarixi inkişaf qanunauyğunluğunun özünüqoruma instiktindən doğan müqavimət hissinin qabarıq şəkildə üzə çıxması isə milli lider amili ilə şərtlənir. Hər bir məsələdə ulu öndərin ideyalarına tapınan Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir.
Prezident İlham Əliyevin milli ideologiya və milli-mənəvi dəyərlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Dövlət başçısının bu sahədəki xidmətlərinin yalnız xalqın milli dəyərlərinə - mədəniyyətinə, ədəbiyyatına, folkloruna, incəsənətinə yüksək qayğı, diqqət nümunəsi kimi dəyərləndirilməsi bu fəaliyyətin gerçək miqyası üçün kifayət qədər dar çərçivədir. Görülən bu işlər, sadəcə, qayğı və diqqət nümunəsi olmaqla məhdudlaşa bilməz. Bütün bunlar qədimlərdən bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, azərbaycançılıq və türkçülük məfkurəsinin, əxlaqının, baxışlar sisteminin bütün dünyada təbliği və qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir.
Dövlət başçısı İlham Əliyev daim vurğulayır ki, bu gün milli ideologiyamızın əsas tərkib hissələrindən biri də məhz azərbaycançılıqdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, maddi və mənəvi mədəniyyətin bütün sahələrində istiqamətləndirici məfkurə olmalıdır. Əsrlərdən miras qalmış mütərəqqi mənəvi dəyərlər Azərbaycan xalqının milli mövcudluğunun və dövlətçiliyinin qarantına çevrilməlidir. Eyni zamanda, hər bir vətəndaş bu torpağa, vətənə, xalqa mənsubluğu, milli-mənəvi, dini dəyərləri ilə qürur duymalıdır.
Prezident İlham Əliyev ilk gündən xalqın milli mədəniyyətinin və mənəviyyatının qorunub saxlanılmasına, inkişaf etdirilməsinə xidmət edən strateji siyasi kursa üstünlük vermişdir. Cənab İlham Əliyev son 8 ildə mədəniyyət və incəsənət işçilərinin - rəssamların, heykəltəraşların, eləcə də yazıçı və şairlərin problemlərini xüsusi diqqət mərkəzində saxlaması, onların iş şəraitini yaxşılaşdırması, yaradıcılıq emalatxanalarının inşasına göstəriş verməsi da xüsusi vurğulanmalıdır. Bu təbəqədən olan insanların dövlət səviyyəsində təntənəli yubiley mərasimlərinin keçirilməsi, onların sosial durumunun yaxşılaşdırılması istiqamətində konkret addımların atılması, o cümlədən mədəniyyət və incəsənət xadimlərinə fərdi Prezident təqaüdlərinin təsis edilməsi bu siyasətin mühüm tərkib hissəsidir.
Milli dövlətçilik dəyərlərinin əsasını sağlam cəmiyyət təşkil edir. Sağlam mənəviyyatlı, yüksək bilikli insanlardan ibarət cəmiyyət qarşıya çıxan bütün problemləri asanlıqla həll edir, monolit qüvvə kimi fəaliyyət göstərir. Cəmiyyətin sağlamlığı əsasən bir göstəricidə - iqtisadi və mənəvi tərəqqi amilində özünü daha qabarıq büruzə verir: indi biz Azərbaycanda baş verən görünməmiş iqtisadi tərəqqinin şahidiyik, bu sürət dünyanı heyran qoymuşdur. Gələcək uğurlarımıza yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən aşılamaqdır.
Azərbaycan Prezidenti İlham Əliyevin elmin, təhsilin, mədəniyyətin inkişafını sürətləndirən onlarla fərman və sərəncamlar, dövlət proqramları imzalaması onun yetişməkdə olan gənc nəslin mənəvi bütövlüyü, kamilliyi və saflığı, habelə qlobal miqyaslı yad təsirlərə qarşı mənəvi müqavimətin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm məqamlarıdır. Bütün bunlar eyni zamanda mənəvi yüksəlişə, intibaha xidmət edən mühüm addımlar kimi cəmiyyətin pozitiv ruhda inkişafına təkan vermişdir.
Xüsusi vurğulamaq lazımdır ki, ölkədə klassik irs və milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində həyata keçirilən tədbirlərdə ictimai əsaslarla fəaliyyət göstərən Heydər Əliyev Fondunun da müstəsna payı var. Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt də məhz milli genefondun, milli-mənəvi irsin qorunması məqsədidir.
Bütün bunlar göstərir
ki, Heydər Əliyev ideyalarını hər sahədə uca
tutan, onları praktik şəkildə gerçəkləşdirən
Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi məqsədyönlü
siyasətin əsasında xalqın milli-mənəvi, mədəni
və elmi-intellektual potensialının gücləndirilməsi
məqsədi ön planda dayanır. Dövlət
başçısının müasir azərbaycanlı təfəkküründə
Vətən və xalq təəssübkeşliyi, Şərqin
pozitiv ənənəçilik meyilləri, türk mənəvi-əxlaqi
dəyərləri, habelə Qərb və Avropanın liberal
ideyaları üzvi vəhdət təşkil edir. Prezident
İlham Əliyev mədəni, elmi, habelə
yaradıcılıq sahələrində irəliləyişi,
mənəviyyat məsələlərinə dövlət
himayəsini iqtisadi-sosial tərəqqi ilə ayrılmaz şəkildə
bağlayır. Bu, dünyanın ümumi həyatının
rəhnidir və hər bir millətin gələcəyində,
dövlətin qabaqcıl ölkələrlə eyni hüquqi
səviyyədə yaşayıb inkişaf etməsində
mühüm amildir.
Rafael Cəbrayılov,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2011.- 8 may.- S. 8.