Xətai rayonunda Heydər Əliyevə sevgi bayramı

 

Bakının Xətai rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı tədbirlərə hələ bir həftə əvvəl start verilmişdi. Rayonun orta təhsil məktəblərində keçirilən inşa yazı müsabiqələri, elmi praktik konfranslar, müxtəlif idman yarışları və nəhayət, yekun olaraq, ulu öndərin doğum günü ilə bağlı, artıq bütün paytaxtda çoxdan ənənəyə çevrilmiş Gül bayramı.

Xətai Rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatı hər il olduğu kimi, bu il də Gül bayramına xüsusi hazırlıq görmüşdü. Ümummilli liderin adını daşıyan Heydər Parkında neçə gün idi ki, qızğın işlər gedirdi. Bu bayram orta məktəblər, məktəbəqədər müəssisələr və tibb müəssisələri üçün də sözün əsl mənasında bir yarışa çevrilmişdi. Kimin yüksək səviyyədə hazırlaşdığını isə Bakı Şəhər İcra Hakimiyyətindən gələn münsiflər heyəti müəyyən edəcəkdi.

Mayın 7-də Heydər Əliyev parkında iynə atsan, yerə düşməzdi. Əhalinin təhlükəsizliyini təmin etmək üçün Ukrayna meydanında avtomobillərin hərəkətinə belə məhdudiyyət qoyulmuşdu. Saat 11.00-da ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Xətai rayonunda təşkil olunmuş Gül bayramına start verildi. Parkda daha çox diqqəti çəkən ümummilli lider Heydər Əliyevin adidə kompleksi idi. Abidənin postamenti üzərində 40 min qərənfil və 5 min dekorativ güldən qeyri-adi bir kompozisiya işlənmişdi. Ön tərəfdə postamentə hörülmüş ağappaq qərənfillərin üzərində qızılı rəngə çalan çiçəklərdən ulu öndərin nəfis şəkildə imzası işlənmişdi. Hamı kimi münsiflər və qonaqlar da bu mənzərəni xeyli müddət müşahidə edib heyranlıqlarını gizlədə bilmirdilər.

Sonra hamının diqqətini hərbi marş sədaları çəkdi. C.Naxçıvanski adına Hərbi Liseyin müdavimləri başları üzərinə qaldıqdıqları 100 metrlik Azərbaycanın üçrəngli bayrağını tamaşaçıların böyük coşqusu altında meydana gətirdilər.

37 orta məktəbin, 49 uşaq bağçasının və bir çox səhiyyə müəssisəsinin ulu öndərə sevgi və sayğılarını göstərmək üçün hazırladıqları müxtəlif növ kompozisiyalar diqqətlə nəzərdən keçirildi. Ara vermədən yağan narın yaz yağışına baxmayaraq, ətraf məhəllələrdən insanlar parkı axışır və burada Heydər Əliyevə olan xalq sevgisini görmək, həmin sevgiyə şərik olduqlarını bildirmək istəyirdilər. Balaca rəssamların asfalt üzərində çəkdikləri şəkillər də diqqətdən yayınmırdı. Bütün bu tədbirlərə xüsusi rəng qatan, ovqat verən isə rayon Mədəniyyət Mərkəzinin incəsənət ustaları tərəfindən hazırlanan konsert proqramı idi.

Az qala bütün tədbir iştirakçıları ilə bir-bir görüşən, hər bir kompozisiya qarşısında dayanıb ulu öndərə sevgidən soraq verən əl işlərini diqqətlə seyr edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov yağan yağışa məhəl qoymadan son iştirakçının dekorasiyasına da diqqətlə nəzərdən keçirdi.

Bu, böyük azərbaycanlının doğum gününə həsr olunmuş Gül bayramının birinci hissəsi idi. Axşam isə Xətai rayon sakinlərini rayon icra hakimiyyətinin, YAP Xətai rayon təşkilatının və Azərbaycan televiziyasının birgə təşkilatçılığı ilə hazırlanan böyük konsert proqramı və atəşfəşanlıq gözləyirdi.

Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə hazırlanan və böyük coşqu ilə keçən bayram konserti gecə yarıya qədər davam etdi.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2011.- 11 may.- S. 11.