Nizami
rayonundakı 62 saylı orta məktəbdə Heydər Əliyevin
anadan olmasının 88-ci ildönümünə həsr
olunmuş açıq dərs keçirilib
Bakının Nizami rayonundakı 62 saylı orta məktəbin 3-cü sinfində Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş açıq dərs keçirilib. Sinif müəlliməsi Sevil Abışovanın hazırladığı açıq dərs yeni təlim üsulu olan kurikulum üsulu ilə təşkil olunub.
Dərsdə əvvəlcə Heydər Əliyevin xatirəsinə həsr olunmuş filmə baxılıb, uşaqlar onunla bağlı şeirlər deyiblər.
Daha sonra dərsdə qruplara ayrılmış şagirdlər öyrəndiklərini diskussiya ilə danışıblar.
Sinif müəlliməsi Sevil Abışova şagirdlərə riyaziyyat dərsində çoxbucaqlı fiqurları kompyuter vasitəsilə Bakıdakı yeni tikililər üzərində izah edib.
Uşaqlar hazırladıqları müxtəlif fiqurlar üzərində dərsi izah edib, qruplararası diskussiyalar aparıblar.
Daha sonra dəyirmi masa arxasında açıq dərsin müzakirəsi keçirilib, pedaqoqlar yeni tədris üsulu və müasir texnologiyaların köməyi ilə belə dərslərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Açıq dərsdə millət vəkilləri, Nizami Rayon İcra Hakimiyyətinin, Təhsil Nazirliyinin nümayəndələri, Bakının müxtəlif məktəblərindən dəvət olunmuş məktəb direktorları və tanınmış müəllimlər iştirak ediblər.
Qeyd edək ki, Nizami rayonunun 62 saylı orta məktəbində eyni vaxtda 7 sinifdə bu cür açıq dərs keçirilib.
Mahmud QƏZƏNFƏROĞLU
Xalq qəzeti.- 2011.- 11 may.- S. 11.