Tarixin ən böyük savaşı

 

Faşist Almaniyası 1939-cu il sentyabrın 1-də Polşaya hücum etdi. Bir gün sonra İngiltərə və Fransa hökumətləri Almaniyaya müharibə elan etdilər. Bununla da II Cahan müharibəsi başlandı.

II Cahan müharibəsi 6 il davam etdi. Bu müharibə nəticəsində 57 milyon nəfər həlak oldu, 35 milyon insan isə yaralandı və şikəst oldu.

1941-ci il iyunun 22-də isə faşist Almaniyası heç bir müharibə elan etmədən, qəfildən və xaincəsinə Sovet İttifaqına hücum etdi. Tarixin bu misilsiz savaşı sovet xalqlarının ədalətli Vətən müharibəsinə çevrildi. Müharibə ümumxalq xarakteri daşıyırdı. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı yaşadığı dövlətin ərazisi uğrunda müharibəyə başladı.

Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra ora hərbi məntəqəyə çevrilməlidir. Müsəlman monqoloidlər dağıdıcı qüvvədir, buna görə də onlar ali irqin qulları olmalıdırlar.

Almanlar keçmiş Sovet İttifaqına hücum etdikdən sonra sürətlə irəliləyirdilər. Faşist qoşunlarının 1941-1942-ci illərdə Moskva ətrafında məğlubiyyəti II Cahan müharibəsinin gedişində əhəmiyyətli hadisə oldu. 6 dekabr 1941-ci ildə alman qoşunları Moskva ətrafında darmadağın edildilər, düşmənin Moskva və Leninqradı işğal etmək planları boşa çıxdı. Böyük Vətən müharibəsi tarixində təşəbbüsün keçmiş Sovetlər Birliyi tərəfindən ələ alınmasında Stalinqrad uğrunda döyüşlərin böyük əhəmiyyəti oldu.

1943-cü il fevralın əvvəllərindən sovet qoşunlarının parlaq qələbəsi başlandı. 22 düşmən diviziyası darmadağın edildi, başda 6-cı ordunun komandanı feldmarşal Paulis olmaqla, 90 min əsgər və zabit əsir götürüldü. Sovet Ordusunun Volqa sahilində alman qoşunları üzərində bu parlaq qələbəsi müharibənin taleyini həll etdi.

Hitler Almaniyasının qəti məğlubiyyəti isə Sovet Ordusunun III cəbhəsinin həyata keçirdiyi Berlin əməliyyatı oldu. Bu əməliyyat çox diqqətlə hazırlanmışdı, düşmən üzərinə 41600 top və minaatan, 8 min təyyarə, 6300 tank yönəldilmişdi. Sovet Ordusu əsgərlərinin döyüş ruhu ölçülməz dərəcədə yüksək idi. Sovet döyüşçüləri Berlin üzərində qələbə bayrağını asmağa cəhd edirdilər. 16 aprel 1945-ci ildə səhərə yaxın Sovet artilleriyası düşmən istehkamlarına ağır zərbələr endirməyə başladı. 1945- ci ilin may ayının 8-dən 9-na keçən gecə almanlar danışıqsız təslim aktına imza atdılar. Beləliklə, bütün Avropa faşizm taunundan azad olundu.

Azərbaycan Almaniyanın işğalçılıq planında xüsusi yer tuturdu. Onun sərvətləri, strateji və geosiyasi mövqeyi faşistlərin diqqətini cəlb edirdi. Almaniya Bakı neftindən istifadə etməklə bütün Şərqi istila edəcəyinə böyük ümidlər bəsləyirdi. Sovet İttifaqı üzərində qələbədən sonra türk xalqlarının yaşadığı ərazilərdə, guya, "Böyük Türküstan" dövlətinin yaradılması nəzərdə tutulurdu. Azərbaycan bütövlükdə bu dövlətin tərkibinə daxil edilməli idi. Bunlar almanların hiylə və yalanı idi.

II Cahan müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümayiş etdirmişdi. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunmuşdu. 600 mindən çox azərbaycanlı oğlan və qız cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübarizə yolu keçmişlər. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfər "Şərəf" ordeni ilə təltif olunmuş, 170 min Azərbaycan əsgər və zabiti isə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişdilər. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə bizim xalqın şərəfli tarixinə yeni sətirlər yazıblar. Böyük Vətən müharibəsi cəbhələrində 300 mindən çox azərbaycanlı həlak olmuşdur.

O illərdə akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradılmışdı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın neft tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunmuşdu ki, bu da SSRİ-də çıxarılan neftin 71,4 faizini təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları vermişdir. Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri olmuşdu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. II Cahan müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman və cəsarətli xalq olduğunu bir daha sübut etdi.

Azərbaycan xalqı 18 oktyabr 1991-ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk dövrlərdə, təəssüf ki, Böyük Vətən müharibəsi veteranlarına qarşı respublikamızda münasibət heç də birmənalı deyildi. Böyük Vətən müharibəsi iştirakçılarına qarşı diqqət və qayğı azalmış, hətta, bəzi hallarda gözdən düşmüşdülər. Yalnız ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra, sözün əsl mənasında, onların əvvəlki şöhrətləri özlərinə qaytarılmış, Böyük Vətən müharibəsi cəbhələrində həlak olanların ailə üzvləri, müharibə veteranları hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar.

Ümummilli lider Heydər Əliyev demişdir: "Bu həqiqətdir ki, biz o vaxtkı böyük İttifaqın xidmətlərini qeyd edərək, eyni zamanda, xüsusən sovet ordusunun, sovet xalqının və Sovetlər Birliyinə daxil olan hər bir xalqın qəhrəmanlıq, rəşadət göstərdiklərini bu gün qeyd etməliyik. Azərbaycan da bu müharibədə-Böyük Vətən müharibəsində öz payını vermişdir. Azərbaycanın qəhrəman oğulları vuruşmuş, döyüşmüş, həlak olmuşlar". Ümummilli lider Heydər Əliyev daha sonra demişdir: "O vaxt Azərbaycan ayağa qalxmışdı. Azərbaycanın bir hissəsi cəbhədə, ikinci hissəsi isə respublikanın ərazisində - arxada qələbənin əldə olunması üçün gecə-gündüz çalışıb, vuruşub fədakarlıq göstərmişdir. Azərbaycan xalqının igid, mərd oğulları bu müharibədə qəhrəmanlıq nümunələri göstərərək fərqlənmişlər, yüksək adlar, Sovet İttifaqının orden və medalları ilə tətif edilmişlər. Onlardan qələbəni əldə edib öz Vətəninə dönənlər də olmuşdur, ancaq qəhrəmanlıq göstərib, böyük nümunələr göstərib həlak olanlar da olmuşdur".

Bayram münasibətilə bütün müharibə veteranlarını kollektivimiz adından səmimi qəlbdən təbrik edir, onlara xoş arzularımı çatdırıram.

 

 

İlham ABBASOV,

Ədliyyə Nazirliyi Ədliyyə

Akademiyasının prorektoru,

hüquq elmləri üzrə fəlsəfə doktoru,

baş ədliyyə müşaviri, prokurorluğun

fəxri işçisi

 

Xalq qəzeti.- 2011.- 11 may.- S. 11.