Sabit inkişaf strategiyasının uğuru

 

Dahilər ona görə əbədidir ki, onlar səhv etmirlər. Başqa sözlə, onlar elə səhv etmədiklərinə görə dahidir. Bu barədə mən hələ bir neçə il əvvəl yazdığım və nəşr etdirdiyim "Zəka və mənəvi dəyərlərə söykənən qələbələr..." adlı kitabımda da müəyyən məqamlara toxunmuşam. İndi isə son illər ölkəmizdə daha da geniş vüsət alan inkişaf məsələlərinin anatomiyasına öz münasibətimi bildirmək istəyirəm. Çünki insanların həyatı üçün önəmli olan hər bir məsələyə qiymət vermək, onu dərk edib başqalarına da çatdırmaq hesab edirəm ki, hər şeydən öncə, həm də hər birimizin vətəndaşlıq borcudur. Bəli, bütün dünyanın çalxalandığı, müxtəlif ölkələrdə insanların, sözün həqiqi mənasında, yaşam uğrunda mübarizə apardıqları bir dövrdə müstəqil Azərbaycanımızda sürətli inkişafın davam etməsi dövlətini sevən hər bir soydaşımız kimi, məndə də qürur hissi doğurur.

 

Heç kəsə sirr deyil ki, bütün uğurlarımızın fövqündə ulu öndərimiz Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi və icrasına başladığı, ən önəmlisi isə hazırda daha böyük şövqlə davam və inkişaf etdirilən sabit tərəqqi strategiyası durur. Bu baxımdan "dahilər heç vaxt yanılmır» deyimi Azərbayan reallığında da bir daha təsdiqləndi. Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərən ulu öndər Heydər Əliyevin cənab İlham Əliyev haqqında dediyi "...İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" fikri ötən illərin təcrübəsində bir daha təsdiqləndi.

Ulu öndərimizin layiqli davamçısı kimi, Prezident İlham Əliyev qəbul olunan strateji kursu daha da inkişaf etdirdi, dərinləşdirdi və bütün sahələrə şamil etdi. O, neftdən gələn maliyyə vəsaitlərini qeyri-neft sektoruna və sosial sahələrə yönəltdi. Azərbaycanı Avropanın enerji təhlükəsizliyində ən mühüm və etibarlı tərəfdaşa çevirdi. Qeyri-neft sektoruna yatırılan sərmayələrlə regionların inkişafına və digər sahələrə dair qəbul edilən dövlət proqramları sürətlə reallaşdı, öz bəhrəsini verdi. Nəticə etibarilə Azərbaycan hazırda dünyanın ən iri maliyyə qurumları olan Dünya Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən dinamik və sabit inkişaf edən ölkə kimi qiymətləndirilir. Təsadüfi deyil ki, Avropa və ABŞ Azərbaycanı iqtisadi yönümdə sürətlə inkişaf edən bir dövlət kimi qəbul edirlər.

Dünyanı bürüyən maliyyə böhranı böyük iqtisadi gücə malik olan dövlətlərin iqtisadiyyatına ciddi ziyan verdiyi halda, Prezident İlham Əliyevin çevik və düşünülmüş rəhbərliyi sayəsində Azərbaycanda həyatın bütün sahələrində böyük irəliləyiş müşahidə olunur. Bunu elə doğulub boya-başa çatdığım Zərdab rayonunun misalında da aydın müşahidə etmək olar. Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, vaxtında görülən tədbirlər nəticəsində ötən illərdə baş vermiş sel və daşqın təhlükəsi aradan qaldırıldı. Aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərinin vəziyyəti ilə yerində tanış olmaq üçün möhtərəm Prezidentimiz İlham Əliyevin günəşli may günündə Zərdaba növbəti səfəri zəhmət adamlarını daha da ruhlandırdı. Böyük minnətdarlıq hissi ilə qeyd edim ki, ölkə rəhbərinin bölgələrə daimi diqqəti hər sahədə özünü göstərir. Bütün ümumxalq tədbirlərində həmişə fəallıq göstərən və Prezidentmizin siyasətini birmənalı dəstəkləyən Zərdab camaatı bu əqidəyə bundan sonra da sadiq qaldıqlarını açıq nümayiş etdirir.

Artıq danılmaz həqiqətdir ki, Azərbaycan sürətli iqtisadi inkişaf yolundadır. Bu, təkcə sosial, iqtisadi, siyasi baxımdan deyil, həm də milli şüurun formalaşması, xalqımızın maariflənməsi, sivil inkişafı baxımından respublikamızın adına şərəf gətirir. İndi respublikamızın bütün ucqar kənd və rayonlarına yeni yollar salınır, qaz və elektrik xətləri çəkilir, təhsil ocaqları, mədəni-məişət obyektləri, olimpiya-idman kompleksləri, mehmanxanalar tikilir, insanların məşğulluğunu təmin etmək üçün iş yerləri açılır.

Ölkəmizi və xalqımızı sevən hər bir vətənpərvər insan bugünkü firavanlığın, əmin-amanlığın, davamlı ictimai-siyasi sabitliyın, dövlətimizin beynəlxalq aləmdəki nüfuzunun getdikcə artmasının səbəbkarının kim olduğunu aydın dərk edir. Dövlət başçısının yerlərə gedərək sakinlərlə birbaşa təmasları onu xalqa daha da yaxınlaşdırır. Şübhəsiz, dağ uzaqdan əzəmətli göründüyü kimi, zaman ötdükcə bu gün görülən işlərin miqyası da daha dərindən dərk ediləcək. Ona görə ki, məhz indiki dövrdə doğma Azərbaycanımızda tərəqqi üçün mühüm olan mühit tam formalaşmaqdadır.

Bu, siyasi iradənin olması, davamlılıq və ya davamlı siyasət, xüsusən də, milli-mənəvi və bəşəri dəyərlərə əsaslanan sabit inkişaf strategiyası, tolerantlıq, yeni nəslə qayğı və s. mövcudluğudur.

Azərbaycanın qarşısında duran başlıca vəzifə tam aydındır. "Biz güclü olmalıyıq, zəngin dövlət yaratmalıyıq. Bunu etmək üçün, ilk növbədə, iqtisadi potensial möhkəmlənməlidir". Bu istiqamətdə Azərbaycan öz işini düşünülmüş konsepsiya şəklində qurur. Prezidentimiz deyir ki, biz ölkəmizi hərtərəfli inkişaf etdirməliyik. Həm bölgələr, həm şəhərlər, kəndlər inkişaf etməli, həm də bütün infrastruktur ən müasir tələblərə cavab verməlidir. Bizim bu istiqamətdə çoxlu fikirlərimiz, planlarımız var.

Hazırda bütün digər sahələrlə yanaşı, sosial məsələlərə də böyük diqqət göstərilir. Azərbaycanın dövlət büdcəsi sosialyönümlüdür. Dövlətimizin başçısı demişdir: "İndi dövlət büdcəsinin əsas hissəsi sosial məsələlərə istiqamətləndirilib. Maaşlar, pensiyalar, sosial müavinətlər, humanitar sahəyə - təhsilə, səhiyyəyə və s. ayrılan xərclər artır... Biz sosial sektora, sosial sahəyə daim çox böyük diqqət göstərməliyik. Çünki biz insanlar üçün yaşayırıq. Bizim məqsədimiz insanlara xidmət etməkdir. Mən şəxsən öz vəzifəmi məhz bunda görürəm. Bu, böyük vəzifədir, böyük məsuliyyətdir, xalq qarşısında məsuliyyətdir. Mən xalq qarşısında məsuliyyət daşıyıram. Ona görə çalışmalıyam ki, Azərbaycan xalqı, onun hər bir vətəndaşı gündəlik həyatında korluq, çətinlik çəkməsin, problemlə üzləşməsin".

Azərbaycanın inkişafında yerli faktorlarla yanaşı, xarici amillərdən, tərəfdaş ölkələrdən, xüsusən də diaspor təşkilatlarından və vətəndən kənarda yaşayan imkanlı soydaşlarımızın xidmətlərindən səmərəli istifadə etməyi tövsiyə edən dövlət başçısı demişdir: "İqtisadi sahədə bizim mövqelərimiz çox möhkəmdir. Bu da çox önəmlidir və bizim imkanlarımızı daha da artırır. İndi gərək biz siyasi müstəvidə möhkəmlənək. Buna da gözəl zəmin var. Çünki iqtisadi baza olandan sonra siyasi proseslərdə iştirak etmək daha da asan olacaq və mən sizi bu işə də dəvət edirəm. Bizim diasporumuz həm siyasi, həm də iqtisadi proseslərdə fəal iştirak etməklə, Azərbaycanın mövqelərini daha da möhkəmləndirəcək ki, gücümüz daha da artsın. Prezident İlham Əliyevin böyük səmimiyyətlə xaricdə yaşayan soydaşlarımıza müraciəti diaspor nümayəndələri tərəfindən də böyük rəğbətlə qarşılanır.

Azərbaycanda vətəndaşlarımızın maariflənməsinə diqqət artmaqdadır. Ölkə rəhbərinin Azərbaycanın gələcək inkişafında savadlı gənclərin rolunun çox böyük olduğunu və dövlətin bu sahəyə önəm verməsinin vacibliyini diqqətə çatdıraraq demişdir: "Ölkə əhalisinin əksəriyyəti gənclərdir və onlar bütün sahələrdə çalışırlar. Bir daha demək istəyirəm ki, ilk istəyim, ilk tələbim ondan ibarətdir ki, gənclər yaxşı oxusunlar. Bunun üçün biz lazımi şərait yaratmağa çalışırıq. Ali məktəblərdə oxuyan gənclərin təqaüdləri də qaldırılıb, digər məsələlər öz həllini tapır. Təhsili bitirdikdən sonra, əlbəttə ki, gənclər Azərbaycanda iqtisadi və digər sahələrdə olan imkanlardan səmərəli şəkildə istifadə etməlidirlər. İndi bu imkanlar var və mən çox istəyirəm ki, gənclər bütün sahələrdə fəal iştirak etsinlər, cəmiyyətin fəal üzvləri olsunlar. Bu, ölkəmiz üçün, gələcək üçün lazımdır. Hesab edirəm ki, indi Azərbaycanda mövcud olan iqtisadi və siyasi vəziyyət bütün bu imkanları yaradır."

Təhsil kimi olduqca vacib ümummilli məqsədlərin reallaşmasında Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri nəinki təkcə ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda böyük rəğbət doğurur. Mehriban Əliyevanın irəli sürdüyü bütün təşəbbüslər, gördüyü bütün işlər mövcud xammal potensialının insan kapitalına çevrilməsi, Azərbaycan gəncliyinin sivil dünyanın reallıqları ilə ayaqlaşmağı bacaran yüksək intellektual potensiala, geniş dünyagörüşünə malik vətəndaşlar kimi tərbiyəsi, milli-mənəvi dəyərlərimizin qorunaraq gələcək nəsillərə çatdırılması, Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası məqsədinə yönəlmişdir.

Yeri gəlmişkən, bir mühüm məqamı da qeyd etmək istəyirəm. Bu da Azərbaycanın bütün tarix boyu həssaslıqla qoruduğu milli-mənəvi dəyərlərimizə münasibətlə bağlıdır. Azərbaycan Prezidentinin bu sahəyə xüsusi münasibəti insanlar, xüsusən də, bölgə ağsaqqalları tərəfindən daim razılıqla qarşılanır. Möhtərəm Prezidentimiz bu barədə demişdir: "Öz keçmişini bilməyən, dərk etməyən, düzgün başa düşməyən insanın gələcəyi də ola bilməz. Bizim xoşbəxtliyimiz bundadır ki, Azərbaycanda bütün işlər məhz milli zəmində görülür. Azərbaycanın bundan sonrakı inkişafı da bunu tələb edir. Biz dünya birliyinə inteqrasiya edirik. Azərbaycan beynəlxalq aləmin çox dəyərli üzvünə çevrilibdir və əlbəttə ki, dünyada gedən proseslərdən kənarda qala bilməz. Amma eyni zamanda, biz heç vaxt öz milli xüsusiyyətlərimizi unutmamalıyıq, öz keçmişimizi unutmamalıyıq. Əksinə, bunu daim yadda saxlamalıyıq. Keçmişimizin və bu günümüzün gözəl nümunələrini təbliğ etməliyik, dünyada yaymalıyıq». Əminliklə deyə bilərik ki, millətimizin, mədəniyyətimizin böyük hamisinin rəhbərliyi ilə respublikamızda başlanan, milli və beynəlxalq sivil dəyərlərə söykənən azad vətəndaş cəmiyyəti - demokratik dövlət quruculuğu prosesi gün-gündən genişlənir. Siyasət, iqtisadiyyat, biznes və başqa sahələrdə aparılan islahatlarla yanaşı, mənəviyyat, mədəniyyət, incəsənət və ədəbiyyatla bağlı respublikamızda böyük işlər görülür.

 

 

Xanəli BABAYEV,

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2011.- 11 may.- S. 8.