Heydər Əliyev fenomeni və Azərbaycanın milli intibahı

 

Bu, bir həqiqətdir ki, dövlətin beynəlxalq koordinatlar sistemində tutduğu mövqeyi şərtləndirən parametrlər sırasında coğrafi şərait, əhalinin sayı, təbii ehtiyatlar, iqtisadi güc, müdafiə qüdrəti, milli mənəviyyat və diplomatiyanın rolu kifayət qədər böyükdür. Digər həqiqət ondan ibarətdir ki, bu parametrlər dövlətin statusunun təyinatında nə qədər əhəmiyyətli olsa da, güclü lidersiz elə bir səmərə vermir. Güclü və xarizmatik lider mövcudluğu təhlükə altında olan dövlətin xilaskarı funksiyasını yerinə yetirir, onun sonrakı inkişafının təminatçısı olur. Həmin funksiyanı Rusiyanın tarixində Böyük Pyotr, Prussiyanın tarixində Böyük Fridrix, ABŞ-ın tarixində C. Vaşinqton və A.Linkoln, Türkiyənin tarixində Böyük Atatürk həyata keçirmişlər.

 

Azərbaycanın çağdaş tarixində isə bu missiya Heydər Əliyevin adı ilə bağlıdır. Məhz o, Azərbaycan dövlətçiliyini permanent xaos və böhran məngənəsindən çıxarmış, ümummilli fəlakətin-vətəndaş müharibəsinin qarşısını almış, döyüş cəbhəsində məğlubiyyətlər seriyasına son qoymuş və atəşkəs rejiminin tətbiqinə nail olmuş, sözün həqiqi mənasında, xalqımızın taleyində xilaskar missiyasını yerinə yetirmişdir.

"Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir". Aforizmə çevrilmiş bu ifadə Heydər Əliyev şəxsiyyətinə verilmiş ən lakonik və düzgün qiymətdir. O, xalqa və Vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, əsl siyasi liderlik məktəbi miras qoymuşdur.

O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu məhz onun adı ilə bağlıdır.

Təsadüfi deyildir ki, görkəmli filosof, akademik Ramiz Mehdiyev ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyinin 34 ilini milli intibah dövrü kimi səciyyələndirmişdir. Bu dövr bir-birindən zaman və ictimai-siyasi formasiya baxımından fərqlənən iki mərhələ ilə (1969-1982 və 1993-2003-cü illər) xarakterizə olunsa da, əslində, ulu öndərin Vətənə fədakar xidməti və hakimiyyətinin hər iki mərhələsində ölkəmizin nəhəng miqyasda nailiyyətlər qazanması baxımından onlar oxşardırlar. Başqa sözlə, eyni missiyanın, sadəcə, iki mərhələsidir.

Ötən əsrin 70-ci illərinin əvvəllərində "Literaturnaya qazeta"ya verdiyi məşhur müsahibəsində "Qoy ədalət zəfər çalsın", - deyən Heydər Əliyev 1969-1982-ci illər tarixi çərçivəsində, sözün həqiqi mənasında, ədalətin zəfər çalmasına nail oldu. Ölkədə həmin illərdə 213 yeni sənaye müəssisəsi istismara verildi. Bakı Məişət Kondisionerləri, Salyan Plastmas Emalı zavodu, Sumqayıtda Kompressor zavodu, Üst Trikotaj fabriki, Bakıda Tikiş, Ayaqqabı Hissələri fabrikləri, Şampan şərabı zavodu, Cəncədə Ət kombinatı, Qənnadi fabriki, Əlvan Metallar Emalı zavodu, Lənkəranda Konserv zavodu, çay fabriki, Naxçıvanda Şüşə Qablar zavodu, Kəlbəcərdə "İstisu" mineral su zavodu, Yevlaxda Yunun İlkin Emalı fabriki və s. kimi böyük iqtisadi potensialı olan müəssisələr məhz həmin illərdə tikilib istifadəyə verildi. Qeyd edilən 13 il ərzində istehsal olunan sənaye məhsulu öz həcminə görə əvvəlki 50 ilə bərabər idi.

1969-cu ildən sonra Azərbaycanda geniş tikinti-quruculuq işlərinə start verildi. Respublika nəhəng tikinti meydanını xatırladırdı. 1975-1985-ci illərdə ümumi sahəsi 22, 2 milyon kvadratmetr olan mənzillər inşa edildi ki, bu göstərici Azərbaycanda bütün əvvəlki illərdə tikilmiş mənzillərin 70 faizini təşkil edirdi. Yeni iş yerlərinin yaradılması nəticəsində iqtisadiyyatda çalışanların ümumi sayı 1985-ci ildə 2,4 milyon nəfərə çatmışdı. Bu, 1970-ci ilin müvafiq göstəricisindən 1,5 dəfə çox idi. 1969-cu ildə orta aylıq əməkhaqqının səviyyəsinə görə Azərbaycan 15 müttəfiq respublika arasında axırıncı yerdə dayandığı halda, 1980-ci ildə 4-cü yerə çıxdı.

Həmin dövrdə kənd təsərrüfatının dirçəldilməsi və sonrakı inkişafı sahəsində də böyük işlər görüldü. Möhtərəm Heydər Əliyevin təşəbbüsü ilə 70-ci illərin əvvəllərində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində qısa müddət ərzində qidalılıq balansını itirmiş torpaqlar əsl məhsuldar torpaqlara çevrildi. İlk növbədə kənd təsərrüfatının su təhcizatı yaxşılaşdırıldı. Bu məqsədlə Yuxarı Qarabağ, Yuxarı Şirvan və Samur-Abşeron kanallarının tikintisi başa çatdırıldı, Naxçıvan Muxtar Respublikasında "Arpaçay", Lənkəranda "Xanbulançay", Masallıda "Viləşçay", Şəkidə "Əyriçay", Şəmkir və Ağstafa su dəryaçaları, "Bəhrəmtəpə" suvarma şəbəkəsi, İsmayıllıda "Aşıq Bayram" gölü istifadəyə verildi.

Əvvəllər əsassız olaraq azaldılmış taxıl, pambıq, meyvəçilik sahələri, habelə qoyunçuluq və quşçuluq yenidən bərpa olundu. Kənd təsərrüfatı üçün yüksək ixtisaslı kadrların hazırlanması sahəsində də ciddi addımlar atıldı. Yalnız Azərbaycan Respublikası Kənd Təsərrüfatı Akademiyasında 1970-1975-ci illərdə 40 min nəfərə yaxın ali təhsilli, respublikanın orta ixtisas məktəblərində isə 86, 4 min nəfər orta ixtisas təhsilli kənd təsərrüfatı mütəxəssisi hazırlandı.

Ümummilli lider Heydər Əliyevin titanik fəaliyyətinin nəticəsi olaraq 1981-ci ildə respublika tarixində ilk dəfə olaraq 402 min ton taxıl, 1 milyon 151 min ton pambıq, 1milyon 616 min ton üzüm, 644 min ton tərəvəz, 41 min ton bostan məhsulları, 26 min ton yaşıl çay yarpağı, 125 min ton mal-qara və quş əti, 340 min ton süd, 294 milyon ədəd yumurta və 12 min ton yun tədarük edildi. Ümumən, həmin illərdə kənd təsərrüfatının məcmu məhsulu 2,6 dəfə artdı.

"Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır",-deyən Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə təhsil, səhiyyə, mədəniyyət, incəsənət və milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı sahəsində də ciddi və əhəmiyyətli addımlar atıldı.

Həmin dövrdə Azərbaycanda məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş ali məktəblərədək bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə qalxdı, bu istiqamətdə aparılan ardıcıl və məqsədyönlü dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynadı.

70-ci illərdə və 80-ci illərin əvvəllərində ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində böyük işlər görüldü. Ölkə rəhbərinin təşəbbüsü və qayğısı ilə ali məktəblər üçün çoxlu sayda tədris korpusları, yataqxana kompleksləri tikildi.

Heydər Əliyevin 1970-80-ci illərdə Azərbaycanda ali təhsilin inkişafı yolundakı böyük xidmətlərindən biri də yeni ali təhsil ocaqlarının yaradılması idi. Ümumiyyətlə, 1970-82-ci illərdə Azərbaycanda 5 yeni ali məktəb yaradıldı, çoxlu ixtisaslar, kafedralar, problem laboratoriyaları açıldı. Əgər 60-cı illərin sonunda respublikada 12 ali məktəb, bunlarda 105 fakültə, 450 kafedra var idisə və burada 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 17 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. Bütün bu uğurlar Heydər Əliyevin ali təhsilin inkişafına, respublikanın kadr potensialının gücləndirilməsinə əsl rəhbər qayğısının nəticəsində mümkün olmuşdur.

Ümummilli liderin Azərbaycan təhsilinin inkişafında müstəsna xidmətlərindən biri də 1970-1980-ci illərdə onun şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və xüsusi ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yaratması olmuşdur. Onu da qeyd edək ki, Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların sayı 1970-ci ilədək 40 faiz təşkil edirdisə, ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində 1976-cı ildə müvafiq göstərici 85 faizə, 1977-ci ildə 92 faizə, 1980-ci illərin əvvəllərində isə 97, 6 faizə yüksəlmişdi. Bu addımlar öz xarakteri etibarilə strateji məzmun kəsb edirdi. Daha dəqiq desək, bir tərəfdən Azərbaycanın yüksək ixtisaslı kadrlara olan ehtiyacını təmin edir, digər tərəfdən potensial Azərbaycan diasporunun formalaşması prosesinin konturları cızılırdı. Təsadüfi deyildir ki, bu gün MDB məkanında Azərbaycan diasporunun sosial tərkibinin böyük bir hissəsini məhz həmin illərdə ulu öndərin xeyir-duası ilə təhsil almış insanlar təşkil edir və onlar müstəqil dövlətimizin maraqlarını təmsil olduqları ölkələrdə şərəflə qoruyurlar.

"Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür,"-deyən ümummilli liderin qənaətinə görə, milli özünüdərkə xalqın yaratdığı və yaşatdığı mədəni sərvətlərə dərindən yiyələnməklə çatmaq olar. Ulu öndər başqa bir fikrində isə qeyd edirdi ki, məşhur filosof Bəhmənyarın və mütəfəkkir şair Nizaminin, riyaziyyatçı-astronom Nəsrəddin Tusinin və dahi lirik şair Füzulinin, orta əsrlərin böyük alimi Rəşidəddinin və üsyankar şair Nəsiminin, tarixçi Abbasqulu ağa Bakıxanovun və realist yazıçı Mirzə Fətəli Axundovun, görkəmli satiriklərdən Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin və bir çox başqa korifeylərin adları bu mədəniyyətin çoxəsrlik tarixini bəzəyir. Biz Azərbaycan xalqının bu və ya digər görkəmli oğullarına ona görə minnətdarıq ki, onlar zülmətli irtica və özbaşınalıq şəraitində Azərbaycan xalqının ictimai fikrini, elm və mədəniyyətinin məşəlini göz bəbəyi kimi qorumuşlar.

Vətənsevər hər bir azərbaycanlı isə Heydər Əliyevə xalqımızın həmin görkəmli simalarının bizə miras qoyduqları misilsiz ədəbi irsə olduqca böyük dəyər verdiyi və onları yaddaşlarda əbədiləşdirdiyinə görə minnətdar olmalıdır.

Heydər Əliyev böyük siyasi ustalıqla 59 yaşında pantürkist-millətçi ittihamı ilə Sibirə sürgün edilən dahi Hüseyn Cavidin nəşini onun 100 illiyində Vətənə gətirməklə güclü milli hissə və duyğuya malik olan şəxsiyyətlərin hamısının ruhunu öz doğma vətənlərinə-Azərbaycana qaytarmış oldu.

Danılmaz həqiqətdir ki, 1930-cu illərdə SSRİ-nin dövlət mükafatı "Rusca-azərbaycanca lüğət"ə verilirdisə, məhz Heydər Əliyevin qətiyyəti sayəsində 1970-ci illərdə müəllifləri böyük dilçi alimlər professor Əlövsət Abdullayev, professor Əbdüləzəl Dəmirçizadə, professor Səlim Cəfərov, professor Muxtar Hüseynzadə, professor Yusif Seyidov və dosent Ağaməli Həsənovun olduğu 3 cildlik "Müasir Azərbaycan dili" dərsliyi eyni etimada layiq görüldü. Bu mükafatların arxasında böyük siyasi mətləblər gizlənirdi. Əgər birinci halda ali mükafat rus dilinin təbliğinə görə verilirdisə, ikinci halda doğma dilimizin inkişafına görə verilirdi. Bu, ulu öndərin milli mənəviyyatın genetik kodunun mühüm komponenti hesab etdiyi milli dilə verdiyi əvəzsiz dəyər idi. Elə bu məntiqlə də Heydər Əliyev böyük səylər hesabına 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdu.

Bütün bu və digər xidmətləri ilə Heydər Əliyev bədii irsimizin, dilimizin, ziyalılarımızın, milli kimliyimizin himayədarı və hamisi zirvəsinə yüksəlmiş oldu.

Fitri istedadı, iti fəhmi və zəngin siyasi təcrübəsi ilə ölkəmizin müstəqilliyini qabaqcadan görən Heydər Əliyev suveren dövlətçiliyimizin sosial-iqtisadi, ictimai-siyasi və xüsusilə də təhlükəsizlik sahəsində hansı ciddi problemlərlə sınağa çəkiləcəyini də görməyə bilməzdi. Bu baxımdan ümummilli liderin hələ sovet dövründə respublikamız üçün milli hərbi kadrların hazırlanması sahəsində gələcəyə ünvanlanmış uzaqgörən addımlarının millət qarşısında misilsiz xidmət olduğu bu gün daha aydın görünür.

Bu bir həqiqətdir ki, Sovet dövlətində ordu quruculuğu prosesi də məlum siyasi-ideoloji prinsiplərə əsaslanırdı. Rəsmi Moskva milli respublikalarda, xüsusilə də müsəlman əhalisinin yaşadığı respublikalarda milli hərbi kadrlar hazırlanması cəhdləri bir qayda olaraq qısqanclıqla qarşılayır və buna hər vəchlə mane olurdu. Müttəfiq respublikalarda hərbi tədris məktəbləri əsasən Rusiya, Ukrayna və Belorusiyada fəaliyyət göstərirdi.

"Bunları görəndə, düşünürdüm ki, yaxşı, biz Sovet İttifaqının bərabərhüquqlu müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz var. Biz nə üçün ordudan təcrid olunuruq?" - bu sözləri ulu öndər Heydər Əliyev 2003-cü il aprelin 21-də, Cəmşid Naxçıvanski adına hərbi məktəbin 30 illik yubiley təntənəsində çıxış edərkən demişdi.

O, 1973-cü ildə böyük səylər nəticəsində belə bir məktəbin yaradılmasına nail oldu. Həmin dövrdə Azərbaycan ildə təxminən 60 min gənci ordu sıralarına göndərirdi. Ancaq onların əksəriyyəti inşaat batalyonlarında xidmət keçirdi. Hərbi hissələrdə azərbaycanlı zabitləri isə, necə deyərlər, barmaqla saymaq olardı. Əlbəttə, indi bəziləri 1973-cü ildə Bakıda belə bir hərbi məktəbin yaradılmasını bir zavod, fabrik tikintisi qədər adi qərar hesab edə bilərlər. Amma buna nail olmaq üçün, həqiqətən, böyük siyasət və uzaqgörənlik lazım idi. Sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına rəsmi Moskva laqeyd yanaşa bilməzdi. Təsadüfi deyil ki, həmin dövrdə Bakıya təşrif buyuran çeşidli komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını "əsaslandırmağa" çalışırdılar. Amma Heydər Əliyev bu cəhdlərin qarşısını qətiyyətlə almağı bacardı. Həmin vaxtdan 20 il ötdü və Heydər Əliyevin yaratdığı hərbi məktəb müstəqil Azərbaycanda ordu quruculuğu üçün əsas bazalardan birinə çevrildi. 70-ci illərdə həmin məktəbin müdavimləri olan zabitlər artıq müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin komandirləri, generallarıdırlar.

Beləliklə, Heydər Əliyev 1969-1982-ci illərdə Sovet İttifaqı çərçivəsində gələcək müstəqil Azərbaycan dövləti üçün xidmət edə biləcək bütün zəruri addımları atmağa nail oldu. 1991-ci ildə öz müstəqilliyini bəyan edən Azərbaycan Respublikası, əslində, real suverenliyinə 1993-cü ildə nail oldu. Həmin il xalqın israrlı tələbi və xahişindən sonra Heydər Əliyevin hakimiyyətə qayıdışı baş verdi və bununla da Azərbaycanda milli intibah dövrünün ikinci mərhəsi (1993-2003-cü illər) başlandı. Bu dövr ulu öndərin təbirincə desək, "müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi" ilə xarakterizə olunurdu. Həmin dövrdə Rusiyanın siyasi-hərbi elitasında formalaşmış mövqeyə görə, ərazisindən hərbi bazaları çıxarılan və birmənalı olaraq Qərbə inteqrasiya xəttini seçən Azərbaycan regionda Kremlin planları üçün birbaşa təhlükə mənbəyi rolunu oynayır. Həmin mərhələdə hakimiyyətdə olan Müsavat-AXC cütlüyünün həyata keçirdiyi səbatsız daxili və onun davamı olan xarici siyasət kursu Rusiyanın Azərbaycana münasibətdə məlum sərt mövqeyinin formalaşmasında az rol oynamadı. Nəticədə məhz həmin illərdə Rusiyaya arxalanmaqla torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi.

Yeri gəlmişkən, burada bir həqiqəti də xüsusi olaraq qeyd edək ki, Azərbaycan xalqının ən ağır dərdi olan Dağlıq Qarabağ problemi ilə bağlı ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə həyata keçirdiyi siyasətin nəticəsində bu dövrdə erməni millətçiləri bir dəfə də olsun ölkəmizə qarşı ərazi iddialarını açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər və buna imkan verilmədi. Akademik Ramiz Mehdiyev Heydər Əliyev fenomeni ilə bağlı tədqiqatlarında çox düzgün olaraq qeyd edir ki, "akademik Aqanbekyanın M.Qorbaçovun Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə ilkin razılıq verilməsi barədə bəyanatı və bununla da münaqişənin ilkin qığılcımının közərməsi məhz Heydər Əliyevin Siyasi Büro üzvlüyündən istefasından cəmi üç həftə sonra baş verdi".

Bundan savayı, Müsavat-AXC cütlüyünün mövcud şəraitə adekvat olmayan məqamda "Cənubi Azərbaycan" problemini qaldırması nəticəsində İranla da münasibətlər son dərəcə kəskinləşdi. Bu siyasətin nəticəsində faktiki olaraq Azərbaycan həm Şimaldan, həm də Cənubdan ağır təzyiq altına düşdü. ABŞ Konqresi isə Azərbaycanı dövlət səviyyəsində hər cür yardımdan məhrum edən "907-ci əlavə"ni qəbul etdi.

Bu şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli proses separatizm və onun nəticəsində ərazi bütövlüyümüzün növbəti dəfə pozulması təhlükəsi ilə bağlı idi. Erməni işğalçılarının aramsız hücumları, Cənubda "Talış Muğan Respublikası"nın elan edilməsi, şimalda "Sadval" təşkilatının ərazi iddiaları və Gəncədə Surət Hüseynova məxsus hərbi hissənin üsyan etməsi həmin dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində olduğunu bir daha təsdiqləyir. Əslində respublikamız real vətəndaş müharibəsi astanasında idi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bu ağır problemlər öz həllini tapmağa başladı. Lakin bu prosesin özü də hamar yol ilə getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edildi. Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi bu sınaqlardan da uğurlu çıxmağı təmin etdi. Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, bir sözlə desək, əsl Xilaskar missiyasını yerinə yetirdi.

Burada bir haşiyə çıxmaq yerinə düşərdi. Məlum olduğu kimi, 1997-ci ildə Prezident Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfəri zamanı ona bu dövlətin ən məşhur 4 prezidentindən biri olan (C.Vaşinqton, T.Cefferson F.D. Ruzveltlə birlikdə) Avraam Linkolnun büstü bağışlanmışdı. Bu, rəmzi mənası olan bir hadisə idi. Prezident A.Linkoln ABŞ-ın bütövlüyünün qorunması naminə separatçı Cənub ştatları ilə mübarizə aparmalı olmuş və nəticədə ölkə miqyasında 600 mindən artıq itkilərin verilməsinə baxmayaraq, dövlətçiliyin məhvinin qarşısını almışdı. Amerikalılar indiyədək seçdikləri bütün prezidentlər içərisində yalnız 4-nə heykəl qoyublar. Həmin prezidentlərdən biri də məhz A.Linkolndur. Zənnimizcə, amerikalıların Heydər Əliyevlə Avraam Linkoln arasında paralel aparmalarının motivi gün kimi aydındır. Hər ikisi öz xalqları və dövlətlərinin xilaskarıdırlar.

Yuxarıda sadalanan mürəkkəb problemlərin həlli məqsədilə Heydər Əliyev təkcə düzgün daxili siyasət kursunu deyil, həm də onun davamı olan uğurlu xarici siyasət strategiyasını müəyyənləşdirdi. Balanslı və çoxvektorlu xarici siyasət kursu kimi xarakterizə olunan bu siyasətin prioritet istiqamətlərindən birini də "Yeni neft diplomatiyası" təşkil edirdi.

Azərbaycanın yeni enerji strategiyasının memarı ümummilli lider Heydər Əliyevin ötən əsrin 90-cı illərində müəllifi olduğu iki siyasi qərar ölkəmizin neft-qaz siyasətinin formalaşmasında həlledici əhəmiyətə malik oldu, eyni zamanda, respublikamızın Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirdi. 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 12 şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanması ölkəmizin yeni neft strategiyasının başlanğıcı oldu. 1996-ci il iyunun 6-da regionun, eləcə də Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan "Şahdəniz" qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter aldı.

Bu gün ölkənin təsdiq edilmiş enerji ehtiyatları 1, 5 milyard tondan artıq neft və 2 trilyon kubmetr qazdan ibarətdir və 7 kəmərlə Avropa və dünya bazarlarına çatdırılır. Bunlardan 3-ü neft (Rusiya, Gürcüstan və Türkiyə istiqamətləri) 4-ü isə qaz ( Türkiyə, Gürcüstan, Rusiya və İran istiqamətləri) kəmərləridir. Bunların içərisində 2006-cı ilin mayında Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və həmin ilin sentyabrında Bakı-Tbilisi-Ərzurum (BTC) qaz boru kəmərlərinin istifadəyə verilməsi həm regional, həm də Avropanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. BTC sutkada 1 milyon barrel, ildə 50 milyon ton neftin ixracını həyata keçirir. BTC boru kəməri ilə isə ildə 25 milyard kubmetr qaz ixrac edilir. Yeri gəlmişkən, onu da qeyd edək ki, 2010-cu ildə ölkəmizdə 51,5 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilmişdir. Təkcə "Şahdəniz" yatağında təsdiqlənmiş qaz yataqları 1,2 trilyon kubmetr təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, bu o deməkdir ki, əgər Azərbaycan ancaq öz təlabatını ödəsə və deməli xaricə qaz ixrac etməsə, bu ehtiyatlar ölkəmizə 100 ilə kifayət edər. Digər yataqlardakı qaz ehtiyatlarımız 300 milyard kubmetrdən artıqdır.

Heydər Əliyevin müəllifi olduğu "Yeni neft diplomatiyası"nın möhtəşəm uğurlarının yuxarıdakı yığcam təqdimatı belə sübut edir ki, məhz ulu öndərin unikal siyasi məharəti sayəsində Azərbaycan bütün sferalarda, xüsusilə də enerji sahəsində regionun həlledici faktoruna çevrilmişdir.

Ümummilli lider Azərbaycanda demokratik inkişaf proseslərinin də əsasını qoydu. Ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onun hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Azərbaycan Respublikasının qanunvericilik aktlarında əks olunan, onun ayrılmaz komponenti olan təqsirsizlik prezumpsiyası təmin edildi. Bundan savayı, Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sistemi, yeni məhkəmə korpusu yaradıldı, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edildi, ölüm cəzası ləğv edildi, on minlərlə insana amnistiya verildi və böyük sayda məhkum bağışlandı, senzura ləğv edildi, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edildi.

Ümummilli liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, ulu öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə və digər mühüm vəzifələrin yerinə yetirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir.

Azərbaycanın qısa zaman kəsiyində demokratik inkişaf yolunda əldə etdiyi bu və sonrakı uğurların bir sıra Qərb hökumət dairələrində adekvat qiymətləndirilməməsi, əksinə, bu istiqamətdə onların real həqiqətlərə söykənməyən bəyanatlar verməsi acı təəssüf doğurur. Əslində, ərazisinin 20 faizi Ermənistan dövlətinin işğalı altında olan və 1 milyondan artıq məcburi köçkünü və qaçqını olan gənc Azərbaycan Respublikasından əsrlərlə formalaşmış Qərb demokratiya standartlarını tələb etməyin özü düzgün deyildir. Bunun üçün ən azı onilliklər lazımdır. Müqayisə üçün qeyd edək ki, ABŞ-ın 235 illik demokratiya tarixi vardır. Təkcə Konstitusiyanı qəbul etmək üçün ABŞ-a 11 il (1787-ci il), ölkəni köləlikdən azad etmək üçün 89 il (1865-ci il, Konstitusiyaya 13-cü düzəliş), qadınlara səs hüququ vermək üçün 144 il (1920-ci il, Konstitusiyaya 19-cu düzəliş) və bütün vətəndaşları qanun qarşısında bərabər etmək üçün düz 188 illik (1964 -cü il, Konstitusiyaya 24-cü düzəliş) zaman lazım olmuşdur. Deməli, ABŞ-ın öz tarixi təcrübəsi göstərir ki, yetkin demokratya dövləti olmaq üçün Azərbaycana müəyyən vaxt lazımdır və ən əsası odur ki, respublikamızda bu istiqamətdə davamlı olaraq konkret addımlar atılmaqdadır.

Mayın 10-da müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür. Azərbaycan xalqı artıq 8 ildir ki, ulu öndərin ad gününü onsuz, lakin onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək keçirir. Xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından "Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm",-qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Bu missiyanın konturları hələ 1994-cü ildə "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" - deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin 2003-cü ildə "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm" fikirləri ölkəmizin son səkkiz ildə dayanıqlı inkişaf modelinin formalaşması ilə real məzmun kəsb etmiş, respublikamız beynəlxalq rəqabət meydanına deyil, əməkdaşlıq məkanına çevrilmişdir.

 

 

Əlikram ABDULLAYEV,

Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasının rektor əvəzi, fəlsəfə

elmləri doktoru, professor

 

Elman NƏSİROV,

Dövlət İdarəçilik Akademiyasının

Geostrateji Araşdırmalar Mərkəzinin

direktor müavini, tarix üzrə fəlsəfə doktoru,

dosent

 

Xalq qəzeti.- 2011.- 11 may.- S. 6.