Ulu öndərin əsasını qoyduğu mədəniyyət siyasəti bu gün uğurla həyata keçirilir

 

Bu gün həyata keçirilən mədəniyyət siyasəti ulu öndər Heydər Əliyevin siyasi kursunun davamıdır. Heydər Əliyev deyirdi: "Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz". Bu danılmaz həqiqətdir ki, ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərimizin inkişafına yeni, güclü stimul verdi. 90-cı illərdə Azərbaycanda baş verən hadisələr mədəniyyətimizin də inkişafına güclü təsir göstərmişdi. Ölkədəki xaos, hakimiyyət uğrunda mübarizə mədəniyyəti bir növ ikinci plana keçirmişdi. Mədəniyyət xadimlərinin o vaxt ölkəni tərk edib başqa dövlətlərə üz tutmalarının da səbəbi bununla bağlı idi. Ulu öndər hakimiyyətə gələndən sonra Azərbaycan mədəniyyəti, incəsənəti yeni dövrə qədəm qoydu.

 

Məhz o dövrdə teatrlarımız, kinoteatrlar, sərgi salonları, kitabxana və muzeylər, demək olar ki, boş qalmışdı. Kinostudiyanın fəaliyyəti tamamilə dayanmışdı. Teatrlar tamaşaçı üzünə həsrət idi. Heydər Əliyevin bir vaxtlar Azərbaycanda yaratdığı mədəniyyət ocaqlarının çoxu dağıdılmış, qalanlar isə istifadəsiz obyektlərə çevrilmişdi. Demək olar ki, bu illərdə heç bir rəssamın əsərlərinin sərgisi təşkil olunmamışdı. Hətta, Dövlət İncəsənət Muzeyindən əsərlər belə yoxa çıxmışdı. Belə bir vaxtda ulu öndərin hakimiyyətə gəlişi sənət adamlarına bir növ yeni ruh verdi, onları yenidən öz sənətlərini davam etdirməyə sövq etdi.

Ulu öndər ölkənin mədəniyyət siyasətini öz axarına yönəltməklə, nəinki böhranın qarşısını aldı, eyni zamanda, mədəniyyətimizin gələcək inkişafı üçün yeni perspektivlərin əsasını qoydu.

Ümumiyyətlə, Heydər Əliyev mədəniyyətlə, incəsənətlə bağlı insan olub. Bu böyük insanın gözəl rəssamlıq bacarığı var idi. Musiqi duyumu isə heyrətamiz idi. Kinorejissor Vaqif Mustafayevin bir çox festivalların qalibi olan "Əsl məhəbbət haqqında" filmində ulu öndər "Küçələrə su səpmişəm" mahnısını oxuyur. Bu an onun sifət cizgilərində necə bir rahatlıq yarandığını duymamaq mümkün deyil. Heydər Əliyev siyasətin bəstəkarı, şairi, rəssamı idi. Poetik ruhu var idi bu böyük şəxsiyyətin. Şairlə danışanda elə bilirdin ədəbiyyatşünasdır, rəssamla danışanda sənətşünas kimi söhbət edirdi, musiqiçi ilə danışanda elə bilirdin musiqişünasdır. Hərdən Bakını gəzib dolaşanda ulu öndərin təşəbbüsü ilə inşa edilən binalara baxdıqca adam əsl mənada həsəd aparır. Ulu öndər çox vaxt bu binaların layihəsinə özü nəzarət edirdi, onlarda milli memarlıq ənənələrinin davam etdirilməsini tələb edirdi. Bu böyük tarixi şəxsiyyət bütün ruhu ilə azərbaycanlı idi. Sənətdə milli ənənələrin qorunmasını vacib hesab edirdi.

Heydər Əliyev həm sovetlər dönəmində, həm də müstəqillik illərində Azərbaycanın mədəniyyət, incəsənət xadimlərinə həmişə xüsusi qayğı və məhəbbət göstərirdi. Hələ, sovetlər dönəmində Azərbaycanda nə qədər yazıçı, bəstəkar, rəssam SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi fəxri adlara layiq görülmüşlər. Süleyman Rəhimov, Mirzə İbrahimov, Süleyman Rüstəm, Tahir Salahov, Rəşid Behbudov, Fikrət Əmirov, Qara Qarayev, Zeynəb Xanlarova kimi sənətkarlarımız o dövrün ən yüksək fəxri adları ilə təltif olunmuşlar. Bu isə, söz yox ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən möhtəşəm xidmətlərindən idi.

Heydər Əliyev təbiətən incəsənət adamı idi. Bu böyük tarixi şəxsiyyət mədəniyyəti xalqın inkişafının ən mühüm amili kimi qiymətləndirirdi. Mən bir rəssam kimi onun sərgi salonlarında iştirakının dəfələrlə şahidi olmuşam. Ulu öndər sərgidəki əsərlərin heç birini diqqətdən yayındırmazdı. Bu əsərlərin müəllifləri ilə maraqlanar, onlar haqqında fikir və mülahizələrini bildirərdi. Hətta, bəzən müəyyən tənqidi fikirlərini də söyləyər, tövsiyələrini verərdi. Azərbaycan təbiəti ilə bağlı əsərləri çox sevirdi. Ulu öndər bu mövzuda rəsm əsərlərinin yaranmasının, onların xarici ölkələrdə sərgilərinin keçirilməsinin vacibliyini tövsiyə edərdi.

Azərbaycan mədəniyyətinin təbliğini həmişə diqqət mərkəzində saxlayan Heydər Əliyev bu istiqamətdə çox səmərəli tədbirlərin reallaşmasını təmin edib. Ümummilli lider Azərbaycanın sivil dünya ilə inteqrasiyasına, xalqların iqtisadi-siyasi, humanitar yaxınlaşmasına, dövlətçiliyi möhkəmləndirən, xalqı inkişaf etdirən ən vacib vasitələrdən biri kimi baxırdı. Və bu zaman dünya ilə dil tapmağın ən sınanmış və optimal yollarından biri olaraq, mədəni dəyərlərin qarşılıqlı dərkini və təbliğini əsas götürürdü. Bu mənada xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyət və incəsənət günləri, eyni zamanda, Azərbaycanda keçirilən mədəniyyətlərarası dialoqun inkişafına çox gözəl yol açırdı.

Ulu öndərin fəaliyyəti incəsənətimizin bu gün ən dəyərli mövzusudur. Bu böyük insan haqqında çəkilmiş filmlər, yaradılan musiqi və rəsm əsərləri xalqımızın milli sərvətinə çevrilmişdir. Belə əsərlər hələ çox yaranacaq və ulu öndərin şəxsiyyəti, tarixi rolu haqqında həqiqətləri gələcək nəsillərə çatdıracaqdır. Yuxarıda "Əsl məhəbbət haqqında" filminin adını çəkdik. Bu film böyük şəxsiyyətin gözəl hissləri barədə çox qiymətli anları tamaşaçılara çatdırır. "General", "Birinci", "Moskva, Kreml", "Lider". "Tale", "Bir həsədin tarixi", "Professional", "Patriot", "Xüsusi təyinat" kimi filmlər ulu öndərə həsr olunan çox dəyərli kino əsərləridir.

Ümumiyyətlə, bu böyük şəxsiyyət haqqında zəif əsər yaratmağa heç bir sənətkarın mənəvi haqqı yoxdur. Çünki ulu öndər güclü şəxsiyyət idi, onun bu xalq qarşısındakı xidmətləri özünə layiq, yüksək səviyyədə tərənnüm olunmalıdır. Mən bir rəssam kimi ulu öndərə həsr olunan rəsm əsərlərində rəssamlarımızın necə böyük məsuliyyətlə işlədiklərinin şahidi olmuşam.

Elə ulu rəhbərə həsr olunan monumental heykəltəraşlıq əsərlərində də bu əzəmət, bu nikbin ruh öz tərənnümünü tapır. İndi ölkəmizin hər yerində ulu öndərə məhəbbət rəmzi olan belə yüksək səviyyəli heykəllər və büstlər ucalmaqdadır.

Heydər Əliyevin mədəniyyət siyasəti sonralar cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Azərbaycan mədəniyyəti bu gün dünyaya inteqrasiya olunmaqdadır. Bu yaxınlarda Bakıda keçirilən Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycana, onun mədəniyyətinə verilən yüksək qiymətin nümunəsi idi.

Azərbaycanın bütün mədəniyyət obyektləri yenidən əsaslı təmir olunaraq xalqın istifadəsinə verilib. Mədəniyyət işçilərinin sosial vəziyyəti ildən-ilə yaxşılaşır. Dünyanın əksər ölkələrində Azərbaycan mədəniyyəti və incəsənəti günləri uğurla keçir. Yeni filmlər yaranır, səhnə əsərləri tamaşaya qoyulur, tez-tez rəssamların əsərlərinin sərgisi keçirilir.

Bu gün ulu öndərin irsinin, mədəniyyətimizin, incəsənətimizin dünyada təbliğində Heydər Əliyev Fondu çox əhəmiyyətli rol oynayır. YUNESKO və İSESKO ilə əlaqələr getdikcə genişlənir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük səyləri nəticəsində muğam sənəti, aşıq sənəti, xalça sənəti, Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu gün Azərbaycan muğamının şöhrəti dünyaya yayılmışdır. Bakıda inşa edilən Muğam Mərkəzi artıq xalqın əsl istirahət ocağına çevrilmişdir. Yeni, müasir üslubda inşa edilən Xalça Muzeyinin binası da yaxın vaxtlarda istifadəyə veriləcək.

Mən inanıram ki, ulu öndər Heydər Əliyevin ideyalarından güc alan milli mədəniyyətimiz bundan sonra daha güclü inkişaf edəcək, Azərbaycan əsl mədəniyyət ölkəsinə çevriləcək.

 

 

Elçin ORUCOV,

rəssam

 

Xalq qəzeti.- 2011.- 11 may.- S. 7.