Qaxda silsilə tədbirlər
Azərbaycan tarixinin ən qüdrətli
dövlət xadimi, türk dünyasının böyük
oğlu, müasir Azərbaycanın memarı və qurucusu,
Böyük Azərbaycanlı, ümummilli liderimiz Heydər Əliyevin
unudulmaz xatirəsi yalnız bu dahi şəxsiyyətin
doğum günü ərəfəsində deyil, bütün
zamanlarda xüsusi minnətdarlıq və ehtiramla
anılır.
Anadan
olmasının 88-ci ildönümü ərəfəsində
isə ulu öndərimiz Heydər Əliyevin adı Vətənimizin
bütün guşələrində izdihamlı, ümumxalq
mitinqlərində, cəmiyyətimizin bütün sosial təbəqələri
tərəfindən daha kütləvi şəkildə,
tez-tez, böyük hörmət və ehtiramla yad edilir.
Respublikamızın
bütün digər bölgələrində olduğu kimi,
Qaxda da RİH-in tədbirlər planına uyğun olaraq bu əlamətdar,
tarixi gün ərəfəsində müxtəlif mədəni-kütləvi
tədbirlər - konfranslar, yığıncaqlar, ədəbi-bədii
gecələr, sərgilər, dəyirmi masalar təşkil
olunmuş, idman yarışları, müsabiqələr, bilik
yarışları keçirilmişdir. Bu baxımdan rayon gənclər
və idman idarəsinin YAP rayon təşkilatı ilə birgə
təşkil etdikləri mini futbol üzrə rayon birinciliyi,
şahmat turniri, təhsil şöbəsi tərəfindən
keçirilən inşa yazı müsabiqəsi, Heydər Əliyev
muzeyi ilə təhsil şöbəsinin birgə
keçirdikləri əl işlərindən ibarət
müsabiqə, məktəblərdə və digər
kollektivlərdə ulu öndərimizin mənalı həyatının
və misilsiz xidmətlərinin təbliğinə həsr
olunmuş mühazirə və konfranslar daha maraqlı
olmuşdur. RİH başçısı Musa Şəkiliyev
və digər rəhbər işçilərin də
iştirak etdiyi yarış və müsabiqələrin yekun
mərhələlərində qaliblər
mükafatlandırılmışdır. Məktəblilər
arasında Qax bələdiyyəsi tərəfindən
keçirilmiş müsabiqələrdə yüzlərlə
gənc iştirak etmişdir.
Ulu öndərimizin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri isə mayın 10-da bu Böyük Azərbaycanlının şəhərin mərkəzi meydanında ucaldılmış əzəmətli abidəsinin ziyarəti ilə başlandı. Meydanda böyük qələbəlik hökm sürürdü, buraya toplaşmış minlərlə rayon sakini, başda RİH başçısı Musa Şəkiliyev, YAP rayon təşkilatının fəalları, inzibati orqanların rəhbərləri, veteranlar olmaqla ulu öndərimizin abidəsi önünə əklillər, tər gül-çiçək qoymaqla böyük hörmət və ehtiramlarını bildirirdilər. Bütün rayon sakinləri, böyükdən kiçiyəcən hamı ulu öndərimizin abidəsini ziyarət edərək sanki öz mənəvi borclarını yerinə yetirməyə tələsirdilər. Sonra mərasim iştirakçıları dəstə-dəstə Heydər Əliyev muzeyinə daxil olaraq ümummilli liderin şərəfli həyat yolu və xalqımız qarşısındakı misilsiz xidmətlərini əks etdirən eksponatlarla tanış oldular.
Həmin gün Səməd Vurğun adına rayon mədəniyyət evində ümummilli liderimizin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş təntənəli yığıncaq keçirildi. Yığıncağa toplaşanlar əvvəlcə mədəniyyət evinin foyesində təşkil olunmuş bu Böyük Azərbaycanlının xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edən əl işlərindən, inşa yazılarından, fotomontajlardan ibarət sərgi ilə tanış oldular.
Təntənəli yığıncağı giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev dinamik inkişaf yolunda olan müasir Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin ötən əsrin ortalarından XXI əsrin əvvəllərinədək olan böyük bir tarixi dövr ərzində xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərini xronoloji ardıcıllıqla, konkret faktlarla tədbir iştirakçılarının nəzərinə çatdıraraq çıxışını belə yekunlaşdırdı:
- Bu gün ümummilli liderimizin ideyaları onun layiqli siyasi davamçısı, Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu fenomenal, müdrik siyasətçinin başladığı siyasi, iqtisadi islahatlar, böyük quruculuq işləri, müəllifi olduğu azərbaycançılıq ideologiyası onun rəhbərliyi, xalqımızın sarsılmaz birliyi ilə öz həllini tapmaqdadır. Bunun nəticəsidir ki, artıq müstəqil Azərbaycan bir neçə ildir region dövlətləri arasında liderlik mövqeyini qoruyub saxlamaqla dinamik inkişaf yolunda inamla irəliləyir. Çoxmillətli dövlətimizin hər bir vətəndaşı ulu öndərimizin irsinə dərindən yiyələnməklə ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın həll olunmamış taleyüklü problemi olan Dağlıq Qarabağ probleminin ədalətli həlli, dövlətimizin siyasi-iqtisadi qüdrətinin daha da artırılması üçün daim ona dəstək olmalıdır.
Müdrik şəxsiyyətin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
"Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur" mövzusunda məruzə ilə çıxış edən YAP rayon təşkilatının sədri Nizami Əhmədov da mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, xalqına təmənnasız xidmətə həsr edən dünyanın ən Böyük Azərbaycanlısının zəngin irsindən söz açdı. Onun ideyalarının həyata keçirilməsi istiqamətində görülən genişmiqyaslı işlərdən, ölkəmizdə vüsət almış quruculuq tədbirlərindən danışdı.
Salona daxil olan Gənc Heydərçilər söylədikləri ulu öndərimizə həsr olunmuş şeirlərlə tədbir iştirakçılarını salamladılar.
Təntənəli yığıncaqda çıxış üçün söz alan Heydər Əliyev adına muzeyin direktoru Nərminə Omarova, Əlibəyli kənd xəstəxanasının baş həkimi Zuriko Aslamazaşvili, şəhər 5 saylı tam orta məktəbinin direktoru Sevil Musayeva, şəhər bələdiyyəsinin sədri Eyvaz Orucov, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Qədir Hafizov qeyd etdilər ki, biz qaxlılar ulu öndərimizin əziz xatirəsini böyük hörmət və ehtiramla yad etməklə onun ruhu qarşısında baş əyirik. Ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək ulu öndərimizin ideyalarının həyata keçirilməsi, zəngin irsinin gələcək nəsillərə çatdırılması üçün bundan sonra da əzmlə çalışacağıq.
Sonra RİH başçısı Musa Şəkiliyev Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə rayonda təşkil edilmiş müsabiqə və yarışların qaliblərinə, ulu öndərimizin zəngin irsinin təbliğində fəal iştirak edənlərin bir hissəsinə RİH-in fəxri fərmanlarını təqdim etdi.
Təntənəli yığıncaqda həmçinin YAP sıralarına yeni daxil olmuş gənclərə üzvlük vəsiqələri verildi.
Sonra şəhərin Nizami parkında rayonun mədəniyyət kollektivləri və sakinləri təbrik etmək üçün Bakıdan gəlmiş "Xəzər" qrupunun üzvləri böyük konsert proqramı ilə çıxış etdilər. Ulu öndərimizin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş konsert bir neçə saat davam etdi.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2011.- 11 may.- S. 10.