Zaqatalalılar
ulu öndərə ehtiram nümayiş etdirdilər
Zaqatala rayonunda ümummilli liderimiz Heydər Əliyevin
anadan olmasının 88-ci ildönümü ilə əlaqədar
silsilə tədbirlər keçirilmişdir. İlk tədbirdə
rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə,
hüquq-mühafizə orqanlarının rəhbərləri,
YAP rayon təşkilatı fəalları və ictimaiyyətin
nümayəndələri iştirak etmişlər. Tədbir
iştirakçıları öncə Heydər parkında
ulu öndərin abidə kompleksini ziyarət etmiş,
önünə tər çiçəklər
düzmüş, Azərbaycanın dahi oğluna öz
ehtiramlarını bildirmişlər.
Sonra Heydər Əliyev Mərkəzində "Daim zirvədə olan dahi şəxsiyyət" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanmış, daha sonra ümummilli liderə həsr olunmuş film nümayiş etdirilmişdir. Elmi-praktiki konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin geniş məruzəsi dinlənilmişdir.
Məruzədə rayon rəhbəri xalqımızın dahi oğlu, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başladığını, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə cəsarətlə sinə gərərək mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünə inam və siyasi uzaqgörənlik kimi iradi keyfiyyətlərdən məharətlə bəhrələnərək xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirilmək təhlükəsindən xilas etdiyini, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olduğunu qeyd etmişdir. Daha sonra natiq ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış möhkəm təməl üzərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın ən önəmli dövlətlərindən biri kimi tanındığını xüsusi vurğulamışdır.
Konfransda çıxış edən natiqlər həyata müstəqil Azərbaycan dövlətini yaratmaq missiyası ilə gələn ulu öndərimizin bütün həyatını Azərbaycana bəxş etdiyini, xalqımızın xöşbəxt gələcəyi naminə ömrünü xalqına bağışladığını, dövlətçiliyimizin, ölkəmizin iqtisadiyyatının, sosial-mədəni həyatının inkişafında, milli adət-ənənələrinin qorunub saxlanılmasında sonsuz fədakarlıq göstərdiyini qeyd etmişlər. Heydər Əliyev siyasi irsinin zəngin bir xəzinə olduğunu bildirən natiqlər bu xəzinədən xalqımızın məvəvi cəhətdən daim bəhrələnəcəyini və ondan Azərbaycan dövlətinin siyasətində həmişə istifadə olunacağını xüsusi vurğulamışlar.
Daha sonra Heydər parkında gül bayramı keçirilmişdir. Bayramda müxtəlif gül kompozisiyaları, şəkil və plakatlar, əl işlərindən ibarət sərgilər nümayiş etdirilmişdir. Gül bayramı ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunduğu üçün hər bir gül çələngində, əl işlərinin mövzu və kompozisiyasında sevimli rəhbərə məhəbbət, onun xatirəsinə ehtiram və səmimiyyət hissləri qabarıq gözə çarpırdı. Tədbir rayon incəsənət ustalarının geniş bayram konserti ilə yekunlaşmışdır.
Elə həmin gün Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə gənclərlə görüş keçirilmişdir. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ümummilli liderin dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki tarixi xidmətlərini qeyd etmiş, ulu öndərin gənclərə daim diqqət və qayğı ilə yanaşdığını bildirmiş, hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışdır. Tədbirdə Yeni Azərbaycan Partiyasına qəbul olunmuş gənclərə partiya vəsiqələri və rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən gənclərə qiymətli hədiyyələr təqdim olunmuşdur.
Zaqatala rayonunda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar tədbirlər davam edir.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2011.- 11 may.- S. 10.