Sumqayıt gəncləri
Heydər Əliyev ideyalarına sadiqdirlər
Azərbaycan xalqının ümummilli lideri,
dünya şöhrətli siyasətçi Heydər Əliyev
Sumqayıt və sumqayıtlılardan qayğısını
heç zaman əsirgəməmişdir. Hakimiyyətdə
olduğu dönəmlərdə 16 dəfə Sumqayıta gələn
ulu öndər ölkənin inkişafında bu şəhərin
mühüm rolu olduğunu xüsusi
vurğulamışdır.
Unudulmaz
şəxsiyyət Sumqayıtın sakinləri, o cümlədən
də gəncləri haqqında dəyərli fikirlər
söyləmişdir. Heydər Əliyevin zəngin irsini dərindən
öyrənən Sumqayıt gəncləri onun
ideyalarını daim öz əməllərində gerçəkləşdirməyə
və sabahımızın layiqli sahibləri olmağa
çalışırlar.
Şəhər
təhsil şöbəsinin iclas salonunda ümummilli liderin
anadan olmasının 88-ci ildönümünə həsr
olunan konfrans sumqayıtlı gənclərin Heydər Əliyev
ideyalarına sədaqətinin daha bir ifadəsi idi.
Konfransı gənclər və idman baş idarəsinin rəisi Musa Həsənov açdı. Ulu öndərin xatirəsi bir dəqiqələk sükutla yad edildikdən sonra baş idarənin hazırladığı "Əsrin lideri" sənədli filmi göstərildi. Dahi şəxsiyyətin çoxşaxəli ictimai-siyasi fəaliyyəti, Sumqayıta səfərləri ilə bağlı fraqmentlər maraqla izlənildi.
Sonra məruzələr dinlənildi. Ayrı-ayrı gənclər təşkilatlarının nümayəndələri "Heydər Əliyev və dövlət siyasəti", "Elm və təhsilin inkişafı milli mənafeyə xidmət edir", "Heydər Əliyev və gənclərin xaricdə təhsili", "Ümummilli liderin dəyərli kəlamları", "Ulu öndərin idman siyasəti", "Heydər Əliyev və ana dili" kimi mövzularda məruzələrini təqdim etdilər. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Sumqayıt təşkilatının sədri Ulvi Məmmədov və Milli Məclisin deputatı Leyla Abdullayeva məruzələrlə bağlı təəssüratlarını söylədilər. Dövlət gənclər siyasətinin aspektlərindən bəhs etdilər. Gənclər və idman baş idarəsinin rəisi Musa Həsənov sonda ildönümü ilə əlaqədar Sumqayıtda daha bir sıra maraqlı tədbirlərin keçiriləcəyini bildirdi.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 11 may.- S. 9.