Şuşa Azərbaycanın tarixi mədəniyyət mərkəzidir

 

"Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Şuşa qalasının salınma tarixi 1750-1751-ci illərdən hesab edilir. Qarabağ tarixçilərinin verdikləri məlumata görə, 1750-ci ildəki Şuşakənddən bir qədər aralı, hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Pənah Əli xan Şuşanı özünə paytaxt edib, oranı möhkəmləndirmiş, qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənah Əli xanın şərəfinə "Pənahabad", sonradan isə "Şuşa qalası" və "Şuşa" adlandırılmışdır.

 

1751-ci ildən sonrakı siyasi hadisələrdə həmişə Şuşa şəhərinin adı çəkilir. Şuşa qalası əsası qoyulduğu gündən bir çox hücumlara sinə gərmiş, qanlı döyüşlərin şahidi olmuşdur. "Qarabağnamə" müəllifləri göstərirlər ki, XVIII əsrin 50-ci illərində Pənah Əli xan Şuşa qalasının möhkəmləndirilməsi ilə məşğul olarkən 1751-ci ildə İran şahı Məhəmməd Həsən xan Qacarın qoşunu Qarabağa hücum etmiş və şəhəri bir aya qədər mühasirədə saxlamışdır. Lakin qalanın möhkəm istehkamları İran şahını mühasirədən əl çəkib geri qayıtmağa məcbur etmişdi. Bir neçə il sonra isə, 1758-ci ildə Urmiya hakimi Fətəli xan Əfşar böyük ordu ilə Qarabağ xanlığı üzərinə hücuma keçmiş, 6 ay Şuşa qalasını mühasirədə saxlamış, ancaq ala bilməmişdi. Bu fakt onu göstərir ki, Şuşanın alınmaz qalaları və bürcləri cəmi bir neçə ay və il ərzində tikilib başa çata bilməzdi.

Bundan əlavə, Azərbaycanın görkəmli maarifçiləri A.A. Bakıxanov və F.B. Köçərli öz əsərlərində Şuşa şəhərinin Pənah xan tərəfindən "təmir və binasının vaqe olmasından" söhbət açmışlar. Deməli, Şuşa XVIII əsrdə, həm də boş yerdə yox, daha qədim tikililərin özülü üstündə yenidən bərpa edilmişdir. Şuşanın bir çox köhnə bina və küçələri Pənah Əli xanın dövründə təmir olunmuşdur.

1985-ci ildə nəşr edilmiş "Azərbaycanın səyyah və coğrafiyaşünasları" adlı kitabda göstərilir ki, XV əsrin Azərbaycan mütəfəkkir və şairlərindən olan Yusif Qarabağlı Şuşada anadan olmuşdur. Deməli, Şuşa hələ XV əsrdə də məşhur bir şəhər kimi tanınmışdır.

Bununla yanaşı, ingilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə bağlı dəyərli mülahizələr söyləmişlər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R. Burter isə yazır ki, "Şuşidə Qafqazın başqa yerlərində olmayan, Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır". Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir.

Qədim Şuşa haqqında Azərbaycan SSR Elmlər Akademiyasının 1981-ci ildə nəşr olunmuş "məruzələri"nin 7-ci sayında dərc olunmuş Ə.B.Şükürzadənin "Qarabağ xanlığının şəcərə cədvəli" məqaləsində deyilir: "Pənah xan monqollar tərəfindən dağıdılmış qədim Şuşanın yerində 1751-ci ildə yeni şəhər saldı". Deməli, Şuşa hətta XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən olmuşdur.

Pənah Əli xanın ölümündən sonra İbrahimxəlil xanın (1763-1806-cı illər) dövründə Qarabağ xanlığı daha da gücləndi. Xanlığın ərazisində Əskəran, Ağoğlan qalaları, Şuşa qalasının hasarı və s. diqqətəlayiq, strateji əhəmiyyətli qalalar tikilmişdi. Şəhər qısa müddət ərzində xeyli böyümüş, təbii gözəlliyi, hündür binaları və möhtəşəm qala divarları ilə diqqəti cəlb etmişdi.

XVIII əsrin II yarısında mürəkkəb daxili və beynəlxalq şəraitdə Qarabağ xanlığı öz suverenliyini saxlaya bilən Azərbaycan feodal dövləti idi. Onun paytaxtı Şuşa şəhəri yarım əsrdən çox Azərbaycanın xarici istilalardan mühafizəsində əsas dayaq mərkəzi olmuşdur. Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. XVIII əsrin ikinci yarısından başlayaraq, şəhərin əhalisi sürətlə çoxalmış və Şuşa Azərbaycanın mühüm şəhərlərindən birinə çevrilmişdi. Hələ Pənah Əli xanın dövründə şəhərdə böyük tikinti işləri aparılırdı. Günbəgün abadlaşan Şuşa get-gedə gözəlləşirdi. XVIII əsrin 80-ci illərində şəhərin dövrəsinə möhtəşəm qala divarları çəkildi. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. Şuşalı tacirlər Təbriz, Tehran, İsfahan, Moskva və başqa şəhərlərlə ticarət əlaqələri saxlayırdılar. Şəhərdə "Pənahabadi" adlı gümüş sikkələr zərb edilirdi. Şuşanın gözəl mənzərəsi və uca dağlar qoynunda yerləşməsi səyyahları heyran etmiş, onları vəcdə gətirmişdi.

Məşhur rəssam V.Vreşşagin Şuşanı görəndən sonra yazmışdı: "Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir".

XIX əsrin birinci yarısında şəhər əhalisinin sayı ətraf regionlardan ora gələn peşə sahibləri, alim və sənətkarların hesabına 20 minə çatmışdı. 1832-ci ildə şəhərin ayrı-ayrı yerlərində fəaliyyət göstərən sənaye obyektlərinin sayı belə idi: 42 ipək parça istehsal edən müəssisə, 28 pambıq parça toxuyan karxana, 20 gön-dəri zavodu; 1 kərpic və 1 sabun zavodu, 3 boyaqxana sexi.

XIX əsrin ikinci yarısında tikinti işləri Şuşada daha geniş vüsət almışdı. Xurşudbanu Natəvanın, Gövhər ağanın, Cəfərqulu xanın, Uğurlubəyin, Fərzəlibəyin, Nəcəfqulu ağanın, Hacı qulunun, Səfibəyin tikdirdiyi yeni tipli saray və imarətlər şəhərə xüsusi gözəllik verirdi. Dövlət tərəfindən əsası qoyulan bir sıra məktəb binaları, Qarabağın imkanlı adamlarının sayəsində ucaldılan məscid və hamamlar o zamankı memarlıq abidələrinin ən gözəl nümunələrindən sayılırdı. Şuşada "Bazarbaşı" deyilən yerdən "Şeytanbazara" qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi "Rastabazar" adlandırılırdı. "Rastabazar"ın sıra ilə düzülən və daşları bir-birinə qurğuşunla bərkidilən sütunlardan, tağlardan ibarət olan və qalereyanı xatırladan səkiləri başdan-başa örtülü olduğundan bütün fəsillərdə quru və təmiz qalırdı. Küçənin ortası ilə nəqliyyat vasitələri hərəkət edirdi. Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar, həm də şəhərə xüsusi yaraşıq verirdi.

1903-cu ildə Tiflisdə nəşr olunmuş "Vestnik Kavkaza" jurnalının 43-cü səhifəsində göstərilirdi ki, "Şuşanın görünüşü orta əsr Avropa şəhərlərini xatırladır. Bu şəhərin tacirləri ipək-barama alverində üstün mövqeyə malik olub, Tiflis, Moskva və Marsel şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırlar".

Bundan əlavə "Qafqaz" qəzetinin icmalçısı 24 may 1868-ci il tarixli şərhində göstərirdi: "Şuşa gündən-günə yox, saatdan-saata böyüyür, onun ticarəti inkişaf edir, şəhər əhalisi varlanır. Bura hər tərəfdən dəstə-dəstə adam axışıb gəlməkdədir. Beləliklə şəhərdə 25 min əhali yaşadığını cəsarətlə söyləmək olar". Bu illərdə Qafqazın siyasi-inzibati mərkəzi olan Tiflisdə əhalinin sayı 60776-ya, Yelizavetpolda (Gəncə) 36485-ə, Şamaxıda 29525-ə, Bakıda isə 14897-yə çatırdı.

1873-cü ildə Vyana şəhərində açılmış beynəlxalq sərgidə Şuşanı təmsil edən nümayəndələr də iştirak etmiş və onların sərgidə nümayiş etdirdikləri eksponatlar xaricilərdə dərin maraq oyatmışdı. 1882-ci ildə İ.Drozdov "Kavkazski sbornik" kitabının II cild, 457-ci səhifəsində yazırdı: "Şuşa Yelizavetpol quberniyasının qabaqcıl şəhərlərindəndir. O, ticarətdə və gözəllikdə Tiflislə rəqabət aparır. Yelizavetpol əyalətində yaşayan 625 min 599 adamın 24 min 522 nəfəri Şuşanın payına düşür".

1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay müqaviləsinə ("Andlı öhdəlik") görə Şuşa qalasında rus qoşun dəstələri yerləşdirildikdən sonra, 1822-ci ildə Qarabağ xanlığı ləğv edilib əvəzində eyni adlı əyalət yaradıldı və 1840-cı il islahatı ilə "Qarabağ əyaləti" yerində yaradılmış və Kaspi ( Xəzər) vilayətinə daxil edilən "Şuşa qəzası" 1868-ci ildən Yelizavetpol (Gəncə) quberniyasına verilmişdir. Bu vəziyyət 1920-ci ildə Azərbaycan sovetləşənə qədər davam etmişdir. 1917-ci ildə Şuşa qəzası müvəqqəti hökumət vaxtında Xüsusi Zaqafqaziya Komitəsinə tabe olan Yelizavetpol quberniyasına, 1918-1920-ci illərdə isə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində Gəncə quberniyasına daxil olmuşdu.

Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan ermənilərə 1923-cü il iyunun 7-də muxtar vilayət statusu verildi ki, bu da məhz sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə həyata keçirildi. Azərbaycanın tərkibində DQMV-nin yaradılması ermənilərin Dağlıq Qarabağa dair gələcək ərazi iddiaları üçün bir vasitə oldu. DQMV yaradılarkən Azərbaycanın inzibati ərazi bölgüsü kobudcasına pozulmuşdu. Çünki DQMV yaradılana qədər Azərbaycanda Stepanakert, Martuni, Mardakert, Hadrut adında nə şəhər, nə də rayon olmuşdur. 1923-cü ildə qəbul edilən bir qərarla Şuşa, Cavanşir və Qubadlı qəzalarının əraziləri bölünüb DQMV yaradıldı, Xankəndi və Əskəran rayonu bütünlüklə Şuşa qəzasından alındı. 1923-cü ildə Şuşanın Xankəndi, Xocalı, Kərkicahan, Ulubab, Pircamal, Cəmilli, Aranzəmi, Ballıca, Dəmirçilər, Sığnaq, Qarabulaq, Muxtarkənd, Dağdağan, Şuşakənd, Daşbaşı kimi onlarca kəndi alınıb Xankəndinə verilmiş, sonralar isə həmin torpaqlar hesabına Əskəran rayonu yaradılmışdır.

DQMV yaradılan gündən Azərbaycanın iqtisadi potensialı Xankəndinin inkişafına yönəldildi. 10-15 evdən ibarət Xankəndi tarixi şəhər olan Şuşanı geridə qoyub böyük iqtisadi gücə malik qurumun mərkəzi olan "Stepanakert"ə çevrildi. Vilayətin tərkibinə daxil olan Şuşa şəhəri bir çox məsələlərdə Xankəndindən asılı vəziyyətə salındı: Şuşanı respublikanın digər rayonları ilə birləşdirən rabitə xətləri Xankəndi qovşağından idarə olunurdu; Yevlax-Laçın qaz kəməri buradan keçirdi; Ağdam-Şuşa magistral avtomobil yolu Əskəran və Xankəndindəki erməni evlərinin əhatəsinə salınmışdı.

1988-ci ildən SSRİ hökumətinin, xüsusilə onun başında duranlarının Azərbaycan torpaqlarına açıq-aşkar təcavüz edən ermənilərə himayədarlıq etməsi üzündən hadisələr getdikcə daha da mürəkkəbləşdi və Ermənistan Respublikası Azərbaycan ərazilərinə hərbi qüvvə göndərərək açıq təcavüzə başladı. Belə ki, 1989-cü il avqustun 13-də ermənilər Şuşaya gələn su kəmərini partlatdılar. Ayın 17-də Əskəranda Şuşa-Ağdam marşrutu üzrə işləyən avtobusa ermənilərin hücumu, avqustun 28-də isə Şuşadan Bakıya, Ağdama və respublikanın digər rayonlarına gedən 9 avtobus və 1 yük maşın karvanının ermənilər tərəfindən atəşə tutulması nəticəsində 20-yə qədər adam yaralandı. Oktyabrın axırı və noyabrın əvvəllərində isə Şuşa yaxınlığında Ağa körpüsünün ermənilər tərəfindən partladılması nəticəsində Şuşanın ətraf rayonlarla əlaqəsi kəsildi və şəhər blokada vəziyyətinə düşdü.

Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu-1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Xüsusilə, Rusiya Prezidenti B.Yeltsin və Qazaxıstan Prezidenti N.Nazarbayevin sentyabrın 20-21-də Azərbaycana, o cümlədən, Dağlıq Qarabağa səfərləri, eləcə də onların vasitəçiliyi ilə ayın 23-də Jeleznovodskidə atəşin dayandırması haqqında dördtərəfli sazişin imzalanmasından sonra artıq ən müasir silahlarla silahlanmış ermənilər müqaviləni pozaraq yaşayış məntəqələrimizi hər gün intensiv atəşə tutmağa başladılar.

1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əskəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı. Belə ki, bu dovrdə Şuşa-Cəmilli, Şuşa-Mingəçevir, Ağdam-Xocavənd, Ağdam-Qaradağlı və Ağdam-Şuşa, Laşın-Şuşa avtobuslarının erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Meşəli, Cəmilli, Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Umudlu, Qaradağlı, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi.

Şuşanın Xankəndindən keçən telefon-rabitə xətləri noyabrın 24-dən kəsilmiş, şəhər və digər azərbaycanlılar yaşayan kəndlər tamamilə ətraf aləmdən təcrid olunmuşdu. Nəticədə, Xocalı və Şuşa mühasirədə qalmışdı. Dekabrın 2-nə keçən gecə əsasən rus hərbçilərinin idarə etdiyi zirehli texnika növləri, o cümlədən döyüş maşınları ilə təmin olunmuş Ermənistan ordusu Xankəndi tərəfdən Kərkicahan qəsəbəsinə hücum edərək, oranı işğal etdi. Şuşadan isə əlavə kömək göndərmək qeyri-mümkün idi. Çünki rus hərbçiləri Şuşadan Kərkicahana gedən yolu bağlamışdılar. Eyni zamanda, Şuşa şəhərinin özü də, hər gün erməni mövqelərindən intensiv top və raket atəşinə tutulurdu.

1992-ci ilin əvvəllərində ermənilər daha dəhşətli cinayətlər törətdilər. Yanvarın 28-də Ağdamdan Şuşaya uçan 27137 saylı Mİ-8 vertolyot şəhərə çatmamış yəni, Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən raket atəşi nəticəsində partladıldı, içərisində olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak oldu. Daha sonra isə, Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. Belə ki, fevral ayının birinci ongünlüyündə Şuşanın Malıbəyli və Quşçular, eləcə də Dağlıq Qarabağdan kənarda yerləşən Kəlbəcərin Ağdaban kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Hücum zamanı 100-dən çox azərbaycanlı öldürülmüş, 140-dan çoxu yaralanmış və əsir götürülmüşdür. Bu qanlı hadisələr Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilmişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən Rusiyanın 366-cı motoatıcı alayının köməkliyi və iştirakı ilə Xocalı şəhərinə hücum edərək min nəfərə qədər dinc sakini qətlə yetirdilər. Xocalı erməni-rus birləşmiş qüvvələri tərəfindən ələ keçirildikdən sonra aydın idi ki, növbəti həmlə Şuşaya olacaq. Mart ayının sonu- aprelin əvvəllərindən başlayaraq, Şuşa yaxınlığında ermənilərin zirehli texnikası, saysız-hesabsız canlı qüvvəsi toplanırdı. Aprelin 24-də ermənilərin Şuşaya hücumu gözlənilirdi. Belə ki, aprelin 29-da işğal olunmuş Kərkicahan istiqamətindən Şuşa ətrafında strateji əhəmiyyətli Hacı talası və Daşaşıran adlanan ərazilərə ermənilərin güclü hücumu nəticəsində 4 nəfər azərbaycanlı həlak oldu, 12 nəfər isə yaralandı. Bütün bu hücumlar ermənilərin artıq mühasirə vəziyyətində olan Şuşaya doğru irəliləməsindən xəbər verirdi. May ayının 7-dən 8-nə keçən gecə Şuşa dörd tərəfdən "qrad", "kristal" tipli raketlər, top, tank, PDM, ZDM, pulemyot və avtomatlarla güclü atəşə tutuldu. Atəş səhərə qədər davam etdi. Səhər tezdən ermənilər Xankəndi, Şuşikənd və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçdilər. Şəhər ayın 8-i axşama qədər müdafiə olunsa da, tank və zirehli maşınların köməyi ilə ermənilər əvvəl Şuşanı, sonra isə Kosalar və Şırlan kəndlərini ələ keçirdilər .

Qarabağın dağlıq hissəsində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin bölmələri digər erməni terrorçu dəstələri ilə birlikdə Azərbaycan Respublikasının ərazisində növbəti cinayət törədərək, yuxarı Qarabağda azərbaycanlıların yaşadığı sonuncu yaşayış məntəqəsi olan Şuşa şəhərini işğal etdilər. Vaxtilə 33 gün mühasirədə qalan, lakin təslim olmayan Şuşanın belə qısa müddətdə süqut etməsinin əsas səbəbi şəhərin müdafiə qabiliyyətinin zəif olması idi. Şuşadakı mövcud qüvvələr və onların hərbi hazırlığı ermənilərlə müqayisədə çox zəif idi.Ermənilərin öz məlumatlarına görə isə Şuşaya hücumda 100-ə qədər zirehli maşın və tank, 11 min nəfər canlı qüvvə iştirak etmişdi. Ermənilər tərəfində xaricdən gətirilmiş muzdlular da döyüşürdülər.

Beləliklə, ən müasir texnika hesabına 289 kvadratkilometr ərazisi, 24 min nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğrunda döyüşlərdə 155 nəfər şəhid oldu, 167 nəfər isə yaralandı. Ermənilər tərəfindən əsir götürülmüş və Şuşa türməsində saxlanılan 114 nəfər azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilmişdi. İşğal nəticəsində Şuşanın 20 kitabxanası, 12 klubu, 6 mədəniyyət evi, 22 məktəbi, 7 uşaq baxçası yandırılmış və dağıdılmışdır. İşğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə var idi.

Bir vaxtlar "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcədə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri Ermənistan silahlı qüvvələrin işğalı altındadır. Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirək bildirmişdir ki, "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur". Artıq 19 ildir ki, təcavüzkar Ermənistan münaqişənin nizama salınması üçün aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək hər dəfə bu prosesi uzatmağa çalışır. Danışıqların gedişi konfidensial səciyyə daşısa da, dövlət başçısı İlham Əliyev bu gün danışıqlar masası üzərində bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma ev-eşiklərinə qayıdışı məsələlərinin mövcudluğunu bildirmişdir. Bununla yanaşı, Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən Azərbaycan Prezidenti İlham Əliyev nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını vurğulamışdır.

Azərbaycan dövlətinin mövqeyi əvvəlki kimi birmənalıdır. Yəni, ermənilər Dağlıq Qarabağ ətrafında işğal etdikləri əraziləri mərhələli şəkildə azad etməli, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Dövlət başçısı cənab İlham Əliyev bəyan etmişdir ki,"Dağlıq Qarabağın azərbaycanlı əhalisi oraya, o cümlədən Şuşaya qayıtdıqdan sonra status məsələsi müzakirə oluna bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır".

 

 

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

beynəlxalq münasibətlər və xarici siyasət

kafedrasının dosenti, siyasi elmlər üzrə

fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2011.-11 may.- S. 9.