Şagirdlərə həqiqi tariximizin öyrədilməsi vacib məsələdir

 

Yeni əsrin əvvəllərindən Azərbaycan özünün sürətli və dinamik inkişaf yoluna qədəm qoymuşdur. Bu yeni tarixi mərhələ xalqımızın böyük oğlu Heydər Əliyevin ideyaları və həmin ideyaların ardıcıllıqla həyata keçirilməsi ilə sıx bağlıdır. Bu ideyalar və yorulmaz fəaliyyət tariximizin yeni intibah dövrünün əsasını təşkil edir. Heydər Əliyev böyük şəxsiyyət, güclü dövlət xadimi idi. Ulu rəhbər Azərbaycanda milli ideologiyaya əsaslanan möhtəşəm bir dövlətin əsaslarını yaratmışdır. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində gələcək mövcudluğu şübhə altında olan Azərbaycanı məhz ulu öndər islahatlar yoluna çıxardı, onu dünyaya tanıtdı.

 

Azərbaycanın müstəqillik tarixinin öyrənilməsi, xüsusilə ulu öndərin hakimiyyəti illərində Azərbaycanın keçdiyi şərəfli tarixi yolun şagirdlərə öyrədilməsi çox vacib məsələdir.

Heydər Əliyevin nəhəng siyasi fəaliyyəti ilə tanış olmaq üçün bu böyük şəxsiyyətin gördüyü böyük işlərin qısa xronologiyasına nəzər salmaq məqsədəuyğundur. Azərbaycanda əmin-amanlıq və sabitlik, iqtisadi dirçəliş, "Əsrin müqaviləsi", tarixi ipək yolunun bərpası, Heydər Əliyevin müəllifi olduğu Konstitusiya, Şərqdə ilk dəfə ölüm hökmünün ləğvi, dövlətin demokratik əsaslarının yaradılması, Azərbaycanda aparılan hüquqi, sosial, mədəni islahatlar, digər ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq ulu öndərin fəaliyyətinin yalnız bir hissəsidir. Xüsusilə qeyd etmək vacibdir ki, ölkəmizin regionda lider dövlətə çevrilməsində, dinamik iqtisadiyyata malik olan ölkələr sırasında adının çəkilməsində, beynəlxalq aləmdəki nüfuzunun artmasında və digər uğurlarda ulu öndərin neft strategiyası əsas rol oynamışdır.

Bir tarixçi kimi Heydər Əliyevin tariximizə olan böyük münasibətindən bəzi məqamlara toxunmaq istəyirəm. Hər şeydən əvvəl, yuxarıda qeyd etdiklərimə əlavə olaraq demək istərdim ki, ulu öndərin fəaliyyəti Azərbaycan tarixinin ən yeni dövrünü geniş şəkildə işıqlandırmağa imkan verir. Təkcə ümummilli lider Heydər Əliyevin fəaliyyətini izləməklə, Azərbaycanın ən yeni tarixinin çox böyük və əsas məqamlarını öyrənmək olar. Yəni, ulu öndər respublikaya rəhbərlik etdiyi dövrdə hər sahədə qürur doğuran bir tarix yaratmışdır. Bu, indiki dövrdə də, gələcəkdə də yeni tariximizin yazılması üçün bir bazadır.

Ulu öndər ixtisasca tarixçi idi. Ona görədir ki, Azərbaycana rəhbərlik etdiyi dövrdə bu ölkənin keçmiş tarixinin onun üçün nə qədər əziz və qiymətli olduğunu bəyan edir, tarixçilərə tariximizi ətraflı, dəqiq, qərəzsiz tədqiq etməyi tövsiyə edirdi. Ulu öndər həm bir tarixçi kimi buraxılmış səhvləri, təhrifləri, saxtalaşdırmaları aşkar etmiş, onlara özünün düzgün elmi münasibətini bildirmiş, həm də tarixçilərə bu məsələlərə yenidən məsuliyyətlə baxmağın vacibliyini çatdırmışdır.

Azərbaycanlılara qarşı erməni-rus hərbi birləşmələrinin törətdikləri soyqırım siyasətinə hüquqi-siyasi qiymətin verilməsi Heydər Əliyevə qədər heç kəsə müyəssər olmamışdır. Heydər Əliyev 26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" verdiyi fərmanla illər boyu ermənilərin azərbaycanlılara qarşı törətdikləri amansızlıqları faktlarla göstərirdi. Bu, ümummilli liderin böyük tarixi xidmətlərindəndir. Ulu öndər eyni zamanda, qeyd edirdi ki, sovet hakimiyyəti dövründə rus şovinizmi və erməni vəhşiliyi nəticəsində müxtəlif vaxtlarda Azərbaycan torpaqları hissə-hissə ermənilərə verilmişdi. Bu tarixi fakt ört-basdır edilirdi. Heydər Əliyev bununla tarixçilərə bu məsələlərin araşdırılmasına diqqət yönəltməyi tövsiyə edirdi.

1937-1938-ci illər repressiyaları Azərbaycanda daha ağır şəkildə həyata keçirildi. Xalqımızın ən ləyaqətli övladlarının məhv edilməsinin, sürgünlərə, işgəncələrə məruz qalmasının əsl mahiyyətinin açılması ulu öndərin tarixi xidmətidir. Çünki bu böyük tarixi şəxsiyyət qeyd edirdi ki, tarixi təhrif etmək qəbahətlir. "Tarixdə hər şeyin öz yeri vardır. O nə sizdən, nə bizdən, nə də heç kəsdən asılı deyildir. Tarix obyektiv bir prosesdir. Bu obyektiv prosesə təsir etmək, onu zəiflətmək və məcrasından da çıxarmaq olar. Amma onu dayandırmaq, ona ciddi təsir göstərmək mümkün deyildir".

Tarix olanlardan, baş verənlərdən daha çox yazılanlardan ibarətdir deyirlər. Yəni olub keçənlərə aid vaxtında və doğru, dürüst tarix yazılmırsa, həmin hadisələr unudulub gedir, dəyişikliyə uğrayır. Bundan isə tarixi saxtalaşdıranlar, bədnam qonşularımız məharətlə istifadə edirlər. Bu baxımdan qeyd etmək lazımdır ki, sovetlər dövründə Azərbaycanın tarixi əsasən keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının ərazisinə uyğun gələn bir çərçivədə öyrənilirdi. Qədim keçmişə, böyük tarixi əraziyə malik olan azərbaycanlıların indiki bütün Ermənistan, Şərqi Gürcüstan, Şimali İran ərazisində mövcud olan tarixi ört-basdır edilirdi. Yalnız Heydər Əliyev azərbaycanlıların tarixini tam şəkildə (xüsusilə indiki Ermənistan ərazisi daxil olmaqla) öyrənilməsini irəli sürmüşdü. Bu, çox elmi və siyasi əhəmiyyət daşıyan bir məsələdir.

Heydər Əliyev Azərbaycanın XX əsr tarixində çox mühüm yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin geniş şəkildə və qərəzsiz yazılmasına, onun yaranmasında böyük rolu olan görkəmli rəhbərlərin rolunun işıqlandırılmasına xüsusi əhəmiyyət verirdi. Çünki uzun illər AXC-nin tarixi qaranlıq səhifə olaraq qalırdı. Bu dövrü tariximizin mühüm və parlaq səhifəsi adlandıran ulu öndər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını XX əsrin böyük tarixi hadisəsi kimi qiymətləndirirdi. Heydər Əliyev özü də qeyd edirdi ki, ilk dəfə onun təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributları 1990-cı ildə Naxçıvanda rəsmiləşdirilmişdi. O, tarixçilərə bu dövrün tarixini dərindən araşdırmağı tövsiyə etməklə onun yaradılması uğrunda mübarizə aparanların hamısının böyük rolunun olduğunu göstərmiş, eyni zamanda, nöqsanların, çatışmazlıqların da olduğu kimi işıqlandırılmasının vacib olduğunu vurğulamışdı.

Bütün bunlar həm tarixçilər qarşısında, həm də tarixi tədris edən təhsil işçiləri qarşısında məsuliyyətli fəaliyyət proqramı olmalıdır. Çünki tariximizin öyrənilməsi, keçmişimizə sevgi və hörmətin formalaşması ilk növbədə ailədən və məktəbdən başlayır. Heydər Əliyev hələ 1994-cü il 31 avqust tarixində Bakı şəhərinin təhsil işçiləri ilə görüşündə təhsilə, elmə, müəllim sənətinə yüksək qiymət verməklə bərabər tariximizin tədqiqində, öyrənilməsində və milli ideologiyamızın formalaşmasında təhsilin üzərinə nə qədər böyük bir vəzifə düşdüyünü göstərirdi. Ulu öndər deyirdi: "Dediyim kimi bizim milli ideologiyanın konsepsiyası olmalıdır. Şübhəsiz, bu konsepsiya tarixi keçmişimiz, milli, mədəni, dini ənənələrimiz üzərində qurulmuşdur. Biz XX əsrdə cürbəcür mərhələlərdən keçdik, ayrı-ayrı ideoloqların təsiri altında qaldıq. İndi xalqımız hər cəhətdən azaddır. Ona görə lazımdır ki, ümumiyyətlə, düşünən beyinlərimiz, alimlərimiz, o cümlədən təhsil sahəsində çalışan müəllim ordusu middi ideologiyamızın formalaşması üçün öz fəaliyyətlərini göstərsin". Heydər Əliyev bunun üçün Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir verilməsinin vacibliyini bildirirdi. Çünki bizim mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı və vətənpərvərliyi həm də tariximizə münasibətdən asılıdır.

Mənim peşəm müəllimlikdir. Çalışdığım təhsil ocağı, eyni zamanda, mənim həmkarlarım ulu rəhbərin bu tövsiyələrini daim əlində rəhbər tutur və onu əsas fəaliyyət istiqaməti kimi qəbul edirlər. Bizi öz işimizdə daha çox məsuliyyətli olmağa sövq edən səbəblərdən biri də bu böyük tarixi şəxsiyyətin adını daşıyan və onun özünün təşəbbüsü və tapşırığı ilə yaradılan Heydər Əliyev adına liseydə çalışmağımızdır. Biz hər gün onun büstü qarşısından keçərək pedaqoji fəaliyyətimizə davam edirik. Digər tərəfdən, biz tarix müəllimləri üçün bu məsuliyyətin yükünü daha çox hiss edir və tariximizin öyrənilməsində, onun hər bir səhifəsinin şagirdlərimizə sevdirilməsində bacardığımızı edirik. Bunun üçün liseyimizdə hər cür şərait, sağlam düşüncəli və bilikli müəllim və şagird kollektivi, layiqli rəhbərlik vardır.

Liseyimiz rəsmi statistik göstəricilərə görə yarandığı ildən bəri respublikanın 15 ən yaxşı orta məktəbindən biri olaraq uğur qazanır. Respublika olimpiadalarında hər il liseyimizin şagirdləri tarix fənnindən I-IV yerlərə sahiblik edirlər. Bu gün liseyimizin məzunlarının adı ən yüksək təhsil ocaqlarından gəlir. Deməli, biz gənc nəslə doğma vətənimizin çox qədim olan tarixini, mədəniyyətini sevdirə bilirik. Bu isə çox vacibdir. Çünki öz keçmişini, tarixini, mədəniyyətini bilməyən gənc heç vaxt əsl vətənpərvər ola bilməz.

 

 

Şahbaba RƏSULOV,

Heydər Əliyev adına Liseyin

tarix müəllimi

 

Xalq qəzeti.- 2011.- 12 may.- S. 7.